• cümə, 29 Mart, 06:16
  • Baku Bakı 5°C

«Reneqat» da Rüstəm İbrahimbəyovdan inciyib

20.09.13 08:08 1342
«Reneqat» da Rüstəm İbrahimbəyovdan inciyib
Seçkiqabağı müxalif qüvvələrin cəmləşdiyi Milli Şurada baş verən hələ də müzakirə mövzusu olaraq qalır. Hələ də çoxları uzun müddətli fasilədən sonra bir araya gələn müxalifət partiyalarının nədən ikili vətəndaşlığı olan Rüstəm İbrahimbəyovu namizəd seçdiyini, onun qeydiyyatı ilə bağlı qanuni maneələr olduğunu bilə-bilə israr edilməsinin məntiqini başa düşməkdə çətinlik çəkirlər. Bu məsələdə hansı oyunların oynandığını, hansı məqsədlər güdüldüyünü ən yaxşı bilənlərdən birinin də «EL» Hərəkatının rəhbəri, Rüstəm İbrahimbəyovun idarə edilməsində xüsusi rol sahibi olan Eldar Namazov olduğu şübhə doğurmur. Belə ki, o, Rüstəm İbrahimbəyovun Bakıya dönüşü ilə bağlı bir-biri ilə uyğun gəlməyən məlumatlar verməklə yadda qalmışdı. Ehtimallar var ki, Eldar Namazov məsələni ləngidib-ləgidib, dar macalda özünün vahid namizəd olmasını istəyirmiş. Sonradan AXCP və Müsavat bu planı pozandan, Cəmil Həsənlinin namizədliyi gündəmə gələndən və Rüsətəm İbrahimbəyov da bu plana dəstək verəndən sonra Eldar Namazovun qəfil AXCP və Müsavat rəhbərliyindən küsməsi də bunu deməyə əsas verir. Eldar Namazov hələ də planlarını pozanları bağışlamayıb və İcra Aparatının rəhbəri olmasına baxmayaraq, Milli Şuranın işində fəal iştirak etmir.
Bu günlərdə «EL» Hərəkatının sədri BBC-nin Azərbaycan bürosuna verdiyi müsahibədə də incikliyinin qaldığını nümayiş etdirib. Onun açıqlamalarından hiss olunur ki, «EL» sədri Rüstəm İbrahimbəyovun özündən də inciyib. Belə ki, o, kinorejissorun sənəd problemi olduğunu müttəfiqlərindən gizlətməsinə işarə edib. Deyib ki, Milli Şuranın sədri ilə bağlı söylədiklərinin yalnız birində müəyyən səhv olub: «O da Rüstəm müəllimin Rusiya vətəndaşlığıyla bağlıdır, yəni var, yoxsa yoxdur. Açığını deyim ki, təkcə mən yox, bir çox adamlar o zaman inamla deyirdilər ki, o, Rusiya vətəndaşı deyil. Həm də bizə belə informasiya verilmişdi, axı, bunu birinci mən deməmişəm. Hətta onun özünün də bu barədə bir təkzibi olmuşdu. Həm də onun vəkili bu barədə danışıb təkzib vermişdi. Əgər mediaya belə informasiya verilirsə və vəkil də təsdiqləyirsə, mənim şübhə etməyə əsasım yox idi. Bir çoxları da belə düşünürdü. Sonra aydın oldu ki, Rüstəm müəllimin Rusiya pasportu var».
Bununla da E.Namazov bir növ Rüstəm İbrahimbəovun onu da aldatdığını dilə gətirib. O, jurnalistin həmin ərəfədə Rüstəm İbrahimbəoyvun bir-birini təkzib edən və çaşqınlıq yaradan açıqlamaları ilə bağlı sualına isə cavab vermək istəməyib. Deyib ki, bu suallara Milli Şura sədri özü cavab verə bilər. Halbuki dünənə qədər Eldar Namazov özünü az qala Rüstəm İbrahimbəyovun qanuni nümayəndəsi, ruh əkizi kimi aparır, onun adı ilə bağlı bütün sualları məmnuniyyətlə cavablandırırdı. Bu dəfə isə o, jurnalistə məsləhət görüb ki, Milli Şura sədrinin dolaşıqlıq yaradan açıqlamasına onun özündən cavab alsın.
«Milli Şura rəhbərliyində iki dövlət katibi - Lalə Şövkət və Əli Kərimli, iki qanunverici orqanın sədri - İsa Qəmbər və Rəsul Quliyev, həm də administrasiya katibliyinin rəhbəri olmuş Siz və nəhayət, tanınmış hüquqşünaslar var idi, yəni sizlər qanunlardan xəbərsiz idimi?» sualına cavabında E.Namazov deyib ki, onlar Gürcüstan təcrübəsinin Azərbaycanda da reallaşmasına imkan olduğuna inanıblar: «Gürcüstan müxalifətinin vahid namizədinin bir yox, iki xarici vətəndaşlığı vardı. İvanişvili Rusiya və Fransa vətəndaşlığından çıxıb vaxtında məsələləri həll etdi. Biləndı ki, Rüstəm müəllimin vətəndaşlığı var, özü də ərizə verib vaxtında problemin həllinə çalışır, həm də qonşu ölkənin nümunəsi vardı, bizdə yalnız bir sual qalmışdı: bunu vaxtında etmək olar, ya olmaz?». Söhbətin bu yerində E.Namazov məsələnin həllini tapmamasında AXCP və Müsavatı günahlandırıb. O deyib ki, əslində Milli Şuranın sədri seçiləndə vahid namizədi də müəyyənləşdirsəydilər, bu problemlər də olmazdı. Amma Müsavat və AXCP buna getməyərək bir az da gözləməyi təklif ediblər: «Mənim aləmimdə onların gözləməklə bağlı arqumentləri əsaslı deyildi. Çünki onlar başqa namizədi təklif etmədiklərini və Rüstəm müəllimin namizədinin əleyhinə olmadıqlarını deyirdilər. Beləliklə, Rüstəm müəllimin vahid namizəd seçilməsi təqribən 1 ay yarım yubandı. O da ərizəni yalnız vahid namizəd seçiləndən sonra verə bilərdi. Biz təqribən ay yarım itirəndən sonra günləri sayırdıq».
Bununla da Eldar Namazov müxalifətin seçkiqabağı uğursuzluqlarında Rüstəm İbrahimbəyovu, Əli Kərimlini və İsa Qəmbəri ittiham edib. O, bu proseslərdə heç bir günahının olmadığını iddia etməklə narazı elektoratı AXCP və Müsavat rəhbərliyinin üstünə yönəltməyə çalışıb.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər