Çörək bişirmək üçün yeni standartlar tətbiq ediləcək

Çörək bişirmək üçün yeni standartlar tətbiq ediləcək

İqtisadiyyat
23 Oktyabr 2012, 16:14 3976
Ölkə bazarındakı çörəyin keyfiyyəti ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) texniki komitə yaradılacaq. Sözügedən komitədə çörəyin çəkisi, qiyməti, növləri ilə bağlı məsələlər müxtəlif nazirlik, komitə, ictimaiyyətin nümayəndələri və çörəkbişirmə ilə məşğul olan ekspertlərlə birgə müzakirə edilərək bir aya çörək standartı qəbul ediləcək. Bu sözləri sözügedən sahədəki nöqsanların təhlili, aradan qaldırılması mövzusunda çörək istehsal edən müəssisələrin rəhbərləri ilə oktyabrın 23-də keçirdiyi dəyirmi masada SMPDK-nin sədri Ramiz Həsənov bildirdi.

“Həftədə üç dəfə Nazirlər Kabinetinə gedirəm”
Ölkəmizdə istehlak olunan məhsullar sırasında çörək məmulatlarının xüsusi çəkisinin olduğunu deyən komitə sədri son illər hökumət tərəfindən çörək istehsalı müəssisələrinin təkmilləşdirilməsi istiqamətində kompleks işlərin aparıldığını, təkcə bu il dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 160 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirildiyini dedi. Bildirdi ki, bunun üçün 14 mln. manat, o cümlədən Bakı ətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsal müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manatadək güzəştli kreditlər verilib: “Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Komitə yanında Dövlət Nəzarəti Xidməti çörək məmulatlarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini gücləndirib. Həftədə üç dəfə Nazirlər Kabinetinə gedib çörək standartları ilə bağlı hansı işlərin görüldüyü barədə məlumat verirəm. Xidmət fəaliyyətə başladığı 4 ay ərzində 114 çörək məmulatları istehsalı ilə məşğul olan təsərrüfat subyektində dövlət nəzarəti həyata keçirilib. 84 müəssisədə nöqsanlar aşkar edilərək qanunamüvafiq tədbirlər görülüb, 58 müəssisədə çörəyin istehsalına və satışına qadağa qoyulub, eyni zamanda 15 təsərrüfat subyektinə 28 min manat cərimə tətbiq edilib”.

Çörəkbişirmə sexlərində nələr aşkarlanıb?
Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Mənsim Babayev bildirdi ki, yoxlamalar zamanı müəssisələrin əksəriyyətinin resepturalarının olmadığı, antisanitar şəraitdə, çörək istehsalı üçün nəzərdə tutulmayan binalarda fəaliyyət göstərdikləri aşkar edilib: “Reydlər zamanı bəlli oldu ki, çörək normativ çəkidən az istehsal olunaraq istehlakçılara təklif edilir. Əksər müəssisələrdə alınan unların mənşəyi, istehsalçısı məlum deyil. Bəzi hallarda istehsal olunan çörəklərə istehsal tarixi bir gün sonraya vurulur, yaxud məhsulun istehsal tarixi, saxlanma müddəti və s. göstərilmir. Dəfələrlə qeyd etməyimizə baxmayaraq çörək məmulatları bu məmulatlar üçün nəzərdə tutulmuş xüsusi maşınlarda deyil, minik avtomobillərinin salonlarında və yük yerlərində gigiyenik normalar göstərilmədən daşınır. Hətta bəzi müəssisələrin çörək bişirilən salonlarında milçəklər də olur”.

100 qramlıq çörəklər istehsal oluna bilər
Daha sonra komitə sədri Ramiz Həsənov Azərbaycanda çörəklə əlaqədar 11 standartın olduğunu dedi: “Onlardan 5-i milli, 6-sı dövlətlərarası standartlardır. Bəlkə o standartların dəyişilməsi və yenilərinin tətbiq edilməsi üçün vaxt gəlib çatıb. Başqa ölkələrdə çörəyin çeşidləri çoxdur. Bəlkə biz də standartlar qəbul edək və 100, 200, 300 və digər çəkilərdə də çörəklər istehsal edilsin. Çünki hər bir ailənin müxtəlif çəkidə çörəyə ehtiyacı var. Məsələn, 2 nəfərlik ailələr var ki, 500-700 qramlıq çörəyi 2 günə istehlak edə bilmir və yararlılıq müddəti bitdiyindən 2 gündən sonra qalan çörəyi atmalı olur”.

Komitə sədri çörəyin paketlənərək satılmasından da danışdı. Dedi ki, yeni tətbiq olunacaq çörək standartlarında məhsulların polimer qablarda qablaşdırılması da nəzərdə tutulur. R.Həsənov çörəkbişirmə sahəsində mütəxəssislərin hazırlanmasının vacibliyindən danışdı: “Peşə məktəbləri açıla bilər, ya da çörəkbişirmə sahəsini öyrənmək üçün xarici ölkələrə kadrlar göndərmək olar”.

“İşçilərin maaşını verə bilmirik”
Daha sonra çörəkbişirmə müəssisələrinin nümayəndələri sözügedən sahə ilə bağlı problemlərdən danışdılar, təkliflər irəli sürdülər. 31 saylı çörəkbişirmə müəssisəsinin nümayəndəsi Ceyhun İbrahimov çörəyin çəkisi ilə bağlı standartın 1981-ci ildə qəbul edildiyini dedi: “Bizdə nə varsa hamısı Sovet standartlarına uyğundur. Vahid çəki və vahid qiymət Sovet dövründə aktual idi. Amma bu gün müxtəlif çəkidə çörəklər istehsal etmək olar”.

“Nəsimi 42” çörəkbişirmə müəssisəsinin rəhbəri Zeyqəm Mirzəyev 42 ildir sözügedən sahədə çalışdığını, amma bugünkü qədər maneələri görmədiyini dedi: “Unun qiyməti qalxdı, amma çörəyin qiymətini qaldırmağa icazə verilmədi. Çörəkbişirmə müəssisələrinin əksəriyyətinin 40-50 min manat borcu var. İşçilərin maaşını, işıq, qaz, su pulunu ödəyə bilmirik. Hökumətin bizə kömək etməsini istəyərdik”.

Çörək paketlənsə, qiymət qalxacaq
“Sumqayıt-Çörək” ATSC-nin rəhbəri Tofiq Hüseynov yeni standartlar qəbul edilərkən zavod çörəklərinin paketlənməsinin problem yaradacağını dedi: “Hər bir xalqın mentaliteti var. Bizdə insanlar əllərini çörəyə vururlar, isti olmasa almırlar. Amma paketlənsə, gərək çörək bişiriləndən sonra 4 saat gözləyək ki, soyusun, sonra paketlənsin. Bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Üstəlik, qablaşdırmada istifadə olunan paketlər çörəyin maya dəyərində oturacaq, bu zaman çörəyin qiymətinin qalxması zəruri olacaq. Bu gün bizə konkret satış qiymətləri diktə olunur. Müəssisəni düşünən yoxdur. Dotasiya, subsidiya verilmədiyi, dünyada taxıl bahalaşdığı halda çörəyin qiymətini necə sabit saxlayaq? ƏDV ləğv olundu, amma ƏDV ləğv olunmamışdan öncə biz xaricdən taxıl almışdıq axı”.

T.Hüseynov bəzi müəssisələrin ucuz qiymətə keyfiyyətsiz un aldıqlarını və onların istehsal etdikləri çörəklərin istehlakçılarda müxtəlif xəstəliklər yaratdığını dedi. Bildirdi ki, Azərbaycanda tədarük olunan taxılın 10 faizi belə çörəkbişirmədə istifadə oluna bilməz.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirdi ki, isti çörəklər insan səhhətinə ziyandır və insanları çörəyi soyuduqdan sonra yeməyə öyrətmək lazımdır. E.Hüseynov qiymətə təsir etsə belə, çörəyin paketlənərək satılmasının vacib olduğunu dedi. E.Hüseynov istehsal müəssisələrinin istehlakçı səsinə reaksiyanın zəif olmasından da gileyləndi. Bildirdi ki, çörəyin içərisindən bəzən rezin, dəmir çıxsa da, müəssisələr buna heç reaksiya da göstərmirlər.
AİB sədri sözügedən sahədəki problemlərin həlli üçün Çörəkçilər Assosiasiyasının yaradılmasını təklif etdi.

Halal adıyla istehsal edilən ət məhsulları halal deyimiş
Daha sonra jurnalistlərin suallarını cavablandıran SMPDK-nin sədri halal ət məhsullarının da bir neçə növünün standartının müəyyən ediləcəyini dedi. Bildirdi ki, standartın tələblərinə uyğun müəssisə olmadığına görə hələ heç bir müəssisəyə sertifikat verilməyib: “Standartlaşdırma İnstitutu və bu işlə məşğul olanları gələn həftə bir araya yığıb məsələni müzakirə edəcəyik. Bəlkə də halal ət məhsulu istehsal edən müəssisələrin rəhbərləri, bizim və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin iştirakı ilə texniki komitə yaratdıq və orada bütün məsələlər müzakirə edilərək bir qərar qəbul olunacaq”.

İndiyədək halal adıyla istehsal edilən ət məhsullarının halal olmadığını deyən R.Həsənov belə məhsulların bazardan çıxarılmasına imkanlarının olmadığını bildirdi: “Yeyinti sahəsinə baxan şöbədə işçilərinin sayı 8-dir və onlar halal adıyla satışa çıxarılan məhsulların bazardan çıxarılmasını təmin edə bilmirlər”.

Dövlət Yol Polisinə adekvat qurum yaradılacaq
Komitə sədri bu ilin sonunadək Azərbaycan «Euro-3» yanacaq standartının tam tətbiqinə başlayacağından da danışdı. Dedi ki, artıq «Euro-3» standartının avtomobillərə aid olan hissəsi tətbiq edilib: “Bu standartın yalnız yanacaq məhsulları ilə bağlı hissəsi qalıb ki, bu da cari ilin sonuna kimi tətbiq olunacaq. Hər bir Avro standartına keçid 1 mlrd. dollara yaxın vəsait tələb edir”.

R.Həsənov bu gün ölkədə idxal olunan avtomobillərə Dövlət Gömrük Komitəsinin laboratoriyası tərəfindən sertifikat verildiyini qeyd etdi. Ölkə daxilindəki avtomobillərin hələlik Dövlət Yol Polisi (DYP) tərəfindən texniki baxışdan keçdiyini xatırladan komitə sədrinin sözlərinə görə, gələcəkdə digər müəssisələr də avtomobillərin texniki baxışını həyata keçirə biləcək “Düşünürəm ki, ixtisaslaşdırılmış müəssisələrə də akkreditasiytadan keçib avtomobilləri texniki baxışdan keçirməyə səlahiyyət veriləcəyinin vaxtı gəlib çatıb”.
Lalə Musaqızı