Regionların inkişafı iqtisadiyyatın dayanıqlılığını təmin edir
Prezident İlham Əliyevin
rəhbərliyi ilə 2004-cü ildən uğurla həyata keçirilən regional inkişaf proqramları
nəticəsində ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Ötən 14 il ərzində
yeni-yeni istehsal müəssisələri, 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan
1,4 milyonu daimi iş yeridir. 2004-2017-ci illər ərzində iqtisadi islahatlar
baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.
Son 14 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya
təmir edilib, 12 min 300 kilometr yol inşa edilib, 443 körpü tikilib, 43
Olimpiya İdman Kompleksi istifadəyə verilib və digər lazımi sosial
infrastruktur yaradılıb. Nəticədə, Azərbaycandakı işsizlik səviyyəsi dünyada ən
aşağı səviyyəyə - cəmi 5 faizə enib. Halbuki, 2003-cü ildə bu göstərici 49
faizə bərabər olub. Əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq
idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 14 il ərzində maaşlar beş dəfə,
pensiyalar səkkiz dəfə artıb. Biznesin inkişafı üçün şəraitin yaradılması
istiqamətində də ciddi addımlar atılıb, indiyə qədər sahibkarlara güzəştli
şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Nağd valyuta ehtiyatlarımız
ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20
faizindən azdır.
Bir sözlə, Prezident İlham
Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən uğurla həyata keçirilən
regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin simasını
tanınmaz dərəcədə dəyişib, qeyri-neft sektorunun ilbəil tərəqqisinə səbəb olub.
Regionların inkişafında tamamilə yeni mərhələyə qədəm qoyulub. Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili hesab edir ki, getdikcə
regionların iqtisadi cəhətdən daha da inkişafı və iqtisadiyyatda payının
artması müşahidə ediləcək. O, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan
konfransdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkənin inkişafı üçün
yeni hədəflər müəyyən etməsinə də diqqət çəkib. İqtisadçı millət vəkili
bildirib ki, regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin
edir. Onun sözlərinə görə, hazırda regional iqtisadi siyasətin əsas hədəfləri
regionlarda iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici
sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiq olunması, istehsal və
ixrac imkanlarının genişləndirilməsidir: "Regionların sosial-iqtisadi inkişafı
ilə bağlı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən 14
il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib.
Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə
əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici
sərmayələrin cəlb edilməsi baxımından, infrastruktur baxımından müasir
standartlara tam cavab verir. Azərbaycan regionların tarazlı şəkildə inkişafı
ölkədə inkluziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun
müəyyən etdiyi inkluziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini
göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə
çıxıb. 2017-ci ildə Prezidentin Ehtiyat Fondunun 80%-ə yaxın hissəsi məhz regionların
inkişafına yönəldilib”.
İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov regionların sosial-iqtisadi
inkişafı üzrə dövlət proqramlarını Prezident İlham Əliyevin müəllifi olduğu və
çox uğurla həyata keçirilən mükəmməl iqtisadi strategiya kimi dəyərləndirib.
Millət vəkili vurğulayıb ki, sosial-iqtisadi inkişafa yönəlmiş dövlət
proqramlarının həyata keçirilməsi birbaşa neftdən gələn gəlirlərin düzgün idarə
edilməsi, infrastrukturların yenilənməsi və bütövlükdə ölkə iqtisadiyyatının
inkişafını təmin edib: "İqtisadiyyatımız 14 il ərzində 3.2 dəfə artıb. Bu
nailiyyətlər dövlət proqramlarının icrasının nəticəsidir. Böyük nailiyyətlərin
əsasında Prezident İlham Əliyevin müəllifi olduğu mükəmməl dövlət proqramları
və eyni zamanda, bu proqramların, görülən işlərin və nəticələrin dövlət başçısı
tərəfindən daim nəzarətdə saxlanması dayanır. Prezident İlham Əliyev yanvarın
29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının
dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zaman sosial
məsuliyyətlə bağlı da sahibkarlara öz tövsiyələrini verib. Dövlət sahibkarlar
üçün hər cür şərait yaradıb, onlara güzəştli kreditlər verilir. Dövlətin
dəstəyindən faydalanan sahibkarlar da gərək öz sosial məsuliyyətlərini dərk
etsinlər, kiçik sahibkarlığın inkişafına öz töhfələrini versinlər”.
Milli
Məclisin deputatı Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycanda
həyata keçirilən bütün tədbirlər, xüsusən də iqtisadiyyatın inkişafı ölkə
əhalisinin sosial rifahının yaxşılaşmasına yönəlib. O bildirib ki, görülən
işlər çərçivəsində Azərbaycan məcburi köçkünlərə və qaçqınlara da xüsusi dövlət
qayğısı göstərir və indiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər
üçün 100-dən artıq şəhərcik salınıb: "Prezident İlham Əliyev konfransdakı çıxışında
prioritet istiqamətləri bir daha qeyd etdi, ölkə iqtisadiyyatının çox sürətli
inkişaf dinamikasına diqqəti yönəltdi, qeyri-neft sektorunun inkişafını və
ölkədə aparılan islahatların çox böyük uğurla davam etdirildiyini xüsusi
vurğuladı. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin
yaxşılaşdırılması üçün görülən işlərə də diqqət çəkildi. Sevindirici haldır ki,
dövlət həmişə qaçqın və məcburi köçkünləri diqqətdə saxlayıb, onların sosial
müdafiəsini gücləndirib və bu il də inzibati binalarda, yataqxanalarda,
yarımçıq binalarda, məktəblərdə, sanatoriyalarda yerləşmiş məcburi köçkünlər
üçün yeni qəsəbələr, binalar tikiləcək və onlar mənzillə təmin ediləcək. Bununla
da 2018-ci ildə məcburi köçkünlərin demək olar ki, 80-90 faizə qədərinin mənzil
şəraiti yaxşılaşdırılacaq. Bütün bunlar Prezident İlham Əliyevin uğurla həyata
keçirdiyi iqtisadi siyasətin nəticəsidir. Bu işlərin hamısı ölkəmizin öz
vəsaiti hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Bütün bunlar
onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət, o cümlədən regional
inkişaf proqramlarının icrası, bunun nəticəsində regionlarımızın inkişaf etməsi
ümumilikdə Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə, onun
təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən
dəstəklənir”.
Alpər
TURAN