• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

“Reket jurnalistika” bütövlükdə cəmiyyətin bəlasıdır”

13.12.16 13:44 2391
“Reket jurnalistika” bütövlükdə cəmiyyətin bəlasıdır”
Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev saxlanılaraq istintaqa cəlb ediliblər. Sadalanan media qurumlarının adları Azərbaycan Mətbuat Şurasının "qara siyahı”sında olub. Saxlanılan media rəhbərləri, həmçinin onların "fəaliyyəti”, bu həbslərin doğurduğu əks-səda və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovcavablandırıb.
- Əflatun müəllim, DTX son günlər "reket” nəşrlər və sayt rəhbərlərinə qarşı əməliyyat keçirib. Öncə bu hadisələrə sizin münasibətinizi öyrənmək istərdik. Mətbuat Şurasının sədri, millət vəkili kimi baş verənləri necə qiymətləndirirsiniz?
- Mən də prosesləri izləyirəm. Hesab edirəm ki, qanunun aliliyi çərçivəsində tədbirlər görülməlidir. Kimsə daşıdığı peşədən, tutduğu mövqedən sui-istifadəyə yol verirsə, mütləq şəkildə qanunlar qarşısında cavab verməlidir. Hələlik saxlanılan media orqanlarının rəhbərləri və onlarla əlaqəli şəxslər barədə istintaq tədbirləri həyata keçirilir. Düşünürəm ki, ədalətli qərar veriləcəkdir.
- Mətbuat Şurasına bu vaxta qədər belə "reket” media qurumları ilə bağlı şikayətlər daxil olubmu? Medianın fəaliyyətini tənzimləyən ictimai qurum bu cür "media vasitələri” ilə hansı çərçivədə mübarizə aparıb?
- Bəli, indiyədək Mətbuat Şurasına həmin media qurumları və onların rəhbər şəxsləri barədə çoxsaylı şikayətlər daxil olub. Şura özünün nizamnamə tələblərinə uyğun olaraq belələrinə qarşı tədbirlər görüb. Bu tədbirlər ictimai qınağa əsaslanıb. Saxlanılan şəxslərin təmsil olunduqları media qurumlarının adları Mətbuat Şurasının peşə prinsiplərinə etinasız yanaşan, insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzuna zərər gətirən kütləvi informasiya vasitələri üçün müəyyənləşdirdiyi «qara siyahı»ya daxil edilib. Əlbəttə, bu adamlar ictimai qınaqdan və məzəmmətdən nəticə çıxarmayıblar. Öz əməllərini davam etdiriblər. Mən hadisələri qabaqlamaq, yaxud istintaqın gedişinə hər hansı şəkildə təsir etmək niyyətindən uzağam. Hesab edirəm ki, bu istiqamətdəki araşdırmalarda qanunun aliliyinin gözlənilməsi həm də media ictimaiyyətinin haqlı istək və arzusudur.
- Peşə kodeksinə zidd fəaliyyət göstərən, reketçiliklə məşğul olan sayt və ya nəşrlər Mətbuat Şurasının "qara siyahısı”nda çoxdurmu?
- Hazırda onların sayı 80-dən artıqdır. «Qara siyahı» daim yenilənir. Hansısa nəşrin adının ora daxil edilməsi və ya siyahıdan çıxarılması Şuranın müvafiq təlimatına əsasən aparılır. Təlimata konkret şikayət olduğu halda müraciət edilir. Sənəddə peşə prinsiplərinə laqeyd yanaşılaraq adı «qara siyahı»ya düşənlərin sonradan reabilitasiya imkanları da nəzərə alınıb. Yəni müvafiq şərtləri yerinə yetirdiyi təqdirdə hansısa KİV-in siyahıdan çıxarılması mümkündür. Praktikada belə hallar olub.
- Hansı şərtlər daxilində sonradan həmin "reket” nəşrlərin adları "qara siyahıdan” çıxarılıb?
- Əvvəla qeyd edim ki, peşə prinsiplərini pozan hər KİV-in adı «qara siyahı»ya daxil edilmir. Əvvəl şikayətlər Şuranın Katibliyində araşdırılır. Tərəflər dəvət olunur. Əgər cavabdeh tərəfə təklif edilən həll variantı qəbul edilmirsə, yaxud cavabdeh tərəf haqlı şikayətin araşdırılması prosesindən yayınırsa, məsələ Şikayətlər üzrə Komissiyanın müzakirəsinə çıxarılır. Komissiya müəyyən etsə ki, cavabdehin fəaliyyətindəki motivlər peşə prinsiplərinə açıq həqarət üzərində qurulub, bu zaman toplanmış materiallar Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına təqdim olunur. Həmin komissiya rəyini verir. Yekun qərar isə Şuranın İdarə Heyəti tərəfindən çıxarılır. Bir qədər öncə Şuranın müvafiq təlimatından söz açdım. Onu da bildirdim ki, həmin sənəddə KİV-lərin adının «qara siyahı»ya daxil edilməsinə əsas verən müddəalar olduğu kimi, adlarının oradan çıxarılmasına da əsas verən prinsiplər yer alıb. Həmin prinsipləri rəhbər tutaraq «qara siyahı»dakı bəzi KİV-lərin adları sənəddən çıxarılıb. İndiyədək bu proses cəmi bir dəfə həyata keçirilib. Əlbəttə, təlimatın şərtlərinə əməl edilib. Lakin daha çox peşə dəyərlərinə etinasız yanaşan KİV-lərin reabilitasiyası üçün bir növ, şans yaratmaq prinsipinə söykənmişik. Ancaq bu o demək deyildir ki, hansısa KİV-in adı «qara siyahı»dan çıxarılıbsa, o yenidən belə bir ictimai qınaq tədbiri ilə üzləşə bilməz. Üzləşənlər olub. Həm də bəziləri olub ki, fəaliyyətində müəyyən dönüş yaradıb, ancaq siyahıdan çıxarıldıqdan sonra barələrində əsaslı şikayətlərin artdığını müşahidə etmişik. Təbii, bu duruma seyrçi qala bilməmişik və bundan sonra da qalmayacağıq.
- Sizcə, DTX-nın həyata keçirdiyi əməliyyatlar və həbslərlə medianın tənzimlənməsi, "reket”lərdən təmizlənməsi mümkündürmü?
- Məsələ bir dövlət qurumunun həyata keçirdiyi tədbirdə deyil. Nə də inzibati tədbirlərlə medianı tənzimləmək kimi bir məsələ var. Mətbuat Şurası yarandığı ilk gündən media məkanımızdakı neqativ təmayüllərə qarşı mübarizə aparmaqdadır. Yəni medianın tənzimlənməsini həyata keçirməkdədir. «Reket jurnalistika», «reket nəşrlər» və sair bu sayaq ifadələr də təsadüfən seçilməyib. Bu zaman nəzərə alınıb ki, həmin KİV-lərin peşə prinsiplərindən uzaq hərəkətlərində hüquqi məsuliyyət yarada biləcək hallar var. Zamanında müxtəlif KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərimiz də bundan qaynaqlanıb. Şura peşə davranışı qaydaları çərçivəsində öz qərarını verir. Əgər məsələdə konkret hüquqi cəhətlər varsa, demək ki, inzibati yol seçilməlidir. Nəticə çıxararaq fəaliyyətində dönüş edənlər olacaqsa, çox yaxşı. Jurnalistlərin, bütövlükdə cəmiyyətin istəyi budur ki, media məkanımızdakı neqativ hallar tamamilə aradan qalxsın.
- Qanunvericiliyə görə şərəf və ləyaqətin alçaldılması, vətəndaşın şantaj edilməsi, hədə-qorxu gəlinməsi məsuliyyət yaradır. Belə olan halda, reket nəşr və saytların hədəfində olanlar nə üçün onlarla qanun çərçivəsində mübarizə aparmağı deyil, sövdələşməyi üstün tuturlar?
- Maraqlı məqama toxunursunuz. Dəfələrlə bildirmişik ki, ayrı-ayrı şəxslər «reket nəşr»lərlə müxtəlif sövdələşmələrə gedirlər. Biz deməsək də bu, hamıya bəlli olan həqiqətdir. Bəzən Şuraya müəyyən şifahi şikayətlər edilir. Şikayətçilərə deyirik ki, rəsmi qaydada müraciət ünvanlayın. Bunu etməyənlər var. Müəyyən qisim media ilə konflikt aparan tərəf kimi görünmək istəmədiyini iddia edir. Şübhəsiz, işindəki nöqsanları görüb geri çəkilənlər də var. Bütün bunlara görə biz vurğulayırıq ki, «reket jurnalistika» bütövlükdə cəmiyyətin bəlasıdır. Görünür, bu sayaq meyllərin aradan qalxmasının həm də müəyyən zamana ehtiyacı var.
- Reketçiliklə məşğul olan nəşr və sayt rəhbərlərinin DTX tərəfindən saxlanması sonradan xaricdə, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanda jurnalistikaya basqı, söz-mətbuat azadlığının məhdudlaşdırılması kimi qarşılana bilərmi? Bu həbslərə görə sonradan Azərbaycan hər hansı təzyiq və ya təsirlə, tənqidlə üzləşməz ki?
- Belə meyllər vaxtilə olub. «Qara siyahı»ya saldığımız hansısa KİV-in sonradan "əzilmiş” media orqanı kimi təqdimatını görmüşük. Məsələyə söz və ifadə azadlığına təzyiq kimi qiymət verməyin özü də həmin dəyərlərdən sui-istifadədir. Biz məsələni məhz bu cür qarşılayırıq. Buna görə də reaksiyanın necə olacağı önəmli deyil. Əsas olan, elə media ictimaiyyətinin də prinsipial bildiyi məsələ ondadır ki, jurnalist vəsiqəsindən «yararlanaraq» qanun pozuntusuna yol vermiş kim varsa, barəsində müvafiq hüquqi ölçü götürülməlidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər