• şənbə, 20 Aprel, 01:08
  • Baku Bakı 15°C

Regiondakı ölkələr iqtisadi artım göstəricilərinə görə zirvəyə çatıb

08.05.18 12:50 787
Regiondakı ölkələr iqtisadi artım göstəricilərinə görə zirvəyə çatıb
2017-ci ildə 2,7 %-lik artıma nail olmaqla Avropa və Mərkəzi Asiya regionundakı ölkələr iqtisadi artım göstəricilərinə görə zirvəyə çatıb və onların 2018-ci ildə 2,3% iqtisadi artıma nail olacağı gözlənilir.
"APA-Economics” Dünya Bankının "Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatına istinadən verir ki, regionda siyasəti formalaşdıran şəxslər yeni texnologiyalarla bağlı tam potensialın ortaya çıxarılması ilə bu sahədə ajiotajın arasında tarazlığın yaradılması üçün səy göstərməli olacaq.
Eyni zamanda, həyata keçirilən siyasət, həmçinin əmək və məhsul bazarlarında artan çevikliyə uyğunlaşmaq üçün vətəndaşları dəstəkləməlidir. Meydana çıxan yeni texnologiyalar dalğası arasında blokçeyni – etibarlı vasitəçi olmadan bir şəxsdən digər şəxsə tranzaksiya və məlumat axınının ötürülməsinə imkan verən rəqəmsal texnologiyalar – qeyd etmək olar. Blokçeyn texnologiyalarının ilk proqram təminatları kriptovalyutalar olub, bunlar mərkəzi banklar olmadan rəqəmsal pul formalaşdırır və maliyyə institutları olmadan ödənişlərin həyata keçirilməsini dəstəkləyir.
"Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində kriptovalyutalar və blokçeyn texnologiyalarının formalaşdırılması üçün səmərəli zəminin mövcud olduğu sübut olunub” – Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Baş İqtisadçısı Hans Timmer Tbilisidə hesabatın təqdimatında belə deyib: "Gürcüstanda, misal üçün, kriptovalyutaların mayninqi təəccüb doğuracaq dərəcədə geniş yayılmışdır, bu da əsasən vergidən azad olunma və elektrik enerjisi tariflərinin aşağı olmasından qaynaqlanır. Gələcəkdə hökumət tərəfindən maliyyə nəzarətinin və istehlakçıların müdafiəsinin təmin olunması vacibdir.”
Bu gün çoxmilyardlıq sənaye olan kriptovalyutalar geniş miqyasda müxtəlif fikirlər doğurmaqda davam edir – hesabatda belə deyilir. Kriptovalyuta məzənnələrinin həddən artıq volatilliyi onların qanuni ödəniş vasitəsi kimi həyat qabiliyyətli olmasına şübhə yaradır, eyni zamanda kriptovalyutaların mayninqi ilə bağlı yüksək elektrik enerjisi xərcləri narahatlıq doğuran səbəblərdəndir.
Lakin kriptovalyutaların kökündə dayanan blokçeyn texnologiyası daha geniş qəbul olunmaqdadır, regionda bir sıra ölkələr ictimai xidmətlərin göstərilməsini daha təhlükəsiz, şəffaf və səmərəli etmək üçün bu xidmətləri rəqəmsallaşdırmaq və otpimallaşdırmaq məqsədilə təcrübədən keçirir. Misal üçün Ukrayna, Estoniya və Gürcüstanda hökumət blokçeyn texnologiyasından torpaq və daşınmaz əmlak qeydiyyatının həyata keçirilməsində istifadə edir. Azərbaycanda bank sektorunda rəqəmsal identifikasiya sahəsində eksperimentlər aparır, Litva isə startapları təşviq etmək üçün blokçeyn mərkəzini təsis etmişdir. İsveçrə blokçeyn mərkəzi olmaq niyyətindədir və tənzimləmə bazasının bu texnologiyalara uyğunlaşdırılması sahəsində qabaqcıl ölkələrdəndir.
"Blokçeyn texnologiyaları özəl maliyyə sektorları üçün rəqabətli təzyiqləri meydana çıxarır, eyni zamanda hökumətlərin daxilində yaradıcı ideya və yanaşmaları formalaşdırır. Həmçinin, bu texnologiyalar ölkələr üçün siyasətlə bağlı müxtəlif çağırışları ortaya çıxarıb,” - cənab Timmer əlavə edib.
Bəzi əsas çağırışlara maliyyə nəzarətinin təmin olunması və çirkli pulların yuyulması, vergidən yayınma və qeyri-qanuni tranzaksiyalarla mübarizə aiddir. Bununla yanaşı, ölkələr kriptovalyutaların mayninqində elektrik enerjisindən kütləvi həcmdə istifadənin qarşısnı almalı, eyni zamanda blokçeyn texnologiyaları sahəsində ixtisaslaşan startap şirkətlərini nə dərəcədə dəstəkləməli olduqlarını müəyyən etməlidirlər.
Hesabatda gəlinən nəticəyə görə iqtisadi artım Avropa və Mərkəzi Asiya regionunda güclü olmuş, son on ildə ən yüksək iqtisadi artım müşahidə olunmuş və xüsusilə, bu, Mərkəzi Avropa və Türkiyədə güclü olmuşdur. Lakin işsizliyin azalması və inflyasiyanın artması regionda iqtisadi artımın inkişafı ləngiyə biləcəyi ehtimalını nümayiş etdirir. İqtisadi yüksəliş dövründə regionda bir çox ölkələr ixracatını artırmış və fiskal kəsrlərini azaltmışdır. Bu, tsiklik təziyqlər meydana çıxacağı təqdirdə onların yumşaldılmasına imkan verəcək. Lakin gələcəkdə maliyyə şərtlərinin qlobal səviyyədə sərtləşməsi və proteksionizmə doğru tendensiyaların artması ilə regionda əlavə çağırışlar meydana çıxacaq.
banner

Oxşar Xəbərlər