• cümə, 19 Aprel, 22:59
  • Baku Bakı 24°C

Rənglər dünyasının musiqisi

11.03.17 13:30 4207
Rənglər dünyasının musiqisi
Elə məlahətli, həzin səs sahibi olan müğənnilər var ki, onları dinlədikcə adamın gözlərinin qarşısında qəribə rənglər aləmi yaranır. Hətta bənövşənin, nərgizin ətrini də duyursan. Buna əslində səsin qüdrəti, təsiri, gücü də demək olar. Amma rənglər aləminin içində böyümək və ancaq musiqi eşitmək, onun sehrinə, cazibəsinə düşmək, məncə, bu, möcüzədir. Mənim yaxşı tanıdığım, insanlıq dünyasına vurulduğum, söz-söhbətinə maraq kəsildiyim, zəngin daxili aləmə malik olan musiqişünas alim Zemfira Qafarova kimi.
Sözlə rəssamlıq edib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zemfira Qafarova Azərbaycan müsiqişünaslığının inkişafında, eləcə də, bu sahə üzrə milli kadrların yetişməsində böyük əməyi olan, fədakar sənətşünas və zəhmətsevər pedaqoqlardan sayılır. Təsadüfi deyil ki, onun bu zəhməti ötən il dövlət başçımız İlham Əliyev tərəfindən yüksək dəyərləndirilərək, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Adını müsiqişünaslıqda bir sıra görkəmli bəstəkarların, ifaçıların ilk tədqiqatçısı kimi əbədiləşdirən Zemfira xanım mükəmməl monoqrafiyaların, lazımlı dərs vəsaitlərinin, yüzlərlə elmi məqalənin müəllifidir. Onu təkcə mədəniyyət xadimləri, həmkarları, tələbələri, oxucular deyil, diqqətli tamaşaçılar da yaxşı tanıyırlar. Zemfira Qafarova həm də maraqlı müsahib və dərin düşüncəli, gözəl nitq mədəniyyətinə malik, işıqlı ziyalılarımızdan biridir. Onunla adicə söhbət etmək belə, zəngin bir kitabxananın oxucusu olmaq deməkdir. Qəribədir, gəncliyimdən üzü bəri belə müdrik xanımlarla həmsöhbət olmağı çox sevirəm. Dərin adamların təsir gücü və yadda qalmaq məharəti müqayisəsizdir. Onları dinlədikcə doymursan. Zemfira Qafarova milli təsviri sənət tariximizə adını əbədi həkk etdirmiş məşhur fırça ustası Həsən Haqverdiyevlə, Xalq rəssamı Güllü Mustafayevanın ailəsində doğulub. Elə bu səbəbdən yazımın əvvəlində deyirdim ki, rənglər dünyasının içində böyüyən, evlərində o dövrün bütün tanınmış rəssamlarını görən, ilk oyuncaqları da rəngli karandaşlar, balaca fırçalar, kətan parçaları olan qızcığazın bu cığırla getməməsi təəccüblü gəlirdi mənə. Sonradan ona yaxından bələd olduqca, duydum ki, Zemfira Qafarova heç də rəssamlıqdan ayrı düşməyib. O, sənətin daha çətin və ağır yolunu seçib. Sözlə rəssamlıq edib! Azərbaycan musiqisində özünəməxsus yeri olan şəxsiyyətlərin yaradıcılıq portretini çəkmək, onların barəsində tədqiqatlar aparmaq, yazmaq, xalqa, millətə tanıtmaq, sevdirmək, unudulmağa qoymamaq rəssam təxəyyüllü, dərin təfəkkürlü, ədəbi zövqü yüksək olan, sözlə işləmək qabiliyyətinə malik Zemfira Qafarovanın elə bir xidmətidir ki, bu fəaliyyətdə valideynlərindən əks etdirdikləri danılmazdır. Şərt deyil ki, rənglərlə işləsin, sözlə yaradıb, sözlə çəkib qəlbindəki gözəllikləri...
Kimlərin yaradıcılığını təhlil süzgəcindən keçirməyib?
Əvvəlcə Bakıdakı 2 nömrəli musiqi məktəbində, sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alan Zemfira xanım 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü. Hacıbəyli adına Musiqi Akademiyası-F.X.) tarix-nəzəriyyə fakültəsinə daxil olub. Mütəxəssislərin fikrincə, o dövrün Konservatoriyası əsil məbəd idi. Burada kimlər çalışmırdı? 1996-cı ildə Konservatoriyanı fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssis elə bu təhsil ocağında ilk əmək fəaliyyətinə başlayıb. Tədqiqata, araşdırmaya olan meyli onu AMEA-nın aspiranturasında oxumağa sövq edib. İlk elmi-tədqiqat işi də məhz çox sevdiyi dahi Üzeyir Hacıbəylinin "Koroğlu” operası ilə bağlı olub. Musiqişünas Lalə Hüseynova yazır : " Z. Qafarovanın "Koroğlu” operasına həsr olunmuş sanballı tədqiqatı indi də bu opera haqqında yazılmış elmi araşdırmalar sırasında hərtərəfli yanaşma tərzinə görə məxsusi çəkiyə və mövqeyə malikdir.” Pedaqoji fəaliyyətlə elmi yaradıcılıq işlərini paralel şəkildə məharətlə aparan Zemfira Qafarovanın imzası o dövrün tanınmış mətbuat orqanlarında , elmi dərgilərdə müntəzəm görünməyə başladı. Onu təkcə Azərbaycanda deyil, keçmiş SSR-nin bütün müttəfiq respublikalarında oxuyurdular. XX əsrin Azərbaycan musiqi həyatının mənzərəsini tam təsəvvür etmək, o zəngin aləmdən dəqiq xəbərdar olmaq istəyənlərə həmin dövrdə Zemfira Qafarovanın qələmə aldığı məqalələri, tədqiqatları, monoqrafiyaları, resenziyaları oxumaları kifayət edər.
Əslində, Zemfira xanım öz araşdırmaları və təqdimatları ilə həm yeni bir məxəz, həm də nəinki öz müasirləri, eləcə də gələcək tədqiqatçılar üçün asan, rahat istifadə ediləcək, bəhrələnəcək yeni musiqi arxivi formalaşdırıb. Diqqət edin, görün kimlərin yaradıcılığını təhlil süzgəcindən keçirib: Bəstəkarlardan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Fəridə Quliyeva, İbrahim Məmmədov, Şəfiqə Axundova, Arif Məlikov, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Firəngiz Əlizadə, musiqişünaslardan Elmira Abasova, Rəna Fərhadova, Aida Tağızadə, Gövhər Hüseynova, tarzənlərdən Bəhram Mansurov, Ramiz Quliyev, dirijor Kamal Abdullayev, violonçelçalan Eldar İskəndərov, fleytaçı Telman Hacıyev, balerina Leyla Vəkilova, pianoçu Valeriya Tartakovskaya, violinoçu Oqtay Kərimov, gənc dirijor Əyyub Quliyev... Yox, siyahı uzundur. Yalnız oxucuların müəyyən təsəvvürü olsun deyə, bəzi möhtəşəm adları çəkdim. Əslində zərif çiyinlərini səbir və zəhmət tələb edən tədqiqatların ağırlığına söykəyən, yorulmayan, bü gün də bu işini məhəbbətlə davam etdirən Zemfira Qafarova şərəfli bir vəzifənin icrasındadır. Özünün çox dəyərləndirdiyi bir məqam var: "Sevirəm ki, hər kəs öz işi ilə məşğul olsun”. Sözü ilə əməli arasında məsafə yoxdur. Elə bu səbəbdən elmi araşdırmalarında, yaradıcılığında uğurları çoxdur. Çünki sevdiyi sənətin izi ilə addımlayıb və özü demişkən, həmişə də məhz dərindən bildiyi işi ilə məşğuldur. "Öz işinlə məşğul olmaq”- bu ifadənin fəlsəfi mənası və mahiyyəti aydındır. Həqiqətən də hər kəs bu kəlamdan gələn məramı anlasa və əməl etsə, həyatımız gözəl olardı. Alim-müsiqişünas kimi də, müəllim kimi də Zemfira Qafarova seçilən, sevilən ziyalı xanımlarımızdandır. Tədqiqatlarında, monoqrafiya və məqalələrində neçə-neçə ilkinliyə imza atıb. Məsələn, Xalq artisti, professor Tofiq Bakıxanov, bəstəkar Şəfiqə Axundova... haqqında yazılmış ilk monoqrafiyaların müəllifi məhz Zemfira Qafarovadır. Tar ilə simfonik orkestr üçün ilk konsertin müəllifi bəstəkar Hacı Xanməmmədov barəsində yazdığı monoqrafiyada görkəmli sənətkarın çoxuna məlum olmayan bədii kəşflərini də oxucuların diqqətinə çatdırıb. Onun musiqimizdəki uğurlarını dahi Üzeyir Hacıbəyli və Qara Qarayevin müəllimlik istedadı ilə əlaqələndirib.
Musiqişünas olmasaydı...
Zemfira xanımın qardaşı Əli Haqverdiyev opera müğənnisi, aktyor və rəssam olub. "Dədə-Qorqud” filmində yaratdığı Yalıncıq obrazı və digərləri onun istedadının bəhrəsidir. Təəssüf ki, ömrü yarıda qırılıb. Dayısı Ramiz Mustafayev də məşhur bəstəkar olub. Zemfira xanım hər iki əzizi barəsində də mükəmməl monoqrafiyalar yazıb. "Vaqif” operasının müəllifi olan Ramiz Mustafayev 5 opera, 6 operetta, 9 oratoriya, 5 kantata, 5 vokal-simfonık poema, 500-ə yaxın mahnı və romans bəstələmiş, 200-dən çox xalq mahnısını xor üçün işləmişdir. Doğrudur, Zemfira Qafarova musiqişünas alimdir. Bu səbəbdən də onun yazdığı monoqrafiyaların xüsusi elmi üslubu və qayəsi var. Amma Zemfira xanım uşaqlıqdan ədəbiyyat vurğunu olub. Mütaliəsi çox genişdir. Hətta deyir ki, musiqişünas olmasaydım, yəqin indi ədəbiyyatçı idim. Bax, elə bu məziyyətləri onun yazılarında, televiziya çıxışlarında, müsahibələrində özünü göstərir. Səlis yazı səriştəsi, məntiqli danışığı, ağıllı cavabları onun təfəkkürünün və zəngin daxili aləminin göstəricisidir. Həssas, mehriban, qayğıkeş təbiətinin mükafatıdır ki, onu tələbələri də çox sevir. Ən vacib və önəmli cəhətlərdən biri budur ki, Zemfira Qafarova istedadlını görməyi, dəyərləndirməyi və ona kömək etməyi bacarır.
"Mən orijinallığı çox sevirəm, tələbələrimin, eləcə də başqa sahələrdə olanların sırasında fərqli gəncləri sezəndə, diqqətim onlardan yayınmır. İstəyirəm ki, onlara dayaq ola bilim, kömək edim...” Əslində, böyüklük, millətə xidmətin bir yolu da budur. Bir faktı da bildirmək istəyirəm ki, hazırda Bakı Musiqi Akademiyasında çalışan, tələbələrə musiqi tarixindən mühazirələr oxuyan Zemfira Qafarova elmi işlərin hazırlanmasına da rəhbərlik edir. Azərbaycanlı müsiqişünas alim Türkiyənin Ədirnə Konservatoriyasında yeddi il pedaqoji fəaliyyət də göstərib. İndi də tələbələri onu arayır, öz rəğbətlərini bildirirlər. Yazımın sonunda bir arzumu da bildirmək istəyirəm. Vaxtı ilə Firudin Şuşinski Azərbaycanın klassik musiqiçiləri haqqında sanballı əsərlər yazdı və bizə yadigar qoydu. İstərdim ki , əzizim Zemfira xanım, siz də bir alim kimi Şuşa mühitinin musiqi xəzinəsindən elə bir monoqrafiya yazasınız ki, gələcək nəsillər ondan mükəmməl bir məxəz kimi bəhrələnsinlər. "Niyə məhz Şuşadan” soruşsanız, cavabım yalnız budur: vaxtı ilə Şuşanı Qafqazın konservatoriyası adlandırırdılar. Yaradıcılığınızın yeni səhifələrini mən ancaq bu cür görürəm. Cıdır düzündəki təqdimatı isə özüm aparacağam. Bizim də səngərimiz yazı masamızdır...
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər