• şənbə, 20 Aprel, 00:11
  • Baku Bakı 15°C

Region gəncləri üçün xaricdə təhsil imkanı – Təhsil

04.05.16 13:16 3324
Region gəncləri üçün xaricdə təhsil imkanı – Təhsil


Xaricdə təhsil demək olar ki, hər bir gəncin istəyidir. Bu, həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir. Lakin bu istək əlçatan olsa da, bəzi şagirdlər, tələbələr bunun imkansız olduğunu düşünüb xəyallarının ardınca getmirlər. Şəhərdə yaşayan tələbə və şagirdlər bu baxımdan öndədir desək, yanılmarıq. Çünki şəhər mühitində xaricdə təhsil proqramları, xaricdə təhsil mərkəzləri, universitetlərin reklamları bu arzunu daha əlçatan edir. Bəs regionlar? Haqqında danışacağımız layihənin hədəf kütləsi məhz regionlardakı şagirdlər və tələbələrdir. Regionda məktəbi bitirdikdən sonra xaricdə təhsil almaq şansı olduğu halda, məlumatsızlıqdan bu fürsətdən yararlana bilməyən müsahibimiz digər tələbələri məlumatlandırmaq üçün regionlardakı şagirdlərin xaricdə təhsilə cəlb edilməsi ilə bağlı layihə həyata keçirib.
Müsahibimiz USE Study Group-un rəhbəri Mehman Bədəlzadədir.
Mehman 1986-cı ildə Qubada dünyaya göz açıb. Quba özəl türk liseyini bitirdikdən sonra 2008-ci ildə İqtisad Universitetinə daxil olub. Hazırda Avstraliyanın Sidney Universitetində onlayn şəkildə magistratura təhsili alır.

"Ofisə gəlməyə ehtiyac yoxdur”

Həmsöhbətimiz 2009-cu ildən təhsil sahəsində işləməyə başlayıb: "İlkin olaraq işə tələbələrin xaricdə təhsil proqramlarına cəlb edilməsi, xaricdə iş proqramlarının tanıdılması ilə başladım. Hazırda isə bu proqramların onlayn variantları üzərində çalışıram. Əvvəllər tələbələr xaricdə təhsil almaq üçün bizə yaxınlaşırdı. Biz onların formalarını doldurub xaricdəki şirkətlərə göndərirdik. Amma hazırda yeni layihəmizə əsasən, biz bunu onlayn şəkildə həyata keçiririk. Tələbənin xaricdə təhsil alması üçün şirkətə gəlməsinə ehtiyac yoxdur. Evdə oturaraq bunu öz portalından edə bilər. Məsələn, tələbə xaricdə təhsil almaq istəyirsə, özü haqqında telefon və ya kompyuter vasitəsilə bütün müraciət formalarını doldurur. Hətta özü haqqında kiçik bir videoçarx hazırlayıb bizə göndərə bilər ki, biz onu tanıyaq. Bunun ətrafında biz onu universitetdə digər proqramlara yerləşdirə bilir və tələbəni məlumatlandırırıq. Yəni tələbənin xaricə gedib hər hansı universitetdə imtahan verməsinə, xaricdə təhsil almaq üçün bizim ofisə gəlməsinə ehtiyac yoxdur”.

Xaricdə təhsil almaq üçün Bakıya gəlməlidir?

Müsahibimiz deyir ki, layihənin əsas hədəf kütləsi regionlardakı gənclərdir. Onun sözlərinə görə, bir çox regionlarda tələbələrin xaricdə təhsil almaq haqqında anlayışları yox dərəcəsindədir: "Ölkədə regionların inkişaf proqramları çərçivəsində bir sıra işlər görüldü. Amma təhsil sahəsinin onlaynlaşdırılması və inkişaf etdirilməsi o qədər də güclü olmadı. Düşündüm ki, nə üçün regionlarda olan insanlar xaricdə təhsil almaq, xaricdə təhsil proqramlarına qoşulmaq üçün Bakıya gəlməlidir? Valideyn ilə uşaq lazım olan məlumatı bizim saytdan alır. Hətta ödəmələri belə sayt vasitəsilə həyata keçirirlər. Əgər tələbə xaricə oxumağa gedirsə, ödənişi bizim vasitəmizlə ötürmək istəyirsə, biz universitetdən aldığımız qaiməni ona yönləndiririk, o, olduğu ərazidə bankdan ödəyə bilir. Xidmət haqqımızı da bu sayt vasitəsi ilə ödəmək mümkündür. Bakıda xaricdə təhsil mərkəzləri çoxdur. Amma regionlarda bu yoxdur. Tələbələr bir çox hallarda orta məktəbdə oxuyan zaman xarici universitetə qəbul olmaq şansının olduğunu yalnız Bakıya gələndən sonra öyrənə bilirlər. Özüm də regiondan olduğum üçün bu problemlə rastlaşmışam. Mən məktəbi bitirəndə əslində Avropanın hansısa universitetinə qəbul ola bilərdim, potensialım var idi. Çünki orta təhsilimi beş il müddətində ingilis dilində almışdım. Avropa universitetlərində belə bir qayda var ki, sən akademik təhsilinin iki ildən çoxunu ingilis dilində almısansa, Avropa universitetlərinə imtahansız qəbul ola bilərsən. Mən bunu bilmirdim. Universiteti bitirənə yaxın bu haqda məlumat almışdım. Artıq gec idi. Bir neçə məktəb var ki, onlar ingilis dilində təhsil verirlər. Amma tələbələrin bu haqda informasiyaları çox azdır. Regionlarda xaricdə təhsil alıb özünü inkişaf etdirən, potensialı olan tələbələr çoxdur, amma məlumatları azdır. Regiondan gələn tələbələr xaricdə təhsillə bağlı ilk təklifə "hə” deyirlər. Onlar düşünürlər ki, ideal budur. Amma bu, məlumatsızlıqdan irəli gəlir. Onlayn şəkildə bütün şansları dəyərləndirir, baxır, qərar verirlər”.

