• şənbə, 27 Aprel, 02:08
  • Baku Bakı 14°C

“Reketlər” mübarizənin daha sərt üzünü görəcəklər

27.04.17 12:00 1285
“Reketlər” mübarizənin daha sərt üzünü görəcəklər
Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb, tərkibi genişləndirilib. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.Onun sözlərinə görə, işə dövlət qurumları da cəlb olunub: "Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.

Ə. Amaşov bildirib ki, komissiyanın məqsədi "reketçilik”lə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır.
Bəs görəsən atılan bu addımın "reketçiliy”in qarşısının alınmasında faydası olacaqmı?

"İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadəbildirdi ki, bu məsələ ilə bağlı işlərin görülməsi Şurannın gündəmindədir: "Mətbuat Şurası yarandığı gündən bəri "reketçilik”lə mübarizə onun prioritet vəzifəsi olub. Jurnalistikaya xələl gətirən peşəkarlığa kölgə salan «jurnalistlərin» qarşısının alınması və onların kimliyi haqqında ictimaiyyətə məlumat verməklə bağlı şura xeyli işlər görüb. Belə bir komissiyanın yaradılması jurnalistlərin qurultayında gündəmə gəldi. Komissiya yarandıqdan sonra görülən işlər daha intensiv şəkildə həyata keçirilməyə başlandı. Komissiyanın say tərkibini və müxtəlif qurumların nümayəndələrinin daxil edilməsi məsələyə daha geniş şəkildə baxılmasına şərait yaradacaq. Daha çevik və qarşılıqlı yardım şəkildə bu məsələlərin həllinə öz töhfəsini verəcək. Fəaliyyət göstərdiyimiz dövr ərzində görülən işlər göz önündədir. Elektron media qurumlarının dünyanın istənilən nöqtəsindən informasiya almaq və ötürmək imkanları var. Lakin təəssüflər olsun ki, son dövrlərdə "reketçilik”lə bağlı daxil olan şikayətlərin böyük əksəriyyəti elektron media qurumlarından və saytlardandır. Ona görə də çap mətbuatı ilə yanaşı, saytlara qarşı belə neqativ halların araşdırılması və ədalətli münasibətin ortaya qoyulması şuranın gündəmində olan vacib məsələlərdən biridir. Bu, kifayət qədər vacib bir addımdır və biz, jurnalistlərlə yanaşı, ictimaiyyətin də böyük dəstəyini görürük. Jurnalistikada peşəkarlığın artırılması ilə yanaşı, vətəndaşların hüquqlarının qorunması da bizim üçün vacib məsələdir. Jurnalistlər peşə davranış qaydalarına riayət etməlidirlər. Düşünürəm ki, komissiyanın say tərkibinin artırılması çox böyük önəm kəsb edir və bizim işimizə fayda verəcək”.

"Teleqraf Holdinq”ın baş direktoru Aynur Camal "reket jurnalistika”ya qarşı komissiyanın səlahiyyətlərinin artırılmasını müsbət qiymətləndirdiyini söyləyir: "Azərbaycan mediasının utanc yeri, üz qarası olan bu qisim "jurnalistlərin" təmizlənməsi, onların çalışdığı "media" orqanlarına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi hamımızın dəstəklədiyimiz və arzusunda olduğumuz bir məsələdir. Mətbuat Şurası yaranan gündən "reket”lərlə mübarizə işini uğurla qura bilib. Biz bunu media sahəsinin nümayəndələri olaraq daha yaxşı hiss edirik. Çünki məhz Mətbuat Şurasının bu yöndəki fəaliyyəti nəticəsində mediada bir durulma və aydınlanma prosesi başlayıb. Artıq jurnalist peşəsinin köhnə nüfuzu özünə qaytarılıb. Yəni əsl media ilə "reket media” arasındakı fərq ortaya qoyulub. İnanıram ki, bundan sonra "reket media” Mətbuat Şurasının bu yöndə apardığı mübarizənin daha sərt üzünü görəcək və bu, onların sıradan çıxarılması prosesini daha da sürətləndirəcək”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da qərara müsbət yanaşır: "Mətbuat Şurası təkcə mətbuat nümayəndələrindən təşkil olunmur. İctimaiyyət nümayəndələrinin də burada təmsilçilik hüququ var. Çünki mətbuat-cəmiyyət, mətbuat-hakimiyyət münasibətlərində Mətbuat Şurası nəzarət rolunu oynayır. Bu baxımdan, cəmiyyətin müxtəlif təbəqələrinin Mətbuat Şurasına qatılması müsbət haldır. Digər tərəfdən "reketçilik” elə bir hal alıb ki, onun qarşısını təkcə tövsiyələrlə almaq mümkünsüz olub. Müəyyən tövsiyələr verilsə də, təəssüflər olsun ki, bəzən onlara etinasız yanaşılır. Ona görə də güc strukturlarının bu komissiyada təmsil olunmasına müsbət yanaşmaq lazımdır”.

Modern.az xəbər portalının baş redaktoru Elşad Eyvazlıdeyir ki, məsələnin bu şəkildə həlli "reketçiliy”in qarşısını müəyyən yox, xeyli dərəcədə ala biləcək: "Bu günə qədər Mətbuat Şurası müzakirələr aparıb, şikayətlərə baxıb. Təcrübə göstərir ki, tövsiyə xarakterli olduğu üçün media qurumları şuranın qərarlarına qulaq asmaq istəmirdilər. İndi isə şikayətlərin araşdırılmasına müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunur. Artıq həmin «jurnalistlər» başa düşəcək ki, kiminsə şərəf və ləyaqətinə toxunmaqla, sifarişlə kiminsə haqqında böhtan yazılar yazmaqla cinayət məsuliyyətinə cəlb olunacaq və öz cəzalarını alacaqlar. Düşünürəm ki, bu, ən yaxşı üsuldur. Bu addımı jurnalistikaya, azad fikrə, sözə qarşı təzyiq kimi qiymətləndirmək düzgün deyil”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov düşünür ki, son dövrlərdə "reket jurnalistika” ilə mübarizədə canlanma hiss olunur: "Bu, həm DTX-nın son əməliyyatlarından, həm də Mətbuat Şurasının bu sahədə daha operativ fəaliyyətində açıq-aşkar hiss edilir. Mətbuat Şurası yarandığı gündən bu günədək "reket jurnalistika”sına qarşı mübarizədə qətiyyətli olub, adıçəkilən komissiya mütəmadi işlər görür. Ancaq Mətbuat Şurasının da gücü bir yerə qədərdir. Bundan sonra yəqin ki, şikayət və ərizələr, eyni zamanda aidiyyəti dövlət qurumlarına ötürüləcək və məsələnin hüquqi tərəfi araşdırılacaq. İnanıram ki, bu yolla "reket jurnalistika”sına qarşı mübarizədə müəyyən irəliləyiş əldə olunacaq. Ancaq "reket jurnalistika”sının qarşısının tam alınması zaman tələb edir.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər