• cümə, 19 Aprel, 07:55
  • Baku Bakı 13°C

Reallıqdan doğan etimad

09.12.17 12:00 3348
Reallıqdan doğan etimad
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığa başladığı dövrdən indiyədək mütəmadi olaraq, ölkənin siyasi və iqtisadi sferası ilə bağlı hesabatlar hazırlanır, sorğular keçirilir və ictimaiyyətə təqdim edilir. Son illər Azərbaycanın aktiv şəkildə beynəlxalq arenada özünü göstərməsi və uğurlu xarici siyasəti yenidən diqqətləri ölkəmizə yönəldib. Məhz bu günlərdə Hollandiyanın ING maliyyə holdinqinin (Hollandiya) analitiklərinin Azərbaycan barədə hazırladıqları məruzədə ölkəmizin əldə etdiyi uğurlar, əhalinin dövlət başçısına etimadı və mövcud iqtisadi inkişaf təfsilatı ilə öz əksini tapıb. Azərbaycanla bağlı araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparıb. Bu məruzəyə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. Araşdırma zamanı həmçinin, Azərbaycanda iqtisadi vəziyyət də təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində qeyd edilən nəticələr Azərbaycan cəmiyyətinin bugünkü xarakteristikasıdır: "Bu bir daha onu göstərir ki, Azərbaycanda milli birlik var, cəmiyyət vahid məqsədlərə xidmət etməklə yanaşı, həm də indiki iqtidara etibar edir. Cəmiyyətin indi aparılan siyasətlə sabahısı gününə və ailəsinin, övladlarının təhlükəsiz şəraitdə yaşayacağına, hüquqlarının qorunacağına tamamilə inamı var. Eyni zamanda, ölkə vətəndaşı Azərbaycanın beynəlxalq nüfuzundan razıdır və parlamentin fəaliyyətinə müsbət qiymət verir. Azərbaycan insanının bugünkü həyatının yaxşıya doğru dəyişəcəyinə böyük bir inamı var. Rəy sorğusu xarici müstəqil təşkilat tərəfindən keçirilib, nəticələrinin də obyektiv olduğuna hər hansı bir şübhə yoxdur. Əksəriyyətin dövlətinə inanması, hakimiyyət strukturlarına etimad etməsi onu göstərir ki, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət bu gün ölkənin milli maraqlarına cavab verir”.

A.Mirzəzadə hesabatda yer alan Azərbaycanın iqtisadi inkişafı göstəriciləri ilə bağlı məsələyə toxunaraq vurğuladı ki, uzun illərdir ölkə iqtisadiyyatında neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da böyük diqqət edilib: "Ən əsası isə bu gün inkişaf regionlarda da gedir. Hər bir regionun inkişafı dövlətin və prezident İlham Əliyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, vaxtaşırı dövlət başçısının regionlara səfərində həm aqrar, həm də həmin region üçün yeni sənaye obyektlərinin açılışı artıq bir ənənəyə çevrilib. Bu isə yüz minlərlə insanın işlə təminatı, dövlət büdcəsinin dolması, sosial proqramların həyata keçməsidir. Davos Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti ilə bağlı göstəricilərinin ildən-ilə yaxşılaşması heç də təsadüfi deyil. İki ilə ərzində bu göstərici 37-dən 35-ə keçid etdi. Hansı ki, qonşu Rusiya 38-də, Çin isə 27-ci yerdədir. Hər sahədə aparılan düzgün siyasət, əlbəttə, nəticəni həm iqtisadiyyatda, həm sosial sahədə, həm də əhalinin dövlətinə, hakimiyyətinə münasibətində də özünü göstərir.
Millət vəkili Bəxtiyar Əliyev bildirdi ki, Azərbaycan xalqı prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisi prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür: "Ona görə də əhali prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib”.

Deputat vurğuladı ki, Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri müşahidə edir və bütün bunlardan düzgün nəticə çıxarır: "Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, ölkədə stabillik hökm sürməsi bir həqiqətdir. Onun dediyinə görə, ölkədə inkişaf var, xarici və daxili siyasətdə düzgün prioritetlər qurulub və həyata keçirilir: "Azərbaycan regionda irimiqyaslı layihələr reallaşdırır. Xarici siyasətin prioritetləri cəmiyyəti qane edir. Bu da nəticə etibarı ilə qeyd edilən hesabatda öz əksini tapıb”.

Politoloq əlavə etdi ki, Azərbaycan çoxvektorlu xarici siyasət formatında həm Qərb, həm Rusiya, həm də qonşu dövlətlərlə düzgün münasibətlər qurub: "Bu istiqamətdə addımlar atmaqda davam edəcəyik. Cəmiyyət də bunu dəstəkləyir, müdafiə edir. Əgər belə olmasaydı xarici müstəqil şirkətin keçirdiyi sorğunun nəticələrində təbii ki, qeyd edilənlər öz əksini tapmazdı”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər