• çərşənbə, 24 Aprel, 10:27
  • Baku Bakı 13°C

Reklamlarda əcnəbi dil və mədəniyyətlərə olunan güzəşt

30.05.18 10:30 1337
Reklamlarda əcnəbi dil və mədəniyyətlərə olunan güzəşt
Azərbaycan dili dövlətimizin əsas atributlarından biridir. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Dilimizin saflığı və zənginliyi olarsa, bu, mükəmməl mənəvi varlığımıza, sarsılmaz milli birliyimizə dəlalət edir. Dövlət dili azərbaycançılıq məfkurəsinin başlıca hədəflərinə çatmağa imkan verir. Əlbəttə, bu faktorlar qloballaşma şəraitində dövlət dilinin istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı bizdən tələb edir.
Ümummilli lider Heydər Əliyevin prinsipial mövqeyi sayəsində Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Məhz həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün münbit şərait yaradılıb, dövlət dilimiz öz funksionallığını daha da artırıb. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri kimi təsbit edilmişdir. 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması, həmin ilin avqust ayında latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ana dilimizin bütün parametrlər üzrə statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan olub.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl surətdə davam etdirir. Prezident İlham Əliyev 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin yad təsirlərdən qorunması və saflığının qorunmasının zəruriliyini vurğulayıb, lazımsız yerə dilimizdə yad söz və kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib.
Bu gün dünyada gedən qloballaşma Azərbaycan dilinə də öz təsirini göstərib. Kütləvi informasiya vasitələrində, reklamlarda, afişalarda ədəbi dilimizin yazı qaydalarının kobud şəkildə pozulması halları ilə qarşılaşırıq. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Mövcud problemin çözülməsi istiqamətində konkret işlərin görülməsi bir zərurət kimi ortaya çıxır.
Bəzi mütəxəssislər Avropa ölkələrində dil qaydalarını pozanlara cərimə tətbiq olunmasını nümunə kimi göstərsələr də, belə mexanizmin həyata keçirilməsi, fikrimizcə, məqsədəuyğun deyildir. Problemin maarifləndirmə yolu ilə həllinə nail olmaq mümkündür.
Media nümayəndələrinin reklam və afişalarla bağlı suallarını standart ifadələrlə belə cavablandırmaq olar: "Ötən illərdən fərqli olaraq, bu il TV və küçə reklamları ilə bağlı problemlər bir qədər aradan qaldırılıb. Buna Bakı şəhər İcra Hakimiyyəti və Reklamlar Departamenti ilə razılığa gəlinməsi barədə müqavilə bağlanması səbəb olub. Müqaviləyə əsasən, reklam lövhələri Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən yoxlanıldıqdan sonra çap olunmasına icazə veriləcək...”. Düşünürəm ki, bu tip açıqlamaların xəyali əhəmiyyəti olsa da, praktika ilə mütabiqliyi yoxdur. Bunun da səbəbini ya monitorinq mexanizminin düzgün qurulmamasında, ya da mexanizmin fəaliyyət sxeminin yanlışlığında axtarmaq lazımdır. Əksər hallarda reklam və afişalarda Azərbaycan dili və mədəniyyəti nəinki doğru təbliğ olunmur, hətta bəzi hallarda əcnəbi dil və mədəniyyətlərə güzəştə gedilir.
Son vaxtlar Bakının mərkəzi küçələrində restoran, kafe və digər iaşə müəssisələrinin üzərindəki elanları başa düşmək istəyən sıravi azərbaycanlı özü ilə tərcüməçi götürməlidir. Məsələn, "Nizami” küçəsindəki bir neçə iaşə obyektinin mahiyyətini anlamaq üçün ərəb dilini bilməlisən, yəni öz ölkəndə dil sarıdan əcnəbi olmalısan. Son zamanlar dil pozuntularını əks etdirən yanlış reklam və afişalar nəinki azalmış, hətta artmışdır.
Təhsil Nazirliyi, İcra hakimiyyəti orqanları və bələdiyyələr bu işin öhdəsindən asanlıqla gəlməyə qadirdir. Hər rayonun icra hakimiyyəti, bələdiyyəsi, təhsil şöbəsi olduğu halda, reklam və afişalarda Azərbaycan dili və mədəniyyətinin təbliğ olunması problemi olmamalıdır. İnzibati resurslardan məhrum istənilən elmi tədqiqat institutunun 3-5 nəfərlik monitorinq qrupundan bu istiqamətdə həlledici iş gözləmək o qədər də real deyil. Alim sırf elmi məhsulunu təqdim etməli, yəni Azərbaycan dilinin qayda-qanunlarını əks etdirən dəqiqliyi əks etdirən nümunəvi mötəbər əsərlər ortaya qoymalıdır və zənnimizcə, dilçi-alim və tədqiqatçının bundan böyük xidməti ola bilməz. İndi informasiya texnologiyaları o qədər inkişaf etmişdir ki, sadaladığımız dil pozuntuları problemlərini asanlıqla aradan qaldırmaq olar. Məgər reklam və afişalarda, yaxud TV kanallarında, saytlarda yol verilən dil pozuntularını görmək üçün mütləq alim olmaq lazımdır? Orta məktəb müəllimi bir tərəfə qalsın, hətta ortabab oxuyan şagird bu səhvləri asanlıqla görmək gücünə malikdir. Əgər ortada düzgün yazı qaydalarımızı əks etdirən orfoqrafiya lüğəti, izahlı dilçilik lüğəti, mükəmməl dərsliklər və s. varsa, üstəlik, hər rayonda icra hakimiyyəti, təhsil şöbələri, orta məktəblər və digər qurumlar fəaliyyət göstərirsə, ola bilməz ki, Azərbaycanın ali məktəblərini bitirib həmin qurumlarda çalışan şəxslər Azərbaycan dilini bilməsinlər, yaxud onların Azərbaycan dilinin orfoqrafiya lüğətindən, oxuyub öyrəndikləri normativ qrammatikadan xəbərləri olmasın. Eyni sözü televiziya və radiolara, KİV-lərə də şamil etmək olar. Hətta orta məktəblərdə praktiki Azərbaycan dilini tədris edən müəllimlərin bu işi elmi dərəcəli alimlərdən qat-qat yaxşı bilməsi heç kəsə sirr deyildir.
Qeyd etdiyim kimi, bu iş bəlkə də bəzilərimizin yanlış fəaliyyəti nəticəsində problemə çevrilir. Elmi-tədqiqat müəssisəsinin icra hakimiyyəti orqanları ilə müəyyən ödənişlər müqabilində xidməti müqavilələr bağlamasını heç cür anlaya bilmirəm. Məncə, belə situasiyalarda şəxsi maraqlar dövlət maraqlarını üstələyər, problemin dərinləşməsini arzu edən şəxslər və qurumlar formalaşa bilər. Beləliklə, hadisələrin mənfi istiqamətdə inkişafının qarşısını almaq və qüvvələri real problemin həllinə yönəltmək mümkündür və vacibdir. Sadəcə, hər kəs öz işini bilməlidir, vəssalam.
İdris Abbasov
Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor
Bu məqalə "İntellekt Araşdırmalar Mərkəzi” İB tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər