• cümə axşamı, 18 aprel, 16:22
  • Baku Bakı 22°C

Rejissor aktrisanı rəzil də edər, vəzir də Müsahibə

06.09.13 12:05 2528
Rejissor aktrisanı rəzil də edər, vəzir də Müsahibə
Son bir aydır ki, Türkiyə film sənətinin məşhur simalarından olan Bergüzar Korel və Halit Ergencin başına gələn hadisələr Türkiyə mətbuatının maraq obyektinə çevrilib. Belə ki 5 il bundan öncə yayımlanan “Binbir gece” serialında Bergüzar Korelin oğlu Kaan rolunu oynayan kiçik aktyorun ailəsi filmi çəkən şirkəti uşaqlarını sığorta etmədikləri üçün məhkəməyə vermişdi.
5 il davam edən məhkəmədə Bergüzar Korel və Halit Ergencinin uşağın həmin serialda sığortasız olaraq iştirakının əsas şahidləri olaraq dindirilməsi mətbuatın müzakirə obyektinə çevrildi. Üzərindən bir müddət keçdikdən sonra Türkiyədə “Gezi parkı” aksiyasında iştirak edən cütlük sosial şəbəkədə və mediada terrorçular kimi qələmə verildi. Hazırda isə aksiyada iştirakına görə sosial şəbəkədə iki məşhur sənətçinin övladına ölüm arzulanır. Bu da məşhur sənətçilərə mənəvi-psixi cəhətdən çox pis təsir göstərib. Bergüzar Korel Türkiyə mətbuatına müsahibə verərkən bu məsələyə toxunaraq həmin şəxsləri məhkəməyə verəcəklərini söyləyib.
Bundan əlavə, türk vətəndaşları Bergüzar Koreli Türkiyənin məşhur aktrisası olan Tuğba Büyüküstünün reklam üzü olduğu şirkətlə müqavilə bağlayaraq onun işini əlindən almaqda ittiham edirlər. Aktrisa müsahibəsi zamanı belə halların hər kəsin başına gələ biləcəyini söyləyib. Qeyd edək ki, Bergüzar Korel “Binbir gecə”, “Bitmeyen şarkı”, “Karadayı” serilallarının baş rol ifaçısı kimi hər kəsin yaddaşlarına həkk olunub.
“Sən aktrisa olmayacaqsan”
- Bergüzar xanım, 31 yaş aktrisa üçün nə deməkdir?
- Gənc yaşlarımda “30 yaşın olandan sonra hər şey bambaşqa olacaq” kimi fikirləri tez-tez eşidirdim. Doğrudan da 30 yaşa qədəm qoyduqda hər şeyin dəyişdiyinin şahidi oldum. Hazırda isə “indiki ağlım olsaydı” cümləsini daha çox işlədirəm. Bu yaşa qədər başım işlərimə o qədər qarışıb ki, özümü unutmuşam. Artıq özümə çox önəm verirəm və daha çox zaman ayırıram. Gəncliyim sürətlə gəlib keçdi. Gənc yaşımda tanındım, evləndim, 27 yaşında ana oldum. İndi isə aktrisalığıma davam edib, Allahıma şükür edirəm.
- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Övladım olduqdan sonra sanki həyatım dəyişdi. Əvvəllər qadın kimi deyil, oğlan uşağı kimi idim. Övladım Əlidən sonra güzgüdəki gördüyüm Bergüzar Koreli daha çox sevdim.
- Həyatınızda ilk dəfədir ki, aktiv şəkildə idman edirsiniz. Bu nə ilə əlaqədardır?
- Məncə, bunun yaşla böyük əlaqəsi var. 25 yaşımda mənə “idman et” deyənlərə “bu yaşdan sonra bədənimdə nələr dəyişəcək” deyərdim. Ancaq Burcu Kuş mənim bu fikirlərimi köklü surətdə dəyişməyimə nail oldu. Artıq onunla çalışıram. Sürətli şəkildə idman mənə yaxşı təsir göstərir.
- Müsahibələrinizin birində uşaqlıqdan bu sənətə marağınızın olmadığını söyləmisiniz.
- Bəli, heç zaman gələcəkdə aktrisa olacağam deyə xəyal qurmamışam. İdealın aktrisa olmaq deyildi. Ana olduqdan sonra anladım ki, bu, genlə bağlıdır. Evdə danışılanlar, evə gələn insanlar, valideynlərimin bütün günü oxuyub, yazıb, oynaması mənə öz təsirini göstərib. Atam mənim aktrisa olmağımı istəmirdi. Hər zaman “Sən aktrisa olmayacaqsan” deyirdi, çünki özü kimi mənim də kədərlənməyimi, çətinlikləri görməyimi istəmirdi. Yenə də həyatımda təəccübləndiyim hadisələr baş verdi. Çox çətinliklər çəkdiyim, özümü tənha his etdiyim günlər keçirdim.
Mən buyam
- “Karadayı” serialı sizin aktrisalığınızın hansı dönəmlərinə təsadüf edir?
- Açığını desəm, bu serial çəkilənə qədər çox ümidsiz idim. Aktrisalıq qabiliyyətimdə bir problem var deyə düşünürdüm. Ümumiyyətlə, hansısa obrazı canlandırarkən ağır hisslər keçirirəm. Fəridə obrazını canlandıran zaman obrazın içinə girirəm, ancaq heç cürə insanları xoşbəxt edə bilmirəm. Oyun tərzim barədə hər kəsdən mənfi təəssüratlar eşidirdim. “Karadayı” serialında mənə sanki sehrli dəyənək toxundu. Anladım ki, hər şey bir az təcrübə, bir az da işlədiyim insanlara özünü təslim etməkdən keçir. “Karadayı” serialının yaradıcı heyəti sayəsində özümü tapdım. Bu günə qədər çalışdığım heç bir qrupla problem yaşamadım. Ancaq onu da qəbul edək ki, rejissor aktrisanı rəzil də edər, vəzir də. Serial çəkilərkən yaradıcı heyətdəki yazıçıdan tutmuş, çay servisində işləyən insanlara qədər hər kəs aktrisanın oyun tərzinə təsir edir. Bu günə qədər aktrisalığımı bəyənməyənlər indi yolda dayandırıb məndən üzr istəyirlər.
- Bəs, “özümü isbatladım” deməyi nə zaman düşünürsünüz?
- Artıq demişəm. Bunu özümə isbatlamışam. Kimsə mənim aktrisalığım barədə mənfi bir söz dedikdə ürək döyüntülərim artır, nəfəsim daralır. Həmin an fikirləşməyə başlayıram. Hər kəs bir-birilərini anlamaq, sevmək və hiss etmək məcburiyyətində deyil. Mən buyam. Sadəcə yaxşı bir insan olmağa çalışıram.
- Serialda hakim xanım rolunu canlandırırsınız. Obrazınızın hansı xüsusiyyətləri sizi daha çox cəlb edir?
- Fəridə ilə hakim xanımın arasında bir-birinə zidd olan çox şey var. Fəridə bir deputat qızıdır, mən isə Tanju Korelin qızıyam. İkimizdə də özümüzü göstərmək həyəcanı var. Obrazımın psixologiyası hər zaman problemsiz olmaq istəyidir. Fəridə atasının üzünü qara çıxarmamaq üçün hər gün çalışır. Bu psixologiya ilə Fəridə çox yorulur. Daima daxilində mübarizə aparır.
- Çəkiliş məkanında Kənanla işləməkdən razısınızmı?
- Kənan rəhmətlik atama çox bənzəyir. Kənan kimi insanı idarə etməyi çox yaxşı bilirəm. Sanki onun içində kiçik bir uşaq var. Mənim daxilimdəki uşaq heç böyümədiyi üçün onunla bərabər oyun oynayırlar.
Səs tonundan qorxuram
- Sizin sərt, soyuq və hər an qəzəbinizi kimlərinsə üstünə tökə biləcəyiniz bir tərziniz var.
- Bəli. Bunu mənə çoxları deyib. Çevrəmdəki insanlar mənə hörmət edir. Çünki mən də ilk tanış olduğum andan etibarən hər kəsə böyük ehtiramla yanaşıram. Mənim üçün hər kəs əvvəlcə “siz”dir. Çayımı gətirən insan da, baş rejissorum da. İnsanlarla səmimi olmağa çalışıram. Ancaq onlarla bayağı zarafatlar etmirəm. Yaxşı niyyətimdən istifadə edildiyini hiss etsəm, üzüm dönür. Yanımdakı insanlarla mənə səviyyə fərqi edərlərsə, yanımda azyaşlı uşağa şiddət göstərərlərsə, birini təhqir edərlərsə, o vaxt əsəbiləşirəm və əsəbiləşdikdə isə refleks olaraq qaşlarım qalxır.
- Qeyd etdiniz ki, azyaşlı uşaqlara təzyiq göstərilməsini sevmirsiniz. Mətbuatda sizin övladınıza qəzəbli şəkildə qışqırdığınız xəbəri yayımlanıb və görüntülənmişdi.
- Bəli. Bu xəbər məni çox əsəbiləşdirmişdi. Həmin gün dükanların birindən özümə ayaqqabı alırdım. Hazırda övladım Əlinin həyatında yenilik qəbul etmədiyi bir dönəmdir. Yəni saçını kəsdirmir, köhnə geyimləri ilə dolaşır. Məni də özünə aid bir hissə hesab etdiyi üçün mənim də özümə yeni bir şey almamı istəmədi və məni vurdu. Mən də onu hədələdim. Əslində, biz aramızda heç bir zaman belə bir şey yaşamamışıq. Ona əlimi göstərərək dedim ki, “bu etdiyini unutmayacağam, evə gedək, bunu danışacağıq”. Mətbuat həmin anı görüntüləyib, Bergüzar Korelin övladını döydüyümü söylədi. Filmlərdəki aktrisalıq vəzifəmi kənara qoyub, hər kəs necə bir ana olduğum barədə mənə suallar verməyə başladı. Mən anayam, hər mövzuda nəsihət qəbul edərəm. Ancaq analığım mövzusunda əsla. Oğlum mənim ən həssas nöqtəmdir. Həyatdakı hər şeydən, hətta özümdən belə çox düşündüyüm bir canı mən incitməyə qıyarammı? Anaların da xəta edə bilmə qabiliyyəti olduğunu düşünürəm. Analarımız bizi belə böyütdü. Hər şeyi öz axarına buraxmaq lazımdır. Analıq heç bitməyən bir günahkarlıq duyğusu və vicdan əzabıdır. O elə bir duyğudur ki, insan davamlı olaraq özündə nəyinsə çatışmadığını hiss edir.
- Həyat yoldaşınız Halit Ergənc də övladına daha çox meyillidir.
- Bəli, çox şanslı insanam ki, onunla tanış olduğum ilk andan etibarən hər zaman yanımda olan bir həyat yoldaşım var. Övladımızın hər problemini birlikdə həll edirik. Oğlum mənə aşiqdir, ancaq atası ilə tamam başqa bir dialoqu var. Halit Ergənc oğlumun idealıdır və mən bundan çox xoşbəxtəm. Halit onunla daha çox dost kimidir. Oğlum nəyi səhv edərsə, Halitin səs tonu ona bəs edir. O səs tonundan mən belə qorxuram.
- İki starın evli olmasının ən gözəl tərəfləri hansılardır? Bir-birinizdə ən çox nəyi sevirsiniz?
- O çox səbirlidir. Eyni şeylərə kədərlənib, eyni şeylərə gülürük. Həftə sonunu həyəcanla gözləyirik. Gün bitəndə həmin günün necə tez gəlib keçdiyinə kədərlənirik.
“Müsəlman bir türk qadınıyam”
- “Gezi parkı” aksiyasında ən çox adı keçən məşhurlar sırasındasınız. Bu aksiyadan nələr öyrəndiniz?
- Buna görə başımız çox bəlalar çəkdi. Twitterdən gündə neçə insan “övladın ölsün” yazır, bilirsinizmi? Yazdıqları sözə görə də həmin şəxsləri məhkəməyə verəcəyəm. Mən o aksiyaya getməklə insanların fikirlərini istədikləri kimi ifadə edə bilmələrini müdafiə etdiyimi göstərmək istədim. Hadisələrin baş verdiyi gün ideoloji və ya siyasi düşüncə ilə deyil, oraya sadəcə olaraq bir vətəndaş kimi getdim. Din, dil, irq, fikir ayrılıqları və fərqli düşüncə sahiblərinin bir-birlərinə hörmət göstərmələri lazım olduğuna inanıram. Mən müsəlman bir türk qadınıyam. Amma dinsiz, Allahsız terrorçu olmaqla günahlandırıldım. Əsla heç bir ideologiyanın arxasınca getmədim və getmərəm də.
Hazırladı: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər