• şənbə, 20 Aprel, 01:12
  • Baku Bakı 15°C

Reklam haqqında qanunda dəyişiklik edilməlidir?

24.02.17 12:00 1145
Reklam haqqında qanunda dəyişiklik edilməlidir?
Azərbaycanda sağlamlıq üçün təhlükə törədən məhsulların reklamının qadağan olunması, yeyinti məhsullarının reklamı ilə bağlı prosedurun dəyişdirilməsi təklif edilir. Belə ki, Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev Trend-ə bildirib ki, əgər hansısa məhsul insanın sağlamlığı üçün təhlükə yaradırsa, onun ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmalı, reklamı da qadağan edilməlidir. Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev isə Trend-ə deyib ki, təhlükəli məhsulların bazara yol açmaması üçün Azərbaycanda da yeyinti məhsullarının reklamı dünya ölkələrində olduğu kimi aparılmalıdır. İttifaq sədri təklif edib ki, yeyinti məhsullarının reklam olunması üçün Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar həmin məhsulun insan sağlamlığına təhlükəsiz olması barədə rəy verməlidirlər. Yalnız bundan sonra yeyinti məhsullarının reklamına icazə verilməli, onun reklam işi təşkil olunmalıdır.
"Məsələ detallı araşdırıldıqdan sonra qanuna salınmalıdır”
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi insan sağlamlığı üçün zərərli olan kolbasa, çipsi, şokolad, qazlı su kimi məhsulların reklamının məhdudlaşdırılmasını təklif edib. Rusiyada reklamı məhdudlaşdırılan məhsulların təbliği ilə bağlı bizdə heç bir problem yoxdur. Bəs bizdə belə bir dəyişiklik edilməlidirmi? Kolbasa, çipsi, şokolad, qazlı su kimi məhsulların reklamı məhdudlaşdırılmalıdırmı?
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli"Kaspi”yə açıqlamasında bildirdi ki, bu məsələlər reklam haqqında qanununa əsasən tənzimlənir. Əgər qadağan olunacaqsa, yaxud məhdudlaşdırılacaqsa, bu məsələ detallı araşdırıldıqdan sonra qanuna salınmalıdır: "Reklam haqqında qanunda konkret olaraq qeyd olunur ki, hansı ticarət markalarının reklamı aparıla bilər, hansını yox. Əgər biz hansısa qidaların insan sağlamlığı üçün zərərli olduğunu fikirləşiriksə, yaxud Səhiyyə Nazirliyinin normalarına, gigiyena və digər qaydalarla ziddiyyət təşkil edirsə, o zaman reklam haqqında qanunda dəyişiklik etməliyik. Həm spirtli içkilərin, həm insan sağlamlığına birbaşa təhlükə yaradan qida məhsullarının, həm də həkim resepti əsasında təyin edilən dərman preparatlarının reklam olunmasını qadağan etməliyik. Amma kor-koranə deyil, araşdırılıb, siyahı hazırlanmalıdır. Reklam Haqqında Qanunun tələb və normaları çərçivəsində iş görülərsə, bu addımların atılması müsbətdir”.
"Məhdudlaşdırılması, qadağan olunması doğru addım deyil”
"Modern Marketinq Group"un rəhbəri, marketoloqYusif Vəliyev reklamın qadağan olunmasını yox, prosedurun dəyişdirilməsini təklif edir: "Hansısa məhsul özlüyündə sağlamlıq üçün tam zərərli olmasa da, tərkibində uşaqlara, hansısa xəstəliyi olanlara zərər verəcək maddələr, yaxud hissələr ola bilər. Bu istənilən məhsulda ola bilər. Yəni, biri var zərərli məhsullar, biri də var hansısa məhsulun tərkibində zərərli ola biləcək xam mallardan istifadə. Bu da bütün insanlara deyil, yaşla, yaxud xəstəliklə bağlı təsirli ola bilər. Ona görə də, bu cür qida məhsullarının reklamı həssas yanaşma tələb edir. Əgər məhsulun tərkibindəki qatqıların uşaqlara, yaxud hansısa xəstəliyi olanlara zərəri varsa, bunu reklam edərkən, titrlərdə yazmaqla, əhaliyə çatdırmaq lazımdır. Yaxud, tələb olaraq məhsulun üzərində zərərli göstərişləri qeyd olunmalıdır. Reklamlara nəzarət olunması yaxşıdır, amma məhdudlaşdırılması, qadağan olunması doğru addım deyil”.
"Almadan başqa bütün qidalar insana zərərlidir”
Millət vəkili Musa Quliyev bildirdi ki, hansısa məhsul özlüyündə tam olaraq sağlamlıq üçün zərərli deyil. Ona görə də reklamın qadağa olunması və ya məhdudlaşdırılması aparılarkən bütün aspektlərdən yanaşıb, bu addımı atmaq olar: "Amerika mütəxəssislərindən birinin kitabını oxudum. Sonda belə qənaətə gəldim ki almadan başqa bütün qidalar insana zərərlidir. Ona görə də, insan üçün zərərli və xeyirli olan məhsulları konkretləşdirmək çətindir. Kolbasa, çipsi, qazlı, yaxud energetik içkilərin reklamının qadağan olunmasını təklif olaraq irəli sürürlər. Amma bir tərəfdən də alkoqollu içkilərin reklamını qadağan etmirlər. Burada həm bazar münasibətləri, həm o məhsulun ölkə əhalisi arasında nə qədər yayılması, bazarda dövriyyəsi, iqtisadi, sağlamlıq münasibətləri və s. hamısı ölçülüb-biçilməli, sonra bu qərarlar icra olunmalıdır. Mən qida təhlükəsizliyi cəhətdən bu məsələ ilə razılaşıram. Çünki qida təhlükəsizliyi vacib amildir. Ölkə başçısı qida təhlükəsizliyi ilə bağlı komissiya yaratdı, agentliyin yaradılması üçün də sərəncam verdi. Xüsusilə, məktəb yaşlı uşaqların "cola”, "pepsi”, "sprite” kimi içkilərin istifadə etmələrinə qarşıyam. Amma hər hansı məhsulun reklamının qadağan olunması, yaxud satış şərtlərinin çətinləşdirilməsinə gedəcəyiksə, bu tam ölçülüb-biçilməlidir. Qadağaları hansı şəkildə qoymalıyıq? Yaxud, reklamları necə məhdudlaşdırmalıdır? Bunlar araşdırılmalıdır”.
"Qadağa tətbiq edərkən digər sektorları da düşünmək lazımdır”.
Millət vəkili deyir ki, bu cür qadağalara gedərkən balanslı şəkildə digər sektorları da düşünmək lazımdır: "Səhiyyə Nazirliyi öz mövqeyindən çıxış edib və haqlıdırlar. Amma biz digər balansı da gözləməliyik. Ticarət, sahibkarlığın inkişafı və s. burada tam ölçülüb-biçilməlidir. Digər ölkələr nəyisə qadağan edirsə, biz də onların ardınca getməməliyik. Hər ölkənin öz milli qanunvericiliyi, tələbatları, milli mentaliteti, əxlaq normaları var. Buradan çıxış edərək qanunları qurmalıyıq. Amma Ümumdünya Ticarət Palatasının, Səhiyyə Nazirliyinin tələbləri, Ümumdünya Səhiyyə Təşkilatının tələblərini göz önünə gətirməliyik. "Fast food”un reklamını qadağan etməklə ticarət şəbəkələrinə, ölkə büdcəsinə nə qədər ziyan dəyəcəyini də nəzərə almaq lazımdır”.
"Çeşid çox olanda, rəqabət üçün reklam qaçılmaz olur”
Pərakəndə və xidmət sahələri üzrə biznes consultant, marketoloq Tural Abdullayev bildirdi ki, bu dəyişikliyi etmək üçün hələ gecikmişik: "Amerika, Avropada, bizə yaxın ölkələr olan Türkiyə, Rusiya bazarında 30-50 il əvvəl bu işlər görülür. Hətta bir çox dünya ölkələrində yeni qanuna görə tütün məhsullarının üzərində firmanın adı ümumi qutunun 1 faizini əhatə edəcək. Qutunun 99 faizi isə siqaretin sağlamlığa ziyan olması ilə bağlı təbliğedici yazılar və şəkillərdən ibarət olacaq. Xarici ölkələrdə heç yerdə siqaretin bizdəki kimi nə açıq şəkildə satışı var, nə də reklamı. Marketə daxil olanda siqareti görmürsən. Əgər soruşsan küncdə bir yerdə olduğunu deyirlər. Avropada bu kimi qanunlar sərtdir”. T.Abdullayev deyir ki, bizdə marketlərdə məhsul çeşidi həddindən artıq çoxdur. Buna görə də şirkətlər məcbur olurlar öz məhsullarını satmaq üçün reklama üz tutsunlar: "Azərbaycan dünyada yeganə ölkədir ki bu qədər energetik içki satılır. Həmçinin satışda olan məhsulların çeşid çoxluğuna görə Rusiya və Almaniyadan da qabaqdayıq. Çeşid çox olduqca, rəqabət aparmaq üçün bütün reklam imkanlarından yararlanmağa başlayırlar”.
T.Abdullayevin sözlərinə görə, bazarda kifayət qədər keyfiyyətsiz, insan sağlamlığına zərərli məhsullar var. O deyir ki, bu cür məhsulların ölkəmizə gətirilməsinin qarşısını almaq və eyni zamanda yerli istehsalın artırılmasına çalışmaq lazımdır: "Kolbasanın kilosunu 8 manata satırlar. Amma ətin kilosu 11 manatdır. Bu cür məhsulların açıq şəkildə reklamının qadağan olunmasını ona görə istəyirlər ki, dövlət bu məhsulların zərərli olduğunu anlayır. Manatın dəyərdən düşməsindən sonra ölkəyə həddindən artıq zərərli məhsullar daxil olub. Əvvəl aldığımız qidalarla indi aldığımızı müqayisə etsək, görərik ki, nə dad əvvəlkidir, nə də keyfiyyət. Xaricdən gələn məhsulların tərkibindəki zərərli qatqılarında miqdarını da azaldırlar. 1 manat 80 qəpiyə Rusiyadan bizə yağ gəlir. 1 kq yağ almaq üçün minimum 20 litr süd lazımdır. İstehsalçıda isə bir litr süd 50-60 qəpiyədir. 4 litr südün qiymətinə 1 kq yağ satır, emal prosesini kənara qoyuram. Əhalinin imkanı olmayanı da ucuz olandan alıb istifadə edir. Sabah da sağlamlığa öz zərərini vuracaq. Ana olmağa hazırlaşan xanımlar, uşaqlara bu cür məhsullar daha çox ziyan vurur”.
Aygün
banner

Oxşar Xəbərlər