• cümə axşamı, 18 aprel, 21:32
  • Baku Bakı 21°C

Rejissor ən yaxşı aktyordur - Kino

17.04.15 08:40 4705
Rejissor ən yaxşı aktyordur - Kino
“Gənclik qəzeti”nin bu həftəki qonağı gənclərin sevimlisi olan “Eks Bacanaqlar” serialından Məhəbbət kimi tanıdığımız “Qız atası”, “Eks Bacanaqlar” seriallarının rejissoru Ramin Hacıyevdir. Onun çəkdiyi seriallar uzun müddətdir ki, reytinqlərdə birinciliyi qoruyub-saxlayır.
Daha çox aktyor kimi tanınan qonağımız sevilən obrazını - Məhəbbəti qarşıda gözləyən macəralardan danışdı. Onun sözlərinə görə, Məhəbbət bu mövsüm Sevda ilə deyil, Lalə ilə eşq macərası yaşayacaq.
- Ramin bəy, yeni çəkilən komediya filmlərini bir rejissor kimi necə qiymətləndirirsiniz?

- Yeni çəkilən komediya filmlərinin bir çoxunu izləmişəm. Oradakı aktyorların oyunu, obraza girməyi, texniki keyfiyyətləri hamısı ayrı-ayrılıqda bir mövzudur. Açığını desəm, çəkilən iki-üç komediya filmini daha çox bəyəndim. Onlardan “Xoxan”, “My name is İntiqam” və “Bozbash Pictures”i konkret olaraq deyə bilərəm. Ancaq fikirlər müxtəlifdir. Əgər mən bəyənmirəmsə, bu o demək deyil ki, komediya janrında çəkilən filmləri heç kim bəyənmir. Əslində, komediya filmlərinin çəkilməsi çox müsbət bir haldır. Film sektorunda birdən-birə inkişaf olmur. Yavaş-yavaş çəkərək, səhvi-düzü öyrənərək komediya filmlərimiz də inkişaf edəcək. Nə qədər çox komediya filmi çəkilsə, bir o qədər yaxşıdır. Filmlərin zamanın süzgəcindən keçərək daha da keyfiyyətli olacağına inanıram. Nəticədə ortaya tamaşaçının istədiyi məhsul çıxacaq.
- Rejissorlar daha çox komediya janrına müraciət edirlər. Nədənsə dram janrına üstünlük verənlər azlıq təşkil edir.

- Məncə, bu, dəbdir. Komediya filmlərinə bu dəbi “My name is İntiqam”, “Xoxan” gətirdi. Onlardan sonra komediya filmləri çəkilməyə başladı. Tamaşaçının kifayət qədər dərdi var. Onları bir az da olsa əyləndirmək və problemlərdən uzaq tutmaq üçün komediya filmi çəkmək lazımdır. Bəlkə də məhz bu səbəbdən rejissorlar daha çox komediya janrına üstünlük verirlər.
- Bəlkə digər komediya filmlərindən əldə olunan gəlir rejissorları şirnikləndirir?

- Bu da ola bilər. Amma hər halda tamaşaçı kinoteatra filmi izləməyə gəlirsə, film öz tamaşaçısı ilə xərclədiyi büdcəni ödəyirsə və daha da artıq gəlir əldə edirsə, bunun özü bir uğurdur. Əgər film baxımlı olmasa, əlbəttə ki, tamaşaçı onu izləməyə gəlməzdi.
- Sizcə, rejissor yaxşı aktyor ola bilərmi?

- Hesab edirəm ki, rejissor ən yaxşı aktyordur. Çəkiliş məkanında ən gözəl aktyor, işıq ustası, montajçı, operator məhz rejissorun özüdür. Əgər rejissor bütün bunları bilməsə, çəkdiyi film də çox keyfiyyətsiz və effektsiz olar. Aktyora girdiyi obrazı tam olaraq başa salmaq üçün rejissor özü də bir aktyor olmalıdır.
- Çəkdiyiniz komediya janrlı seriallar çox reytinq gətirir. Bəlkə özünüzü dram janrında da sınayasınız?

- Rejissorun daxilində nə varsa, çalışır ki, onu ekranlara gətirsin. Mənim daxilimdə yumor var deyə, komediya filmlərini çəkməyə çətinlik çəkmirəm. Rejissor hər bir janrda çəkməyi bacarmalıdır. Qeyd edim ki, komediya rejissoru daha təsiredici ola və insanların qəlbinə birbaşa yol tapa bilər. Yəni komediya rejissoru dram janrında daha gözəl film çəkə bilər. Çünki yumor hissi ilə zəngin olan insanın daxili hər zaman kövrək olur. Hesab edirəm ki, komediyaya üstünlük verən rejissorlar dram janrını daha yaxşı anlayar. Sadəcə olaraq, mən dram janrında serial çəkmək istəmirəm. Gələcək planlarımda da belə bir şey yoxdur.
- Bir zamanlar Məhəbbətin dilindən düşməyən “Ay dünya” replikası indi dəbdən düşməyib ki?

- Ola bilər ki, “Ay dünya” dəbdən düşsün. Ona görə də hazırkı vəziyyətdə o sözü çox az istifadə etməyə çalışıram. Bizim ssenaristlərimiz indi bir çox maraqlı replikalar düşünürlər. O sözü başqası ilə əvəz etməyə çalışırlar. “Ay dünya” replikası tamaşaçı tərəfindən çox gözəl qarşılandı və davamlı oldu. Bu replikanın qıcıq verməməyi üçün ondan çox az istifadə edirik. Ssenaristlərimiz daha maraqlı, daha gülməli replikalardan istifadə edirlər.
- “Bacanaqlar” serialı Azərbaycanda ən uzun serial sırasına daxil oldu. Bu layihəni dayandırıb başqa serial çəkməyi düşünmürsünüzmü?

- Bəli, uzun müddətdir ki, efirdəyik və hər dəfəsində tamaşaçıların qarşısına müxtəlif dəyişikliklər edərək gəlirik. Hazırda “Eks bacanaqlar” adı ilə yayımlanırıq. Bunun özü bir dəyişiklikdir. Ən baxımlı serial olmaqla bərabər, həm də tamaşaçı kütləsinin bizə olan reaksiyasından hər şeyi öncədən təyin edə bilirik. Hələ ki bu seriala tələbat var və baxılır. Biz tamaşaçıya köhnə “Bacanaqlar”ı olduğu kimi təqdim etmirik. Hər dəfə özümüzü və truppamızı yeniləməyə çalışırıq. Mövzunu elə dəyişirik ki, tamaşaçı yorulmasın.
- “Eks bacanaqlar” serialında Məhəbbət Sevdanı nə üçün bəyənmir?

- Sevdanı Məhəbbətə ssenaristlərimiz bəyəndirmir. Məhəbbət bir müddət Sevdanı bəyənirdi, hətta sevirdi də. Ola bilər ki, Məhəbbət yenidən gələcəkdə Sevdaya vurulsun. Ssenaridə konflikt olduğu üçün Məhəbbət Sevdanı bəyənmir. Əgər onlar daim bir-birini bəyənsələr, onda serialın heç bir marağı olmaz.
- Sevda da yazıqdır axı…

- Yazıq-filan deyil. Ona nə olursa, yaxşı olur (gülür).
- Bəs Lalənin axırı necə olacaq?

- Lalənin sonunun necə olacağı bizə də maraqlıdır. Keçən mövsüm Sevdanın hamilə olmağını qabartmışdıq, bu dəfə isə Məhəbbət gözü görə-görə Lalənin Sevda olduğuna inanmır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər