• cümə, 19 Aprel, 17:40
  • Baku Bakı 25°C

Rejissorlarmı haqlıdır, yoxsa ssenaristlər?

24.05.14 11:11 2109
Rejissorlarmı haqlıdır, yoxsa ssenaristlər?
Televiziya seriallarının yeniyetmələrin, gənclərin psixoloji durumuna, həyat tərzinə təsiri ilə bağlı tənqidi fikirlər dəfələrlə səslənməkdədir. Belə ki, gənc nəslimiz seriallara baxanda, öz həyatını o yöndə qurmaq istəyir və özünü serial qəhrəmanı kimi aparmağa çalışır. Çəkilən yerli seriallarımız isə Azərbaycanın mənəvi dəyərlərini əks etdirmir və demək olar ki, dərnək səviyyəsində çəkilmiş Amerikanın döyüş filmlərini xatırladır.
Biz də bu məqsədlə baxımlı serialların rejissorlarına və ssenaristlərinə müraciət etdik. Öyrəndik ki, bu gün serialların rejissorları ssenaristlərin azlığından problem yaşayırlar. Bundan əlavə serial rejissorları klassik əsərlərimizin əsnasında serial çəkməyin mümkün olmadığını deyirlər. Ssenaristlər isə bu sahədə zəifliyin kökündə peşəkar aktyorların azlıq təşkil etdiyini bildirirlər.
Keçid dövründən yaranan sünilik
“Tələ”, “Gəncliyin ilk günü”, “Məhkumlar”, “114-cü polis bölməsi” və başqa serialların ssenaristi Vüsal Nuru
bizimlə söhbətində serialın ssenarisinin rejissorlar birgə yazdığını və onun üzərində müzakirələr apardıqlarını qeyd etdi. Ssenaristin sözlərinə görə, serial çəkilişində hər şey madiyyatdan və aktyordan asılıdır: “Ssenari yazarkən həm rejissorun, həm də ssenaristin istəyi, prinsipi nəzərə alınır. Belə ki, həm mənim üslubuma, həm də rejissorun çəkiliş prinsipinə uyğun olaraq ssenari yazıram. Aktyor seçimində də fikrilərimiz üst-üstə düşməlidir. Biz elə də böyük bir ölkədə yaşamadığımız üçün, aktyorlarımızın demək olar ki, hamısını tanıyırıq. Ssenarini yazanda düşünürəm ki, bu obrazı hansı aktyor oynaya bilər və ona uyğun obraz yaradıram”.
Vüsal Nuru deyir ki, insanlar elə düşünür ki, klassik dövrün romanını götürüb, onun üzərində işləsələr o zaman möhtəşəm bir serial alınacaq, ancaq reallıq onların düşündüyü kimi deyil: “Serialı tamaşaçıya təqdim edən aktyordur. Aktyorun siması ilə tamaşaçı seriala baxır. Ssenari və rejissor işi ondan sonra duran məsələlərdəndir. Bizdə isə ssenaristlərə mövzu tapşırılır və onun əsasında da ssenari yazılır. Böyük əsərlərin əsnasında ssenari yazmaq üçün ona külli miqdarda madiyyat lazımdır. Misal üçün Şirvanşahlar dövründən serial çəksək buna böyük bir büdcə tələb olunacaq. Türkiyədə “Muhteşem yüzyıl” serialına çox yüksək miqdarda maliyyə ayrıldı. Bizdə belə seriallar alınmır, çünki büdcəmiz ona imkan vermir. Tarixi əsəri işləmək üçün fantastik rəqəm lazıdır. O dövrün geyimləri, məkanları tapmaq hamısı puldur. Ona görə də rejissor sifariş verir, ideyanı ssenarist yazır. Hər hansı bir romanı götürüb işləmək ssenaristin özünə də çətindir”.