Onlayn müraciətin xərci

Layihə haqqında məlumat verən müsahibimiz deyir ki, tələbəyə qəbul olunacağı universitet haqqında geniş məlumat verilir: "Müraciət forması bir neçə prosesdən ibarətdir. İlkin olaraq tələbə özü və oxumaq istədiyi universitet haqqında informasiya verir. Biz universitetlərin siyahısına baxır və seçdiyi universitetin onun göstəricilərinə nə qədər uyğun olub-olmaması haqqında məlumatlandırırıq. Ona ancaq qəbul ola biləcəyi universitetlər haqqında məlumat verilir”.
Həmsöhbətimiz deyir ki, onlayn müraciətdə qiymətlər 50-60 faiz ucuz başa gəlir: "Biz tələbələrə xidmət haqqı qoyuruq. Bu xidmət haqları xaricdə təhsil mərkəzlərinin qoyduğu qiymətlər kimi baha deyil. Onlayn müraciət edən tələbə bizə 150 manat ödəyirsə, ofisə yaxınlaşanda bu, 300-500 manat arasında dəyişir”.

Onlayn təhsil

Müsahibimiz sonda gələcək planlarından danışdı. Onun sözlərinə görə, əsas məqsədi ölkə universitetlərində onlayn təhsilin tətbiq edilməsidir: "Azərbaycanda hazırda magistr tələbələri üçün onlayn təhsil yoxdur. Həm işləyib, həm magistr təhsili alan tələbələr dərsə getmək məcburiyyətində qalırlar. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Əgər magistr təhsili alan tələbə işləyirsə, o, təhsilini onlayn şəkildə davam etdirə bilər. Düzdür, bizdə magistr təhsilinin saatları bəzi universitetlərdə 20.00-dan sonradır, amma yenə də qaib yazılması burada mühüm rol oynayır. Düşünürəm ki, bütün universitetlərdə onlayn təhsil olmalıdır. Biz bununla bağlı onlayn layihə hazırlamışıq. Bizim universitetlərdə distant təhsil yoxdur. Yenə də diqqəti regionlara çəkmək istəyirəm. Məsələn, Naxçıvanda, Qubada yaşayan insan məcbur deyil ki, gəlib Bakıda təhsil alsın. Semestr imtahanlarını gəlib verib təhsilini onlayn şəkildə öz rayonlarından davam etdirə bilərlər. Regionlardan Bakıya axının ən böyük səbəbi tələbələrin təhsil almağa gəlməsidir. Üstəlik, bura gələn tələbələr regiona qayıtmaq istəmir. Çünki Bakı daha cazibədar görünür. Amma öz regionunda oturub, orada təhsil alıb, orada işini qursa, bu, daha müsbət nəticələr verə bilər. Bunun fəsadı odur ki, regionlarda olan beyinlər şəhərə axır. Region inkişafdan qalır. Məsələn, Qubada Müəllimlər İnstitutu var, orada ancaq qızlar təhsil alır. Həmin universitetin nəzdində İqtisad Universitetindən, Neft Akademiyasından, Bakı Dövlət Universitetindən onlayn dərslər götürülsə, tələbə regionda ola-ola təhsil alsa, qaldığı regionda inkişaf edə və aldığı diplomla da yaşadığı regiona öz töhfəsini verə bilər”.




banner

Oxşar Xəbərlər