• şənbə, 30 Mart, 03:21
  • Baku Bakı 11°C

“Referendumun nəticəsi islahatlar üçün mühüm hüquqi bazadır”

29.09.16 12:40 869
“Referendumun nəticəsi islahatlar üçün mühüm hüquqi bazadır”
Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-a təyin olunmuş ümumxalq səsverməsi (referendum) şəffaf şəkildə keçirilib. Vətəndaşlar 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər. Bu prosesi 53 min 531 yerli müşahidəçi ilə yanaşı, 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi də yaxından izləyib. Xarici müşahidəçilərin sırasında AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri də olublar. Referendumun demokratik prinsiplər çərçivəsində, yüksək səviyyədə baş tutması beynəlxalq müşahidəçilərlə bərabər, Qərb ölkələrinin rəsmiləri tərəfindən də dilə gətirilib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bununla əlaqədar jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil. MDBİcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə referendumun nəticələrinin xalqın real iradəsini əks etdirdiyini diqqətə çatdırıb. Onun fikrincə, referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir. S.Lebedev Azərbaycanda keçirilən referendumdaMDB-dən də müşahidə missiyasının işlədiyini xatırladıb. Qeyd edib ki, MDBmüşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini bəyan edib. Referendum haqqında reallığı əks etdirən bu cür pozitiv fikirlər Avropa Seçkilərin Müşahidəsi Akademiyasının Müşahidə Missiyasının rəhbəri, Malta parlamentinin spikeri Anglu Farrugia, AŞPA-nın qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski, eləcə də səsvermə prosesini izləyən digər xarici ölkə müşahidəçiləri, senatorlar da dilə gətiriblər. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda keçirilən bütün seçkilər kimi, ümumxalq səsverməsi də azad və ədalətli şəkildə baş tutub.

Mövzu ilə əlaqədar fikirlərini "Kaspi”yə bölüşən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bildirib ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir və ölkədə baş verən proseslər xalqın iradəsi ilə ziddiyyət təşkil etmir. O, ölkədəki seçkilərin də demokratik prinsiplər əsasında, şəffaf, azad şəkildə keçirildiyini diqqətə çatdıraraq, bu seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb. Millət vəkili deyib ki, Azərbaycan xalqı düz yoldadır və referendum bu həqiqəti bir daha təsdiq edib: "Azərbaycan xalqı, onun seçdiyi dövlət başçısı düz yoldadır. Kənar təsirlərə, bir sıra hallarda isə təzyiqlərə baxmayaraq, Azərbaycan milli və dövlətçilik maraqlarına xas müstəqil siyasət yürüdür. Heç bir qüvvə Azərbaycanı bu düzgün yoldan yayındıra bilməz. Azərbaycan üçün Mak Keynlər, İsa Qəmbərlər, Əli Kərimlilər və onların şəxsi maraqları deyil, dövlət olaraq öz maraqları önəmlidir. Referendum da Azərbaycan xalqının, dövlətinin, dövlətçiliyinin maraqlarından irəli gələn bir addım idi. Prezident İlham Əliyev çox düzgün olaraq belə bir təşəbbüslə çıxış etdi. Xalq da bu təşəbbüsü dəstəklədi. Belə olan halda hansısa saxtakarlıqdan, antidemokratik addımdan danışmaq yersizdir. Ona görə də tamamilə ədalətli olaraq, nəinki ölkə daxilində, eləcə də xaricdə, beynəlxalq aləmdə də Azərbaycanda referendumun keçirilməsi, onun nəticələri müsbət qarşılanıb. Konstitusiya "donmuş daş”, "qaya” deyil. Konstitusiya inkişaf etməli, dövrün, zamanın, reallıqların tələbinə uyğun olaraq daha da təkmilləşdirilməlidir. Tək Azərbaycanda deyil, bir sıra aparıcı Qərb dövlətlərində də zaman-zaman Konstitusiyaya əlavə və dəyişikliklər edilib. O baxımdan, Azərbaycanda da Konstitusiyaya əlavə və düzəlişlər zəruri idi. Ona görə də təşəbbüs irəli sürüldü, Azərbaycan xalqı da bu dəyişikliklərin edilməsinə razılıq verdi”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev isə qəzetimizə açıqlamasında deyib ki, rəhbərlik etdiyi təşkilatın nümayəndələri seçki məntəqələrində müşahidələr aparıb, ümumxalq səsverməsində yaxından iştirak edib. Bildirib ki, referendumun keçirilməsi MDHP-nin prinsiplərinə uyğun olduğu üçün onun təbliğində də yaxından iştirak ediblər. Millət vəkilinin sözlərinə görə, referendum Azərbaycanda həyata keçirilən islahatların davamı kimi olduqca vacib idi: "Ölkədə aparılan islahatlara hüquqi baza yaradılması baxımından da referendum zəruri idi. Prezident o hüququ xalqdan istəyirdi ki, üzərinə düşən məsuliyyəti yerinə yetirə bilsin. Biz bəzən məsuliyyətləri tələb edirik, ancaq o məsuliyyətin həyata keçməsi üçün zəruri hüquqi bazanın olub-olmamasını düşünmürük. Bəziləri düşünürlər ki, bu olsa da olar, olmasa da. Bu, yanlış düşüncə tərzidir. Ölkədə islahatların ardıcıl xarakter daşıması üçün referenduma gedilməli idi və gedildi. Referendum çox normal şəkildə cəmiyyət tərəfindən də dəstəkləndi. Xaricin bu məsələyə münasibəti heç nəyi dəyişməsə də, hətta xarici ölkələr, müşahidəçilər də Azərbaycandakı referendumun demokratik prinsiplərə uyğun keçirildiyini gördülər. Fikrimcə, bundan sonrakı dönəmdə ciddi yeniliklər həyata keçirmək üçün mühüm hüquqi baza yaranıb”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər