• cümə axşamı, 25 aprel, 11:12
  • Baku Bakı 14°C

«Reneqat» Milli Şuranı üz-üzə qoydu

06.02.14 08:35 1158
«Reneqat» Milli Şuranı üz-üzə qoydu
Prezident seçkilərindən xeyli vaxt keçsə də, radikal müxalifət düşərgəsi hələ də bu dövrdə baş verənləri müzakirə etməkdən, bu kontekstdə bir-birini ittiham etməkdən yorulmur. Əslində bu, məğlubların köhnə vərdişidir. Çünki müxalifətdə hər seçkini məğlub başa vurarkən məğlubiyyətin səbəbləri təhlil edilməkdənsə, «günah keçisi» axtarışına çıxılır. Maraqlıdır ki, hər dəfə də heç kimi günahkar çıxarmaq mümkün olmur ya da heç kəs öz günahını etiraf etmək istəmir. Beləliklə də, düşərgədəkilər bir də onda ayılırlar ki, artıq növbəti seçkinin vaxtı çatıb, amma heç bir hazırlıqları yoxdur. Belə bir vəziyyətdə seçkilərə qatılan qüvvənin məğlub olması isə qaçılmazdır.
Məlum olduğu kimi, axırıncı seçkilər öncəsi yaradılmış Milli Şuranı orada toplaşan qüvvələrin sürətlə tərk etməsi prosesi bu gün də davam edir. Qurumu son tərk edənlərdən Eldar Namazovun atdığı addımı isə Milli Şuradakılar heç həzm edə bilmirlər. Odur ki, bir-birinin ardınca qurum üzvləri tərəfindən ona qarşı tikanlı atmacalar atılır. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə Namazov barəsində «Yeni Müsavat» qəzetinə müsahibəsində daha ətraflı və konkret danışıb. O, E.Namazovun qurumu tərk etməsi ilə bağlı gətirdiyi arqumentləri rədd edərək hələ «reneqat»ın Milli Şuranın Aparat rəhbəri olduğu dövrdən oradan ayrılanların olduğunu və dolayısı ilə buna da məhz Namazovun özünün səbəb olduğunu bildirib. Məsələn, Həsənli deyib ki, həmin dövrdə Rəsul Quliyevin Milli Şuradan uzaqlaşdırılması bir tərəfdən onun şura haqqında aşağılayıcı fikirləri ilə bağlı olubsa, digər tərəfdən Namazov haqqında işlətdiyi nalayiq ifadələrlə bağlı olub: «Onun Milli Şurada saxlanması həm Milli Şuraya, həm də Eldar Namazova hörmətsizlik olardı. Liberal Partiya ilə bağlı baş verənlər də hamıya aydındır. Partiyanın lideri Milli Şura rəhbərliyinə, ilk növbədə Müsavat başqanına qarşı aşağılayıcı fikirlər irəli sürüb təşkilatdan getdiyini bildirmişdi».
Həsənli açıqlamaları ilə seçkiöncəsi proseslərdə daim bir yerdə olduğu Namazovun Milli Şuradakı fəaliyyətinin paxırlarını açmaqla onun siyasi karyerasına qəsdən zərbə vurmaqda davam edərək göstərib ki, aparat rəhbəri kimi, o, Milli Şuranın işini qura bilməyib, ümumiyyətlə qurumun uğur qazana bilməməsinə səbəb olub.
«Eldar Namazov özü də dəfələrlə etiraf edib ki, o, Milli Şuranın işini qura bilmədi. Komissiyaları işlədə bilmədi. İndi Məşvərət Məclisinin yaranmamasının günahını İsa bəylə, Əli bəyin üzərinə atır, halbuki İcra Aparatının rəhbəri kimi o, özü bunda maraqlı deyildi və bunu heç gizlətmirdi də. Yaxud Seçki Qərargahı ilə bağlı məsələ... Həmin dövrdə Milli Şuranın İcra Aparatı yanında təşkil olunmuş Eldar bəyin rəhbərlik etdiyi qərargah Rüstəm bəyin imza vərəqləri alması üçün sənədləri təxminən 12 günə hazırlayıb MSK-ya vermişdi. Neytral bir adamın seçki qərargahına rəhbərlik etməsi, Müsavat, Cəbhə, KXCP nümayəndələrinin də ona müavin olması həmin dar məqamda real deyildi. Bizim çox dar macalımız olduğu üçün sənədləşdirməni tez başa çatdırmalı idik. Eldar bəyin qərargahının 12 günə etdiyini bizim seçki qərargahı 12 saata etdi».
Göründüyü kimi, Həsənli Namazovun Milli Şuradakı fəaliyyətində öz şəxsi ambisiyalarını yeritməyə çalışdığını bildirməklə yanaşı, bacarıqsız bir təşkilatçı olduğunu faktlarla sübut etməyə çalışıb.
Milli Şuranın fəaliyyətinə mane olmasına və yaxud onun işinə can yandırmamasına səbəb kimi Həsənli dolayısı ilə Namazovun prezidentliyə namizəd olmaq arzusunun ürəyində qalmasını göstərib. Bildirib ki, Rüstəm İbrahimbəyovun namizədliyi baş tutmadıqdan sonra Namazov öz namizədliyini irəli sürmək iddiasına düşüb. Lakin sonda «reneqat» istəyinə nail ola bilməyib.
Müşahidələr göstərir ki, Milli Şuranın dağılması barəsində müsahibələrində daim ehtiyatlı açıqlamalar verməyə çalışan C.Həsənli E.Namazovla bağlı bu ənənəsini pozub. O, açıq mətnlə və konkret şəkildə Namazovu ittiham edib. Bütün bunarın arxasında hansı niyyətin və hansı qüvvənin dayandığı isə sirr deyil. Çünki siyasi karyerası ərzində heç vaxt müstəqil siyasətçi olmamış Həsənlinin (bu, son seçkilərdə də özünü göstərdi. C.Həsənli bir növ Əli Kərimlinin vəkili və sözçüsü idi) hazırkı situasiyada da hansı qüvvəyə ruporluq etdiyi ortadadır. Belə ki, Namazovun ABŞ səfiri ilə görüşdükdən sonra Milli Şuradan çıxmaq barədə bəyanat verməsi və görüşdə səfirin onu ana müxalifət kimi görmək istəyi barəsində səsləndirdiyi fikirlərin ənənəvi radikal müxalifətdə qıcıq doğurduğu barədə yazmışdıq. Əvvəlki yazılarımızda həm də qeyd etmişdik ki, Namazovun bu «sıçrayışı» ilə ənənəvi müxalifətin inhisarçıları heç vaxt barışa bilməzlər və onların yaxın günlərdə əks-hücuma keçəcəyi qaçılmazdır. Göründüyü kimi, hələlik müxaliflər öz sözlərini Həsənli vasitəsilə çatdırmağı lazım bilirlər. Özü də diqqət yetirilərsə, Həsənlinin açıqlaması bütünlüklə Namazovun bir siyasətçi kimi uğursuz karyerasını ortaya qoyan faktlardan ibarətdir. Bu isə Namazovun «ulduzu»nu indidən söndürmək məqsədinə hesablanıb.
Həmçinin Həsənlinin açıqlamasında bir növ Namazovun müxalifətə «atması» ilə bağlı xüsusi hikkə diqqəti çəkir. O deyib ki, «EL» Hərəkatının lideri praqmatik siyasətçi olduğundan Milli Şura ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışıb: «Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. Milli Şuranın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə bu istəyinə qısa bir vaxtda yetişdi. Əlbəttə, bir siyasətçi kimi bu, onun üstünlüyü idi. Amma bu divident qalacaqmı? Bunu zaman göstərər».
C.Həsənlinin ittihamlarının «Yeni Müsavat»da həvəslə tirajlanması faktı isə müsavatçıların da Namazovun ana müxalifət iddialarından narahat olduğunu və nəyin bahasına olursa-olsun bunun qarşısının alınmalı olduğunu ortaya qoyur. Beləliklə də müxalifət düşərgəsində yeni gərginliyin əsasının qoyulduğu müşahidə edilir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər