• cümə axşamı, 25 aprel, 06:07
  • Baku Bakı 14°C

Referendum xalqın iradəsini ortaya qoydu

28.09.16 11:31 1243
Referendum xalqın iradəsini ortaya qoydu
"Konstitusiyaya dəyişikliklərlə bağlı referendum tam şəffaf şəraitdə keçib. Referendumun nəticələri Azərbaycan xalqının öz iradəsini müstəqil və azad şəkildə ifadə etdiyini əks etdirir”. Avropa İttifaqının (Aİ) Regional Komitəsinin üzvlərindən ibarət müşahidə qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bəyanatından götürülmüş bu sözləri referenduma dair ümumiləşdirilmiş rəy kimi də qiymətləndirmək olar. Çünki Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum həqiqətən də demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçirilib ki, bu da ölkəmizin demokratiya prinsiplərinə sadiqliyini, o cümlədən xalqın iradəsinin müstəqil və azad şəkildə ifadəsinə hörməti növbəti dəfə nümayiş etdirir.
Referendum keçirmək zərurəti
Bəs referendum keçirilməsi hansı zərurətdən qaynaqlanır? Bu suala cavab vermək üçün öncə onu qeyd edək ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçirilməsi heç də sıradan bir addım deyil və ciddi zərurətdən irəli gəlir. Məlumdur ki, dövlətçilik ənənələri inkişaf etdikcə zaman-zaman islahatlara da ehtiyac yaranır. Lakin bu islahatlar o halda əhəmiyyətə malik olur ki, onların mahiyyətində dövlət idarəçiliyinin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, bir sözlə, yeni dövrün çağırışlarına cavab vermək bacarığı dayansın. Bu mənada Azərbaycanda referendumun keçirilməsi həm də yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Belə ki, Konstitusiyanın qəbulundan keçən müddət ərzində görülmüş nəhəng işlər idarəçiliyin effektivliyinin daha da artırılması, siyasi sistemin möhkəmləndirilməsi və paralel olaraq insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi zərurətini şərtləndirir, gələcək inkişaf hədəflərinə istiqamətlənməyi tələb edir. YAP İcra katibinin müavini, «Yeni Azərbaycan» təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun sözləri ilə desək, "Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlar «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının qəbulunu və uğurlu icrasını şərtləndirdi. Bu inkişaf konsepsiyası növbəti illər üçün əsas hədəfləri özündə əks etdirir. Sözsüz ki, Konstitusiyaya edilən əlavəvə dəyişikliklər bu hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək”.
Referendum rəqəmlərdə
Artıq referendumun nəticələri ilə bağlı rəqəmlər məlumdur. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da referendumun ilkin nəticələri ilə bağlı "Seçkilər” İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçicilərin ümumxalq səsverməsində fəal iştirak etdiklərini bildirib: "Ölkə üzrə bütün məntəqələrdə səsvermə səhər 8-də başlayıb və saat 19-da başa çatıb. MSK qanunla nəzərdə tutulmuş qaydada seçki prosesinin təşkilini təmin edib. Gün ərzində məntəqələrdə səsvermənin gedişi barədə məlumatlar beş dəfə - saat 10-da, 12-də, 15-də, 17-də və 19-da Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub”.
MSK sədri diqqətə çatdırıb ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Seçki dairələri dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb: "Ümumi fəallıq 69,7 faiz olub. Seçicilərin 3 milyon 671 min 707 nəfəri səsvermədə iştirak edib. Səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması müşahidəçilərin, KİV nümayəndələrinin və bütün maraqlanan tərəflərin iştirakı ilə həyata keçirilib. Ümumilikdə referendum bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməli idi. İlkin nəticələrə əsasən, seçicilərin 69,7 faizi iştirak etdiyinə görə referendum baş tutmuş sayılır”.
MSK sədrinin dünən keçirdiyi mətbuat konfransında isə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələri açıqlanıb. APA-nın məlumatına görə, M.Pənahov bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb və beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib.
Referendum müşahidəçilərin gözü ilə
Yuxarıda da qeyd etdiyimiz kimi, referendum azad, demokratik və şəffaf şəraitdə keçirilib ki, bunu beynəlxalq və yerli müşahidəçilərin fikirləri də təsdiq edir. Demək olar ki, onların əksəriyyəti seçicilərin yüksək fəallığı, referendumun qanunauyğun və yüksək səviyyəli təşkili, Mərkəzi Seçki Komissiyasının, "Seçkilər” İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlər bildirib, prosesin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinmədiyini xüsusi qeyd ediblər. Müşahidə missiyaları keçirdikləri mətbuat konfranslarında referendumun demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq ediblər. Onu da qeyd edək ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb.
Əlamətdar haldır ki, ümumxalq səsverməsinin gedişini kifayət qədər çox sayda yerli və xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar. Müxtəlif televiziya kanalları, mətbuat və internetdə referendum yüksək qiymətləndirilib, onun demokratik prinsiplərə uyğun keçirildiyi xüsusi vurğulanıb.
Qərəz davam edir
MSK sədri M.Pənahovun da qeyd etdiyi kimi, səsvermə ümumən sakit şəraitdə keçib, seçicilər özlərinin iradələrini sərbəst şəkildə ifadə ediblər: "Məntəqə seçki komissiyaları vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlib və səsvermə prosesində xoşagəlməz hadisələr baş verməyib. Ümumilikdə, MSK-ya qanun pozuntusu ilə əlaqədar heç bir rəsmi müraciət daxil olmayıb. Amma telefon bağlantıları ilə komissiya üzvlərinə ayrı-ayrı yerlərdə olan proseslər barədə məlumatlar verilib, bəzi hallarda müəyyən məsələlərlə bağlı müsbət və ya mənfi fikirlər ifadə olunub”.
MSK sədri "Azərbaycan ictimaiyyətindən, müşahidəçilərdən və ümumiyyətlə, maraqlananlardan” xahiş edib ki, əgər hansısa narazılıqları varsa, MSK-ya rəsmi müraciət etsinlər: "MSK sentyabrın 27-də tam tərkibdə işləyəcək. Əgər hansısa müraciət daxil olsa, biz onu qanunun tələbinə uyğun surətdə araşdıracağıq”.
Göründüyü kimi, istər səsvermənin keçirilmə şəraiti, istərsə də vətəndaşların sərbəst və azad şəkildə səs verməsi üçün yaradılmış imkanlar Azərbaycan hökumətinin demokratik səsvermə mühitini tam təmin etdiyinə şübhə yeri qoymur. Lakin təəssüf ki, seçkilərdə olduğu kimi, referendumda da "qulp qoymaq aşiqləri” bekar dayanmır. Onlar, xüsusən də xaricdən idarə olunan "5-ci kolon” faktları təhrif etməklə səsvermənin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa cəhd göstərirlər. Lakin bu dəfə də onların heç bir əsası olmayan qərəzli xəbərləri, uydurduqları dezinformasiya və xəstə təfəkkürdən qaynaqlanan iddiaları ifşa olunub. Belə ki, həmişə olduğu kimi, bu dəfə bütün bu əsassız iddialara cavabı xalq özü verib. MSK sədrinin sözləri ilə desək, "Referendum aktı layihəsinin əsasında hazırlanmış bülletendəki 29 hissənin hər biri üzrə seçicilərin münasibətini diqqətə çatdırmaq” bu cavabın ən yaxşı ifadəsi sayıla bilər: "Referendumda səsverməyə çıxarılan məsələ seçicilərin 50 faiz+1 səsini toplayırsa, qəbul edilmiş sayılır. Ona görə hesab edirəm ki, lehinə və əleyhinə verilmiş, həmçinin etibarsız hesab olunmuş səslərin sayını diqqətə çatdırmaq kifayətdir”.
Həqiqətən də, əsas sözü həmişə xalq deyir. Xalqın referendumda dediyi söz isə qətidir və əlavə heç bir iddiaya, xəstə təfəkkürlü qərəzə yer qoymur.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər