• şənbə, 20 Aprel, 16:57
  • Baku Bakı 23°C

Rejissorlar və ssenaristlər “bu mövsüm fərqli olacaq” deyirlər

28.08.19 10:00 4539
Rejissorlar və ssenaristlər “bu mövsüm fərqli olacaq” deyirlər
Yeni serial mövsümünün başlamasına sayılı günlər qalıb. Artıq telekanallarda yeni serialların anonsları yayılır. Bu dəfə də bir-birindən maraqlı mövzularla tamaşaçıların görüşünə gəlməyi vəd edən serialların hansının fərqli ampluada təqdim olunacağını öyrənməyə çalışdıq. Öyrəndik ki, bu mövsüm ötən mövsümdən qalan serialarla bərabər, yeni seriallar da tamaşaçılara təqdim olunacaq. Suallarımızı cavablandıran fərqli telekanallarda yayımlanan serialların rejissorları və ssenaristləri "bu mövsüm fərqli olacaq” deyərək, reytinqlərdə birincilik iddiasına düşdülər.

"Əsas hadisələr hələ qabaqdadır”
"Xəzər” telekanalında dram janrında nümayiş olunan "Ata ocağı” və "İmtahan” seriallarının baş ssenaristi, "Qələm” qrupunun rəhbəri Valeh Əhmədov deyir ki, bu mövsüm serialın strategiya xəttini dəyişərək, fərqli mövzulara toxunublar. O, iddia edir ki, serial daha maraqlı olacaq: "Artıq yeni mövsümə başlayırıq və biz də seriallarımızın çəkilişlərinə start vermişik. Bu mövsüm də "Ata ocağı” və "İmtahan” serialları öz ampluasında davam edəcək. Bəlkə də kənardan elə görünür ki, serial iki mövsümdür davam edir, getdikcə də mövzusu tükənir. Amma bu, əsla belə deyil. Bizim qələm komandamız yeni xətlər, yeni mövzular üzərində çalışır. Bu mövsüm "İmtahan” serialında yeni simalardan Corc Qafarov, Ləman Merih də bizə qoşulacaqlar. Bundan başqa, adlarını qeyd etmək istəmədiyim bir çox tanınmış simaları layihəmizdə görəcəksiniz. Belə ki, yeni simalar, yeni müəllim və tələbə heyəti ilə tamaşaçıların qarşısına çıxacağıq. "İmtahan” serialı sentyabrın ikinci həftəsi nümayiş olunacaq. Serialın mövsüm sonunu avtobusda uşaqların qəzaya düşməsi ilə bitirmişdik. Yeni mövsümdə onların bu qəzadan necə çıxdıqlarını göstərəcəyik. Onu qeyd edim ki, əsas hadisələr hələ qabaqdadır. Mövsüm sonunda Zakir müəllim – dekanımız ərizə yazmışdı. Universitetə yeni dekan gələcək və bu dekanla tələbələrin böyük problemləri yaranacaq. Bu dəfə ssenariyə 2 sevgi və romantik xətt əlavə olunub. Duyğusal mövzulara toxunacağıq, qəhrəmanlarımızdan birinin ailə hekayəsi açılacaq. Onun bu hekayəsi hər kəsi təəccübləndirəcək. Hansı ki, indiyə kimi o xarakteri məsum bir insan kimi tanıyırdıq. Bu dəfə tamaşaçıların o xarakterə münasibəti dəyişəcək”.
Ssenarist deyir ki, sözügedən serial ötən mövsümdə 15:00-da yayımlanırdı və televiziyaların həmin zaman statistikasına nəzər yetirdikdə "İmtahan” serialı ən çox reytinq qazanan serial olub. Müsahibim qeyd etdi ki, "İmtahan” serialı öz saatının rekordunu vurub.

"Böyük konfliktlərin mərkəzinə düşəcəklər”
"Ata ocağı” serialının çəkilişlərinə gəlincə, V.Əhmədov bildidi ki, bu mövsüm tamaşaçılar fərqli bir hekayə izləmiş olacaqlar: "Qələm qrupumuz çox fərqli və maraqlı mövzu işləyib. Bu dəfə bizə yeni simalardan Vidadi Həsənov, Sənubər İsgəndərli, Tural Əhmədov qoşulacaq. Onlardan əlavə, sürpriz simalar da gözlənilir."Ata ocağı” serialında bu mövsüm həm əyləncəli, həm duyğusal xətlər yer alacaq. Serial sentyabrın ikinci həftəsində nümayiş olunacaq. Çəkilişlər davam edir. Sözügedən serialda mövsüm sonunu maraqlı bir konfliktlə bitirmişdik və ümid edirik ki, hər kəs çox maraqla bu mövzunun davamını gözləyir. Bizim qəhrəmanlarımız düşdükləri vəziyyətə görə qərar verməyə çətinlik çəkəcəklər və gözləmədikləri anda böyük konfliktlərin mərkəzinə düşəcəklər. Ailə içərisində qarşıdurmalar yaranacaq və bir çox xarakterlərin mənfi tərəfləri üzə çıxacaq. İlk mövsümdə Elçin adlı obrazımız mövsümün sonunda Türkiyəyə təhsil almağa getmişdi. O, bir mövsüm bizimlə olmadı, indi Elçin xarakteri böyük sürprizlər və hekayələrlə geri dönür. Ümidliyik ki, bu mövsümdə çox böyük reytinqlər toplayacağıq”.

"İki serialı birləşdirdik”
"Xəzər” telekanalında yayımlanan komediya seriallarının baş rejissoru Ramin Hacıyev yeni mövsümdə tamaşaçıları bol gülüş və maraqlı mövzularla ekran başına cəlb edəcəklərini bildirdi: "Dünəndən "Xalxın evi” serialının çəkilişlərinə başladıq. Bu mövsüm də çox maraqlı olacağıq. Əvvəlki mövsümdə rol alan bəzi aktyorlarla vidalaşdıq və bununla bərabər, seriala yeni aktyorlar da cəlb etdik. "Xalxın evi”-ndə Lələş obrazını canlandıran Məcid Hüseynov, Bakirin sevgilisi Tanya ilə vidalaşdıq. Çəkiliş məkanımızı dəyişdik. Belə ki, ötən mövsüm hadisələr Xızıda cərəyan edirdisə, bu dəfə çəkilişləri Qobustanda aparacağıq. Serial sentyabrın 15-də, bazar günü saat 20:00-da nümayiş olunacaq. "Ay yay yay” serialına gəlincə isə bu serial da tamaşaçılar tərəfindən sevildi. Ancaq biz yeni mövsümdən bu serialı "Subaylıq sultanlıqdır- Ay yay yay” adı ilə davam etdirəcəyik. Biz bu serialı ötən mövsüm yay serialı kimi nəzərdə tutub çəkirdik. Ancaq çox sevildiyi üçün mövsüm ərzində serialı davam etdirdik. Bu dəfə isə iki yay serialını birləşdirdik. "Ay yay yay” serialından baş qəhrəmanlarımız Nuray və Tural, Ramiz Novruz və Mələk Abbasova bizi tərk etdi. Seriala yeni simalar qoşulub. Burada özüm də aktyor kimi rol alacağam. Mövsümdə dəyişiklik lazımdır ki, maraqlı olsun. Tamaşaçıya eyni məhsul təqdim etməmək üçün ssenarini və aktyor heyətini dəyişmək məcburiyyətində qalırıq. Sözügedən serial da sentyabrın 14-də saat 20:00-da nümayiş olunacaq”.

Ramin Hacıyev qeyd etdi ki, ötən mövsüm "Xalxın evi” serialı reytinq problemi yaşamayıb: "Bu mövsüm də seriallarımızdan gözləntilərimiz yalnız birincilikdir. Serialın baxımlı olması üçün ssenaristlərdən də çox şey asılıdır. Bəzən olur ki, yazılan ssenariyə uyğun aktyor və aktrisa seçimləri edirik. Məsələn, üçün Elgün Hüseynov çox istedadlı aktyordur, ləhcə ilə gözəl danışıq qabiliyyətinə malikdir. Biz ona görə əlavə obraz yaratdıq”.

Yalnız "Qız atası” qalacaq
ATV telekanalında bir neçə komediya seriallarının baş prodüseri olan Elməddin Cəfərov deyir ki, yeni mövsümdən "Qardaşlar”, "Bacanaqlar” serialı yayımlanmayacaq. Belə ki, bu mövsümə yalnız "Qız atası” serialı ilə başlayacaqlar: "Sentyabrın ikinci yarısında "Qız atası” serialımız əvvəlki ampluasında davam edəcək. Hazırda serialın ssenarisi üzərində iş gedir. Yeni mövsümdən seriala yeni aktyor, aktrisa heyəti cəlb olunacaq. Həmin simalarla hələlik razılıq əldə olunmayıb. Razılıq əldə olunduqdan sonra növbəti həftə çəkilişlərə başlayacağıq. "Qız atası” serialından başqa yeni serial üzərində fikir mübadilələri aparırıq. Bu serial digərlərindən fərqli olaraq romantik komediyadır”.
"Əsas obrazların taleyində müəyyən dönüşlər olacaq”
Ötən mövsüm ARB telekanalında yayımlanan və ən çox izlənilən seriallardan olan "Uçurum” bu mövsüm də davam edəcək. Serialın redaktoru, ssenaristi Xanım Aydın avqust ayının 2-dən etibarən yeni mövsüm üçün çəkilişlərə start veridiklərini bildirdi: "Birinci mövsümdə reytinq cədvəlinin ön sıralarında, "Youtube” kanalında daim trenddə olan serial, sentyabr ayından ARB kanalında yayımlanacaq. Yeni mövsümdə əsas ailələrlə yanaşı, yeni ailələr, yeni obrazlar tamaşaçıların görüşünə gələcək. Əsas obrazların taleyində müəyyən dönüşlər olacaq. Sevda və Ayazın taleyini indidən açıqlamaq istəmirəm. Hər halda, çox maraqlı durumlara düşəcək, yenə də uçurumun kənarında hansı addımı atacaqları ilə bağlı tərəddüdlər yaşayacaqlar. Hər ikisinin qarşısında yeni yollar, yeni qismətlər açılacaq. Onların hansı seçimlər qarşısında dayanacaqları, hansı qərarları verəcəkləri, düşünürəm ki, çox maraqlı olacaq. Bundan başqa, tamaşaçıların ötən mövsümdən nigaran qaldığı Çiçək obrazının taleyi bu mövsümün əvvəlində artıq aydınlanacaq. Seriala qoşulan yeni obrazların taleyi də o biri obrazlarla sıx əlaqəyə girərək, yeni hadisələr yaradacaq. Serialın gedişatı və sonu haqqında bundan başqa heç bir şey danışmaq istəmirəm. Bütün izləyicilərimizi isə salamlayır, yeni mövsümdə də bizimlə qalmağı arzu edirəm. Biz tam heyət olaraq onlardan ötrü ürəklə çalışır, gördüyümüz işə ruhumuzu, sevgimizi qoyuruq”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər