• çərşənbə axşamı, 16 aprel, 18:37
  • Baku Bakı 18°C

Ürəklərdəki susmaz duyğu

22.04.19 12:15 1388
Ürəklərdəki susmaz duyğu
Bir-neçə əvvəl Cəfər Cabbarlı gilə gedəndə baharın ilk günləri idi. Dada doğrusu, Cəfər Cabbarlının köhnə "Sovetski”dəki "Ev muzeyi”nə. Həyətdə meyvə ağacları çiçəkləmişdi. Balaca, xudmani həyətin baş tərəfində bir vaxtlar Cəfər Cabbarlının tikdirdiyi, hətta tikilişində özünün iştirak etdiyi o qədər böyük olmayan ev durur. İndi muzey olan evdə təmirə başlanıb. Ev muzeyə çevrilsə də ev funksiyasını da özündə daşıyır. O vaxt Cabbarlının qızı Gülarə xanım hələ sağ idi, bu həyətdə, bu evin bir tərəfində yaşayırdı.
"Bu ağaclar hər yaz – atamın doğum günü ərəfəsində belə çiçəkləyir. Bəlkə də, bu ağacı öz əlləri ilə əkib, bəlkə də yox. Hansı onun vaxtında, hansı sonra əkilib bilmirəm, bilirəm ki, atam ağacların çiçəkləməsini çox sevərdi. Deyirdi insan əməyi də belədir, əziyyət çəkirsən, xoşbəxt o kəsdir zəhmətinin çiçəkləməsini görsün”.
Gülarə xanımın da dediyi kimi bir vaxtlar Cəfər Cabbarlı ilə birgə Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə, A.Tuqanov, Mərziyyə Davudova, Sona Hacıyeva və bir çox başqa sənətkarların əyləşdiyi mizin arxasına keçməzdən qabaq ev muzeyi hər küncünə qədər gəzirik Gülarə xanımla birlikdə. Çox çətin, ağır addımlarla da olsa bizimlə gəzir, Allah bilir saysız-hesabsız qədər addımladığı evi gəzdikcə də saysız-hesabsız qədər danışdığı xatirələri bir daha sevə-sevə danışır: "Atamın uğurunun altında anamın da imzasını görürəm. Uşaqlıqdan bir yerdə böyüyüblər, əvvəlcə bir yerdə oynayıblar, sonra da yeniyetməlikdə dostluq ediblər. Atam ilk şeirlərini anama həsr edib. Məsələn, Cabbarlı bir otağa çəkilib yazdığı, işlədiyi vaxtlarda anam onun qayğısına qalırmış, çay gətirir, vaxtlıvaxtında yeməyini verirmiş. Hələ o vaxt 15-18 yaşları varmış. Bir dəfə anam nəyə görəsən, atamdan küsür. Atam ha gözləyir, görür anam nədənsə çay gətirmir. Axır ki, çıxıb onu çağırır. Anam danışırdı ki, ona çay gətirəndə mənə bir kağız parçası uzatdı. Bir bənd yazmışdı:
Ay Sonası, çay gətir mənimçün,
Qələndərəm, pay gətir mənimçün.
Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən say gətir mənimçün.
Əmioğlu, əmiqızı olublar. Atam atasını vaxtsız itirib, anası da çox yaşamayıb. Ailənin qayğısı uşaqlıqdan atamın boynuna düşüb. Ona görə də nəslin qadınları onu anama bilərəkdən həvalə ediblər ki, aralarında ünsiyyət yaransın. Yazıb-yaradan adamdır heç vaxtı da yoxdur şəxsi həyatının qayğısına qalmağa. Bir dəfə qış vaxtı anam ona bir yaxşı isti, yun köynək toxuyub hədiyyə edib. Atam köynəyi geyinib deyib ki, Sonası, bədənim isindi, qəlbimi də isidərsənmi? İlk dəfə ürəyini bu yolla açıb.
Cabbarlının həyat yolu məktəb proqramından hamıya tanışdır. Hərdən Gülarə xanım hamının bildiyi təfərrüatlara varanda ehtiyatla sözünü kəsib onu istiqamətləndirirdim ki, heç vaxt danışmadıqlarını ondan ala bilim. Kim bilmir ki, Cabbarlı Xızı kəndində (indiki Xızı rayonunda) kömürçü ailəsində dünyaya gəlmişdi. Cəfərin 2-3 yaşı olanda ailəsi Bakı şəhərinə köçmüşdü. O, ilk təhsilini mollaxanada almış, sonra 7 nömrəli rus-tatar məktəbində (Azərbaycan - red.) oxumuşdu. S.S.Axundov, A.Şaiq onun müəllimləri olmuşdu. 1924-1925-ci illərdə o, teatr məktəbində təhsilini davam etdirib. Qəzetdə də çalışıb, teatrda da, operada da. Ümumiyyətlə, Cabbarlının hərtərəfli inkişaf etmiş şəxsiyyət olması hamıya məlumdur.
Gülarə xanım daha bir maraqlı əhvalat danışmışdı: "Atamı istəməyənlər də olub. Onu gah din əleyhinə adlandırır, gah pantürkistlikdə günahlandırırdılar. Yaşadığımız "Sovetski”də onu çox sevirdilər. Burda o vaxt kriminal avtoritetlər atamın əhatəsində gözə görünməz qorunma səddi yaratmışdılar. Fəxrimizdir deyirdilər. Bir dəfə atam danışırdı ki, teatrda tamaşadan çıxıb evə gələndə bir-neçə gün ardıcıl bir nəfərin onu izlədiyini müşahidə edib. Axır tinin birində gizlənib arxasınca gələn adam tinə çatanda düz çıxıb qarşısına. Soruşub ki, kimsən, niyə məni güdürsən? Adam deyib ki, Cəfər qağa, mənə tapşırıblar ki, səni göz-bəbəyim kimi qoruyam. İnciməyin sizi qorumaq üçün arxanızca gəlirəm.

Başındakı qadın darağı məsələsi

1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırıblar. Orada 2-3 ay əzab-əziyyətlər veriblər. Atamın "Ədirnə fəthi" və "Ulduz" ("Trablis müharibəsi") əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr veriblər. Bütün bu və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməyib. Tutarlı faktlar tapmasalar da, atamı daim incidiblər”.
Evi gəzib dolaşıb işləyən ustalar mane olmayaq deyə, bayaq sözü gedən mizin arxasına keçirik. "Anam Sona xanım danışırdı ki, mənim 2-3 yaşım olanda darağımla atamın saçını daramışam. Necə olubsa daraq qalıb başında, o, da papağını başına qoyub iş yerinə gedib. O, papağını çıxaranda aktyorlar görüblər ki, Cəfərin başında qadın darağı var. Hamı gülüşüb. Atam özü də gülərək dostlarına deyib ki, bu, mənim şeytan qızım Gülarənin darağıdır.
Atamın bir yaxşı xasiyyəti də vardı. Hər hadisəyə münasibəti komik idi. Bir dəfə atam maaş alıbmış. Onunla teatrda işləyən köməkçisi Məmməd Əlili ilə (Qorxmaz Əlilinin atası) nahar edirlər. Atam pullarını çıxarıb stolun üstünə qoyur. Bir qədər keçmiş pulları götürür. Sonra da başlayır stolun üstünü axtarmağa. Əlili soruşur ki, ay Cəfər, nə axtarırsan? Atam cavab verir ki, pulumu stolun üstünə qoymuşdum, indi yoxdur. Əlili deyir ki, nə demək istəyirsən, belə çıxır ki, pullarını mən götürmüşəm? Atamın bu sözündən sonra Əlili əsəbi halda çıxıb gedir. Bu iş ona elə pis təsir edir ki, hətta istəyir özünü tramvayın altına atsın. Bir qədər sonra atam qardaşı oğlu Əlbəndəni Əlilinin dalınca göndərir ki, o, buradan çox əsəbi gedib, özünə bir xətər-zad yetirər, ona de ki, səni əmim çağırır. Əlili geri qayıdanda atam ondan dönə-dönə üzr istəyir. "Məni bağışla, - deyir: Əlimdə bir əsər yazıram, istəyirdim görəm ki, adama böhtan atanda o adam özünü necə hiss edir". Əlili də deyir ki, bəs mən özümü tramvayın altına atsaydım, necə olacaqdı? Atam deyir elə ona görə səni tez geri çağırtdırdım.
Əsərlərinin həmişə ilk oxucusu anam olarmış. Bir əhvalat da yadıma düşdü. Atam hansısa tamaşanın məşqlərini edirmiş, anam ona günorta yeməyi aparıb. Anam zala girəndə görüb ki, atam səhnədə aktrisa ilə öpüşür. Anamın apardığı yemək çantası əlindən düşüb. Sən demə, atam dəfələrlə məşq elətdirib bu səhnəni, görüb ki, təbii öpüşmürlər, istəyib göstərsin ki, necə öpüşmək lazımdır, həmin vaxt anam girib zala görüb. Bu hadisə bir az atamla anamı küsdürmüşdü.
O vaxtlar atamın "Oqtay Eloğlu", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Dönüş" əsərlərinin səhnəyə qoyulduğu, hətta özünün hazırladığı vaxtlar idi.

Atam mərcdə uduzduğuna görə anama mirvari boyunbağı alıb

Anam danışırdı ki, bir dəfə Cəfərlə mərcləşdik. Mən dedim ki, əgər mən aparsam, bir düzüm mirvari boyunbağı alarsan. Cəfər də dedi ki, sən uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç yarım saat keçmədi ki, telefon zəng çaldı. Mən yaxınlaşıb divardan asılmış telefonun dəstəyini qaldırdım. Cəfəri istəyirdilər. Onu çağırıb dəstəyi ona verəndə dedim ki, Cəfər, apardım. O bilmədi nə etsin, danışıb qurtarandan sonra dedi ki, yox, bu düz deyil, sən aparmadın. Axı telefonun məftilinin bir ucu divardadır. Bir xeyli mübahisədən sonra Cəfər dedi ki, yaxşı, Sonası, zarafat edirdim. Sənə bəlkə mirvari əvəzinə qızıl boyunbağı alım. Axı mirvari boyunbağını əzəndə o torpağa dönür. Qızıl isə əzilsə də qızıldır. Dedim ki, mən mirvari boyunbağı istəyirəm.

Diz üstdə yazılmış əsər

Şurabad bağlarında bizim də bağımız varmış. Anam deyirdi ki, biz tez-tez ora dincəlməyə gedirdik. Cəfər isə burada lap çox işləyirdi. Özü də bağda şəraitimiz pis idi. Alaçıqda yaşayırdıq. Cəfər "Almaz" əsərini burada lampa işığında, dizinin üstünə bir taxta parçası qoyub yazırdı. Əsəri elə dizinin üstündə yazıb qurtardı.
Mən onun bu vəziyyətini görüb dedim ki, ay Cəfər, gəlsənə bu bağda bir ev tikdirəsən. Cavab verdi ki, tikdirməyinə tikdirərəm, amma bu ev də şəhərdəki ev kimi olacaq. Daha bağ evi ilə şəhər evinin nə fərqi olacaq.
Anam danışırdı ki, atama həyat heç vaxt rahat olmayıb. Bəlkə, ona görə də həyatdan tez köçüb. Bədxahlar iddia edirdilər ki, guya yazıçı dram teatrı monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklər.
Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək: "…Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".
Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.
Belə şeylər onu çox incidib. Ürəyinin də vaxtsız qübar bağlamağı buna görədir. Atamın son günləri yadımaddır. Anam səhər qədər keşiyini çəkirdi, amma onu yandıran o idi ki, bir gecə yanından aralanıb o biri otağa keçib qayıdıb görmüşdü atam dünyasını dəyişib. Özü də dekabrın 31-də səhərə yaxın saat 4-də.
Atam belə bir adda şərqi yazmışdı. Həmin şərqini sanki özünə həsr edib:

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm.

İndi o, ürəklərdə gəzən susmaz duyğunun yubileyi dövlət səviyyəsində qeyd edilir.

Ramilə Qurbanlı

banner

Oxşar Xəbərlər