• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

“Reketlər”ə görə Mətbuat Şurasına hücum edənlərin məqsədi nədir?

31.10.18 20:52 1277
“Reketlər”ə görə Mətbuat Şurasına hücum edənlərin məqsədi nədir?
"Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılması, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməsi bir neçə gündür medianın əsas mövzusuna çevrilib. Təbii ki, İ.Rəhimov və onun kimilərin əməlləri bütün vaxtlarda peşəkar jurnalistlər tərəfindən hiddətlə, narazılıqla qarşılanıb. Son olayda da "reket jurnalistika”ya qarşı mübarizə məsələsi media cameəsinin mütləq əksəriyyəti tərəfindən təqdir olunub. Bununla yanaşı, sosial mediada bir qrup şəxs baş verənləri başqa səmtə yozmağa, siyasiləşdirməyə, birbaşa olmasa da dolayısı ilə İ.Rəhimov və onun kimilərini müdafiə edən statuslar yazmağa başlayıblar. Ortada əsaslı fakt olduğu halda belə şəxslərin davranışının səbəbi, loru dildə desək, "qarın ağrılarının” nədən ibarət olması barədə media ekspertlərinin fikrini öyrəndik.


"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, "reket jurnalistləri” müdafiə edənlər elə onların səviyyəsində, əqidəsində olan, fərqli qütblərə xidmət edən insanlardır. Onun sözlərinə görə, bu tip adamlar Azərbaycanda cinayətkarlığa, hətta terrora qarşı mübarizə aparılanda belə, haqlı tərəfin əksinə mövqe ortaya qoymağa çalışırlar: "Belə davranışla onlar müəyyən qüvvələrə xidmət etdiklərini açıq şəkildə ortaya qoyurlar. Digər bu kimi qruplar da var ki, onlar "reket mətbuatın” yanında olan, gözəgörünməz qüvvələri dəstəkləyən adamlardır. Himayə altında olan həmin qrup da məsələyə fərqli aspektdən yanaşır. Ən nəhayət, başqa bir qrup insanlar da var ki, onlar "reket jurnalistlərin” yaxın ətrafını təşkil edirlər. Bu şəxsləri də "reket” şəbəkə üzvü, eyni "fəaliyyətlə” məşğul olan qrupa aid etmək olar. Azərbaycan Mətbuat Şurası üzərinə hücumun təşkil edilməsi məqsədyönlü xarakter daşıyır. Çünki, Mətbuat Şurası ötən illər ərzində yalnız "reket jurnalistika” ilə mübarizə aparmayıb. Şura Azərbaycanın informasiya təhlükəsizliyinə yad elementləri gətirməyə çalışanlara, ölkəmizin informasiya məkanını milli maraqlarımıza zidd fəaliyyət göstərən qüvvələrin, xüsusən də işğalçı Ermənistanın və onun himayəçisinin arenasına çevirmək istəyənlərə qarşı dayanıb. Azərbaycanın milli-dövlətçilik maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifəni, işi, fəaliyyəti həyata keçirib. Bu kimi səbəblərdən də Mətbuat Şurası üzərinə edilən hücumların mahiyyətində qurumun "reket jurnalistika”ya, informasiya təhlükəsizliyimizi təhdid edən qüvvələrə qarşı çıxış etməsi dayanır. Onlar Mətbuat Şurasının üzvlərinin, İdarə Heyəti tərkibində yer alan şəxslərin "reket jurnalistika”ya qarşı ortaya qoyduqları birmənalı mövqeni sındırmağa, bu yolla onların iradəsinə təsir etməyə çalışırlar. Bu baxımdan, "reket jurnalistlər”in məsələsi sadəcə jurnalistika və jurnalistlik fəaliyyəti ilə əlaqəli deyil. Burada bir çox amillər, səbəblər var. Onların bir qismi açıq şəkildə görünməsə də cəmiyyət, Azərbaycan xalqı baş verənlərin fərqindədir. Ümumən Azərbaycan mediası, milli-dövlətçilik maraqlarımıza xidmət edən, informasiya təhlükəsizliyimizin təmin olunmasında maraqlı olan insanlar "reket jurnalistika”nın qarşısını almaq, "reket jurnalistləri” müdafiə edən qüvvələrin sonuna çıxmaq əzmindədirlər”.


Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli də bizimlə söhbətində bildirib ki, Mətbuat Şurası "reket jurnalistika” ilə məşğul olan, jurnalist adından sui-istifadə edən şəxslərə qarşı hər zaman mübarizə aparıb, adlarını "qara siyahıya” salıb, onlara ictimai qınaq formalaşdırıb. Ekspert bildirib ki, peşəkar jurnalistika ilə məşğul olan hər bir kəs medianın adından sui-istifadə edənləri tənqid edib, onları jurnalist saymayıb, "reket” hesab edib: "Belələrinin fəaliyyətinin mediaya, mətbuata, jurnalistikaya heç bir halda aidiyyəti yoxdur. "Reket jurnalistlərin” davranışı KİV-in fəaliyyətinə dair qanunlara, jurnalistlərin etik davranış kodeksinə heç bir halda uyğun gəlmir. Onlar bütün qanun-qaydalara etinasız yanaşır, yalnız öz maddi maraqlarını, şəxsi məqsədlərini güdürlər. Belələri jurnalist adından sui-istifadə edib insanlara şər-böhtan atır, şəxsi həyatlarına müdaxilə edir, barələrində qeyri-etik məlumatlar tirajlamaqla işgüzar nüfuzlarına xələl gətirir, bu cür davamlı təhdidlərlə onlardan nə isə almağa çalışırlar. Belə hərəkətlər cinayət məsuliyyəti yaradır. Heç bir fərd özünə qarşı belə davranışı qəbul edə bilməz. Ona görə də Mətbuat Şurasına "reket jurnalistlərlə” bağlı davamlı şikayətlər daxil olur, onların fəaliyyəti araşdırılır, müvafiq qərarlar qəbul edilir. Bu proses neçə illərdir davam edir. Ancaq təəssüflər olsun ki, İkram Rəhimov kimi jurnalist adından sui-istifadə edən şəxslər Mətbuat Şurasının qərarlarına, qanunlarımıza hörmətsiz yanaşırlar. Nəticədə də prosesə hüquq-mühafizə orqanları müdaxilə etməli olur, onlar qanun qarşısında cavab verirlər”.

Y.Məmmədli deyib ki, "reket jurnalistikaya” qarşı Mətbuat Şurası səviyyəsində tədbirlər görülsə də, onların sayı tükənmir. DJL sədrinin fikrincə, bəzi hallarda "reket jurnalistlər”in arxasında məmurlar dayanır və "jurnalistlər” də onlara arxalanaraq qanunsuz əməllərə yol verirlər: "Bəzi hallarda "reket jurnalistlər”ə məmurlar tərəfindən himayə olunurlar. Məhz buna görə "jurnalistlər” özlərini cəsarətli hesab edirlər. Hətta elə vəziyyət yaranırdı ki, Mətbuat Şurasının Şikayətlər Komissiyasının iclaslarında "reket jurnalistlər” özlərini tam sərbəst, qorxu-ürküsüz aparır, üzərlərində heç bir məsuliyyət hiss etmirdilər. Həmin iclaslarda fəaliyyətlərində yol verdikləri nöqsanlar izah ediləndə komissiya üzvlərinə sərt təpki göstərirdilər. Məsələ məhkəmə müstəvisinə qədər yüksələndə də bu tip adamlar proseslərdə özlərini çox arxayın aparırdılar. Amma son illər vəziyyət nisbətən dəyişib. İnsanlar başa düşür ki, "reket jurnalistika” yalnız medianın deyil, ümumilikdə cəmiyyətin problemidir. Bu cür "jurnalistlər”in "fəaliyyəti” Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Bu prizmadan məsələyə yanaşdıqda, ölkəmizin milli-dövlətçilik maraqları əsas götürülməlidir. Ona görə də heç bir halda "reket jurnalistika”ya haqq qazandırmaq, jurnalist adından sui-istifadə edənlərə dəstək nümayiş etdirmək normal deyil. Əgər bunu kimsə edirsə, deməli, onun korporativ maraqları var və bu maraqlara xidmət edir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər