AZE | RUS | ENG |

RƏNGKARLIĞIMIZDA YENİ NƏFƏS

RƏNGKARLIĞIMIZDA YENİ NƏFƏS
Gənc rəssam Cəlal Ağayevin yaradıcılıq axtarışları haqqında...

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan rəngkarlıq sənətimizdə yeni söz demək çox çətin yaradıcılıq məsələlərindəndir. Orta əsrlərdə bir qayda olaraq miniatür üslubuna tapınan rəssamlarımız zamanın axarında bir qayda olaraq Avropa-rus bədii ənənələrinə yaradıcı münasibətlə öz dəst-xətlərini və bədii ifadə "mən”ini təsdiqləmişlər. Bu özünüifadələrin çoxunun realist-gerçəkçi sənət prinsiplərinə söykənən görüntüləri nə qədər bir-birindən fərqli olsalar da, demək olar ki, onların XX-XXI əsrlərdə hadisəyə çevriləcək sayı o qədər də çox olmamışdır. Bunların da əksəriyyətinin həmin təsviri sənət ustalarının yaradıcılıqlarının püxtələşdiyi vaxtlarda formalaşdığını nəzərə alsaq, kətanla fərqli və fərdi "bədii dil”də daşımaq ustalığı göstərən gənclərimiz isə çox az olmuşlar. Yaradıcılığında əvvəlkilərdən çox yeni görünən rəngkarlıq estetikası nümayiş etdirən belə gənclərdən biri Cəlal Ağayevdir...
Öncə deyək ki, onun müasir rəngkarlığımızda "yeni nəfəs” kimi qəbul olunan ifadə özünəməxsusluğunun yaranması və duyulası dərəcədə püxtələşməsinin tarixçəsi o qədər də böyük deyil. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1998-2002), sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika sənəti (2006-2010) üzrə ixtisas təhsili alan gənc rəssam çox qısa müddətdə ruhunda gəzdirdiyi rəng sevgisinin fərdi özünəməxsus bədii-estetik məziyyətlərə malik olmasını başqalarını nümayiş etdirə bilmişdir. Çox cəlbedici və duyğulandırıcı görünən bu ifadə bənzərsizliyinin cövhərində rəngkarlıqla qrafikanın qovşağı durur, desək həqiqəti söyləmiş olarıq. Başqa sözlə desək, görünənlərdə müxtəlif rəng çalarları ilə cizgi ekspressiyasının vəhdətində arzulanan ovqatyaradıcılıq əldə olunur ki, bu da ən müxtəlif janrlı kompozisiyaların qibtəedici estetikasının yaranmasını şərtləndirir. Cəlal Ağayevin çox qısa zaman kəsiyində formalaşan və kamilləşən dəst-xəttindəki bədii tutumun yaxı "oyunları”ndan yaranan estetikasında hər janra yönəli dəyişikliklər qabarıq duyulmaqdadır. Kətan üzərindəki rəng qatının nisbi ümumiləşdirmələrdən ekspressiv paralanmağa meyllənən evolyusiyasında tamaşaçı baxışlarını "dondurmaq” və özünə cəlb etmək istəyi duyulandır. Gənc rəssam bədii həlli bir qədər də "Klimtsayağı” görünən portretlərində kompozisiyanın əsas və köməkçi sahələri arasında gözoxşayan elə bir vizual əlaqə yaratmağa nail olmuşdur ki, seyrçi məqsədli yaxı xaotikliyi ilə əhatələnmiş zərif simaların estetik daşıyıcılığını dərhal görür və onun nə qədər əbədi mənəvi qaynaq olduğuna inanır. Bunu rəssamın geniş tamaşaçı rəğbəti qazanmış "yeddi gözəl” silsiləsi də təsdiqləyir. Dairəvi formatdan istifadə edən müəllif bununla da əsas diqqəti gözəllərin simalarına cəlb etməklə, müxtəlif atributlarla dövrələnmiş qənirsizliyin aydınlığındakı estetik çalarları duymağa imkan vermişdir.
Onun digər portret-kompozisiyaları da adi portret çərçivəsinə sığışmır. Belə ki, onun təqdimatında obrazlar ikonoqrafik əlamət-oxşarlıq çərçivəsində qalmayıb, onları əhatələyən məkanın adi fon-yerlik rolundan çıxarılması ilə bütünlükdə kompozisiyanın yaşantıların hakim kəsildiyi "qaynar ocağa” çevrilməsini şərtləndirir. Elə bu səbəbdən onun "Aktrisa”, "Zəriflik”, "Səhər”, "Təşviş” və digər təsir gücü nəhayətsiz görünən əsərlərində tamaşaçı obraz və onu səciyyələndirən ovqat barəsində təsirli və yaddaqalan informasiya ala bilir.
Cəlal Ağayevin yaradıcılığını səciyyələndirən və həm də başqalarından fərqləndirən bədii xüsusiyyət gerçəkliyə obrazlı baxışın mövcudluğudur. O, məşhur "Hamı baxır, amma hamı görmür” deyiminin məğzindəki həqiqəti öz əsərləri ilə təsdiqləyən və əyaniləşdirən fırça ustalarındandır. Onun həyatımızda hər gün qarşılaşdığımız hadisələrdə, təbiət motivlərində, inşan xarakterində və məişət əşyalarında adi gözlə görünməyən gözəllik qaynaqlarını üzə çıxarıb, onlara hamıya maraqlı görünə biləcək bədii tutum verməsində ruhunda dünyaya fərqli rəssam baxışı daşıması durur. Rəssam təxəyyülünün bu cür özünəməxsus bədii yanaşmaya malik olmasındandır ki, o, bu fərdiliyi həm forma-biçim orijinallığı, həm də görünənlərin çoxqatlı məna-məzmun yükünə bələnməsi ilə gerçəkləşdirir. Bunu xüsusilə onun süjetli tablolarında izləmək mümkündür. Onun "Cehiz”, "İntizar”, "Əks-səda”, "Dənizlərin əfsanəsi”, "Nabat”, "Musiqinin rəngi”, "Çanaqqala döyüşü”, "Ruhun qidası”, "İşığa doğru”, "Sirli əsər”, "Yaranış” və s. əsərlərinin timsalında izləmək mümkündür. 
Onun "Cehiz”i tamaşaçı hisslərini duyğulandıran etnoqrafik bir qaynaqdır, desək, yanılmarıq. Obraz və onun nikbinliyini tamamlayan əşyaların bu vaxta qədər rast gəlmədiyimiz forma-biçimdə təqdimatı əsəri zamansızlığa qovuşdurmuşdur. Belə ki, onun bədii-estetik tutumunda hər birimizə bütün zamanlarda qürurvericilik gətirə biləcək estetika mövcuddur.
"İşığa doğru” əsərinin adındakı nikbin çalarların kompozisiyada demək olar ki, yoxluğu tamaşaçısını dialoqa çəkən məqam, təzadlı rənglərlə ifadə olunması isə həm də cəlbedici görünən bədii həll formasıdır. Doğrudan da görüntüyə gətirilən "nərdivanlar məcmusu”nda onu "bəzəyə” biləcək bir adamın belə olmaması bu yüksəliş vasitəsinin rəssam təfsirində həm də düşündürücü amilə çevrilməsini şərtləndirir. Qənaətimizcə, bu arxaya yönəli bir baxış olmaqla, istər-istəməz də bir məşhur deyimi xatırladandır: "Kimlər gəldi, kimlər keçdi bu dünyadan...”
Gənc rəssam çəkdiyi çoxsaylı mənzərələrdə duyulası dərəcədə yeni və təravətlidir. Qətiyyətlə demək olar ki, onun elədikləri Azərbaycan mənzərə janrının inkişafına və yeni estetika ilə zənginləşməsinə böyük töhfədir. Abşeron torpağına duyulası məhəbbətlə yaradılan bu mənzərələrdə bədii həll vasitələri, ifadə üsulları, təzadlı rəng çalalarının ahəngdarlığı şaşırdıcı dərəcədə bu vaxta qədər gördüklərimizdən fərqlidir. Bir vaxtlar mövcud olmuş bağ evlərini xəyalında canlandıran gənc rəssam, qızılı qumun üzərində ucalan bu ecazkar gözəlliyə elə bir rəng qatmışdır ki, "Xəzri”nin "Gilavar”ın mövcudluğunu duyduran ağac təsvirlərində qeyri-adi hərəkət-canlılıq qabarıq hiss olunur. Azman yaşıl-isti ağacları dövrələyən soyuq-mavi rəngin qovşağının yaratdığı təravətli estetika bu sahəyə yeni nəfəs verə biləcək yaradıcının gəlişindən xəbər verir...
Onun xalqımızın uzaq-yaxın keçmişinə bədii münasibətində də özünəmxsusluq duyulmaqdadır. Rəssamın yağlı boya ilə çəkilmiş "Qarabağ atı”, "İçərişəhər”, "Mis qablar və xurcun”, "Başmaqlar”, "Nuhun gəmisi”, "Samovar”, "Kəndin şəcərə ağacı”, "Gözləmə”, Aşıq”, "Çarıqlar”, "Rəhil” ”, "Nərdivanlar”, "Mənim xəyali şəhərim” və s. bu qəbildəndir. 
Son illər onun xarici ölkələrdə keçirilən tədbirlərə dəvət alması da onun sənətinə olan beynəlxalq maraqdan xəbər verir. 2014 və 2015-ci illərdə gənc rəssamın Omskda (Rusiya) keçirilən beynəlxalq "Ritm” simpoziumunda "Ustad dərsləri” keçməsi də onun yüksək sənətkarlığına inamın ifadəsidir. 2017-ci ildə isə o, "Türksoy”un Malatyada keçirdiyi 19-cu rəngkarlıq simpoziumunda iştirak etmişdir. Həmin tədbirdə çəkdiyi beş əsərlə yanaşı "Qarabağ atı” tablosunun Malatya valisinə hədiyyə olunması isə onun xatirəsində dərin iz buraxmışdır. Ötən il Cəlal Ağayevin Bakıda ilk fərdi sərgisinin açılması da Azərbaycanın mədəni həyatında yadda qalan hadisələrdən olmuşdur. Yüksək sənətkarlıq nümunələrinin toplandığı "Yeddi gözəl” adlı həmin sərginin bu günə kimi xatırlanması da orada yüksək estetik tutuma malik əsərlərin nümayiş olunmasından xəbər verir...
 
Ziyadxan Əliyev

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN