• cümə, 29 Mart, 10:09
  • Baku Bakı 5°C

“Reket jurnalistlər” özbaşına fəaliyyət göstərmirlər”

30.10.18 18:44 4575
“Reket jurnalistlər” özbaşına fəaliyyət göstərmirlər”
"Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılması, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməsi iki gündür medianın əsas mövzularından birinə çevrilib. İ.Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaratması, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırmaları müqabilində pul tələb etmələri media cameəsində geniş müzakirə olunur. DTX-nın yaydığı məlumata istinad edilərək vurğulanır ki, həmin şəxslər bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplayıblar. Məhkəmə qərarı əsasında DTX tərəfindən aparılmış əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. Təbii ki, İ.Rəhimov və onun kimilərin əməlləri bütün vaxtlarda peşəkar jurnalistlər tərəfindən hiddətlə, narazılıqla qarşılanıb. Son olay isə "reket jurnalistika”ya qarşı mübarizə məsələsini yenidən aktuallaşdırıb. "Reket jurnalistika”, onunla effektiv mübarizə tədbirləri, medianı bu bəladan qurtarma yolları və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərlicavablandırır.
- Müşfiq müəllim, jurnalist adından sui-istifadə etdiyi üçün DTX tərəfindən saxlanılan İ.Rəhimov barəsində media ekspertləri tənqidi fikirlər səsləndirməkdədirlər. Media cameəsinin "reket jurnalistika”ya qarşı belə sərt mövqe nümayiş etdirməsi problemin birdəfəlik həllinə təsir edirmi?
- "Reket jurnalistika”ya qarşı mübarizə məsələsi hər zaman aktual olub, bu gün də aktuallığını qoruyub saxlayıb. Sonuncu hadisə zamanı müşahidə olunan budur ki, 90 faiz media ictimaiyyəti "reket jurnalistika”ya qarşı mübarizə kampaniyasında bizə dəstək verdi. Bu, uğurlu haldır. Yəni, hər hansı neqativ əmələ qarşı vahid mövqedən çıxış etmək o neqativliyin kökünü kəsmək baxımından yaxşı əlamətdir. Dünəndən etibarən bütün media qurumlarının rəhbərləri həm sosial şəbəkələrdə, həm də rəhbərlik etdikləri media qurumlarında bu məsələyə açıq dəstək verirlər. Digər diqqət çəkən xırda nüans da var. Bu da ondan ibarətdir ki, yerdə qalan 10 faizin hamısı baş verənləri susqunluqla, neytrallıqla müşahidə etmir. Onlar içərisində bəziləri baş verənlərə qarşı çıxmasa da, reketçiliklə məşğul olanların əleyhinə fikir bildirməməklə sanki gələcəkdə onların xeyrinə işləyə biləcək fikirlər dilə gətirir, statuslar yazırlar. Cəmiyyət bilməlidir ki, "reket jurnalistika” məsələsi yeni situasiya deyil. "Reket jurnalistika” yalnız 5-10 manat maddi gəlir güdən təbəqədən ibarət deyil. "Reket jurnalistika”nın üzərinə bu qədər sərt şəkildə gedilməsinin kökündə bu dayanır ki, belə "fəaliyyəti” özlərinə peşə seçənlər sadəcə kimi və ya kimlərisə şantaj edib, hədə-qorxu gəlib, hədələyib 5-10 manat qazananlar deyil. İndi "reketçiliyin” yeni formaları üzə çıxıb. Bir qədər əvvəl qeyd etdiyim 10 faiz içərisindəki bəzi şəxslər vaxtilə "reket jurnalistlərin” meydana çıxmasına dəstək verən, onun mexanizmini yaradan insanlardır. Məhz onlar bayaq vurğuladığım kimi, sosial şəbəkədə "reket jurnalistika”ya qarşı mübarizə tədbirlərini birmənalı dəstəkləmirlər. 5-10 manat, yaxud 5-10 min manat pul alan xırda "reketlər” bəzən şəbəkələşib daha böyük təhlükəyə çevrilirlər. Bunlar müəyyən vaxtlarda dövlət qurumlarının, məmurların, hökumətin, hakimiyyətin, ümumilikdə dövlətin üzərinə elə formada gedirlər ki, artıq milli təhlükəsizlik probleminə çevrilirlər. Onlar dövlət və hakimiyyətə qarşı etimadsızlıq mühiti yaradırlar. Bəzən isə Azərbaycan üçün ekstremal olan hallarda, misal üçün Ermənistanla problemlər aktiv fazaya keçəndə, Azərbaycan əleyhinə xaricdən çirkin kampaniyalar aparılanda bizim xırda pulgir saydığımız "reket jurnalistlər” həmin kampaniyalara qoşulur, yaxud onun bir elementinə çevrilirlər. Məsələ burasındadır ki, bu "reket jurnalistlər” özbaşına fəaliyyət göstərmirlər. Onların böyük bir şəbəkəsi var. Bu şəbəkələr də sadəcə ölkə daxilinə bağlı olmur, hətta qolları xaricdəki böyük güc mərkəzlərinə qədər uzanır, qlobal şəbəkəyə çevrilir. Həmin qlobal güc mərkəzləri də bəzi hallarda belə "reket jurnalistlərə” dəstək verirlər. Problemin mahiyyəti bundan ibarətdir. Arada-sırada gözə girən 5-10 faiz qeyd etdiyim mexanizmə xidmət edənlərdir. Bütün bunlar nəzərə alınaraq ümumilikdə media cameəmiz bu kimi halların üzərinə ciddi şəkildə getməlidir ki, problemi birdəfəlik, kökündən həll etmək mümkün olsun.
- Ekspertlər "reket jurnalistika”ya qarşı mübarizəni sərtləşdirmək barədə müxtəlif ideyalar irəli sürməkdədirlər. Həmin təkliflər arasında daha çox diqqətinizi çəkən, reallaşması zəruri olan varmı?
- Belə çıxışlarda daha çox 3 nüans diqqətimi çəkdi. Həmin təkliflərdən birincisi budur ki, medianı tənzimləyən qanunvericiliyimizdə müəyyən dəyişikliklər edilsin, uyğunlaşdırma aparılsın. Bununla mən də razıyam. İkinci təklif budur ki, belə məsələlərdə hüquq-mühafizə orqanlarının rolu bir qədər operativləşdirilsin. Bu təklif də qəbulediləndir. Misal üçün, hələlik sonuncu hadisə olan İkram Rəhimovun DTX tərəfindən saxlanılmasına qədər Mətbuat Şurası onun neqativ əməlləri barədə uzun müddət həyəcan təbili çalıb. 2017-ci ildə Mətbuat Şurası ona qarşı ən sərt qərar qəbul edib, rəhbərlik etdiyi saytı "qara siyahıya” salıb. Lakin onun təhlükəsizləşdirilməsi Mətbuat Şurasının səlahiyyətində deyil. Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Baş verənlər onu deməyə əsas verir ki, hüquq-mühafizə orqanları bu barədə yalnız bir il sonra tədbir görüblər. İndi təsəvvür edin ki, İkram Rəhimov və onunla əlbir olanlar ötən bir il ərzində cəmiyyətə nə qədər ziyan vurublar. Digər bir misal gətirim. Xatırlayırsınızsa, "Gündəlik Bakı” adlı bir qəzet – şəbəkə var idi. Onun baş redaktoru da Habil Əliyev idi. Bu şəxsin rəhbərlik etdiyi qəzeti də Mətbuat Şurası 2010-cu ildə "qara siyahıya” salmışdı. Ancaq hüquq-mühafizə orqanları onun barəsində tədbiri 4-5 il sonra gördülər. Aradakı bu 4-5 il ərzində onlar neqativ əməllər törətməkdə davam etdilər. Bu baxımdan, hüquq-mühafizə orqanları "reket jurnalistika” ilə mübarizə sahəsində qanuni tədbirlər görməyi bir qədər də operativ həyata keçirməlidirlər. Ən nəhayət, üçüncü məqam budur ki, "reket jurnalistika” ilə mübarizə aparmaq yalnız Mətbuat Şurasının, hüquq-mühafizə orqanlarının işi deyil. Burada cəmiyyətin dəstəyinə də ciddi ehtiyac var. Cəmiyyət "reketçiliklə” məşğul olan "jurnalistlər”in qanunsuz əməllərinə lazımi reaksiya verməsə, onlardan şikayətçi olmasa, belələrinə qarşı mübarizə aparmaq olmaz. Ümumiyyətlə, belə məsələlərdə media ictimaiyyəti, medianın özünütənzimləmə qurumları, dövlət, hüquq-mühafizə orqanları və cəmiyyət birgə addım atmalıdır.
- Sizin də xatırlatdığınız kimi, MŞ "reket jurnalistika” ilə mübarizə tədbirləri çərçivəsində "reketçiliklə” məşğul olan "media qurumları”nın adını "qara siyahıya” salır, bu yolla onlara qarşı ictimai qınaq formalaşdırır. Lakin bu, yetərli olmur. Sizcə, Şuranın bu sahədə daha təsirli tədbirlər görməsi üçün hansı addımlar atılmalıdır?
- Əslində dünyada da medianı tənzimləyən qurumların fəaliyyəti Azərbaycanda olduğu kimidir. Mətbuat Şurası Azərbaycan KİV-lərində yayılan materialların etik kodeksə nə dərəcədə uyğun olub-olmadığını araşdırır və rəy verir. Ancaq təkliflər var ki, Mətbuat Şurasının verdiyi rəylərin daha təsirli olması üçün əlavə addımlar da atılmalıdır. Əlavə addımlar deyərkən ilk növbədə Mətbuat Şurası haqqında xüsusi qanunun qəbul olunması nəzərdə tutulur. Bu qanunda medianın özünütənzimləmə qurumunun hüquqları və vəzifələri, statusu müəyyən edilməlidir. Bu qurumun verdiyi rəyin hüquqi əsası, işləmə mexanizmi olmalıdır ki, "reket jurnalistika”ya qarşı mübarizə effektli olsun. KİV haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi də səsləndirilən təkliflər sırasındadır. KİV sahibkarlığı, KİV rəhbərliyi, KİV təsisçiliyi haqqında maddələrin yenidən işlənməsinin vacibliyi vurğulanır. KİV təsis edən şəxslərin müəyyən kriteriyaları olmalıdır. KİV təsis edilməsi üçün media özünütənzimləmə qurumunun rəyi alınmalıdır. Mən də istərdim ki, bu cür qanunlar qəbul olunsun. Hazırda onlayn medianın inkişafı işi elə bir səviyyəyə gəlib çatıb ki, burada qanunsuzluğa qarşı effektiv mübarizə aparmaq üçün yeni addımlar atılmalıdır. Bu addımların atılması ölkə qanunvericiliyindən, hökumət, dövlət strukturlarının, media ictimaiyyətinin bu məsələyə münasibətindən asılıdır. Yəqin ki, bu məsələ ictimai müzakirəyə çıxarılacaq, müəyyən nəticələr əldə ediləcək. Bundan başqa, domen adları, onların qeydiyyatı haqqında qanunun qəbul edilməsinə də böyük ehtiyac var. Bu, həm domen sahibinin hüquqlarının qorunması, həm də onların məsuliyyətinin müəyyənləşdirilməsi üçün lazımdır. İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqqında qanuna əlavə və dəyişikliklər edilməlidir. Bu qanuna görə, hər hansı elektron KİV-in fəaliyyətində problem yaranırsa, Məhkəmə qərarı əsasında o bloklanır. Amma məsələ burasındadır ki, İkram Rəhimovun saytı məhkəmə qərarı ilə bloklanandan sonra o, həmin saytın əvəzinə başqa bir onlayn resurs yaratdı. Beləliklə də İkram Rəhimov domen adlarını dəyişdirməklə bloklanan saytın adına oxşar ard-arda 8 sayt yaratdı, jurnalistikadan sui-istifadə hallarını davam etdirdi. Fikrimcə, qanuna əlavədə xüsusilə qeyd edilməlidir ki, neqativ əmələ yol verən saytın fəaliyyəti bloklanarsa, həmin domen adını almış şəxsin, yaxud təsisçinin müəyyən müddətə KİV qurumu yaratması məhdudlaşdırılsın. Beləliklə, domen və ya sayt sahibi baş verənlərdən nəticə çıxarmalı, üzərində məsuliyyət hiss etməlidir.
- "Reketçiliklə” məşğul olanların həyat tərzini, az-çox maddi imkanlara sahib olmasını, indiyə qədər toxunulmaz şəxs kimi qalmasını nəzərə alaraq, bəzən cəmiyyətdə belə bir rəy formalaşır ki, bu "jurnalistlər” kimlərəsə bağlıdırlar. Bu barədə nə deyə bilərsiniz?
- Çox təəssüf ki, belə hallar da var. Od olmayan yerdən tüstü çıxmaz el məsəlini nəzərə alsaq, cəmiyyətdə bu şübhələr boşuna yaranmayıb. Əvvəlki sualınıza cavabımda Habil Vəliyevin adını çəkdim. 2015-ci ildə müəyyən olundu ki, bu adamın arxasında konkret güc dayanıbmış. Həmin güc o vaxtlar Milli Təhlükəsizlik Nazirliyində müəyyən vəzifə tutan şəxslər idi. Onlar Habil Vəliyevin rəhbərlik etdiyi qəzet vasitəsilə bəlli şəxslərə hədə-qorxu gəlir, onları şantaj edir, öz çirkin məqsədlərinə çatırdılar. Bu baxımdan, "reket jurnalistlər”in arxasında bəzi hallarda konkret maraqlı şəxslər, müəyyən iqtisadi qruplar, xarici dairələr dayanır. Düzdür, belələri arasında təsadüfi olanlar da var. Bu cür şəxslərə tövsiyə verəndə, irad bildirəndə səhvdən nəticə çıxarmağı bacarır, üzərində məsuliyyət hiss edir, geri çəkilirlər. Kimlər ki, inadkarlıq edir, Mətbuat Şurasının tövsiyə və iradlarını heçə sayır, insanlara şər-böhtan atmağı davam etdirir, cəzasız mühitdə olduqlarını hiss etdirirsə, deməli, onların arxasında kimsə dayanır. Bu, konkretdir. Hüquq-mühafizə orqanlarının da əsas işi "jurnalistlər”in arxasında dayanan kimi və ya kimsələri isə müəyyən etmək, onlara qarşı sərt tədbirlər görməkdir. Fikrimcə, İkram Rəhimov məsələsi bu mənada yaxşı nümunədir. Şübhə etmirəm ki, hüquq-mühafizə orqanları bundan sonra da bu kimi hallara sərt reaksiya verəcək, həssas yanaşacaq, lazımi tədbir görəcəklər. Bu işlə məşğul olan insanlar bilməlidirlər ki, əməllərinin sonu yoxdur. Habil Vəliyev, İkram Rəhimov və digərlərinin aqibəti buna əyani sübutdur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər