• cümə, 29 Mart, 09:07
  • Baku Bakı 5°C

“Reket jurnalistika”ya qarşı mübarizə tədbirləri effektiv olmalıdır

17.11.17 13:00 2538
“Reket jurnalistika”ya qarşı mübarizə tədbirləri effektiv olmalıdır
Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası 10 ilə yaxındır fəaliyyət göstərir. Qurumun tərkibində MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı, kütləvi informasiya vasitələrinin və dövlət qurumlarının, o cümlədən Baş Prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də var.

Mətbuat Şurasının İdarə Heyəti qurumun Nizamnamə tələblərini rəhbər tutaraq, mətbuatda hədə-qorxu və şantajla müşaiyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən, belə hallarla mübarizədə "reket” adından istifadəni zəruri sayır. Bu zaman peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayət(lər)ə səbəb kütləvi informasiya vasitəsinin (qəzet, jurnal, informasiya agentliyinin, internet informasiya resursunun) müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür. "Reket nəşr”, "reket qəzet” və sair bu kimi adlar Şuranın peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyə və iradlara məhəl qoymayan və etik dəyərlərə zidd hallara yol verən KİV-lərə qarşı tətbiq edilən ictimai məzəmmət və ictimai qınaqdır. Lakin əfsuslar olsun ki, bəzi hallarda ictimai qınaq fayda vermir. Hətta elə hallar olur ki, Şuranın "qara siyahı”sına daxil edilmiş informasiya vasitəsi xoşagəlməz fəaliyyətini davam etdirir. Eyni zamanda, adları "reket” elan olunan nəşrlər "qara məni basınca, mən qaranı basım” prinsipini əsas götürərək, yol verdikləri nöqsanlardan nəticə çıxarmaq əvəzinə, Mətbuat Şurasına qarşı "qara piar” kampaniyasına start verirlər. Belə olan halda, bu cür "media qurumları”na qarşı daha hansı formada mübarizə aparmalı, mediamızdakı bu "qara yara”dan necə xilas olmalı - kimi suallar hər kəsi düşündürür.

"Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, Mətbuat Şurası fəaliyyət göstərdiyi dövrdən cəmiyyətin ictimai dəstəyinə arxalanaraq qərarlar qəbul edir. Onun sözlərinə görə, bu qərarlar vasitəsilə hansı media qurumunun hansı fəaliyyətlə məşğul olduğu cəmiyyətə çatdırılır: "Əvvəllər çap mediasında bəzi qüsurlar, hətta jurnalistlərin qurultayında qəbul olunmuş Peşə Davranış Kodeksinə zidd hərəkətlər var idi. Lakin indi bu hallara peşəkar medianın fəaliyyətində demək olar ki, rast gəlinmir. Hazırda belə fəaliyyət transfer olunub digər media qurumlarına. Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasında 10-a yaxın saytın jurnalistika prinsiplərinə, peşə davranış kodeksinə zidd fəaliyyətlə məşğul olduğu elan olunub. Bu saytlara yol verdikləri nöqsanlarla, qeyri-peşəkar fəaliyyətlə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, həmin saytlar Azərbaycan vətəndaşlarına, o cümlədən məmurlara, ictimai-siyasi, mədəni sferada tanınan şəxslərə qara yaxmağa, onlar barəsində heç bir sübuta əsaslanmadan yazılar yazmağa, müxtəlif şər və böhtanlar atmağa davam ediblər. Bununla onlar hansısa formada öz məqsədlərini güdüblər. Təbii ki, bu, yolverilməzdir. Belə saytlar, "reket nəşrlər” Azərbaycan cəmiyyəti, mediası üçün çox ciddi problemdir. Son vaxtlar isə onlar daha da fəallaşıblar. Maraqlı və acınacaqlı hal burasıdır ki, belə fəaliyyəti özlərinə həyat tərzi seçmiş bu şəxslər jurnalistikadan bixəbər olan insanlardır. Bunların jurnalistikaya heç bir dəxli yoxdur”.

V.Rəhimzadə deyib ki, Mətbuat Şurasının belə media qurumları haqqında yalnız ictimai qınağa əsaslanan qərarlar verməsi bir çox hallarda kifayət etmir: "Hüquqi çərçivədə qeyd olunan media qurumları barəsində ölçü götürülməlidir. Həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də hüquq-mühafizə orqanları qanunazidd fəaliyyət göstərən, ictimai və dövlət maraqlarına əhəmiyyət verməyən, qeyri-peşəkar media qurumlarına qarşı tədbirlər görməli, hətta belə saytların qapadılması gündəmə gəlməlidir. Bununla yanaşı, həmin media qurumlarında fəaliyyət göstərən, jurnalist adından sui-istifadə edən şəxslər də qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar”

"Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova isə hesab edir ki, Mətbuat Şurasının jurnalistika prinsiplərini pozan, qeyri-peşəkar fəaliyyətlə məşğul olan hər hansı media qurumuna qarşı ən sərt şəkildə cəza tədbiri görmək səlahiyyəti yoxdur. Onun fikrincə, Mətbuat Şurası, o cümlədən müvafiq komissiya media ilə bağlı hər hansı xoşagəlməz məqamı araşdıra, müzakirə edə, haqsızlığa, yaxud qeyri-peşəkarlığa yol vermiş media qurumuna müvafiq qaydada xəbərdarlıq edə, yaxud ondan peşə prinsiplərini yerinə yetirməyi tələb edə bilər: "Əgər bu işlər fayda verməzsə, sözügedən media qurumu qeyri-peşəkar fəaliyyətini davam etdirərsə, bu zaman onun adı "reket nəşr” siyahısına salınır. Yəni, Mətbuat Şurasının elə bir səlahiyyəti yoxdur ki, həmin media qurumunu nələrdənsə məhrum etsin. Buna görə də cəmiyyətimiz belə "media qurumları”na qarşı sərt, qınayıcı mövqe nümayiş etdirməlidir. Təəssüflə onu da vurğulamaq istərdim ki, bəzi məmurlar ciddi media qurumları ilə işgüzar çərçivədə əməkdaşlıq etmədikləri halda, bu cür "media qurumları”nın, "reket nəşrlər”in yazdıqlarına reaksiya verir, hətta qorxurlar. Fikrimcə, qanunvericilikdə müvafiq dəyişikliklər etməklə "reket nəşrlər”ə – "sarı media”ya qarşı daha effektiv mübarizə aparmaq olar. Bunun üçün mexanizm yaradılmalıdır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər