• cümə, 29 Mart, 18:48
  • Baku Bakı 14°C

“Regiondakı şərtlər yeni addımları diktə edir”

28.07.16 10:53 2204
“Regiondakı şərtlər yeni addımları diktə edir”
Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı türk xalqı və hüquq-mühafizə orqanları tərəfindən uğurla alınandan sonra ölkədə Qərb əleyhinə əhval-ruhiyyə formalaşmaqdadır. Buna səbəb dövlət çevrilişi planının okeanın o biri tərəfində hazırlanması və hadisələrin oradan idarə olunması barədə yayılan məlumatlardır. Bu hadisələrin həm də Rusiya-Türkiyə yaxınlaşmasının daha da sürətlənməsi, Türkiyənin ABŞ-dan uzaqlaşması, NATO-nun parçalanması ilə nəticələnəcəyi barədə informasiyalar da yayılmaqdadır. Bəs, əsl reallıqda necə, NATO dövləti olan Türkiyə bu alyansdan çıxa, Qərbə, o cümlədən Amerikaya və Avropa ölkələrinə arxa çevirə bilərmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Məmmədov mövzu ilə bağlı fikirlərini "Kaspi”yə açıqlayarkən bildirib ki, Türkiyədəki hadisələrə imperializmlə milli dövlətin toqquşması kontekstindən yanaşmaq daha düzgün olar. Millət vəkili deyib ki, XXI əsrdə beynəlxalq münasibətləri diktə edən Qərb imperializmi milli dövlətləri sıradan çıxarır, tarixin səhnəsindən silir. O, bunu çox təəssüfedici tendensiya kimi qiymətləndirib: "Bu hadisələrdə bir sıra beynəlxalq təşkilatlar, hərbi bloklar da gizli şəkildə iştirak edirlər. Bunu açıq şəkildə qeyd etmək gərəkdir. Hazırda NATO və digər Avropa strukturlarının demək olar ki, hamısı Avropa imperializminin idarəetmə, nəzarət mexanizmi rolunda çıxış edirlər. Lakin onlar bunu gizli şəkildə edirlər. O baxımdan mən düşünürəm ki, Türkiyədə baş verən hadisələrdən sonra regionda yeni şərtlər formalaşıb. Regionun həqiqi aktorları bu fürsəti dəyərləndirməklə gələcəyi yeni formada qurmaq üçün addımlar ata bilərlər. Fikrimcə, bu, zəruridir. Baxmayaraq ki, indiki vəziyyətdə bu, bir qədər riskli görünür, ancaq regionda güclü aktorlar var və bu, reallıqdır. Türkiyə regional gücdür, onunla qonşuluqda kifayət qədər nüfuzlu dövlətlər var. Təsadüfi deyil ki, dövlət çevrilişinə cəhd hadisələrindən bir müddət sonra prezident Rəcəb Tayyib Ərdoğan İran-Türkiyə-Rusiya ittifaqından, mümkün əməkdaşlıqdan söhbət açıb. Bu gün bir qədər cəsarətli görünsə belə, regiondakı yeni şərtlər yeni addımları diktə edir. Həm Türkiyədə, həm də Rusiyada bunu qiymətləndirəcək, lazımi addımları atacaq, qərar qəbul etməkdə tərəddüd etməyəcək regional liderlər var. Əgər gözlənilən qərarlar qəbul edilərsə, müəyyən mərhələdə Avropa strukturları, o cümlədən NATO ilə münasibətlərdə yeni keyfiyyət dəyişiklikləri baş verə bilər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyədə dövlət çevrilişinə cəhd edilməsi Amerikanın xarici siyasətində də dəyişikliklərə səbəb olacaq. O, qəzetimizə açıqlamasında deyib ki, Türkiyədə sadə vətəndaşlar, eləcə də siyasətçilər tez-tez Amerikanın adını çəkir, dövlət çevrilişində Qərbin oynadığı roldan danışırlar: "Bu yaxınlarda Türkiyədə səfərdə idim. Orada söhbət etdiyim insanların mütləq əksəriyyəti bu çevrilişə cəhddə Amerikanın rolunun olduğunu düşünürlər. Lakin mən bu fikirlərə, həmçinin bu kontekstdə irəli sürülən arqumentlərə inanmıram. ABŞ-ın nəyinə lazımdır Türkiyədə hərbi çevriliş etsin? Əgər bu çevriliş baş tutsaydı Türkiyədə vətəndaş müharibəsi başlayacaq, bu ölkə İraq və Suriyaya dönəcəkdi. Bundan Amerikaya nə fayda? Ancaq başqa bir məsələdir ki, dövlət çevrilişinə cəhddə ABŞ-ın adının hallanmasının obyektiv səbəbləri var. FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Amerika Türkiyənin terrorçu hesab etdiyi bu şəxsi təhvil vermək istəmir. Belə görünür ki, yaxın gələcəkdə də ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verməyəcək. Buna görə də Türkiyə cəmiyyətində, siyasi dairələrdə Amerikanın adı mənfi mənada çəkilir. Fətullah Gülən Türkiyəyə təhvil verilməyənə qədər Vaşinqton-Ankara münasibətləri getdikcə daha da soyuyacaq. Hansı ki, Suriya məsələsinə, oradakı silahlı kürd qruplaşmalarına verilən dəstəyə görə ABŞ-Türkiyə münasibətlərində müəyyən suallar yaranmışdı. Son hadisələr isə bu münasibətləri bir qədər də soyudacaq”.


E.Şahinoğlu bildirib ki, Türkiyənin Avropa ilə münasibətlərində də yeni sualların, problemlərin ortaya çıxacağı gözləniləndir. Politoloqun fikrincə, Türkiyədə həbslərin miqyasının getdikcə genişlənməsi Avropa İttifaqında narazılıqlar yaradır: "Buna görə Avropa İttifaqı rəsmiləri Türkiyə hakimiyyəti əleyhinə ard-arda açıqlamalar verirlər. Bu səbəbdən ehtimal edirəm ki, Böyük Britaniyada olduğu kimi, Türkiyə prezidenti Ərdoğan da öz ölkəsində referendum keçirsin, Avropa İttifaqına daxil olub-olmamaq məsələsini ümumxalq səsverməsi yolu ilə müəyyən etsin. Bu məsələ Türkiyədə hərbi çevriliş olmazdan öncə də gündəmdə idi. Avropa İttifaqı ilə münasibətlər soyuduqca bu məsələ yenidən gündəmə gələ, aktuallaşa bilər. Türkiyənin ümumilikdə Avropa, eləcə də Amerika ilə münasibətləri soyuduqca Rusiya ilə münasibətlər istiləşəcək. Fikir verin, hərbi çevrilişə cəhddən sonra Ərdoğana telefonla ilk zəng edən Rusiya prezidenti Vladimir Putin oldu. Türkiyə tərəfi də bu istiqamətdə addımlar atdı, hətta rəsmilər bəyan etdilər ki, rus qırıcı təyyarəsinin vurulmasının arxasında da "Gülən Hərəkatı” dayanıb. Hətta təyyarəni vuran türk hərbi pilotun həbs edilməsi barədə məlumatlar da yayıldı. Bu, rəsmi Ankaranın ruslara cavab jesti idi. Bununla demək istəyirdilər ki, sizin təyyarənizi biz deyil, daxili düşmənlərimiz vurub. Bu da Kremldə çox xoş qarşılanıb. Artıq iyulun 26-da Türkiyədən Rusiyaya nümayəndə heyəti gəlib və iki ölkə arasında münasibətlər istiləşməyə başlayıb. "Türk axını” layihəsi, vizasız gediş-gəliş məsələsi yenidən gündəmə qayıdır. Avqustun 9-da isə Türkiyə prezidentinin Rusiyaya səfəri gözlənilir. Təbii ki, Türkiyənin Qərblə münasibətlərinin soyumasından Rusiya öz maraqları naminə istifadə edəcək”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər