• cümə, 29 Mart, 04:45
  • Baku Bakı 7°C

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

13.11.17 15:58 709
Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ABŞ-ın CLS (Critical Language Scholarship) proqramı və ABŞ səfirliyinin nümayəndələri ilə görüşüb. Qonaqları salamlayan rektor ABŞ səfirliyi ilə birgə proqramın həyata keçirilməsindən məmnunluğunu bildirib. O, ümid etdiyini deyib ki, əvvəllər bir-birini tanımayan tələbələr proqram çərçivəsində tanış olduqdan sonra ünsiyyətlərini davam etdirirlər.
ADU-da həyata keçirilən layihələr barədə ətraflı məlumat verən K.Abdulla burada 20-ə yaxın ölkənin dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, universitetin maraq dairəsi daha da genişlənməkdədir: "Biz növbəti tədris ilindən suaxili dilini də tədris proqramına daxil etmək niyyətindəyik. Çünki bütün regionları əhatə etmək istəyirik”. K.Abdulla əlavə olaraq bildirib ki, planlar sırasına Afrika regionunun öyrənilməsi də daxildir.
K.Abdullanın sözlərinə görə, ADU-nun professor-müəllim heyəti CLS proqramı çərçivəsində tələbələrlə görüşə bilər. İştirakçıların Azərbaycan dilini öyrənməsinin əhəmiyyəti barədə də ətraflı söz açan rektor vaxtilə Azərbaycan dilinin Qafqazın fransız dili adlandırıldığını xatırladıb. O, bildirib ki, Azərbaycan dili təkcə Azərbaycanda deyil, ölkədən kənarda da əhəmiyyətliliyini qoruyub saxlayır.
Proqram barədə ətraflı məlumat verən ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə nümayəndəsi Heidi Smith ADU-nu proqramın ən önəmli tərəfdaşlarından biri kimi xarakterizə edib. Göstərilən dəstəyə görə rektor K.Abdullaya təşəkkür edən qonaq qarşılıqlı anlaşma və dialoqun vacibliyindən söz açıb.
ABŞ-ın Təhsil və Mədəniyyət işləri üzrə Bürosunun proqram meneceri Karol Radomski isə qeyd edib ki, tələbələr fərqli dilləri öyrənmək istəyirlər. Proqram çərçivəsində təqdim olunan dillərdən biri də Azərbaycan dilidir. Onun fikrincə, Azərbaycan dilinin seçilməsinin səbəblərindən biri cəlbedici məqamların olması və regiona çıxış imkanları ilə bağlı ola bilər.
Qeyd edək ki, ADU Amerika Təhsil Şurası ilə əməkdaşlıq çərçivəsində təqaüd proqramı olan CLS proqramına 2009-cu ildən ev sahibliyi edir. Səkkiz həftəlik proqram çərçivəsində tələbələr intensiv şəkildə öyrəndikləri dili mənimsəməklə dil və mədəniyyət nöqteyi-nəzərindən böyük nailiyyət əldə edir və bu proqramdan qazandıqları kreditlərlə ABŞ universitetlərində təhsillərini davam etdirirlər. Proqram çərçivəsində amerikalı tələbələr Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, milli dəyərləri və mətbəxi ilə yaxından tanış olur. CLS proqramı çərçivəsində təhsil alan amerikalı vətəndaşlar bakalavr, magistr və doktorantura/dissertantura təhsil səviyyələrindən proqrama qəbul edilir və başlanğıc, orta və yüksək dil səviyyələri üzrə ADU-da təhsil alırlar.
ADU 2016-cı ildən CLS Azərbaycan dili proqramı ilə yanaşı olaraq, CLS türk dili proqramına da ev sahibliyi edir. Amerikalı tələbələr ADU-da türk dilini və mədəniyyətini öyrənirlər.
Onu da əlavə edək ki, 2009-2017-ci illərdə proqram çərçivəsində ADU-da 127 tələbə təhsil alıb.
banner

Oxşar Xəbərlər