• cümə axşamı, 25 aprel, 13:21
  • Baku Bakı 23°C

Reklama ehtiyacı olan reklam bazarı...

19.11.14 12:41 4158
Reklama ehtiyacı olan reklam bazarı...
Xəbər verildiyi kimi, Milli Məclis yeni “Reklam fəaliyyəti haqqında” qanunu qəbul etməyə hazırlaşır. Bir neçə gün öncə MM-in İqtisadi siyasət komitəsində qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, komitədə “Reklam fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb: “Milli Məclis ilk dəfə 1997-ci ildə belə bir qanun layihəsini qəbul edib. Həmin dövrdə, ölkənin sosial-iqtisadi vəziyyəti bugünkü ürəkaçan səviyyədə deyildi. Ötən 15 ildən iqtisadi həyatın bütün sahələrində böyük inkişaf prosesi gedib”.
Komitə sədri qeyd edib ki, müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var. “Yəni dünya ölkələri ilə müqayisədə Azərbaycanın reklam bazarındakı göstəricilər iqtisadiyyatın ümumi parametrləri ilə uyğunlaşmır. Reklam sahəsinə ciddi yanaşmaya, bu layihəyə iqtisadçı, siyasətçi və vətəndaş gözü ilə yenidən baxmağa ehtiyac var. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün geniş potensialımız var”.
Yeni layihə 39 maddədən ibarətdir. Sənəddə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur. Qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib, sponsor reklamların yerləşdirilməsinə dair yeni qaydalar sənəddə əksini tapıb.
Əslində “Reklam fəaliyyəti haqqında” qanunun yenilənməsinə ehtiyac çoxdan yaranıb. Çünki yuxarıda fikir müəlliflərinin də dediyi kimi, iqtisadiyyatın ümumi mənzərəsi ilə mövcud qanunvericilik və vəziyyət arasında xeyli fərq var. Məsələ ondadır ki, indi reklam müasir həyatın ən önəmli faktorlarından birinə çevrilib. Maraqlı bir reklam hətta ən dəyərsiz məhsulun belə alıcılarını bir anda artıra bilər. Əgər reklam olunan mal daha çox alınırsa, bu, həm də reklamın uğuru deməkdir. Lakin təəssüf doğuran məqam budur ki, biz efirlərdə, küçələrdə, mediada daha çox yerli məhsulları yox, xarici brendlərin reklamını görür və onları alırıq. Bu isə təbii ki, ölkə iqtisadiyyatının inkişafına müəyyən dərəcədə təsir göstərir.
Düzdür, ölkəmizdə brendlər tam yaranmayıb ki, onlar da reklam olunsunlar, olanlar da daha çox bazarı inhisarda saxlayanlardır. Bu gün ölkəmiz kənd təsərrüfatı sahəsində müxtəlif məhsulları dünya bazarına ixrac edir, lakin onların heç birinin brend olaraq reklamı yoxdur. Çünki onların küçə reklamı, qablaşdırılması, kreativi, dizaynı ilə heç kim məşğul olmur, bunlar olmadan brend yaranmaz. Hansısa şirkət brend olmaq istəyirsə, bunun üçün güclü maliyyə dəstəyinə ehtiyac var ki, özünü reklam edə bilsin. Lakin maddi imkan olmadığına görə də onların qablaşdırılması bəsit, solğun olur. Nəticədə reklam da keyfiyyətsiz olur. Artıq Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirik, lakin düşünmək lazımdır ki, biz buna nə qədər hazırıq, hansı brendlərlə dünyaya çıxacağıq. Brendlər yaransa onlar reklam üçün maliyyə ayıracaqlar və bu da rəqabət mühiti yaradacaq.
Azərbaycanda reklam bazarı qonşu ölkələrlə müqayisədə zəif inkişaf edib. Azərbaycan bazarında həm reklamların qiymətləri Gürcüstan, Türkiyə, Rusiya və İrandan dəfələrlə aşağıdır, həm də sifarişçilərin sayı azdır. Bir çox ölkələrdə isə bazarı tənzimləmək üçün Reklam Şurası yaradılır. Ekspertlər hesab edirlər ki, reklamın inkişafı üçün bir nəfərin çalışması yetərli deyil, bu bir komanda işidir. Burada reklam verən, reklam agentliyi, reklam istehsalçısı pradakşnlar, reklam yayıcısı olan media birlikdə işləyir. Göründüyü kimi, reklam qrup işi olduğundan, iş bu formada qurulmasa, reklamın inkişafından danışmaq mənasız olar.
Qeyd edək ki, Azərbaycanda bir çox reklam agentlikləri olsa da, orada çalışanların əksəriyyətinin reklam işindən xəbəri yoxdur. Reklam şirkətlərinin birində çalışan və adının çəkilməsini istəməyən mütəxəssis deyir ki, indi reklama aidiyyəti olmayanlar reklam hazırlayırlar: “Şükür Allaha, sahibkarlıq fəaliyyətilə məşğul olmağa başlamaq su içmək qədər asanlaşdırılıb. Hərə bir şirkət yaradıb deyir reklam hazırlayıram. Toyuq məhsullarını reklam etmək üçün qatıqdan-süddən başlayırlar. Qeyri-peşəkarlıq baş alıb gedir bu sahədə. Reklamların dili, məzmunu, səviyyəsi bərbad haldadır. Bilirsiniz, reklamçıların yetişməsi üçün təhsil verən ocaq olmalıdır. Bunu təşkil etmək heç də çətin deyil. Məsələn, ayrı-ayrı universitetlər nəzdində də bu sahədə mütəxəssis hazırlamaq olar. Məsələn, Bakı Dövlət Universiteti jurnalist yetişdirərkən onlara reklam işi öyrədilmir, onlar bir sloqan belə yaza bilmirlər. Təhsil elə qurulmalıdır ki, jurnalistikanın 60-70 %-i reklam bazarına yönləndirilməlidir. Reklam sahəsində ölkədə coperayter yoxdur ki, onlar həm jurnalist kimi sloqan yaza, həm də reklamın dizaynını verə bilərlər, bunlar dünyada ən yüksək maaş alan peşə sahibləridir. Lakin bizdə bu mütəxəssislər yetişdirilmir. Bu gün bir çox ixtisasları bitirən tələbələrdən reklam işində istifadə etmək olar, lakin nə həmin tələbələrin bazardan, nə də bazarın tələbələrdən xəbəri var”.
Dünyanın bir çox ölkələrində reklam ən sürətlə inkişaf edən sahələrdəndir. Çox da uzağa getmədən qonşu Türkiyənin reklamlarını misal çəkə bilərik. Yəqin bir çoxlarınız türk seriallarına və Türkiyə kanallarında yayımlanan müxtəlif verilişlərə baxırsız. Arada bəzən hətta 20-25 dəqiqəlik reklam fasiləsi olur və bu zaman o qədər bir-birindən maraqlı reklamlar verilir ki, heç bu sürədə kanalı dəyişməyə ehtiyac qalmır: “Bir zamanlar Türkiyə sənətçisi Barış Mançonun 30 saniyəlik reklam çarxına 700 min dollar pul verilmişdi, bizdə isə bu 300-1000 manat arası dəyişir”.
Araşdırmalarımız zamanı olduqca maraqlı bir fakta rast gəldik. Heç demə, təxminən 14-15 il bundan əvvəl “Coca-Cola”nın reklamı üçün şirkət Türkiyə üzərindən Azərbaycana 500 min dollar ayırıb, lakin bizdə onun çəkilməsi üçün texniki imkanlar olmadığına görə, reklamın çəkilişi Türkiyəyə verilib, həmin pulu da onlar qazanıblar. Məsələnin pis tərəfi odur ki, bu gün də hələ texniki imkanlar istənilən səviyyədə deyil. Həmsöhbətimiz deyir ki, artıq dünya reklamı kino kimi çəkir. Ona baxanda da insan dincəlir”.
Azərbaycanda reklamların keyfiyyətsizliyinin bir səbəbi də, reklamı çəkənlərin və çəkilənlərin professional olmaması ilə bağlıdır desək yanılmarıq. Bir sözlər, bu gün Azərbaycanda reklam bazarının reklama ehtiyacı var.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər