• cümə, 29 Mart, 12:29
  • Baku Bakı 14°C

Regional təhlükəsizliyin qorunmasında yeni üçlü format

02.12.17 10:30 3374
Regional təhlükəsizliyin qorunmasında yeni üçlü format
Azərbaycanın xarici siyasətdə iki və üçtərəfli formatlar çərçivəsində bir sıra dövlətlərlə əməkdaşlıq etməsi regionda yeni münasibətlərin əsasını qoymaqdadır. Ermənistan istisna olmaqla, digər qonşu ölkələrlə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələri əhatə edən üçtərəfli formatda görüşlərin sayı ilbəil artır. Azərbaycanın təşəbbüskarı olduğu bu əməkdaşlıq formatı çərçivəsində Türkiyə, Rusiya, Gürcüstan, İran, o cümlədən Türkmənistanla münasibətlər yeni bir mərhələyə qədəm qoyub.
Bu günlərdə isə Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri çərçivəsində birinci üçtərəfli görüşü keçirildi. Görüş zamanı hər üç ölkənin xarici işlər nazirləri regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarının olduğunu ifadə etdilər. Belə görüşlərin hər il üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barədə artıq razılığa gəlinib. Bu məqsədlə növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barədə razılıq əldə edilib. Sonda isə Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri Bakı Bəyannaməsini imzalayıblar.
Göründüyü kimi, Azərbaycanın təşəbbüsü ilə növbəti üçlü ittifaq yaradılıb. Bu ittifaqın həm siyasi, həm də iqtisadi əhəmiyyəti nədən ibarət olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlər formatı üstünlük təşkil edir: "Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu sayəsində Azərbaycanın eyni zamanda üçtərəfli və çoxtərəfli əlaqələri də inkişaf etməkdədir. Xüsusilə də, xeyli üçtərəfli formatlar formalaşıb və güclənib. Belə ki, Azərbaycanın Gürcüstan və Türkiyə, o cümlədən Rusiya və İran ilə, eyni zamanda Türkmənistan və Türkiyə və sair bu kimi üçlü formatlarda əlaqələri formalaşır. Bu da ikitərəfli əlaqələrimizin inkişafı sayəsində mümkün olub. Bu günlərdə üçtərəfli formatda yeni əlaqələrin və münasibətlərin əsası qoyuldu. Söhbət Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri səviyyəsindəki görüşdən və formalaşmış yeni bir formatdan gedir. Hesab edirəm ki, bu hər üç tərəfin milli maraqlarına uyğundur və strateji məsələlərdə Azərbaycan, Türkiyə və Pakistanın mövqeyi tam olaraq üst-üstə düşür. Bizim üçün ən mühüm strateji məsələ Ermənistanın təcavüzü və onun nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Məhz bu məsələdə hər iki dövlətin davranışı Azərbaycanın milli maraqlarına və eyni zamanda beynəlxalq hüquqa söykənir. Həm Pakistan, həm də Türkiyə Ermənistanın işğalçılıq siyasətinə cavab olaraq, bu dövlətlə diplomatik əlaqələrini kəsib. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan işğalçılığa son qoyacaq. Xatırladım ki, bu addıma uyğun olaraq, nə Türkiyədə, nə də Pakistanda Ermənistanın səfirlikləri fəaliyyət göstərir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün formalaşması və onun inkişafı Azərbaycanın həm bölgədə, həm də beynəlxalq aləmdə mövqelərini gücləndirəcək. Burada söhbət siyasi, iqtisadi və hərbi-təhlükəsizlik mənafe və maraqlarından gedir”.
E.Nəsirov əlavə etdi ki, bu format Azərbaycanın mövqeyini kifayət qədər möhkəmləndirəcək: "Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə də Azərbaycan üçün mühüm rol oynaya bilər”.
Politoloq Fikrət Sadıxov bildirdi ki, Azərbaycan Türkiyə və Pakistanla uzun illərdir əməkdaşlıq edir: "Türkiyə bizimlə qardaş və müttəfiq dövlətdir, bir sıra məsələlərdə mövqelərimiz üst-üstə düşür. Qardaş ölkə bütün beynəlxalq arenalarda, beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir. Pakistana gəlincə, son illər ərzində Azərbaycanın bu ölkə ilə münasibətləri xeyli inkişaf edib. Pakistan həmin o müsəlman ölkəsidir ki, Türkiyə kimi, Ermənistanla diplomatik münasibətlər qurmur. Bu da Azərbaycanın maraqlarına tam cavab verən bir məqamdır. Digər tərəfdən, bizim Pakistanla hərbi-texniki əməkdaşlığımız da var və bu istiqamətdə çoxlu işlər görülüb. Ona görə də Bakıda belə bir görüşün keçirilməsi Azərbaycan və eləcə də bu ölkələr üçün çox önəmlidir”.
F.Sadıxov qeyd etdi ki, üç ölkə bu format çərçivəsində beynəlxalq tribunalarda da vahid mövqedən çıxış edə bilər: "Əminik ki, bu dövlətlər hər zaman Azərbaycanın yanında olacaq və dəstəkləyəcəklər. Ona görə də görüşün yekun Bakı Bəyannaməsində çox mühüm məqamlar öz əksini tapdı. Bizim üçün vacib olan regional təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə həm də digər iki dövlətin maraqlarına cavab verir. Hesab edirəm ki, bu üçlü format bir çox məsələlərdə öz sözünü deyəcək və regional alyansa çevriləcək”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər