• çərşənbə axşamı, 19 mart, 15:18
  • Baku Bakı 8°C

Regionda yeni geosiyasi reallıq formalaşıb - Fotolar

17.01.19 19:00 1306
Regionda yeni geosiyasi reallıq formalaşıb - Fotolar
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan balanslı xarici siyasət kursunda başlıca hədəf Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə, həmçinin dünyada müttəfiqlərin qazanılmasıdır. Bununla yanaşı, region dövlətlərlə maraqların üst-üstə düşməsini təmin etmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkətdə olmaq da balanslı xarici siyasətimizdə əsas hədəflərdən biridir. Əlbəttə ki, bütün bunlar bu regionun həssas olmasından və digər super güc sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz, bu baxımdan hazırda balanslaşdırılmış siyasətin yürüdülməsi məqsədəuyğun hesab edilir. Çünki bu regionda hər hansı bir gərginliyin və ya münaqişənin yaranması, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə malik olan Azərbaycan üçün arzuolunmaz haldır. Belə hallarda həmçinin ölkənin suverenliyi və milli təhlükəsizliyi təhdid altına düşmüş olur.

Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadan müstəqil xarici siyasət yürüdür. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətlərilə, o cümlədən regionun böyük ölkələri sayılan, eyni zamanda qonşularımız olan Türkiyə, İran, Rusiya, həmçinin Gürcüstan, Xəzər dənizi vasitəsilə Qazaxıstan və Türkmənistanla qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirib. Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərib.


Qonşu dövlətlərlə münasibətlərimizə ayrı-ayrılıqda nəzər salsaq görərik ki, Azərbaycan və Rusiya prezidentləri təkcə 2018-ci ildə 6 dəfə görüşüblər. İlham Əliyev və Vladimir Putinin şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm töhfə verir. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub” qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər də böyük beynəlxalq əhəmiyyət daşıyır. Həmçinin, Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır.
İki ölkənin hərbi-texniki əməkdaşlığı da daim inkişaf edir. Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir. Bir sözlə, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi əlaqələrlə bərabər, elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əməkdaşlıq münasibətləri mövcuddur. Artıq Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında, ATƏT-də qarşılıqlı fəaliyyət göstərir. ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa dəstək verir.

Heç bir xarici gücdən asılı olmadan müstəqil siyasət yürüdən Azərbaycan digər qonşusu İranla da əlaqələrini genişləndirir. Prezidentlər İlham Əliyev və Həsən Ruhani arasında isti münasibətlərin olması qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə heç zaman qoşulmayıb. Hətta Corc Buşun prezidentliyi illərində Vaşinqtonda rəsmi səfərdə olan Prezident İlham Əliyev gərginləşən ABŞ-İran münasibətləri fonunda bəyanatla çıxış edib, Azərbaycanın ərazisindən onun qonşularına qarşı istifadəyə yol verilməyəcəyini bütün dünyaya çatdırıb. İllər ötsə də Azərbaycanın mövqeyi dəyişməyib. Qərb dövlətləri İranla münasibətlərinə yenidən baxdığı bir vaxtda, bu müsəlman ölkəsinə müxtəlif sanksiyalar tətbiq etdiyi dönəmdə Azərbaycan qonşusu ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirir, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmir. Azərbaycan və İran prezidentlərinin, eləcə də digər rəsmi şəxslərin qarşılıqlı səfərləri hər iki ölkə arasında əlaqələri daha da gücləndirir. Bunun nəticəsidir ki, ölkələrimiz bir çox iqtisadi layihələr çərçivəsində hazırda da sıx əməkdaşlıq edirlər.
Rəsmi məlumatlara görə, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz, 2018-ci ilin yanvar-sentyabr aylarında 73 faiz artıb. Bu münasibətlər fonunda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində siyasi sahədə istənilən işi görməyə hazırdır. Yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisigeneral-leytenant Məhəmməd Baqeri ölkəsinin mövqeyini bir daha dilə gətirərək vurğulayıb ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir vəAzərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O, sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu xatırladaraq, İranın bu məsələdə hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyə qədər verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

Azərbaycan müstəqillik illərində Türkiyə ilə münasibətlərini də yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail olub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib, "bir millət-iki dövlət” şüarına yeni məzmun gətirilib. Azərbaycan Türkiyə ilə yanaşı, digər qonşu dövlət Gürcüstanla da münasibətlərini inkişaf etdirib.
Hər iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələri qurulub, həyata keçirilən transmilli layihələr qonşu ölkənin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilib. Bütün bu faktları sadalayaraq qeyd etmək istərdik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirib, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu isə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib. Nəticədə Azərbaycan bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib.

Yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb. İşğala məruz qalmasına, 1 milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkünə çevrilməsinə rəğmən, Azərbaycan güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistan isə nəinki inkişaf etməyib, üstəlik ənənəvi müttəfiqlərini itirib, küncə sıxılıb, sosial və iqtisadi kataklizmlər yaşayaraq çıxılmaz vəziyyətə düşüb. Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir. Qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi balanslı, müstəqil xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədəki yeni reallıqlar fonunda öz bəhrəsini verməkdədir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər