• cümə axşamı, 25 aprel, 18:58
  • Baku Bakı 21°C

Regionların inkişafında yeni mərhələ başlayıb

31.01.18 10:30 653
Regionların inkişafında yeni mərhələ başlayıb
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət nəticəsində 2004-cü ildən indiyə qədər iqtisadiyyatımız 3 dəfədən çox artıb, yeni-yeni istehsal müəssisələri, 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. 2003-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 14 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min 300 kilometr yol inşa edilib, 443 körpü tikilib, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib və digər lazımi sosial infrastruktur yaradılıb. Nəticədə, Azərbaycandakı işsizlik səviyyəsi dünyada ən aşağı səviyyəyə - cəmi 5 faizə enib. Halbuki, 2003-cü ildə bu göstərici 49 faizə bərabər olub. Əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 14 il ərzində maaşlar beş dəfə, pensiyalar səkkiz dəfə artıb. Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində də ciddi addımlar atılıb, indiyə qədər sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Nağd valyuta ehtiyatlarımız ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin simasını tanınmaz dərəcədə dəyişib, qeyri-neft sektorunun ilbəil tərəqqisinə səbəb olub.
Bütün bu faktlar Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları” konfransında bir daha diqqətə çatdırılıb. Qeyd olunub ki, 2004-2017-ci illərdə Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, bütün sahələrdə ciddi uğurlara imza atılıb. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı qarşıda duran bütün vəzifələr uğurla yerinə yetirilib. Azərbaycan Prezidentinin təəbirincə desək, 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram Azərbaycan regionlarında dönüş yaradıb və bölgələrin sürətli inkişafını təmin edib. Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilib. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdə olub. Misal üçün, 2009-cu ildə Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın "Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilməsini göstərmək olar. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin "Cənub-Cənub” mükafatını alıb və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. Son olaraq isə Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb.
Cari il yanvarın 22-də Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
Təbii ki, ölkədə həyata keçirilən işlərin başlıca məqsədi Azərbaycanın tərəqqisini daha da sürətləndirmək, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır. Regional inkişaf proqramlarının icrasından söhbət açarkən, konkret faktlara istinadla onu da qeyd etmək yerinə düşər ki, son 14 ildə Azərbaycanda 2500 meqavat gücündə 30 elektrik stansiyası tikilib və ümumi generasiya gücü 6400 meqavata çatdırılıb. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idisə, 2017-ci ildə 67 faiz olub.
Ötən illər ərzində dörd su anbarı tikilib, həyata keçirilən meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına güclü təsir göstərib. Beləliklə də həyata keçirilən tədbirlər suvarılmayan torpaqlara həyat gətirib, fermerlər, sahibkarlar üçün əlverişli şərait yaradılıb, kənd təsərrüfatının inkişafına güclü təkan verilib. Başqa sözlə desək, regionlarının inkişafında yeni mərhələ başlayıb. Azərbaycan iqtisadiyyat 14 il ərzində 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracı sahəsində 4,1 dəfə artım var. Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ilin əvvəlinə görə 42 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın böyük valyuta ehtiyatları ölkəyə iqtisadi müstəqillik verir. Azərbaycan tam müstəqil siyasət yürüdür, bütün məsələlərlə bağlı öz mövqeyi var və bu mövqeyi çəkinmədən ifadə edir. On dörd il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun yarısını xarici, digər hissəsini daxili sərmayə təşkil edib. Adambaşına düşən sərmayələrin həcminə görə də Azərbaycan dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayələr göstərir ki, Azərbaycana inam, həyata keçirilən siyasətə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Təkcə 2017-ci ildə Azərbaycana 14,6 milyard dollar sərmayə qoyulub, bu il də həmin həcmdə investisiya yatırılması nəzərdə tutulur.
Sonda vurğulayaq ki, bu gün reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum-Qars kimi nəhəng enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı ölkəmizin üzərinə götürdüyü öhdəliklərin qısa müddət ərzində həll edilməsi, həmçinin 40 milyard dollar dəyəri olan və uğurla reallaşdırılan "Cənub Qaz Dəhlizi” layihəsi də Azərbaycanın uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək. Çünki, Azərbaycanda həyata keçirilən siyasətin strateji hədəfi məhz ölkəni daha da gücləndirmək, vətəndaşların sosial rifahını yaxşılaşdırmaq, dövlətin qüdrətini artırmaq, onun müstəqilliyini möhkəmləndirməkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər