• şənbə, 20 Aprel, 17:48
  • Baku Bakı 23°C

Regionun ən yaxşı tərəfdaşı və investoru - Azərbaycan

22.10.18 18:15 530
Regionun ən yaxşı tərəfdaşı və investoru - Azərbaycan
Ötən həftə Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edir. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan "Petkim"i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 milyard dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25 faizdən çoxunu təmin edəcək.Onu da qeyd edək ki, bu hadisə tək iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir: "Bu zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividentlər vəd edir. Çünki Türkiyə böyük ölçüdə enerji daşıyıcılarını idxal edən bir ölkədir. Bu da iqtisadiyyatın bütün sahələrinin inkişafına mənfi təsir göstərməklə bərabər, Türkiyədə istehsal olunan bütün çeşid malların maya dəyərinin artmasına səbəb olurdu. Azərbaycanın dövlət şirkəti olan SOCAR vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir. Belə ki, zavodda hər il 5 milyon ton dizel yanacağı istehsal olunacaq. Bu da Türkiyənin xaricdən idxal etdiyi dizel yanacağının 40, mayeləşdirilmiş qazın isə 70 faiz aşağı düşməsinə gətirib çıxaracaq və nəticədə qardaş ölkənin iqtisadiyyatına yeni dinamizm gətirəcək. Əlbəttə ki, bu layihələr Azərbaycan iqtisadiyyatına da 100 milyonlarla xarici valyuta qazandıracaq, həm də Türkiyənin enerji bazarındakı yerimizi və rolumuzu daha da möhkəmləndirəcəkdir.Bundan başqa, "Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq ki, bu məhsullar da Azərbaycanın inşa etdiyi "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəməklə, bu zavodun da fəaliyyətinin təmin olunması üçün bir növ xammal bazası rolunu oynayacaq”.

H.Məmmədov vurğuladı ki, bütövlükdə bu nəhəng layihə iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradıb. Bu da hələ son deyil. Çünki inşa edilmiş "Star” neft emalı zavodunun potensialı o qədər böyükdür ki, geniş miqyasda Azərbaycan, Türkiyə və Avropaya qədər uzanacaq geostrateji bir rayonda enerji daşıyıcılarının qiymətinin sabitləşməsinə və təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq. Cənab prezident bu böyük layihənin açılış mərasimində çıxış edərkən qeyd etdi ki, "Star” neft emalı zavodunun açılması bir daha onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə uğurla çatırıq.Düşünürəm ki, cəmisi 4 ay bundan əvvəl TANAP layihəsinin açılışından sonra yenidən belə bir müasir istehsalat müəssisəsinin açılması Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisi olmaqla yanaşı, həm də bu əlaqələrin gələcəyini geostrateji müstəvidə təmin edən əsaslardan biri kimi çıxış edir. Əlbəttə ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün örnəkdir. Təsadüfi deyil ki, cənab prezident bu zavodun açılışında çıxış edərkən vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik.Heç şübhəsiz, bu gün Azərbaycan prezidenti tərəfindən atılan addımlar Türkiyə-Azərbaycan münasibətlərini elə bir strateji mərhələyə daşıyıb ki, iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafı üçün də yeni mükəmməl şərtlər formalaşdırıb. Atlan addımlar isə birlik və bərabərliyimizin, o cümlədən strateji müttəfiqliyimizin bundan sonra da davam etdirilməsini təmin edib”.

Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, "Star” neft emalı zavodunun açılışı tək Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə dünya üçün çox əhəmiyyətli hadisədir: "Birincisi, kifayət qədər böyük maliyyə tutumlu bir layihədir. Bu layihənin həyata keçirilməsi ona yaxın ölkənin resurslarını cəlb edir və on minlərlə yeni iş yerləri açılır. Digər tərəfdən, Azərbaycanın artıq bütün sahələr üzrə nüfuzlu bir ölkə olduğu bir daha təsdiqlənir. Ölkəmiz artıq xarici bazarlarda arzuolunan investor qismində çıxış edir. Eyni zamanda Azərbaycanın dost, qardaş Türkiyənin iqtisadiyyatına 6,3 milyard dollar investisiya qoyması ölkələrimizin bir-birinə bağlılığını, daima birgə çıxış etmək istəyini göstərir. Yəni, ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət” çağırışı elə "Star” zavodunun tikilməsində də öz təsdiqini tapır. Bir daha təsdiqlənir ki, ölkələrimiz siyasi, iqtisadi cəhətdən həddən artıq bir-birinə bağlıdırlar. Azərbaycanın Türkiyənin ən yaxın tərəfdaşı olduğu və bu ölkənin maraqlarını hər zaman öndə tutduğu öz təsdiqini tapır”.

A.Mirzəzadə qeyd etdi ki, Azərbaycan bu gün neftdən gələn gəlirlərini qeyri-neft sektoruna yönəltməklə öz potensialını nümayiş etdirir: "Həmçinin bu zavodun açılışı göstərir ki, qonşu dövlətlər mehriban qonşuluq siyasəti yürütməklə -bir-birilərinə faydalı olan çox işlər görə bilərlər. Dünyanı böhran, qarşıdurma, hərbi əməliyyatlar bürüdüyü halda Azərbaycan və Türkiyə birgə addımlar atmaqla stabillik, iqtisadi inkişaf, inam və mehriban qonşuluq mühiti yarada bilirlər. Çox sevindirici haldır ki, bu zavodun açılışı ilə dünyanın diqqəti bir daha Azərbaycana yönəldi. Bununla da beynəlxalq aləm Azərbaycanın güclü bir faktor kimi gündəmə təsir etdiyini qəbul etdi”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər