• cümə, 29 Mart, 04:51
  • Baku Bakı 7°C

Rejissor kimi insanlara çox söz deyə bilərəm Müsahibə - Fotolar

29.01.14 11:20 2988
Rejissor kimi insanlara çox söz deyə bilərəm Müsahibə - Fotolar
Müsahibim gənc kinorejissor, “Zaman donsa”, “Empatiya”, “ Fobia” sosial roliklərinin və “Piyada” filminin rejissoru Daniel Quliyevdir. Yaradıcılığa yeni başlayan Daniel ilə gənclərin bu gün kinoya olan marağından, filmlərin çəkiliş prosesindən və yeni nəslin bu sahədə özünü nümayişindən danışdıq. Daniel söhbət əsnasında gənclərin bu gün film çəkmək üçün böyük maliyyəyə ehtiyac duyduğunu qeyd etdi.
Onun sözlərinə görə, bu gün film çəkmək üçün yaxşı ssenari və maliyyə əsas şərtlərdəndir: “Əvvəllər animasiya hazırlamaq istəyirdim, çünki bu sahəyə böyük marağım var. Gördüm ki, animasiya filmi çəkmək üçün bizdə texnologiyalar o qədər də inkişaf etməyib. İnsanlara fikrimi daha asan yolla çatdırmaq üçün kinoya üstünlük verdim. Çünki rejissor kimi insanlara daha çox söz deyə biləcəyimi düşündüm”. Ötən il “İlin gənc kinematoqrafı” müsabiqəsində ilin ssenaristi seçilən, “Qələmdən kadra-2” film festivalında ən yaxşı rejissor adına layiq görülən Daniel hazırda bir neçə ssenari üzərində işlədiyini, ancaq bunun üçün maddi çətinlik çəkdiyini bildirdi.
İlin gənc ssenaristi

- İlin ən yaxşı ssenarisi olan “Piyada” filmini çəkməklə insanlara hansı mesajı çatdırmaq istəyirdin?

- Bu film mənim diplom işimdir. Filmin ssenaristi, rejissoru və operatoru da özüməm. Çəkilişlərə başlayarkən onu festivallara da göndərməyi nəzərdə tutmuşdum. Ssenarini 3-cü kursda oxuyarkən yazmışam. Yazarkən üzərində elə də çox fikirləşmədim, çünki maraqlı ssenarinin olduğunu düşünüb, diplom işim üçün saxladım. Diplom işi barədə düşünəndə ssenariyə baxdım, gördüm ki, orada çox əskikliklər var. Filmdəki obrazları canlandıran qəhrəmanları beynimdə götür-qoy etdim. Bu barədə çox çətinlik çəkdim. Filmim üçün peşəkar, sənətdə sözünü demiş aktyorlara müraciət etmək ağlıma belə gəlməzdi. Komanda ilə bu barədə müzakirələr etdik və belə qərara gəldik ki, bu işi peşəkarlara həvalə edək. Düzünü desəm, buna ümidim də yox idi. Amma ən son ölən ümiddir, deyirlər (gülür). Bu işdə adətən peşəkarları inandırmaq bir az çətin olur. Gənc bir rejissorun filmində peşəkar aktyorlara maraqlı bir ssenarinin olacağını və onun uğur qazana biləcəyini inandırmaq bir az çətindir. Ssenarini götürüb peşəkar aktyor, müəllimim Məmməd Səfaya yaxınlaşdım və bu ssenariyə uyğun diplom işi çəkmək istədiyimi dedim. Səfa müəllim məsələni biləndə filmimdə çəkiləcəyini, ancaq pul götürməyəcəyini söylədi.
- Filmin ideyası nə idi?

- Burada əsas məsələ cəmiyyətin fərdlərə olan təsiridir. Adətən insanlar kənarda eşitdikləri xəbərə daha çox inanırlar. Biz çox zaman valideynlərimizin övladları ilə açıq olmamasının və övladlarına soyuq davranmalarının şahidi oluruq. Ailədən kənar insanlar hər zaman başqalarının məsələlərinə qarışır, onlar haqqında danışırlar. Ssenarini də bundan təsirlənib yazmışdım. Hazırda beynimdə bir sıra ssenarilər var. Onları da zaman keçdikcə filmlərimdə əks etdirməyi düşünürəm. Düşünürəm ki, çəkilən hər hansı film təkcə ideya ilə kifayətlənməməlidir. Filmin çəkilməsində əsas ssenari və maliyyə olduğu kimi, komanda da ən vacib şərtlərdəndi. Yaxşı film çəkmək üçün yaxşı komanda yığmalı və çəkiliş zamanı ehtiyatlı olmaq lazımdır.
- Nə layihələrdir?

- Onlar haqqında indi danışacamsa, onda film çəkməyimin mənası qalmaz. Yəni film hazır olduqda insanlar tərəfindən maraqsız şəkildə qarşılanar.
Ən yaxşı rejissor

- Səncə, yaradıcılığa yeni başlayan gənc rejissorlara bu gün dəstək varmı?

- Bu suala cavab verməyə çətinlik çəkirəm. Ümumiyyətlə, Azərbaycanda bu sahənin inkişafı var, ancaq... Kinoda canlanmanı, inkişafı görəndə biz daha çox ümidlənirik.
- İki sosial rolik hazırlamısan, onların mövzusu barədə danışmağını istərdim.

- Biri “Zaman donsa”dır ki, orada ailə problemlərindən bəhs edilir. İkinci rolik isə “Empatiya”dır ki, orada mən Empatiya sözünü izah etməyə çalışmışam. Burada söhbət insanın başqasının dərdini başa düşüb, özünü onun yerinə qoymasından gedir. Sosial rolikdə qardaşla bacının münasibətini göz önünə çəkərək onların empatiyasını göstərməyə çalışmışam. Qardaş xəstədir, onun saçları tökülür, bacısı çarə axtarır. Onların cəmisi 5-6 yaşı var. Kiçik qızcığaz yağış yağanda görür ki, solmuş gül yenidən dirçəlir və daha da qol-budaq açır. Evə gedib, qardaşını yağışın altına çıxarır ki, saçları yerinə gəlsin, qardaşı da sağalsın.
- “Qələmdən kadra-2” film festivalında ən yaxşı rejissor işinə görə mükafat qazandın. Filmin ideyası nədən ibarət idi?

- Həmin film Qarabağ mövzusunda idi. Film “Fobia” adlanır. Dostlar özləri üçün əylənərək, güləşirdilər. Yıxılan oğlanın gözü qarşısında həmin an xatirələri canlanır. O, xatırlayır ki, Qarabağın işğalı zamanı atası onu qorumaq üçün üstünə yıxılıb, həlak olmuşdu. Həmin gündən sonra oğlan qorxu keçirir, tez- tez boğulur. Bu film qısa sosial rolik idi. Festivalda ən yaxşı rejissor adını aldı.
- Gənc rejissor olaraq gələcəkdən nələr gözləyirsən? Hər gənc kimi Hollivuda gedib, “Oscar”ı almağı arzulayırsan?

- Arzularımın içində “Oscar” mükafatını almaq da var. Ancaq belə bir söz də var: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa” (gülür). Filmlərimiz 20 il sonra da bu şəkildə davam edərsə, yəqin o mükafat bizim həyatımızda elə arzu kimi də qalacaq. İstəyirəm ki, filmlərimi özümə layiq bir şəkildə dünya festivallarında tanıdım. Filmlərim yaxşı rejissor işinə, ssenarisinə görə seçilsin və fərqlənsin. Bunlar bir neçə ilin işi deyil, o səviyyəyə çatmaq üçün də vaxt lazımdır. Hazırda əlimdə yaxşı ssenarilər var. Əgər bilsəm ki, bu filmləri heç bir maddi çətinlik olmadan çəkə biləcəm, onu ərsəyə gətirib, festivallara göndərərəm. Həmin filmlər də səviyyəli müsabiqələrdə yer qazanar. Amma çəkdiyim filmlərə maddi dəstəyin olması üçün rejissor kimi özümü göstərməyimin vacibliyini də başa düşürəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər