• çərşənbə, 17 Aprel, 00:47
  • Baku Bakı 14°C

Ürəkləri riqqətə gətirən şeirlər, qəlbləri ovsunlayan nəğmələr müəllifi

25.08.18 13:09 1441
Ürəkləri riqqətə gətirən şeirlər, qəlbləri ovsunlayan nəğmələr müəllifi
Bu gün Xalq şairi Fikrət Qocanın anadan olduğu gündür.
AZƏRTACxəbər verir ki, 83 il bundan öncə dünyaya göz açan Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun şeirlərində Vətənə, insana, cəmiyyətə, təbiətə sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi ilə xalqa, doğma yurduna, müstəqil dövlətçiliyə xidmət edib. Şair bütün yaradıcılığı ilə mənsub olduğu millətin söz xəzinəsini daha da zənginləşdirməyə çalışıb. O, Azərbaycan ədəbi prosesinin öndə gedən nümayəndələrindən biridir.
Fikrət Qoca öz yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş dövrün problemlərini, qayğılarını, müasir dövrü, zamanın bədii lirikasını canlandırır. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirir, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr, roman və povestlər qələmə alıb.
Onun bəzən dalğalı dəniz kimi üsyankar, bəzən həzin, xəfif bahar mehi kimi yumşaq, nəvazişkar poeziyası ilk gündən oxucusunun ürəyinə çöküb, sevgi qazanıb, könüllərdə yuva qurub.
Şairin incə ruhlu, həssas düşüncəli, azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemaları gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayıb.
Fikrət Qoca "Qağayı”, "Hamıya borcluyam”, "Dənizdə ay çiməndə”, "Od gəlini”, "Yatmadığım gecələrdə”, "Günlərin bir günü”, "Gül ömrü”, "İnsan xasiyyəti”, "Ömürdən səhifələr”, "Mavi dünyanın adamları”, "Seçilmiş əsərləri”, "Eldən-elə, dildən-dilə”, "Sükutun səsi” və digər kitabların müəllifidir.
Şeirimizə bahar ovqatı gətirən Fikrət Qocanın sözlərinə yüzlərlə mahnı bəstələnib, əsərlərinə səhnə ömrü verilib, radiotamaşalar həsr edilib. Fikrət Qocanın əsərləri oxucunu Vətən və millət haqqında düşünməyə vadar edir. Şairin Vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunub.
Onun 1990-cı il 20 Yanvar hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən "Təkərlər geri fırlanır”, "Yaralı çiçəklər”, "Rəssam düşünür”, "Taleyin ağır taleyi” əsərlərində həyatın acı, keşməkeşli üzü bədii boyalarla əks olunub.
Şairin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib, Xalq şairi, Əməkdar incəsənət xadimi fəxri adlarına, Prezident İlham Əliyevin Sərəncamı ilə 80 illik yubileyi ərəfəsində "Şərəf” ordeninə, digər fəxri adlara, orden və medallara layiq görülüb, sözə, ədəbiyyata gətirdiyi yeniliklərə görə əməyi yüksək qiymətləndirilib.
O, bu gün də böyük ürək və tükənməz sevgi ilə yazıb yaradır. Sevimli şairimizə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

banner

Oxşar Xəbərlər