• cümə axşamı, 25 aprel, 13:38
  • Baku Bakı 23°C

REALİZMİN LİRİK-PSİXOLOJİ ÇALARLARI

24.10.16 11:43 2050
REALİZMİN LİRİK-PSİXOLOJİ ÇALARLARI
...2013-cü ilin dekabr ayının sonlarında Azərbaycan rəssamlarının Ankaranın "Heykəl və Rəsm Muzeyi”ndə Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə açılmış sərgisinin ekspozisiyasında göstərilən bir neçə mənzərə əsəri tamaşaçıların diqqət mərkəzində idi. Burada Türkiyə ilə bağlı digər mənzərələr nümayiş etdirilsə də, hamının maraq dolu nəzəri həmin əsərlərə yönəlmişdi. Qədim İzmirin özünəməxsus memarlığını yaşadan bu mənzərələrdə tamaşaçını ovsunlayan bədii-estetik xüsusiyyət heç şübhəsiz təbiətə və onun insan əli ilə dəyişən simasına rəssam tərəfindən göstərilən gerçəkçi-səmimi münasibətin mövcudluğu idi. Hamını öz ətrafına toplayan bu əsərlərin müəllifinin mənim keçmiş tələbəm Ziyad Sultanov olduğunu biləndə, bəlkə də həmin anda hamıdan çox qürur hissi keçirdim. Türkiyədə yaşayıb-yaradan digər rəssamlardan fərqli olaraq Ziyadın obyektiv səbəblərdən həmin sərgiyə gələ bilməməsi məni həmin anlarda ona telefon açmağa vadar etdi. Türkiyədə çalışan rəssamlarımızın əlaqələndiricisi və lideri, əməkdar rəssam Teymur Rzayevin köməyi ilə onunla telefon əlaqəsi yaratdıq. Müəlliminin tələbəsinə açdığı bu zəngin onuncun çox gözlənilməz olduğunu dəfələrlə utancaqlıqla təkrarladığına rəğmən bildirdim ki, "Sən sağ ol ki, yaradıcılığınla hamını, xüsusilə də məni bu gün bu qədər sevindirdin! Müəllimliyin də elə əsas mənası-missiyası bundan ibarətdir!”...
Tanışlıq üçün deyək ki, Ziyad Sultanov Bakıda dünyaya göz açıb. İxtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (1974-1978), sonra isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika” fakültəsində (1981-1986) almışdır. Təhsilsonrası müstəqil yaradıcılıqla məşğul olan rəssam Azərbaycan və SSRİ çərçivəsində təşkil olunan ən müxtəlif miqyaslı sərgilərin iştirakçısı olmuşdur. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1995-ci ildən İstanbulda yaradıcılıqla məşğuldur. Qardaş ölkədə Azərbaycan ünvanlı bütün tədbirlərin iştirakçısı olmaqla, yaratdıqları müxtəlif janrlı əsərlərlə doğulduğu yurdu şərəfləndirməyə nail olmuşdur...
Ziyad Sultanov yaradıcılığı boyu təsviri sənətin əksər janrlarına müraciət etsə də, onun özünün yaradıcı potensialını tam istifadə etdiyi sahə mənzərədir. Onun ilin bütün fəsillərinə, günün ayrı-ayrı vaxtlarına tutduğu "bədii güzgü”də təbiət sözün əsl mənasında təzadlarla dolu, çeşidli ovqat daşıyıcısıdır...
Azərbaycanda mənzərə janrının Əli bəy Hüseynzadə və Bəhruz bəy Kəngərlidən başlayan təşəkkül tarixi, sonrakı dövrlərdə İbrahim Səfi, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Əyyub Hüseynov, Səməd Haqverdiyev, Fərhad Xəlilov və başqalarının yaradıcılığında müxtəlif bədii tutum və çoxqatlı məna-məzmun daşıyıcısına çevrilməsinin qarşılığında, təbiət motivlərinə müraciət edilməsi yeni nəsildən sözün əsl mənasında duyulası yaradıcılıq cəsarəti tələb edir. Qənaətimizcə, Ziyad Sultanov etüd çantası ilə onun üçün yeni olan Türkiyəni gəzib-dolaşanda, maraqlı təsvir motivləri axtaranda artıq nə soraqladığını yaxşı bilirdi. Hər səfərdən emalatxanaya zəngin təəssüratla qayıtmasının nəticəsində onun İzmir, Bodrum, Bursa, Kapadokiya və Türkiyənin digər maraqlı guşələrini əks etdirən silsilə mənzərələri yarandı.
Yazının əvvəlində rəssamın xüsusi vurğuladığmız və tamaşaçı marağına səbəb olan mənzərələri də onun İzmirlə tanışlığından sonra ərsəyə gəlmişdir. Maraqlısı qədim tarixi-memarlıq abidələri ilə məşhur olan İzmirdə rəssamın diqqətini çəkən daha çox hökumətin artıq sökülməsinə qərar verdiyi "gecəqondular” olmuşdur. İzmirin köhnə məhəllələrinə rəssamın verdiyi bədiilik doğrudan da cəlbedici və yaddaqalandır. Yoxuşlu landşaftda üst-üstə sıralanan qırmızı damlı evlərin qeyri-adi ritminin yaratdığı qeyri-adi ritmdə hifz olunan özünəməxsus gözəllik, doğrudan da, təkrarolunmazdır. Ziyad Sultanov həmin mənzərəni ilin ən müxtəlif fəsillərində görüntüyə gətirib. Qənaətimizcə, qışda qarlı damların binaların rəngbərəng divarlarını görünən etməsində, yazda-payızda isə işıqlı fasadların qırmızı damları qabarıq etməsində gizlənən gözəllik qaynağını rəssam çox incəliklə duyub bədiiləşdirə bilmişdir...
İstanbulda yaşayan azərbaycanlı rəssamın "Türkiyənin döyünən ürəyi” sayılan bu şəhərin bütün guşələrinə dərindən bələdçiliyinin ifadəsini onun çoxsaylı əsərlərində görmək mümkündür. Qədim şəhərin Arnavutköy, İstinya, Quzğuncuq, Taksim və digər neçə-neçə məşhur yerlərinə bədii münasibətində realizm bədii prinsipinə əsaslanan Ziyad Sultanov, məkanın uzaq-yaxın tarixinə şahidlik edən gəmiləri "qucağına” almış körfəzdə, qarlı küçələrdə, yaşıllıq içində "üzən” evlərdə, qədim eyvanlarda və digər neçə-neçə motivlərdə duyğulandırıcı estetik qaynaqlar aşkarlaya bilmişdir.
Bursadakı daş döşənmiş küçələrə və eniş boyu səpələnmiş qarlı taxta evlərə bədii münasibətində də onun tamaşaçıda lirik duyğular aşılmaq istəyi duyulmaqdadır. Heç şübhəsiz rəssamın hər bir əsərinin lirik-psixoloji tutum almasının kökündə ilk növbədə gözümüzdə adiləşən rənglərin dominant gücünə inam durur. Ziyad Sultanovun bəzən ram etdiyi, bəzən də duyulası dərəcədə gücləndirdiyi rənglərin duyğulandırıcılıq yükünə daha çox inanmağa başlaması ilə onun bəzilərinə tükənmiş kimi görünən realizmin ifadə imkanlarına özünəməxsusluq bəxş etməsi baş verib. Bunun nəticəsində çoxlarına "çərçivəli” görünən realizmə yaradıcı müəllif potensialının nüfuz etməsi ilə gözümüzdə adiləşən məkanlar daha cəlbedici tutum alıblar. Rəssamın bu əsərlərdə tətbiq etdiyi gözlənilməz rakursların da motivlərin fərqli ovqatda qəbulunda rolu böyük olub. Başqa sözlə desək, obyektlərə belə fərqli və çeşidli baxışların sayəsində tamaşaçı əvvəllər duya bilmədiyi gözəllik işartılarını özü üçün kəşf edib.
Əslində, gerçəkliyin bu cür səmimi, pafosdan uzaq təqdimatı indiki zamanda kifayət qədər başqalarından fərqli görünür. Qənaətimizcə, Ziyad Sultanov mənzərələrində təbiətin çox vaxt anbaan dəyişən ovqatını dərindən duyan, onun dərin qatlarına nüfuz etməyi bacaran rəssam-müşahidəçidir. Təbiət motivlərində qabarıq duyulan lirik-psixoloji bədii təqdimat da buradan qaynaqlanır. Tamaşaçı nəzərlərini daha çox görünən adilikdəki gözəlliyin fəlsəfi dərkinə yönəldən rəssam, əslində, bədii ifadə səmimiliyini rənglərin ovqat daşıyıcılığına qovuşdurmaqla əsərlərinin bütün mənalarda özünəməxsusluğunu şərtləndirmişdir. Obrazlı desək, şair Rəsul Rzanın "Ağrının, sevincin, ümidin də rəngi var” fikrini öz əsərlərində gerçəkləşdirən rəssam onları çox vaxt həm ovqatyaradıcı, həm də düşündürücü "yaşantılar toplusu”na çevirə bilmişdir. Bu mənzərələrdə görkəmli Azərbaycan rəssamı, Naxçıvanda doğulsa da, həyat və yaradıcılığı İstanbulda keçən mərhum İbrahim Səfinin bədii-mənəvi ruhu duyulmaqdadır.
Ziyad Sultanovun yaradıcılığında yer almış natürmort janrlı əsərlərin də özünəməxsus estetikası vardır. Gülləri və meyvələri özünə obyekt seçən rəssam, mənzərələrində olduğu kimi təsvirə gətirdikləri əşyaları da "səmimiyyət güzgüsü”ndən keçirməklə tamaşaçıya təqdim etmişdir. Odur ki, onun çəkdiyi müxtəlif gül-çiçəklər, xüsusilə də narlar qərblilərdə olduğu kimi "soyuq və cansız” əvəzinə, hələ də məkana bağlı və təravətli görünürlər...
Sonda deyək ki, Ziyad Sultanovun dəst-xətti mövzusuna və görünənlərə münasibətinə görə tanınandır. Ən önəmlisi isə görünənlərin kimsəni xatırlatmamasıdır. Bu onun bir qərinəlik yaradıcılığının yəqin ki, ən böyük qazancıdır...
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər