• cümə axşamı, 28 mart, 23:57
  • Baku Bakı 13°C

“Ürək-damar xəstəlikləri ölüm və əlilliyin səbəbləri sırasında ilk yerdədir”

18.07.17 17:51 1191
“Ürək-damar xəstəlikləri ölüm və əlilliyin səbəbləri sırasında ilk yerdədir”
Bakı Ürək Mərkəzində Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə öncə ürək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və açıq ürək əməliyyatlarının icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Əhalinin tibbi maarifləndirilməsində mətbuatın rolunu yüksək qiymətləndirən Ürək və Sağlamlıq Cəmiyyətinin sədri, millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü münasibəti ilə media təmsilçilərini təbrik edib. R.Mahmudov Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyada ölüm və əlilliyin səbəbləri sırasında ürək-damar xəstəliklərinin ilk yerdə olduğunu, dünyada hər doğulan 1000 uşaqdan 10-12-də ürək-damar qüsurları olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda ölüm və əlilliyin səbəbləri sırasında da ürək-damar xəstəlikləri 57,8 faizlə ilk yerdədir.

Dünyada və Azərbaycanda ürək-damar cərrahiyyəsinin tarixindən bəhs edən Ürək və Sağlamlıq Cəmiyyətinin sədri ölkədə bu sahədə ciddi uğurlar əldə olunduğunu söyləyib: "Bu gün Azərbaycanda olmasa da, dünyada robotlar vasitəsi ilə ürək cərrahiyyə əməliyyatları keçirilir. Gələcəkdə robotlar vasitəsi ilə ürək əməliyyatlarının artması gözlənilir. Azərbaycanda belə əməliyyatın olmamasının səbəbinə gəlincə, düşünürəm ki, bu gün bunun yeganə səbəbi maliyyədir. Xəstə üçün bu, astronomik qiymətdir. İcbari tibbi sığortanın tətbiqindən sonra bu, mümkün olar. Bu gün sadəcə, belə aparatlara illik xidmətin dəyəri 2 milyon dollardır. Gələcəkdə icbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda robotlar vasitəsi ilə belə əməliyyatların aparılması mümkün ola bilər. Ancaq inanın ki, heç bir robot insan qədər bacarıqlı ola bilməz. Sadəcə, həkim başqa bir otaqda oturub, digər otaqda robot vasitəsi ilə xəstə üzərində belə əməliyyat apara bilər".

R.Mahmudov qeyd edib ki, Azərbaycanda ürək transplantasiyasından başqa, bütün ürək-damar əməliyyatları həyata keçirilir: "Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi sahəsində qanunvericilik və tibbi imkanlar baxımından heç bir problem yoxdur. Bu sahədə əsas problem donor yaxınlarının beyin ölümü keçirən şəxsin ürəyini bağışlamaması ilə bağlıdır. Buna görə də bu sahədə əhalinin maarifləndirilməsi vacibdir".
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini,S.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov dünyada 40 yaşdan yuxarı hər 5 nəfərdən birinin ürək çatışmazlığından əziyyət çəkdiyinin nəzərə çatdırıb. T.Cahangirov ürək-damar xəstəliklərinin müalicəsində profilaktika və ilkin mərhələdə müayinənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
banner

Oxşar Xəbərlər