• cümə, 29 Mart, 12:28
  • Baku Bakı 14°C

Çörəksizlərə çörək verən gənc xeyriyyəçi – Nümunə

25.04.15 07:09 2576
Çörəksizlərə çörək verən gənc xeyriyyəçi – Nümunə
“Əl tutmaq Əlidən qalıb”. Yəqin ki, bu deyimi eşitmisiz. Çox təəssüf ki, bu gün belə “əl tutma”larla az hallarda rastlaşırıq. Ehtiyacı olan birinə yardım edib ona əl tutmaq hər zaman təqdir edilib. Bəziləri düşünür ki, kiməsə yaxşılıq etmək, xeyriyyəçiliklə məşğul olmaq üçün gərək pulun olsun. Amma pul şərt deyilmiş. Könüllü şəkildə yardım edərək də bu işin öhdəsindən gəlmək mümkündür. Eynilə gənc müsahibimiz Elvin Rəcəbli kimi... Bəziləri deyir ki, insan etdiyi yaxşılığı deməməlidir. Amma biz bu gənci, onun gördüyü işləri cəmiyyətə tanıtmağı özümüzə borc bildik. Borc bildik ki, bu cür gənclərin davamı gəlsin…
“Pul qazanmaq önəmli deyil”
Elvin 1991-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını qırmızı diplomla başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Universitet illərindən könüllü şəkildə xeyriyyəçiliklə məşğul olan müsahibimiz hərbi xidmətdən sonra da bu fəaliyyətini davam etdirib. Xeyriyyəçilik artıq onun həyat tərzinə çevrilib. Belə ki, şirkətlərin birində tibb avadanlıqları mühəndisi və ingilis dili üzrə sinxron tərcüməçi işləyən həmsöhbətimiz işdən sonra və istirahət günlərində boş vaxtını xeyriyyə tədbirlərini təşkil etməyə sərf edir: “Tələbə vaxtı Azərbaycan Uşaqlar Birliyi ilə birlikdə könüllü şəkildə tədbirlər həyata keçirirdik. Hələ tələbəlik illərindən bu qurumda yerləşən və aztəminatlı ailələrin uşaqlarını universtetə hazırlaşdırırdıq. Könüllü şəkildə tələbələrdən ibarət qruplar yaradıb sığınacaqda olan uşaqlara dərs keçirdik. Əslində bu elə bir işdir ki, hər kəs edə bilər. Pul qazanmaq önəmli deyil. Çünki kimsəsiz uşaqlara dəstək olduqda, onların üzündəki sevincin qiyməti olmur”.
“Sığınacaqda kiçik toy”
Xeyriyyəçiliklə məşğul olmağı özünə borc bilən müsahibimiz ötən günlərdən birində 20 uşağın kiçik toy məclisini həyata keçirib: “Azərbaycan Uşaqlar Birliyi ilə Facebook sosial şəbəkəsində “Sığınacaqda kiçik toy” adlı dəvət tədbiri təşkil etdim. “IB club” adlı gənclər mərkəzinin müdiri icazə verdi ki, pul yığımını orda edək. Kim kömək etmək istəyirdisə, “IB club”a yaxınlaşıb, gücü çatan 2-10 manat arası pul verirdi. “Facebook”da görənlər, eşidənlər, iş yoldaşlarım, tanışlar, dostlar köməyini əsirgəmədilər. Sonra Sabunçu rayonunda bir şadlıq evi ilə danışdıq. Həkim Mirsaleh Abdullayev təmənnasız olaraq 20 uşağın əməliyyatını öz üzərinə götürdü. Tədbirin qonaqlığını, müğənnisini öz hesabımıza təşkil etdik. Hətta salonu da şarlarla bəzətdirmişdik”.
“Evdəkiləri çörəksiz qoymayaq”
Müsahibimiz “sığınacaqda kiçik toy”la yanaşı, “evdəkiləri çörəksiz qoymayaq” qrupunun da təşkilatçısıdır. O deyir ki, çörək aksiyası keçirməklə çörək almağa imkanı olmayan qoca, yaşlı, aztəminatlı ailələrə kömək edirlər: “Həqiqətən elə ailələr var ki, onların çörək almağa pulu olmur. Əvvəlcə düşündüm ki, öz hesabıma hər gün 5 çörək alım mağazalara verim. İşdən sonra çörək zavodu ilə danışdım və mağazalara verilən qiymətlə çörək almağa razılaşdım. Sonra daha çox çörək paylamağı qarşıma məqsəd qoydum və aksiya elan etdim. Mən bu işlə könüllü məşğul oluram. Bu, mənim işimə-fəaliyyətimə heç bir maneə yaratmır. Bu kampaniyaya oktyabrın 1-dən başlamışam. Məqsədim 40 qəpik çörəkpulu tapmayıb, işləyə bilməyən imkansız və yaşlı insanları pulsuz çörəklə təmin etməkdir”.
Müəyyən qədər pul yığan müsahibimiz Nizami metrostansiyası yaxınlığında yerləşən qəzet köşklərindən birinə çörək verir. O deyir ki, çörəyə ehtiyacı olan insanlar Beşmərtəbə dairəsi, “Günaydın” restoranının yanındakı press-köşkdən pulsuz çörək götürə bilərlər: “Gün ərzində 50 çörək olmaqla həftənin beş günü press-köşkə çörək verilir. Bu da aya təxminən 1200-1400 arası çörək edir. Əvvəllər aya 1000 çörək verirdik, indi isə bu rəqəmi 1500-ə qaldırmışıq”.
Vicdanı olan insan bilər ki...
Elvin deyir ki, bu işi həyata keçirmək üçün müəyyən çətinliklərlə üzləşir. Amma nəticəni gördükdə bütün çətinlikləri yox olur. Müsahibimiz başına gələn çətinliklərdən də söz açdı: “Asan heç nə yoxdur. Bu işdən heç kim xeyir qazanmadığı üçün hamı eyni dərəcədə razı olmur. Dükanda çörəyi həvalə etdiyim Rasim dayı deyir ki, sənə Allah xatirinə kömək edirəm. Amma bəzən səbrim çatmır. Mən tapşırmışam ki, hər insana 2 çörəkdən artıq vermə. Üst-başı normaldırsa, çörək vermir. Bir xala gəlir, iki çörəyini götürür, satıcı üzünü çevirən kimi yenə götürür. Elə adam var, əlində noutbuku, boğazında qalstuku gəlir ki, mənə iki dənə çörək ver. Deyirəm, sənin 40 qəpiyin yoxdur, çörək alasan? Bu, ehtiyacı olanlar üçündür. Dava edir ki, elan vurmusunuz, verməlisiniz. Mağazalara aksiyaya qoşulmaları üçün müraciət etdikdə, razılaşmırlar. Deyirlər ki, sizin çörəyi pulsuz götürəcəklər, mənim çörəyimi alan olmayacaq. Biz çörəyi imkanı olmayanlar üçün qoymuşuq. Vicdanı olan insan bilir ki, bu, kimsəsizlər üçün nəzərdə tutulub”.
Güvəniləsi insanlara ehtiyacım var
Müsahibimiz deyir ki, bu qədər çətinliyə baxmayaraq, nəticənin yaxşı olduğunu gördükdən sonra mənən rahatlıq tapır: “Düzdür, mən buradan bir qəpik də qazanmıram. Öz işim var. Boş vaxtımı buna sərf edirəm. Bu işi çox həvəslə görürəm. Kimsəsizlərin sevincini gördükdə, mənəvi cəhətdən rahatlıq tapıram. Bu mənim özümə həzz verir. Belə bir söz var ki, “tikmədim özüm qalam, tikdim ki, izim qala”. Hamımız bu dünyadan köçəcəyik. Əsas odur ki, kiməsə xeyirim dəyir”.
Elvin deyir ki, ona bu işində yardım etməsi üçün güvənə biləcəyi insanlara ehtiyacı var. Onun sözlərinə görə, əgər ətrafına çox adam toplaya bilsə, xeyriyyə sahəsində işlərini böyüdəcək: “Gənclər bizə çox dəstək olurlar. Amma bəzisi belə bir şeyin həyata keçirilməsinə inanmır. Kimi deyir, çörək yüz faiz boyatdı, kimi isə deyir ki, pulsuz heç nə yoxdur. İnanmayanlar Press-köşkə gedib kənardan izləyə bilərlər. İnsanların yardımı istədiyimiz qədər deyil. Məndən olsa, günə 50 yox 100 çörək verərdik. Amma hər kəsə güvənib pul əmanət edə bilmirəm. Gələcək planlarım var. Sadəcə, hələ ki özümə xəyal kimi gəlir. Əgər həyata keçirə bilsəm, uşaq evində qalan uşaqlara 18 yaşlarından sonra dəstək olar, onları işlə təmin edərdim”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər