Reklam aksiyaları yararsız olanda…
Müxtəlif hava
yollarının ucuz və pulsuz bilet kampaniyaları ilə tez-tez rastlaşırıq. Təkcə "low
cost” (aşağı büdcəli) deyil, il boyu qiyməti ceyran belindən düşməyən hava yolu
şirkətləri də aradabir endirimli və ya pulsuz bilet aksiyaları keçirirlər. Məsələn,
"Buta”nın "təyyarədən maraqlı şəkil paylaş, bizdən hədiyyə qazan” lotereyası,
AZAL Hava Yollarının cüzi şərtlərlə və şəxsin "facebook” səhifəsində
paylaşmaqla bilet lotereyalarına rast gəlinir. Və yaxud "filan vaxt saytımızı
izləyin, sual verəcəyik, kim birinci cavab versə, bilet qazanacaq” və s. kimi
aksiyalara rast gəlinir. Təəssüf ki, "... hava yollarından şok kampaniya!” deyə
təqdim edilən aksiyalar əksər vaxtlarda piar xarakteri daşıyır. Ən pisi odur
ki, sonra da "şirkətin rəsmi səhifəsi deyil, saxtadır” kimi təkzib eşidilir.
Təbii ki, qiymətlərin
bahalığından şikayətlənən sərnişinlərə bu cür kampaniyalar fürsət kimi görünür.
Odur ki, heç kim bu fürsəti qaçırmaq istəmir. Ancaq bu reklamların əksər vaxt
saxta olduğunu öyrənincə... xəyallar suya düşür. Sirr deyil ki, reklamlar ya
şirkət tərəfindən piar kimi uydurulur, ya da rəqib hava yolu şirkətləri tərəfindən "spam” kimi meydana çıxır. Ortada
isə ucuz bilet üçün il boyu fürsət gözləyən sərnişinlərin inamına zərbə dəyir.
Bu günlərdə
sosial şəbəkələrdə Türk Hava Yollarının da belə bir kampaniyası yayıldı. Guya
şirkət 100 illik yubileyini keçirmək üçün hər kəsə 2 biznes sinfi bilet hədiyyə
edir. "Biletlərinizi almaq ünün göstərilən linkə tıklayıb, "Türk Hava Yolları”
na heç mindinizmi?”, "Markamızı dostlarınıza önərirsizmi?” "Yaşınız nə qədərdir?”
kimi sorğulara cavab verəndən sonra kuponu "endirməzədn” öncə WhatsApp üzərindən
20 dostun və ya qruplar arasında paylaşmağın şərt kimi qoyulur. Bu tələbi də
yerinə yetirəndən sonra "Təbrik edirik!” mesajını alsanız belə, növbəti mərhələləri
keçmək mümkün olmur. Yəni hər kəsin kampaniyada iştirak etməsi, "aksiya”nı
dostları arasında paylaşana qədərdir.
İl boyu bütün
hava yollarının kəlləçarxa çıxan qiymətlərindən şikayətlənən bizlər bu reklamı
da fürsət bilib yararlanmaq istəyərkən, belə bir baryerlə qarşılaşdıq. Hər kəs
dostlarına paylaşdı, aksiyadan bitməmiş yararlanmağı tövsiyə etdi.
Ancaq... xəyallar qırıqlığa uğrayarkən
"nüfuzlu bir şirkət belə ucuz reklamdan niyə yaralanmaq istəsin?”, "bu
kampaniya ona nüfuzmu, yoxsa sərnişinmi qazandırır?” kimi çoxsaylı suallar
yaratdı. Düzdür, gec də olsa şirkətin ”Bu, saxtadır, THY bu şəkildə kampaniya
aparmaz. Zatən səhifəyə baxsanız, rəsmi səhifə deyil” tipli açıqlaması da oldu.
Amma təbii ki, ox yaydan çıxandan, yüzlərlə insan öz profilində və ya qruplarda
paylaşandan sonra... Maraqlıdır ki, turkish.com-holidays.com səhifəsində yer
alan elanın altında "Kuponunuzu aldıq” deyə çoxsaylı təşəkkür rəyləri də yer
alıb. Aksiyaya qoşulan insanları şirnikləşdirməkdə bu rəylərin də rolu təbii
ki, az deyil.
THY-a telefon
açıb kampaniya ilə bağlı soruşarkən "əgər şirkətin rəsmi səhifəsində belə bir
elan yoxdursa, demək, saxtadır. Hazırda bizim "bedava” deyə bir kampaniyamız
yoxdur. Bizim şirkətin adından paylaşılan saxta məlumatlardır” cavabı verilib.
Şirkət təmsilçisi xəbəri yanlış adlandırıb müştəriləri ehtiyatlı olmağa səslədi:
"Bu tip aksiyalar zamanı müştərilərin pullarını da mənimsəyə bilərlər”.
Turizm üzrə
ekspertlər də bu tipli reklamların müxtəlif məqsədlər daşıdığını istisna etmirlər.
Ceyhun Aşurovun fikrincə, bir çox hallarda belə kampaniyalar üçün hansısa şirkətin
adından istifadə olunur: "Bu tip kampaniyaları daha çox tanınmış şirkətlərin
adından edirlər ki, insanlar arasında daha çox yayğınlaşsın. Amma onların
arxasında başqa məqsədlər ola bilər. Məsələn, insanlar haqqında informasiyalar
yığmaq, həmin datalardan yanlış məqsədlər üçün istifadə etmək, gələcəkdə onları
müxtəlif reklam kampaniyalarına cəlb etmək və s. İnsanların şəxsi məlumatlarını
həmin sorğulara daxil etmək tövsiyə olunmur. Yəni xoş və ya xoş olmayan niyyətlər
ola bilər. Bu cür reklamlara qoşulmazdan əvvəl onların həqiqiliyini yoxlamaq
lazımdır. Ekspert bəzi şirkətlərin özlərinin də viral reklamlar yaydığını
istisna etmir: "O reklamlarda hansısa uduş və ya əyləncə qoyurlar ki, təsadüfi
çəkilişdən onlara uduş versinlər. Bunun da məqsədi qısa müddətdə populyarlaşmaq,
öz məhsullarını tanıtmaqdır. Yəni hansısa kampaniyanı keçirməklə həm öz müştərilərinin
diqqətinə çatdırır və yaxud hər hansı məhsulun satışını artırırlar”.
Amma maraqlıdır,
THY kimi dünyaca ünlü bir şirkət əgər bundan xəbərsizdirsə, belə saxta piara
qarşı niyə mübarizə aparmır? Təkcə "bu reklamla bizim əlaqəmiz yoxdur” ağızucu
açıqlaması aksiyanın aludəsi olan yüzlərlə insanı gələcək həqiqi aksiyalara
daha ehtiyatlı yanaşmağa vadar etmirmi? Şirkətin nüfuzu əleyhinə işləyəcək
saxta reklamlara qarşı beynəlxalq səviyyədə mübarizə üsulları yoxdurmu? İstənilən
hava yollarının əsas məqsədi müştəri məmnuniyyətidirsə, bu cür saxta
aksiyalarla həmin məmnuniyyəti qoruyub saxlamaq da asan deyil.
Digər tərəfdən,
haqlarındakı məlumatların kimlərinsə əllərinə düşməməsi üçün insanların
ehtiyatlı olmaları da şərtdir. Hərçənd müştəri üçün saxta reklamı gerçəkdən
ayırmaq da asan deyil. O zaman ayılır ki, sorğuların sonuna qədər gedə bilmir və
əlini yelləyərək "boş şeydir” deyir. Ən vacib olan isə ünlü şirkətlərin ucuz
reklam ardınca qaçmaması və öz nüfuzlarını qorumalarıdır. Onsuz da sərnişinlər
öz əyləncələri, məcburi səfərləri, işgüzar görüşləri, rəsmi yolçuluqları və s.
üzündən uçurlar. Xidmətin yüksək səviyyədə olması, biletin nisbətən ucuzluğu elə
onların məmnunluğudur. Əlbəttə, bu məmnuniyyəti daha da yaxşılaşdırmaq üçün
gerçək aksiyalar olarsa, lap yaxşı, olmazsa, saxtaya heç bir ehtiyac yoxdur...
Təranə Məhərrəmova