• çərşənbə axşamı, 16 aprel, 15:58
  • Baku Bakı 19°C

Rəhbərlə peşəkar əlaqəni necə qurmalı?

23.09.16 12:03 2678
Rəhbərlə peşəkar əlaqəni necə qurmalı?
Peşəkar həyata yeni başlayan gənclərdən aldığım əsas suallardan biri "Rəhbərlərinizlə peşəkar əlaqələrinizi necə qururdunuz?” sualıdır. Bir insanın ümumilikdə peşəkar həyatında və xüsusilə də seçdiyi peşə və karyera inkişafında ən böyük rol məhz elə rəhbərinə aiddir.
İlk öncə bunu qeyd etmək istəyirəm ki, işləyəcəyim yer seçimində ən vacib meyar rəhbərimin kim və necə insan və rəhbər olması olub. İş həyatına yeni başlayanda rəhbərimin kim olması mənim üçün ona görə vacib idi ki, təcrübə toplayacağım rol-model insan o olacaqdı və təcrübəmin maksimum doğru olmasını istəyirdim. İdarəçi olduqdan sonra yenə də seçim meyarı eyni qaldı və səbəbi də çox sadədir: məni şirkətə rəhbər olaraq gətirən qurum sahibi mənə qərar qəbul etmək kimi vacib mövzularda kifayət qədər sərbəstlik verməklə bərabər mənim atacağım uzunmüddətli addımlar və alacağım qərarların sonucunu da görə bilməlidir. Əks halda biz bu insanla fərqli dillərdə danışmış olacağıq.
İşlədiyim yer və sahədən, vəzifəm və tutduğum pozisiyadan asılı olmadan hər zaman rəhbərlərimlə əlaqələrimdə bəzi əsas qaydalar vardı:
-Daim əlaqələrdə rəsmi və məsafəli olmuşam. Rəhbərim mənimlə zarafat belə etsə, gülürdüm, ancaq heç bir zaman eyni tərz zarafatı onunla və ya onun yanında etməzdim;
- Hər zaman hörmətlə yanaşıram, heç bir zaman kənar insanlar içində onu tənqid etmərəm;
- Heç bir zaman insanlar içində mübahisə etmərəm. Fikir ayrılığı varsa və ya fərqli düşünürəmsə, razı olmadığım məqamları və sözümü mütləq təklikdə deyirəm;
- Mənə verdiyi tapşırıqları tam yerinə yeitməyə çalışmaqla bərabər verdiyi sualların cavablarını hər zaman alternativlərlə verirdim. Qarşıya bir problem çıxanda həlli yollarını də özüm öncədən düşünürdüm və rəhbərə problemi deyəndə həlli yollarını da deyirdim;
- Daha da çox işləmək lazım olan dövrlərdə heç bir zaman etiraz bildirmirdim – şirkət və komanda mənim üçün ailədirsə, demək, belə də olmalıdır;
- Daim rəhbərlərimdən nələrisə öyrənməyə çalışırdım. Bədən dili, davranışlar, insanlarla ünsiyyət, danışıq tərzi, qərar vermə mexanizmləri və əsasları. Ən əsası isə durmadan bu mövzularda suallar verirdim;
- İllərlə davranış və yanaşmam dəyişməz. Diqqət edin: rəhbərinə birbaşa müraciət edəndə əməkdaşlar ona "Rasim müəllim” deyərkən, onun kabinetindən çıxdıqda onun haqqında danışanda tərz dəyişir: "Rasim mənə dedi ki... " Bu, ən azından etik deyil. Mən BÜTÜN keçmiş rəhbərlərimə eynən əməkdaşları olduğum dövrdəki kimi davranıram və əksəriyyətini vəzifəm və pozisiyam baxımdan keçsəm də, bu gün belə onları görəndə onların işçisi imiş kimi davranıram: görəndə və salamlaşanda mütləq qalxıram, "müəllim, bəy” deyə müraciət edirəm, çox diqqətli davranıram və illər öncə olduğu kimi böyük hörmətlə danışıram, çünki onların mənim üzərimdə haqqı çox böyükdür.

Bir ümumi məsələni də qeyd etmək istəyirəm: mənim bu gün peşəkar idarəçi olmağımda mənim rəhbərlərimin böyük rolu və payı olub. Onlara məni yetişdirdiklərinə, zaman və enerji xərclədiklərinə görə ÇOX minnətdaram.
Fəxri Ağayev, peşəkar idarəçi


banner

Oxşar Xəbərlər