Ssenarist qeyd edir ki, indiyə qədər yazılmış romanlarımız hiss üzərində qurulduğuna görə orada kino detallarına çox az yer verilir. Ona görə də romanlarımızdan serial çəkmək mümkün olmur: “İstənilən uğurlu bir seriala səssiz baxsaq görəcəyik ki, fonda heç nə yoxdur, sadəcə olaraq aktyorun mimikaları, oyunu, hiss vermə qabiliyyəti var. Bizdə bu yoxdur. Əgər aktyor hissini daha qabarıq büruzə verə bilirsə serial çox gözəl alınır. Hər şeyin ilki çətin olur. Elə götürək qonşu dövlətimiz olan Türkiyəni. Orada çəkilən seriallar birdən-birə bu mərhələyə gəlib çatmayıb, onlar müəyyən mərhələlər keçiblər. Onların birinci dönəm çəkdiyi seriallara baxsaq görəcəyik ki, bizim indi hazırladığımız seriallardan qat-qat zəifdirlər. Çünki onların bazaları yox idi. Onlar da bu sistemi xaricdən öyrəniblər. Bizim isə bazamız türklərdən və ruslardan olduğu üçün onlardan bir az üstünük. Eləcə də hazırda Türkiyənin başqa zəif kanallarında gedən seriallara baxsanız görəcəksiniz ki, bizim seriallarımız onlardan daha yaxşıdır. Onu da nəzərə almaq lazımdır ki, bizim seriallar yeni dönəminə başlayıb. O, körpə uşaq kimidir. Buna görə ondan hələ çox şey gözləmək olmur. Onun yetişməsi, böyüməsi üçün vaxt lazımdır”.
Serial və kino üçün aktyorlarımızın yetişmədiyini deyən Vüsal Nuru serialların çəkiliş prosesində rejissorların, ssenaristlərin də yetişdiyini bildirdi: “İndi kino aktyorları yetişdirən məktəb yoxdur. Aktyorları yetişdirən yalnız çəkiliş setləridir. Onlar çəkilərək yetişirlər. Biz seriallara çəkmək üçün aktyorları teatrdan tapırıq. Teatr aktyoru da seriala çəkiləndə onun jestləri, mimikaları teatral hesablanır. Onlar pafosla danışırlar deyə kameranın qarşısında bir az çaşqın vəziyyətə düşürlər. Həmin aktyorlar düşünürlər ki, ekran qarşısında obrazlarını elə ifadə etməlidir ki, arxa cərgədəki tamaşaçı onu görə bilsin. O, bu düşüncə ilə kameranın qarşısına gəlir və eyni hərəkəti edir. Teatr aktyoru qəbul edə bilmir ki, adicə gözünün qırpması ilə milyonlarla seyrçi onu izləyir və görə bilir. Bu uyğunlaşma keçid dövründə sünilik yaradır”.
Belə tamaşaçı ilə mən nə üçün mübarizə aparım?
“Ləkə” serialının rejissoru Kənan Mahmudov
bizimlə söhbətində ssenaristin yazdığı ssenariyə müdaxilə etdiyini deyir: “Serialın ssenaristi Battal Gazi Karabulak Azərbaycanın bəzi qayda-qanunlarını bilmirdi, ona görə də mən onun yazdığı ssenariyə müdaxilə edirdim. Həm də seriala rejissor kimi deyil, tamaşaçı kimi yanaşdığım üçün ssenaridə müəyyən dəyişikliklər edirdim. Özümü tamaşaçının yerinə qoyaraq, düşünürdüm ki, əgər mən tamaşaçı olsaydım, bu pərdə mənə darıxdırıcı gələrdi. Hərdən elə olurdu ki, ssenaristlə mübahisələrimiz düşürdü. Ancaq nəticə etibarilə mən dediyim olurdu”.
Kənan iddia etdi ki, Azərbaycanda heç vaxt Türklərdəki kimi yaxşı serial çəkilməyəcək: “Nə qədər ki, aktyor və rejissorlarımız 600-700 manat maaş alırlar, bu vəziyyət belə davam edəcək. İstedada qaldıqda isə bizim aktyorlar dünyanın istənilən peşəkar aktyorundan da istedadlıdır. Çünki hər millətdə Siyavuş Aslan, Yaşar Nuri, Məhəmməd Füzuli yetişmir. Xaricilərin də iki əli, iki gözü var, bizim də. Bizim İncəsənət Universitetinin müəllimləri indi xaricdə dərs keçirlər. Xarici aktyorlardan, serial çəkənlərdən fərqimiz odur ki, onların bizdən çox qazanırlar. Onların ölkəsi, əhalisi bizdən böyükdür. Bundan əlavə, onların çox sayda televiziyalar var. Seçim olan yerdə də pul da çox olur”.
Kənan Mahmudov türk ssenaristinə müraciət etməyinin səbəbini də açıqladı: “Ona görə türk ssenaristinə müraciət etdim ki, mənə türkləri nümunə göstərən adamların yanında dilim uzun olsun. Öz doğmalarım belə mənə söylədilər ki, seriallarımız qoy türklər kimi çəkilsin. Mən də “türklər kimi” sözünü eşitməyim deyə, türk ssenaristinə müraciət etdim. Nəticədə belə bir serialı ərsəyə gətirdik. Söylədim ki, “türklər kimi” yazan istəmirdiniz, alın sizə türk ssenaristi. Bu sizin üçün nəyi dəyişdirdi? Əslində bu, psixoloji bir şeydir. Hər kəs elə düşünür ki, başqa ölkələrin nümayəndəsi serialda iştirak edərsə hər şey mükəmməl olacaq”.
Çəkiliş zamanı aktyorun kamera qarşısında ağladığını, gözündən təbii olaraq yaş gəldiyini görən türk ssenaristi Kənandan soruşub ki, doğurdanmı aktyor təbii ağlayır? Battal Gazi Karabulağın bu sözlərindən təsirləndiyini deyən rejissor aktyorlarımıza kifayət qədər qiymət verilmədiyini deyir: “ Mənə təsir edən odur ki, türk ssenaristini heyrətə gətirən həmin səhnəyə baxan vətəndaşlarımız yazır ki, “qızın corabları qırmızı idi deyə bu bölüm xoşuma gəlmədi”. Belə tamaşaçı ilə mən nə mübarizə aparım? Amma “Fatmagülün suçu ne?” serialında 90 bölüm Fatmagülün əynində güllü bir don qaldı. Ona heç bir irad tutan olmadı. Axı, o Beren Saat idi. Berene hər şey yaraşar, bizimkilərə isə yox. Bunun səbəbi isə bizim 70 ildir rusların təsiri altında qalmağımız, özümüzün heç nəyimiz olmaması olub. Bütün bunlar ondan irəli gəlir. Hər şey yavaş-yavaş düzələcək, amma biz o günü görməyəcəyik”.
Ssenarini də özümüz yazırıq
“Məhkumlar”, “Toy gecəsi” serialının rejissoru Yaşar Əhmədov
“Kaspi”yə açıqlamasında bildirdi ki, ssenaristlə bağlı seçim şansları kifayət qədər deyil: “Biz çalışırıq ki, yazı qabiliyyəti olan romanların, pyeslərin müəllifi olan insanlara müraciət edək. Serialda rejissor məcburən də olsa ssenaristə müdaxilə edir. Demək olar ki, o, serialın ssenarini ssenaristlə birgə yazır. Mən özümü ssenarist hesab eləmirəm və onun iddiasında da deyiləm. Ssenaristlər çəkiliş meydançasını görmürlər. Onların meydançada elə də təcrübələri olmadıqları üçün bir az fərqli düşünürlər. Onların gördükləri ilə bizim gördüklərimizdə müəyyən fərqlər var və bunun üçün onların ssenarilərinə müdaxilə etmək mütləq şəkildə lazımdır. Serialda rejissorun fikri çox önəmlidir. Ssenari əlinə gələn kimi götürüb ondan serial çəkmək olmur”.
Yaşar Əhmədovun sözlərinə görə, indi demək olar ki, hər gün maraqlı əsərlər oxuduqlarını, serial çəkmək üçün efir həyatına uyğun romanlar axtarırlar: “Əvvəllər ssenaristlər ssenarini evdə yazıb gətirirdi və biz onu müzakirə edirdik. Onun hansısa pərdələrini dəyişirdik. Ancaq indi ssenarini nöqtəsindən vergülünə kimi ssenaristlə birgə yazırıq. Qarşılıqlı müzakirələrlə ssenarini hazır edirik, əslində bu şəkildə işləmək hər iki tərəf üçün də maraqlı olur. Hazırda maraqlı əsərlər axtarırıq. Əlfi Qasımovun “Toy gecəsi” əsərini oxuduq gördük ki, əsər maraqlıdır, ancaq həmin əsər oxumaq üçün maraqlıdır, ondan serial olmaz. Əsərin adı çox xoşuma gəldi, ona görə də serialın adını “Toy gecəsi” qoyduq. Ssenarini də özümüz yazdıq”.
Rejissorun sözlərinə görə, klassik, maraqlı əsərlərimiz çox olsa da onlar serial çəkilişləri üçün işə yaramırlar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər