• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

Ürək ağrıdan ağrıkəsici dərmanlar

31.08.16 13:13 14555
Ürək ağrıdan ağrıkəsici dərmanlar
Gündəlik həyatda insanların çoxu həkimin göstərişi olsa da, olmasa da tez-tez ağrıkəsici dərmanlar içirlər. Dişimizin, başımızın, dizimizin, belimizin və s. bədən ağrılarımızın azalması üçün içdiyimiz bu dərmanların faydasını, əlbəttə ki, görürük. Ancaq əminəm ki, insanların çoxunun bu ağrıkəsici dərmanların səbəb ola biləcəyi təhlükələrdən xəbərləri yoxdur.
Son zamanlar mediada ‘ağrıkəsici dərman içdi, infarkt keçirdi’, ‘ağrıkəsici dərman içdikdən sonra anidən öldü’ başlıqlı xəbərlərə rast gəlirik. Əslində bu dərmanlara bağlı infarkt və ya ölüm halları çoxdan bilinsə də, mediada bu xəbərlərə son illərdə yer verilməyə başlanıldı. Ən maraqlısı da odur ki, artan infarkt və ya ölüm hallarına baxmayaraq, hələ də bu dərmanlardan dünyada çox geniş şəkildə istifadə edilir. Bu ağrıkəsici dərmanlar bədənimizdəki ağrıları önəmli dərəcədə azaltsa da, bəzi təhlükələrin də ortaya çıxmasına səbəb ola bilir. Mən sizə bəzi ağrıkəsici dərmanların kəskin böyrək çatışmazlığına, mədə və ya bağırsaq qanaxmalarına, insulta və ya allergiyaya səbəb ola biləcəyindən danışmayacam.
İstər sağlam, istərsə də ürək xəstəliyi olan bir insan bəzi ağrıkəsici dərmanları çox məcbur qalmadıqca içməməlidir. İnsan sağlamlığına ən zərərli ağrıkəsici dərmanlar ‘Qeyri-steroid iltihab əleyhinə dərmanlar’ ümumi adıyla adlandırılan ağrıkəsici dərmanlardır. Ancaq, təəssüf ki, xəstələrə ən çox yazılan ağrıkəsici dərmanlar da elə məhz bu dərmanlardır. Xüsusilə də ortopedik problemləri olan yaşlı xəstələr bu dərmanları daha çox içirlər.
Hər ağrıkəsici eyni deyil
Həm sağlam insanlar üçün, həm də ürək xəstələri üçün ən təhlükəli ağrıkəsici dərmanlar ‘Diklofenak’, ‘İbuprofen’, ‘Selokoksib’ və ‘Rofekoksib’ dir. Bu adlar dərmanların ticari (kommersiya) adları yox, ağrıkəsici maddələrin orijinal adlarıdır. Hətta bunlar içərisində ‘Rofekoksib’ o qədər təhlükəlidir ki, 2004-cü ildən istifadəsi qadağan edilib. Əminəm ki, insanların çoxu bu dərmanlardan nə vaxtsa içiblər. Bu dərmanlar dünyada olduğu kimi Azərbaycandakı apteklərdə də çox geniş şəkildə satılır. Ancaq, çox təəssüf ki, bu dərmanlar ən çox içilən ağrıkəsici dərmanlardır. Ürək-damar sistemi baxımından həm sağlam insanlar üçün, həm də ürək xəstələri üçün ən təhlükəsiz ağrıkəsici dərmanlar isə "Parasetamol” və "Tramadol” dur. "Qeyri-steroidlər” içində nisbətən daha təhlükəsiz olan ağrıkəsici dərman "Naproksen”dir.
Bu dərmanlar sağlam insanlar üçün də təhlükəlidir
Sağlam insanlar bu ağrıkəsici dərmanları, xüsusilə də "Diklofenak”, ‘Selokoksib’ və "İbuprofen”i içdikləri zaman infarkt keçirmə, insult, ürək çatışmazlığı, aritmiya və ani ölüm riski artar. Sağlam insanlarda bu risk təxminən bir ildə bu cür ağrıkəsici dərman içən hər min nəfərin ikisində ortaya çıxır. Bu risk siqaretin və ya diabetin infarkt yaratma riskindən az olsa da, dünyada bu dərmanları milyonlarla insan içdiyi üçün bu risk gözardı ediləcək qədər az risk deyil. Ancaq aparılan araşdırmalar nəticəsində bu dərmanlardan (‘qeyri steroid’) olan "Naproksen”in sağlam insanlar üçün təhlükəli olmadığı müəyyən edilib.
Sizə verəcəyim məsləhət odur ki, heç bir ürək xəstəliyi olmayan sağlam insanlar bu cür dərmanları içmək məcburiyyətindədirlərsə, mümkünsə "Naproksen” adlı ağrıkəsici dərmanı içsinlər. Yox əgər digərlərini içmək məcburiyətindədirlərsə, mümkün olan ən qısa müddətdə və ən aşağı dozada içilməlidir.
Qan təzyiqini qaldırır
Yuxarıda söylədiyim ağrıkəsici dərmanlar böyrəklərdən suyun və duzun ifrazını azaldaraq hipertoniyalı xəstələrin qan təzyiqlərini daha da artırır. Bu dərmanlar nəinki hipertoniyalı xəstələrdə, hətta normal insanlarda da qan təzyiqini qaldırır. Ona görə də çox məcbur qalınmadığı müddətcə hipertoniyalı xəstələr bu dərmanlardan istifadə etməməlidirlər. Xəstələr bu dərmanları içmək məcburiyyətində qalarlarsa, mümkün olan ən aşağı dozada və ən qısa müddət boyunca içməli, içdikləri müddət boyunca da qan təzyiqlərini tez-tez ölçdürməlidirlər.
Ürək xəstələrində təhlükə daha böyükdür
Bu ağrıkəsicilərin ürək xəstələrində yenidən infarkta, eləcə də ölümə səbəb olma riski daha yüksəkdir. Danimarkada aparılan böyük bir araşdırma nəticəsində məlum oldu ki, infarkt keçirdikdən sonra hər hansı bir səbəbdən ötrü bu cür dərmanları içən insanların 30 faizində infarkt, ürək mənşəli ölüm və ya insult ortaya çıxır.
Bu cür dərmanların içilməsinin daha bir zərəri var. Ailənizdə, qohumlarınız və ya tanışlarınızın arasında infarkt keçirən, stent taxılan və ya şuntlama əməliyyatı olan və bu səbəblə aspirin içən bir çox insan vardır. O insanlar bu cür ağrıkəsiciləri içtikləri zaman aspirinin qandurulducu təsiri də azalır. Nəticədə aspirindən fayda görmürlər.
Ən riskli xəstələr ürək çatışmazlığı olan xəstələrdir
Bu cür dərmanlar ürək çatışmazlığı olan xəstələrdə daha böyük problemlərə səbəb ola bilir. Ürək çatışmazlığı olan xəstələrdəki əsas problem bədəndə su yığılmasıdır. Buna bağlı olaraq da xəstələr təngnəfəslikdən, ayaqlarda və qarında şişkinlikdən əziyyət çəkirlər. Bu ağrıkəsici dərmanlar bədəndəki su və duzun atılmasını daha da əngəllədiyi üçün bu dərmanları içən xəstələrin şikayətləri daha da artır və nəticədə xəstəxanaya yatma və ya ölüm riski artar. Bu ağrıkəsici dərmanlar xəstəliyi daha da ağırlaşdırır. Ona görə də ürək çatışmazlığı olan xəstələr bu cür dərmanları içməməlidirlər. Çox məcbur qalınarsa, həkimləri ilə mütləq görüşməlidirlər.
Doktor Yalçın Velibey
Kardiologiya uzmanı
banner

Oxşar Xəbərlər