• cümə, 19 Aprel, 12:03
  • Baku Bakı 25°C

“Reket jurnalistika” sıradan çıxarılır

10.06.17 11:00 2286
“Reket jurnalistika” sıradan çıxarılır
"Reket jurnalistika” ilə mübarizə çərçivəsində "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasov hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunaraq həbs edilib. Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press” qəzetinin və informasiya saytının baş redaktoru A.Abbasov DTX-ya dəvət olunaraq cinayət əməlində günahkar kimi saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

A.Abbasovun "reket jurnalistika" ilə məşğul olması barədə daha öncə də mediada məlumatlar yayılmışdı. Xatırladaq ki, ötən ilin sonlarından başlayaraq jurnalistikaya ləkə olan bu sahənin ("reket jurnalsitika”) sıradan çıxarılması və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılır. Belə ki, ötən müddət ərzində müvafiq itihamlarla "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və digərləri məhkəmənin qərarı ilə həbs edilib.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Mətbuat Şurası və bütövlükdə ölkə ictimaiyyəti "reket jurnalistika” ilə və ümumiyyətlə jurnalistikanın ləkələnməməsi üçün kifayət qədər mübarizə aparmaq gücündədir: "Şura yarandığı gündən indiyədək bu sahə ilə mübarizə aparır. Bu sahə jurnalistikaya aid deyil, yalnız öz şəxsi maraqlarını, istəklərini həyata keçirmək üçün bir vasitə kimi bəzən qəzetlərdən istifadə edirlər. Düşünürəm ki, Mətbuat Şurası ədalətli və haqlı olaraq bu sahə ilə mübarizə aparır. 2008-ci ildə jurnalistlərin qurultayında Şuranın tərkibində belə bir komissiya yaradılıb. Komissiya indiyədək sistemli şəkildə bu proseslərə müdaxilə edir, aydınlaşdırır, araşdırır və ədalətli qərarlar verir. Mətbuat Şurasının bu sahədə apardığı işləri birmənalı şəkildə dəstəkləyirəm. Onu da qeyd edim ki, Mətbuat Şurasının bu sahədə apardığı işlərə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dəstək verir. Misal üçün, Fond tərəfindən mənzil bölgüsü, müxtəlif layihələr, fərdi jurnalist müsabiqələrində bu tip "jurnalist”lərin iştirakı məhdudlaşdırılıb”.

V.Rəhimzadə əlavə etdi ki, dəfələrlə şikayətlər əsasında fərdi olaraq bəzi redaktorlar, jurnalistlər Mətbuat Şurasına dəvət edilib, onlarla söhbətlər aparılıb: "Onların belə məsələlərdən çəkilməsini dilə gətirmişik və bildirmişik ki, mətbuatımıza xələl gətirən hallardan uzaq olsunlar. Onların bir hissəsi bu işdən çəkilsələr də, çox təəssüflər olsun, bir hissəsi "öz yolunda” davam elədi. Nəticələr isə hər kəsin bildiyi kimidir. Bizim apardığımız fəaliyyətə ictimaiyyətin dəstəyini görürük. Hesab edirəm ki, bu proseslərdə çox düzgün və ədalətli mövqe nümayiş etdiririk. Bütövlükdə bir jurnalist kimi "reket jurnalistika” ilə aparılan mübarizəni dəstəkləyirəm. Kimliyindən asılı olmayaraq, jurnalistikaya ləkə vuran, xələl gətirən və bütövlükdə jurnalistikanın peşə və etika qaydalarına zidd hərəkət edən insanlar ictimai qınaqdan nəticə çıxarmırsa, hüquqi yanaşma vacib şərtlərdən biri olur. Düşünürəm ki, insanların şəxsi həyatına müdaxilə, böhtan, şərəf və ləyaqətin alçaldılması yolverilməzdir və jurnalistikaya ziddir. Bu mənəvi terroru həyata keçirən insanlara qarşı hamılıqla mübarizə aparmalıyıq”.

Mətbuat Şurasının Nəzarət-təftiş komissiyasının üzvü, modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirdi ki, son aylar "reket jurnalistika”ya qarşı ciddi mübarizə aparılır: "Əslində, burada söhbət jurnalistikadan getmir, belə insanlar jurnalistikanı bir kənara qoyub, başqa qeyri-qanuni işlərlə məşğul olurlar. Təbii ki, kimlərinsə həbsə atılmasını istəməzdim. Amma insanlar özləri belə bir addım atırlarsa, burada cinayət tərkibi varsa, hansısa peşənin, sənətin sahibi olmasından asılı olmayaraq, onlar əməllərinə uyğun qanun qarşısında cavab verməlidirlər. Konkret məsələyə gəlincə, atılan addımlar "reket jurnalistika”nın zəiflədilməsinə səbəb olacaq. Tam aradan qaldırılması fikrini söyləmək hələ tezdir. Bu sahədə olanların hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi digər "reket jurnalist”lərə xəbərdarlıqdır. Əlbəttə ki, bir jurnalist kimi bu sahədəki mübarizəni alqışlayıram”.

E.Eyvazlı qeyd etdi ki, bu məsələdə başqa məqamlardan biri də qeyri-qanuni fəaliyyət göstərən bəzi məmurlardır: "Çünki "reket jurnalist”lərin inkişaf etməsində onların rolu az deyil. Çünki belə "jurnalistlər”ə həmin məmurlar pul və ya şirnikləndirici nələrsə verməməlidirlər ki, onlar da bu yolu tutsun. Bu yolda olanları jurnalist hesab eləmək olmaz. Düşünürəm ki, atılan addımlarla "reket jurnalistika”nın qarşısı tam alınmır, ancaq bu öz təsirini getdikcə göstərir. Bu kimi məsələlərdə bizim gerçək jurnalistikanın həmrəyliyi lazımdır, çünki bu, jurnalistikaya xələldir və başucalığı gətirməyən məsələdir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər