• cümə, 26 Aprel, 13:38
  • Baku Bakı 23°C

“Reket”lər internetə köçür

07.11.13 08:41 1676
“Reket”lər internetə köçür
Bir neçə gün öncə Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. İclası şura sədri Əflatun Amaşov açaraq müzakirəsi təklif olunan məsələlər barədə məlumat verib. Daha sonra bir çoxlarını narahat edən, insanlıqdan və etik davranışdan uzaq olan “reket” jurnalistikası məsələsinə toxunulub. Əsas müzakirə obyekti isə haqqında dəfələrlə şikayət daxil olmuş «Dunya» İnformasiya Agentliyi (dia.az) olub.
Belə ki, bu saytla bağlı Masallı rayonundan olan bir qrup ziyalının müraciəti əsasında qəbul olunan rəydə adı çəkilən saytın həmin bölgədən təqdim etdiyi yazıların əksəriyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir çox prinsip və bəndlərinin pozulduğu göstərilib. Bu qərarı isə MŞ-nın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının üzvləri qəbul ediblər.
Ümumiyyətlə, son vaxtlar internet mediasında reketçilik halları sürətlə artmaqdadır. Bu problem getdikcə aktullaşır.
Jurnalistika adına yaraşmayan bu problemlə bağlı Mətbuat Şurasının internet resursları üzrə komissiyasının üzvü Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətlə əlaqə saxladıq. O söylədi ki, bu, çox böyük təəssüf hissi doğuran məqamdır. Və nə yazıq ki, istəməsək də arabir belə hallarla qarşılaşırıq: “Adı çəkilən internet resursu ilə bağlı şikayətlərin daxil olması birinci dəfə deyil. Həmin qurumun etik normaları kobud şəkildə pozması haqda Mətbuat Şurasına bir neçə dəfə müraciət olunub. Buna görə də dia.az rəhbərliyinə şifahi şəkildə müəyyən xəbərdarlıqlar edilib. Məsələ ilə bağlı MŞ-nın mövqeyi onlara çatdırılsa da, görünən odur ki, sayt əməkdaşları buna məhəl qoymayıblar və neqativ halları aradan qaldırmayıblar. Ona görə də komissiyada bu məsələyə yenidən baxılmasına qərar verildi. Tövsiyə edildi ki, Mətbuat Şurası son dəfə rəsmi şəkildə agentliyə öz xəbərdarlığını etsin. Bu xəbərdarlıqdan da nəticə çıxarılmayacağı təqdirdə və yeni şikayətlər daxil olacağı halda təbii ki, həmin saytla bağlı müvafiq qərar qəbul olunacaq”.
Komissiya üzvü “reketlər”in internet jurnalistikasına da üz tutmalarını kəskin şəkildə pislədi: “Bu sahə Azərbaycanda sürətlə inkişaf etməyə başladığı zamanlardan “reketlər” də hədəf kimi medianı seçdilər. Təəssüf ki, getdikcə onların sayı artdı və jurnalistikadan məkrli niyyətləri üçün istifadə etməyə başladılar. Bir neçə sayt var ki, onlar konkret olaraq bu cür əməllərlə məşğuldurlar. Həmin saytların yaydıqları xəbərlərə, informasiyalara baxdıqda dərhal hiss olunur ki, onlar bu yazını “reketçilik” məqsədilə hazırlayıblar. Əsas istəkləri kimlərisə şantaj etmək olan bu insanlar haqqında yalnız təəssüflənmək olar”.
A.Həsrət bildirdi ki, Mətbuat Şurası heç bir halda kiminsə haqqında özbaşına qərar qəbul edə bilməz: “Belə narazılıq və narahatlıq yaradan məqamlarla bağlı əvvəlcə gərək rəsmi müraciətlər edilsin. Daha sonra isə bu məsələyə «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyada baxılsın. Bundan sonra Mətbuat Şurasının ümumi toplantısında şikayətlərə və rəylərə baxılaraq qərar verilir. Biz belə halların qarşısının alınması üçün vətəndaşlarla, məmurlarla və ya vəzifəli şəxslərlə əl-ələ verib işləməyə hər zaman hazırıq”.
Müsahibimiz bu sahə ilə bağlı yeni qaydaların işlənib hazırlanmasına ehtiyac olduğunu vurğuladı: “Bəzən elə hallar olur ki, onlar artıq kütləvi və geniş yayılmış olur. Bu zaman isə onun qarşısını almaq daha da çətinləşir. Bu baxımdan Mətbuat Şurasında “reket”, yaxud da başqa şantaj yolu tutmuş informasiya resursları ilə bağlı müəyyən qaydaların hazırlanması haqqında düşünürük. Çox güman ki, bu məsələnin müzakirəsinə yaxın zamanlarda başlayacağıq. Mətbuat Şurasının ortaya qoyacağı qaydalar onlayn informasiya resurslarına tətbiq ediləcək. Bundan sonra həmin tələblər pozulduğu halda müəyyən addımlar ata biləcəyik. Hazırda isə bizim elə imkanlarımız yoxdur. Bu səbəbdən kimlərinsə qarşısına çıxıb cəza tətbiq edə bilmirik. Xatırladım ki, Mətbuat Şurası bir qeyri-hökumət təşkilatıdır. Onun isə qınamaqdan uzağa gedən addımı ola bilməz”.
A.Həsrətdən “təmsil olunduğunuz quruma daha çox hansı saytlarla bağlı şikayətlər daxil olur” deyə soruşduqda o, bu sualımıza cavab vermək istəmədi: “Mən heç bir saytın adını çəkmək istəməzdim. Bildiyiniz kimi Mətbuat Şurasında müraciətlər araşdırılarkən konfedensiallıq qorunur. Çünki konkret səbəb göstərilsə belə, bu, mütləq şəkildə həmin orqanın o şikayətə layiq olduğunu sübut etmir. Adını çəkməsəm də deyim ki, Mətbuat Şurasında daha bir neçə informasiya resursu barədə şikayət məktubu daxil olub. Sadəcə, şikayət varsa, dərhal araşdırılma aparılmalıdır. Nəticələr əldə edildikdən sonra rəsmi şəkildə həmin resursun adını elan etmək olar. Nümunə kimi elə, sözügedən dia.az informasiya agentliyini göstərə bilərəm. Yalnız araşdırmaların nəticəsi elan olunduqdan sonra daxil olan şikayətlərin əsaslılığı öz təsdiqini tapdı. Ona görə də bu gün həmin orqanın adını rahatlıqla çəkirik”.
Dia.az saytını nəinki sıx-sıx, ümumiyyətlə, izləmədiyini deyən müsahibimiz ancaq yaydığı informasiyaların ciddiliyi ilə seçilən, sensasiyadan uzaq xəbərlər paylaşan saytlardan bəhrələndiyini bildirdi.
Biz də öz növbəmizdə oxucularımıza jurnalistikanın qızıl qaydalarına əməl edən informasiya məkanlarına baş vurmağı məsləhət görürük. Çünki yalnız bu zaman hər şey aydınlaşır, kimin kim olduğu bəlli olur.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər