• şənbə, 27 Aprel, 03:55
  • Baku Bakı 14°C

Region üçün Metsamor AES adlı bomba

08.05.15 06:21 991
Region üçün Metsamor AES adlı bomba
“Metsamor AES region üçün potensial təhlükə mənbəyidir”. Bu sözləri Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız səsləndirib. Nazir Ermənistan hökumətinin elektrik enerjisinə tələbatının olduğunu iddia edərək bu stansiyanı istismar etdiyini bildirib. Əlavə edib ki, Türkiyə bütün region üçün təhlükə mənbəyi olan bu stansiyanın fəaliyyətinə göz yummalı deyil. “Onun istismarı həddən artıq riskli bir məsələdir” - deyən nazir əlavə edib ki, Metsamor AES-in bağlanması üçün beynəlxalq səviyyədə işləri davam etdirəcək: “Biz Ermənistandakı bu stansiyanın tərəddüdsüz bağlanmasını təklif edirik. İstismar müddəti bitmiş olan, 40 ildən çox istifadə olunmuş bir stansiyanın təhlükəsiz olması inandırıcı deyil. Ona görə də biz daha yüksək bir səviyyədə, bütün beynəlxalq aləm daxilində bu təkliflərimizi davam etdirəcəyik. Stansiyanın bağlanması ilə bağlı lazımi tədbirləri görməliyik”. Türkiyə hesab edir ki, Metsamor AES-in fəaliyyətinin dayandırılması istiqamətində təkcə Türkiyə deyil, bütün Cənubi Qafqaz regionu ölkələri də fəallıq nümayiş etdirməlidir. Rəsmi Ankara hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan Metsamor AES-in fəaliyyətinin dayandırılmasına nail olmaq üçün müştərək iş aparmalıdır.
Yeri gəlmişkən, Ermənisyanı Cənubi Qafqazda forpostu elan edən Rusiya bu yaxınlarda Metsamor AES-in istismar müddətinin uzadılması üçün İrəvana pul da ayırıb. Ermənistanın baş naziri Ovik Abramyanın Rusiyaya bu yaxınlarda etdiyi işgüzar səfər çərçivəsində Metsamor AES-in istimar müddətinin uzadılması üzrə işlərin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.
Sazişə görə, rəsmi Moskva Ermənistan hökumətinə kredit ayıracaq.
Qeyd edək ki, Metsamor AES 1970-ci ildə tikilib. Ekspertlər hesab edirlər ki, AES regiondakı seysmik aktivlik səbəbindən böyük təhlükə daşıyır. Rusiyadan ilham alan Ermənistan parlamenti isə təkcə region üçün deyil, beynəlxalq aləm üçün də təhlükə mənbəyi olan Metsamor AES-in istismar müddətinin 2026-cı ilə qədər uzadılması barədə Rusiya ilə imzalanan razılaşmanı təsdiqləyib. Razılaşmaya görə, Rusiyanın “Rosatom” şirkəti Ermənistanın enerji tələbatının 40 faizini ödəyən stansiyanın tamamilə yenilənməsini üzərinə götürür. Özü də ən maraqlısı odur ki, rəsmi İrəvan ölkənin enerji təminatının bu stansiyadan asılı olduğunu bildirsə də, əslində Ermənistan idxal etdiyi təbii qazla öz enerji təhlükəsizliyini təmin edir.
Qeyd edək ki, ABŞ başda olmaqla Qərb dövlətləri də Ermənistandakı AES-in beynəlxalq tələblərə cavab vermədiyini və region üçün təhlükə yaratdığını bildiriblər. Avropa Şurası Parlament Assambleyası isə qəbul etdiyi sənədlərdə dəfələrlə bu stansiyanın aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz bölgəsi üçün ciddi təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etdiyinə baxmayaraq, AES hələ də fəaliyyət göstərir. Ermənistan isə bu istiqamətdə səslənən etirazları qulaqardına vuraraq, regionu təhlükə altında saxlayır. Avropa İttifaqı bir neçə dəfə Metsamorun bütün bölgə üçün təhlükə olduğunu nəzərə alaraq, stansiyanı bağlanmaq üçün Ermənistana 200 milyon avro kredit təklif etsə də, rəsmi İrəvan bundan imtina edib. Qarşı tərəfin tələbi 1 milyard avro idi və nəticədə razılaşma baş tutmayıb. Bu isə Ermənistanın stansiyanın bağlanmasında maraqlı olmadığını göstərir. Eyni zamanda Beynəlxalq Atom Enerji Agentliyi (MAQATE) öz hesabatında Metsamoru dünyadakı ən təhlükəli atom stansiyaları sırasına daxil edib. Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları da işlək vəziyyətdə olmayan və bölgəyə təhlükə yaradan AES-in bağlanmasını tələb edirlər. Lakin rəsmi İrəvan bu tələblərə məhəl qoymur və qorxu üçün heç bir əsas olmadığını bəyan etməklə kifayətlənir.
Öz növbəsində Cənubi Qafqaz üzrə gürcü eksperti Mamuka Areşidze hesab edir ki, regionda Çernobıldan da güclü ekoloji faciə baş verə bilər: “Ermənistanda ötən illərin 80-ci illərində baş vermiş dəhşətli zəlzələni hamı yaxşı xatırlayır. Bu zəlzələ günlərin birində Metsamoru da dağıda bilər. Torpaq ehtiyatı az olan Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına isə elə zərbə vurular ki, bunu uzun illər bərpa etmək mümkün olmaz”.
Ən dəhşətlisi odur ki, AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Bu texnologiya baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir. Metsamorun yaratdığı təhlükələrdən biri də stansiyanın fəaliyyəti üçün lazım olan uranın Rusiyadan Ermənistana hava yolu ilə daşınmasıdır. Uçan nüvə bombasına bənzəyən uran yüklü təyyarələrin Cənubi Qafqaz hava yolundan istifadə etdiyi nəzərə alınsa, regionda ikinci Xirosima yaşana bilər. Bu da Metsamorun təcili olaraq bağlanmasını şərtləndirən əsas səbəblərdəndir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər