RƏNGKARLIĞIMIZDA YENİ NƏFƏS
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik
olan rəngkarlıq sənətimizdə yeni söz demək çox çətin yaradıcılıq məsələlərindəndir.
Orta əsrlərdə bir qayda olaraq miniatür üslubuna tapınan rəssamlarımız zamanın
axarında bir qayda olaraq Avropa-rus bədii ənənələrinə yaradıcı münasibətlə öz
dəst-xətlərini və bədii ifadə "mən”ini təsdiqləmişlər. Bu özünüifadələrin
çoxunun realist-gerçəkçi sənət prinsiplərinə söykənən görüntüləri nə qədər
bir-birindən fərqli olsalar da, demək olar ki, onların XX-XXI əsrlərdə hadisəyə
çevriləcək sayı o qədər də çox olmamışdır. Bunların da əksəriyyətinin həmin təsviri
sənət ustalarının yaradıcılıqlarının püxtələşdiyi vaxtlarda formalaşdığını nəzərə
alsaq, kətanla fərqli və fərdi "bədii dil”də daşımaq ustalığı göstərən gənclərimiz
isə çox az olmuşlar. Yaradıcılığında əvvəlkilərdən çox yeni görünən rəngkarlıq
estetikası nümayiş etdirən belə gənclərdən biri Cəlal Ağayevdir...
Öncə deyək ki, onun müasir rəngkarlığımızda "yeni nəfəs” kimi qəbul
olunan ifadə özünəməxsusluğunun yaranması və duyulası dərəcədə püxtələşməsinin
tarixçəsi o qədər də böyük deyil. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət
rəssamlıq məktəbində (1998-2002), sonra isə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında qrafika sənəti (2006-2010) üzrə ixtisas təhsili alan gənc rəssam
çox qısa müddətdə ruhunda gəzdirdiyi rəng sevgisinin fərdi özünəməxsus bədii-estetik
məziyyətlərə malik olmasını başqalarını nümayiş etdirə bilmişdir. Çox cəlbedici
və duyğulandırıcı görünən bu ifadə bənzərsizliyinin cövhərində rəngkarlıqla
qrafikanın qovşağı durur, desək həqiqəti söyləmiş olarıq. Başqa sözlə desək,
görünənlərdə müxtəlif rəng çalarları ilə cizgi ekspressiyasının vəhdətində
arzulanan ovqatyaradıcılıq əldə olunur ki, bu da ən müxtəlif janrlı
kompozisiyaların qibtəedici estetikasının yaranmasını şərtləndirir. Cəlal
Ağayevin çox qısa zaman kəsiyində formalaşan və kamilləşən dəst-xəttindəki bədii
tutumun yaxı "oyunları”ndan yaranan estetikasında hər janra yönəli dəyişikliklər
qabarıq duyulmaqdadır. Kətan üzərindəki rəng qatının nisbi ümumiləşdirmələrdən
ekspressiv paralanmağa meyllənən evolyusiyasında tamaşaçı baxışlarını
"dondurmaq” və özünə cəlb etmək istəyi duyulandır. Gənc rəssam bədii həlli bir
qədər də "Klimtsayağı” görünən portretlərində kompozisiyanın əsas və köməkçi
sahələri arasında gözoxşayan elə bir vizual əlaqə yaratmağa nail olmuşdur ki,
seyrçi məqsədli yaxı xaotikliyi ilə əhatələnmiş zərif simaların estetik daşıyıcılığını
dərhal görür və onun nə qədər əbədi mənəvi qaynaq olduğuna inanır. Bunu rəssamın
geniş tamaşaçı rəğbəti qazanmış "yeddi gözəl” silsiləsi də təsdiqləyir. Dairəvi
formatdan istifadə edən müəllif bununla da əsas diqqəti gözəllərin simalarına cəlb
etməklə, müxtəlif atributlarla dövrələnmiş qənirsizliyin aydınlığındakı estetik
çalarları duymağa imkan vermişdir.
Onun digər portret-kompozisiyaları da adi portret çərçivəsinə
sığışmır. Belə ki, onun təqdimatında obrazlar ikonoqrafik əlamət-oxşarlıq çərçivəsində
qalmayıb, onları əhatələyən məkanın adi fon-yerlik rolundan çıxarılması ilə
bütünlükdə kompozisiyanın yaşantıların hakim kəsildiyi "qaynar ocağa” çevrilməsini
şərtləndirir. Elə bu səbəbdən onun "Aktrisa”, "Zəriflik”, "Səhər”, "Təşviş” və
digər təsir gücü nəhayətsiz görünən əsərlərində tamaşaçı obraz və onu səciyyələndirən
ovqat barəsində təsirli və yaddaqalan informasiya ala bilir.
Cəlal Ağayevin yaradıcılığını səciyyələndirən və həm də başqalarından
fərqləndirən bədii xüsusiyyət gerçəkliyə obrazlı baxışın mövcudluğudur. O, məşhur
"Hamı baxır, amma hamı görmür” deyiminin məğzindəki həqiqəti öz əsərləri ilə təsdiqləyən
və əyaniləşdirən fırça ustalarındandır. Onun həyatımızda hər gün
qarşılaşdığımız hadisələrdə, təbiət motivlərində, inşan xarakterində və məişət əşyalarında
adi gözlə görünməyən gözəllik qaynaqlarını üzə çıxarıb, onlara hamıya maraqlı
görünə biləcək bədii tutum verməsində ruhunda dünyaya fərqli rəssam baxışı
daşıması durur. Rəssam təxəyyülünün bu cür özünəməxsus bədii yanaşmaya malik
olmasındandır ki, o, bu fərdiliyi həm forma-biçim orijinallığı, həm də görünənlərin
çoxqatlı məna-məzmun yükünə bələnməsi ilə gerçəkləşdirir. Bunu xüsusilə onun
süjetli tablolarında izləmək mümkündür. Onun "Cehiz”, "İntizar”, "Əks-səda”, "Dənizlərin
əfsanəsi”, "Nabat”, "Musiqinin rəngi”, "Çanaqqala döyüşü”, "Ruhun qidası”,
"İşığa doğru”, "Sirli əsər”, "Yaranış” və s. əsərlərinin timsalında izləmək
mümkündür.
Onun "Cehiz”i tamaşaçı hisslərini duyğulandıran etnoqrafik bir
qaynaqdır, desək, yanılmarıq. Obraz və onun nikbinliyini tamamlayan əşyaların
bu vaxta qədər rast gəlmədiyimiz forma-biçimdə təqdimatı əsəri zamansızlığa
qovuşdurmuşdur. Belə ki, onun bədii-estetik tutumunda hər birimizə bütün
zamanlarda qürurvericilik gətirə biləcək estetika mövcuddur.
"İşığa doğru” əsərinin adındakı nikbin çalarların kompozisiyada demək
olar ki, yoxluğu tamaşaçısını dialoqa çəkən məqam, təzadlı rənglərlə ifadə
olunması isə həm də cəlbedici görünən bədii həll formasıdır. Doğrudan da
görüntüyə gətirilən "nərdivanlar məcmusu”nda onu "bəzəyə” biləcək bir adamın
belə olmaması bu yüksəliş vasitəsinin rəssam təfsirində həm də düşündürücü amilə
çevrilməsini şərtləndirir. Qənaətimizcə, bu arxaya yönəli bir baxış olmaqla,
istər-istəməz də bir məşhur deyimi xatırladandır: "Kimlər gəldi, kimlər keçdi
bu dünyadan...”
Gənc rəssam çəkdiyi çoxsaylı mənzərələrdə duyulası dərəcədə yeni və təravətlidir.
Qətiyyətlə demək olar ki, onun elədikləri Azərbaycan mənzərə janrının
inkişafına və yeni estetika ilə zənginləşməsinə böyük töhfədir. Abşeron
torpağına duyulası məhəbbətlə yaradılan bu mənzərələrdə bədii həll vasitələri,
ifadə üsulları, təzadlı rəng çalalarının ahəngdarlığı şaşırdıcı dərəcədə bu
vaxta qədər gördüklərimizdən fərqlidir. Bir vaxtlar mövcud olmuş bağ evlərini xəyalında
canlandıran gənc rəssam, qızılı qumun üzərində ucalan bu ecazkar gözəlliyə elə
bir rəng qatmışdır ki, "Xəzri”nin "Gilavar”ın mövcudluğunu duyduran ağac təsvirlərində
qeyri-adi hərəkət-canlılıq qabarıq hiss olunur. Azman yaşıl-isti ağacları dövrələyən
soyuq-mavi rəngin qovşağının yaratdığı təravətli estetika bu sahəyə yeni nəfəs
verə biləcək yaradıcının gəlişindən xəbər verir...
Onun xalqımızın uzaq-yaxın keçmişinə bədii münasibətində də özünəmxsusluq
duyulmaqdadır. Rəssamın
yağlı boya ilə çəkilmiş "Qarabağ atı”, "İçərişəhər”, "Mis qablar və xurcun”,
"Başmaqlar”, "Nuhun gəmisi”, "Samovar”, "Kəndin şəcərə ağacı”, "Gözləmə”,
Aşıq”, "Çarıqlar”, "Rəhil” ”, "Nərdivanlar”, "Mənim xəyali şəhərim” və s. bu qəbildəndir.
Son illər onun xarici ölkələrdə keçirilən tədbirlərə
dəvət alması da onun sənətinə olan beynəlxalq maraqdan xəbər verir. 2014 və
2015-ci illərdə gənc rəssamın Omskda (Rusiya) keçirilən beynəlxalq "Ritm”
simpoziumunda "Ustad dərsləri” keçməsi də onun yüksək sənətkarlığına inamın
ifadəsidir. 2017-ci ildə isə o, "Türksoy”un Malatyada keçirdiyi 19-cu rəngkarlıq
simpoziumunda iştirak etmişdir. Həmin tədbirdə çəkdiyi beş əsərlə yanaşı
"Qarabağ atı” tablosunun Malatya valisinə hədiyyə olunması isə onun xatirəsində
dərin iz buraxmışdır. Ötən il Cəlal Ağayevin Bakıda ilk fərdi sərgisinin
açılması da Azərbaycanın mədəni həyatında yadda qalan hadisələrdən olmuşdur.
Yüksək sənətkarlıq nümunələrinin toplandığı "Yeddi gözəl” adlı həmin sərginin
bu günə kimi xatırlanması da orada yüksək estetik tutuma malik əsərlərin
nümayiş olunmasından xəbər verir...
Ziyadxan Əliyev