AZE | RUS | ENG |

“Relaks” hadisəsinə görə hakimiyyəti ittiham etmək nə dərəcədə doğrudur?

“Relaks” hadisəsinə görə hakimiyyəti ittiham etmək nə dərəcədə doğrudur?
Lerik rayonunda fəaliyyət göstərən "Relaks” istirahət və turizm mərkəzi ətrafında baş verənlərə operativ reaksiya əslində əlavə şərhə yer qoymurdu. Yəni, bu məsələyə hansısa formada siyasi yön vermək, onu hakimiyyətə qarşı çevirmək üçün əl yeri qalmırdı. Bunu o vaxt etmək olardı ki, müvafiq qurumlar məsələyə loyal münasibət bəsləyərdi. Ortada isə tam fərqli mənzərə var: hadisəni tərədənlər barədə dərhal tədbir görülüb, istirahət və turizm mərkəzinin kimə məxsusluğu işin obyektiv araşdırılmasına təsir göstərməyib.
 
Fəqət AXCP sədri Əli Kərimli bu məsələni də siyasiləşdirib hakimiyyətə qarşı çevirməyə cəhdlər göstərir. Bu cəhdlərin arxasında başqa niyyətin durduğu gün kimi aydındır. O baxımdan ki, hadisə ilə bağlı hər hansı qaranlıq məqam yoxdur, müvafiq qurumlar lazımi addımlar atıb, ictimaiyyət məlumatlandırılıb. Hadisənin və ondan sonrakı proseslərin xronikasına baxmaq yetər ki, Kərimlinin bu prosesi məqsədli şəkildə siyasiləşdirməsi, öz nəfinə yararlanmaq istəməsi aydın görünsün. Cari il avqustun 16-da istiarahət mərkəzinə vergi nəzarət tədbiri həyata keçirilib. Buna isə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib.
 
Bundan başqa, "Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər. İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb. Nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətlərini həyata keçirmələrinə maneələr törədilib və məlum hadisə baş verib. Faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyalarını yerinə yetirən vəzifəli şəxsləri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Beləliklə, bütün bu sadalananlar Kərimlinin ittiham etdiyi hakimiyyətin məsələyə obyektiv, heç bir qaranlıq məqam olmadan yanaşmasının əyani göstəricisidir. Kərimli vergilərin yığılmasında qeyri-şəffaf yanaşmanın olmasına işarə vurur. Bununla da son illər görülən tədbirləri gözdən salmağa cəhdlər edir. Vurğulamaq yerinə düşər ki, "kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, vergidən yayınma hallarına son qoyulması, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, vergitutmanın optimallaşdırılması, vergi yükünün aşağı salınması, çevik inzibatçılığın yaradılması ilə bağlı ciddi addımlar atılıb. 2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmalarının və qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi bu sahədə ÜDM-in nominal artım tempini üstələyib.
 
Cari ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb. İlin birinci yarısında Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox vəsait daxil olub. Ümumilikdə, ötən il və bu ilin arxada qalan dövründə görülən tədbirlər, əlavə daxilolmalar dövlərin maliyyə imkanlarını gücləndirib, müxtəlif sosial, iqtisadi, humanitar və digər sahələrdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənib və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edib. Çox önəmli addımlar atılıb, minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər əhəmiyyətli dərəcədə qaldırılıb. Bir sözlə, görülən işləri qaralamaq, görməzdən gəlmək mümkün deyil. Təbii ki, "Relaks”-ın az vergi ödəyən tək şirkət olmadığını iddia etmək mümkündür. Lakin bir faktı bütün ölkəyə şamil etmək doğru deyil. Dünyanın hər yerində vergidən bu və ya digər formada yayınma hallarına rast gəlmək mümkündür. "Relaks” hadisəsi ilə bağlı ortada dövlətin birmənalı iradəsi var. Bunu ancaq və ancaq təqdir etmək lazımdır. Kərimli və tərəfdarlarının bu məsələnin mahiyyətini təhrif edərək yenidən ictimai rəyi çaşdırmaq cəhdləri isə uğursuzluğa məhkumdur. Bir daha sübut olunur ki, bu adamlar marığda durub hər fürsətdə hakimiyyəti ləkələməklə məşğuldur...
 
Elman Babayev

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967