• çərşənbə axşamı, 19 mart, 15:24
  • Baku Bakı 8°C

Redaktorluq qəliz peşədir

19.03.18 13:30 1865
Redaktorluq qəliz peşədir
Kifayət qədər önəm verilməsə də, istənilən nəşriyyat kollektivində redaktorların ayrı bir yeri var. Nəşriyyatın işi kitab, bəzən də dərgi nəşr etməkdirsə, bunların əsas yaradıcıları redaktorlardır. Buradakı "yaradıcılıq” kəlməsini bir qədər açaq: əlbəttə, müəllifin rolunu əvəzləyən bir işdən söhbət getmir. Hər halda, redaktorun mətnlə bağlı fəaliyyət təşəbbüsləri müəllifin cızdığı sərhədlərlə məhdudlaşır. Di gəl ki hansısa romanın, yaxud hekayələr toplusunun redaktor əlindən keçmədən yekun şəklini alacağını düşünmək də mümkün deyil. Bu fikrin əksinə dair örnəklər yox deyiləcək qədər azdır. Oxucu kitablarını şövqlə oxuduğu müəlliflərin öz əsərlərini nəşriyyata hansı dil, ifadə, üslub xətaları ilə dolu halda təqdim etdiyini bilmir, çünki o kitabları redaktor əlindən keçdikdən sonra oxuyur. Mətn üzərində yaradıcı işin tamamlanması prosesindəki əməyi bir yana, onun kitab kimi yekun şəklini alıb çapdan çıxmasında da redaktorun rolu var.
Redaktorlara şamil edilən fəaliyyət, ilk baxışda, işin əlifbası kimi görünsə də, nəşriyyatların tam əksərində bu institutun lazımınca təşkil edilmədiyi, bazar üçün çalışan böyük nəşriyyatlarda satış və mühasibat kadrlarının az qala həmişə redaktorlardan üstün tutulduğu nəzərə alındıqda, binanın təməl daşlarının heç də düzgün qoyulmadığı bəlli olur. Guya ki, kitab çapı dayansa, nəşriyyatda satış, yaxud mühasibat işinin nəsə bir mənası qalacaqmış!..
Təxminən 1000 (min!) kitab çap etmiş "Adam Yayınları”nda axırıncı yeddi ildə ikicə redaktor saxlandığı halda, mühasibat bölməsində beş nəfər işləyirdi. Son otuz ilin ən böyük nəşriyyatlarından birini hansı yanaşmanın iflasa məhkum etdiyini anlamaq üçün bir ipucu da budur. Qeyd edək ki, eyni yanaşmaya "Adam Yayınları” səviyyəsindəki digər nəşriyyatlarda da davamlı şahid olmaq mümkündür.
Redaktorun kim olduğuna gəlincə, onu nəşr edilən kitabın təminatçısı – sığortaçısı adlandıra bilərik. Oxucular qarşılarına çıxan kitabın nəşrə hazırlıq prosesindən xəbərsiz olduqları üçün şərəf nişanını dərhal müəlliflərin yaxasına taxırlar. Yaxud, nəşriyyat sahəsində ən mühüm problemlərdən biri sayılan tərcümə işini götürək: son dərəcə az sayda peşəkarlar istisna olmaqla, yerdə qalan yüzlərlə "tərcüməçi”nin əlindən çıxan kitabların xilaskarı məhz redaktorlardır. Bu məqamda bir ümumiləşdirmə aparmaq yerinə düşər: "Ana dilimizi müəlliflərmi daha yaxşı bilirlər, redaktorlarmı” sualına: "Əsasən redaktorlar” – deyə cavab versək, haqlı çıxmarıqmı?! Orası da var ki, söhbət məhz səviyyəli, mahir redaktorlardan gedir; belələri isə, əlbəttə, çox deyil.
Redaktorun təkmilləşməsi zamanla birbaşa bağlı məsələdir. Gənc yaşda təcrübəli redaktor olmaq bu səbəbdən alınmır. Bəzən görürsən, redaktorluğa iddialı, hələ bir-iki kitaba əl gəzdirmiş gənclər iki yüz kitabı çapa hazırlamış redaktorlara dildən "dərs keçirlər”, amma olan işdir, bu da bir növ gənclik xəstəliyidir.
Deməli, redaktorun peşəkarlığı üçün ilkin meyar budur: "Neçə kitabı çapa hazırlayıb?” Sonrakı isə: "O mərhələyə gəlincə özü neçə kitab oxuyub?”
Yazıçılıq kimi, redaktorluq işi də kitablardan öyrənilir. Dilin ən gözəl işlənmə sahəsi ədəbiyyatdırsa, yaxşı bir ədəbiyyat oxucusu sayılmayan redaktora etibar etmək olmaz. Redaktorun vəzifəsi budur ki, öhdəsinə düşən əsəri – həm ana dilinin qayda-qanunları, həm də yaradıcı-funksional tələblər əsasında zəruri düzəlişlər, dəyişikliklər aparmaqla qüsursuz halda nəşrə hazırlasın. Amma məsələ bununla bitmir...
Redaktor-müəllif münasibətləri
Bizim davranış mədəniyyətimiz müəllif mətnlərinin nəşrə hazırlanması prosesində onlara redaktor müdaxiləsini xeyli məhdudlaşdırır. Çünki redaktə işi, mahiyyət etibarilə, bir tənqid-qiymətləndirmə prosesidir ki, müəlliflər də bunu heç xoşlamırlar. Üstəlik, müəllif öz adı-imzasıyla ayrıca bir dünya qurubsa, onun yazdıqlarına redaktor müdaxiləsi qatı müqavimətlə qarşılaşır. Halbuki yazdıqları heç bir düzəlişə ehtiyac duyulmadan nəşr edilə biləcək müəlliflərin sayı bəlli deyilsə də, çox olmadıqları dəqiqdir. Şeirə aid deyil bu, çünki bir şeirdə düzəldiləsi məqamlar çoxdursa, deməli, məsələ artıq bitib: o şeir redaktorun əl gəzdirməsilə düzələn deyil.
Əslində, müəllifin öz yazılarına – son kəlməsinəcən – qısqanclıqla sahib çıxmasını anlamaq olar, bu şərtlə ki, yazdıqlarının bircə kəlməsinə də toxunmağa həqiqətən ehtiyac duyulmaya. Mən də kitablarımı buraxacaq nəşriyyatlarda yazdıqlarıma redaktor əli dəyməsini istəmərəm. Əlbəttə, diqqətsizlik üzündən hansısa xətalar ola bilər, amma bu da redaktorluq deyil, korrektorluq işdir.
Redaktorların müəlliflərlə bərabər çalışmasının, mətnlər üzərində iş üçün onlara mümkün qədər geniş səlahiyyət verilməsinin vacibliyi bizdə də dilə gətirilir, amma əksərən nəticəsiz qalır. Həsəd aparılan bu cür əməkdaşlıq Qərbdə, xüsusən də, kitabların çox satıldığı bir dünya olan Amerikada vardır. Belə baxanda, orada da redaktorlar Filip Rotun, Pol Osterin, yaxud Ceyms Kerol Otisin romanlarına ehtiyatla yanaşmağa məcburdur: bu kimi müəlliflər yazdıqlarının bütün məsuliyyətini öz üzərlərinə götürürlər...
Redaktor müəlliflə bir səviyyədə olarsa...
Bir baxımdan, fərz edək ki, usta müəlliflərin də əsərlərinə səmərəli redaktə dəstəyinin mühüm faydaları var. O zaman bunun yalnız həmin müəlliflərin səviyyəsinə az-çox uyğun bilinən redaktorlar vasitəsilə həyata keçirilməsi aşkar zərurətə çevrilmirmi?! Beləcə, istər-istəməz redaktorun özünün də yazıçı olmasının zəruriliyi ortaya çıxır; amma bizim nəşriyyat mühitindəki bütün aparıcı redaktorlar elə həm də yazıçı deyillərmi?! Əlbəttə, öz yazılarınızla ədəbi-mədəni mühitdə mötəbər mövqe tutmusunuzsa, nəşriyyat işinə uzun bir zaman, danılmaz dərəcədə sanballı zəhmət sərf etmisinizsə, onda redaktor kimi, müəlliflərlə sıx əməkdaşlıq qura bilərsiniz: ağlı başında olan heç bir müəllif bu dəstəkdən imtina etməz. Yekun məqsəd bütün imkanları səfərbər edib kitabın qüsursuz, mükəmməl nəşrinə nail olmaqdırsa, bu məzmunda fəaliyyət müsbət nəticələr verər.
Orxan Pamuk bildirir ki, hər romanını dost-tanışlarından hardasa on nəfərinə əvvəlcədən oxudur, onların iradlarını, düzəlişlərini nəzərə almaqla, əsərin son variantını hazırlayır. Mən də ərkim keçən müəlliflərə məsləhət görürəm ki, yazdıqları hekayəni, yaxud romanı nəşriyyatlara təqdim etməzdən əvvəl dosta-tanışa, imkan varsa, redaktə qabiliyyəti olan bir adama oxutsunlar.
Əsər müəlliflərilə sıx əməkdaşlıq qura biləcək qabiliyyətdə redaktorların ciddi nəşriyyatlarda çalışması vacibdir, amma biz bundan da məhrumuq. İndi nəşriyyat mühitimizdə keyfiyyəti aşağı salmaqdan heç çəkinməyən yeni – "qırdıqaçdı naşirlik” növü törəyib; redaktorluq institutunu yaxına qoymayan belələrini, əslində, "yolaverdi naşirlər” adlandırmaq lazımdır. Onillərdən bəri nəşriyyat sahəsində çalışan naşir-redaktor qrupunun isə bu sektorun get-gedə artan yükünü çəkməyə daha gücü yetmir. "Gücü yetmək” məsələsini kənara qoyaq: axı, söhbət yalnız öz "adasında” gördüyü keyfiyyətli işlərə qane olub, onları nümunə kimi ortaya çıxarmağa can atan kiçicik qrupdan gedir.
Görülən iş kitab-jurnal nəşridirsə, yəni yazıyla, bizim sahəmizdə çoxu ədəbi səciyyəli olan mətnlərlə bağlıdırsa, onun yekun hala gəlməsi redaktordan asılıdır...Ən yaxşı redaktorların, həm də özləri müəllif olanlar arasından çıxdığını düşündüyüm kimi, hər bir müəllifin də özü-özünə yaxşı redaktor ola biləcəyini güman etmirəm.Yazı qayda-qanunlarını dəqiq bilmək, ana dilimizin qorunub inkişaf etdirilməsi üçün bu qayda-qanunların vahid sistem halında tətbiqinə səy göstərmək redaktorluqda vacib şərtlərdəndir. Öhdəyə düşən mətnə hakim olmanın birbaşa yolu ədəbi əsərlərin dərin qatlarına varmaqdan keçir.
Korrektor bir mətni yalnız yazı qaydaları və görünən səhvlər baxımından yoxlayıb düzəldir; redaktor isə daha təşəbbüskar davranıb, cümlə xətalarına, mətnin strukturundakı nöqsanlara da əl gəzdirir. Redaktorun səlahiyyət sahəsi müəllifin "dayan!” dediyi yerəcən uzanır. Əlbəttə, redaktorun həm də bir müəllif kimi tanınması, ədəbiyyat və nəşriyyat mühitində nüfuzunun getdikcə artması onun səlahiyyət sahəsini genişləndirir. Hər halda, müəllif də əməkdaşlıq etdiyi redaktora güvənmək istədiyi üçün, öz sahəsinə müdaxilənin hüdudlarını elə bu güvəncin dərəcəsinə görə bəlirləyir.
Redaktorluğun müşkül tərəfi
Qabiliyyətli redaktorların sayının get-gedə böyüyən nəşriyyat aləminin ehtiyaclarına nisbətdə az olmasının səbəbi, sözsüz ki, maddi şərtlərin əlverişsizliyidir. Nəşriyyat işi azgəlirli, büdcə-planlaşdırması pul dövriyyəsindən ifrat asılı, sektora xas qaydaların tam oturuşmadığı, gecəli-gündüzlü əziyyət tələb edən fəaliyyət sahəsi olduğu üçün redaktorluq da cəlbedici gəlmir. Axı az məvacib müqabilində, "boş yerə” o qədər davamlı səylər göstərmək idrak-qabiliyyət səviyyəsi yüksək insanlar üçün qətiyyən asan deyil.
Başqa bir tərəfdən, səviyyəli redaktorun fəaliyyət sahəsi heç də mətni çapa hazırlamaqla məhdudlaşmır. Çapa hazırladığı kitabın hər cəhətinə görə məsuliyyəti üzərinə götürən redaktor – bax budur bizim axtardığımız! Yəni, əsil redaktor, mətni yüksək səviyyədə nəşrə hazırlamaqdan əlavə, tutalım, kitabın həm hansı, həm də neçəlik şriftlərlə çap edilməsindən, sətirarasının nə qədər olmasından da baş çıxarmalı, üzqabığının vizual-estetik məzmununa görə də – dizaynerlər, tərtibatçılar qədər – cavabdehlik daşımalıdır. Bizdə redaktorların, naşirlərin çoxu əllərində tutduqları kitabın üzqabığı barədə rəy verə, səhifələrin kənarında buraxılan boşluğu bir baxışda ölçüb-biçə bilməz. Bizdəki tələb-təklif münasibətinə baxsaq, bunlar həlledici cəhətlər deyil. Amma mənə qalsa, bunlarsız redaktorun da işi səviyyəli olmaz, naşirin də.
Mənbə: Notos dərgisi
Tərcüməçi: Seyfəddin Hüseynli
banner

Oxşar Xəbərlər