Realizm estetikasının gücü
Sənət aləmində mövcud olan müxtəlif "izm”lərin yarandığı və rəqabət apardığı bütün dövrlərdə realizmin
estetikasının sehrinə düşməyən rəssamlarımız demək olar ki, olmayıb. Bunu
şərtləndirən başlıca səbəb isə realist bədii şərhlə gerçəkliyi və onun çeşidli
hadisələrinə, insanların sayagəlməz fəaliyyətinə tamaşaçını inandırıcı "bədii
güzgü” tutması olmuşdur. Doğrudan da, üslubun inandırıcılıqdan qaynaqlanan ovqatyaratma gücünü öz yaradıcı potensialı
ilə qovuşduran təsviri sənət ustalarımız zaman-zaman milli sənət saxlancımıza
duyğulandırıcı – yaddaqalan əsərlər bəxş etmişlər.
XIX yüzilliyin
ikinci yarısından başlayan və bu günümüzə kimi öz estetikasının zənginliyi ilə
rəssamlarımızı ovsunlamaqda davam edən realizm ənənələrini yarım əsrə yaxın bir
dövrdə uğurla yaşadan və onu yeni bədii çalarlarla zənginləşdirən
yaradıcılarımızdan biri də respublikanın Əməkdar rəssamı Rafael Abasovdur.
Doğma Bakıda əvvəlcə
Ə.Əzimzadə adına rəssamlıq məktəbində (1960-1965) Əbdülxalıq Rzaquliyev və
Böyükaga Mirzəzadədən, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunda (1968-1974) Mikayıl
Abdullayev və Tahir Salahovdan sənətin sirlərini öyrənən Rafael Abasov (1943) bir qərinədən çoxdur ki,
yaradıcılıqla məşğuldur. Onun müxtəlif mövzulu əsərlərini artıq
klassikləşən "sərt üslub”a – dünyanı
sərt baxış tərzinə bir qədər də realizmə bələnmiş duyğulandırıcı lirik-romantik
və ruh-ovqat qatması səciyyələndirir. Bunu həm onun məntiqli məna-məzmun yüklü
və kompozisiya bütövlüyü ilə seçilən süjetli tablolarında, özündə zəngin
psixoloji yaşantıları gerçəkləşdirən portretlərində, maddi-mədəniyyət
nümunələrini qürurdoğurucu qaynağa çevirən natürmortlarında, tamaşaçını ovqat
bolluğuna qərq edən gözoxşayan mənzərələrində müşahidə etmək mümkündür...Rafael Abasovun müxtəlif tutumlu əsərlərinin tamaşaçı
rəğbəti qazanmasının kökündə ilk növbədə
onun bu janrların məlum "estetik xəritəsi”ni duyulası dərəcədə genişləndirmək
bacarığı durur, desək, yanılmarıq. Bu mənada onun müxtəlif illərdə ərsəyə
gətirdiyi "Düşüncələr” ("Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin portreti” (1996), "Qayğılı anlar”
(2009), "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti” (2003),
"Akademik Məzahir Abbasovun portreti” (1988), "Kəndli oğlan” (1984), "Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin” (2009), "Xalq artisti Fuad Poladovun
portreti” (2006) və s. portret-kompozisiyaların adını çəkmək olar.
Adətən,
çox məşhur şəxsiyyətlər haqqında insanlarda əvvəlcədən yaranmış kifayət qədər
məlumat və təəssürat olduğundan onların fərqli obrazlarını yaratmaq nisbətən
çətin olur. Məhz bu baxımdan rəssama uzun illər respublikaya rəhbərlik etmiş
Heydər Əliyev cənablarının portretini kətan üzərində gerçəkləşdirmək heç də
asan olmayıb. Məkan və geyim seçiminin bu cür portretin yaradılması prosesində
aparıcı və həlledici olduğunu etiraf etməli olsaq, demək olar ki, rəssam
tanınmış siyasi xadimin obrazının yaddaqalanlığını əldə etmək üçün çox uğurlu
kompozisiya həlli ("Düşüncələr”) tapa bilmişdir. Bunun üçün dəbdəbəli, rəsmi
təqdimatdan imtina edən rəssam H.Əliyevi ev şəraitində-baxışlarını naməlum
istiqamətə yönəlmiş və düşüncələrə qərq olmuş vəziyyətdə təsvir etmişdir.
Geyimin və pozanın sadəliyi, obrazı əhatələyən azsaylı detallar və yığcam və
nüfuzedici rəng həlli obrazın səmimiliyini şərtləndirmişdir. Bütün bu
məziyyətlərin son nəticədə portretin aurasını genişləndirdiyinə və əsərin dolğun
məna-məzmun tutumlu süjetli tablo kimi
qəbul olunduğuna şahidlik etmək mümkündür.
Bu
portretin uğuru rəssamı daha da ruhlandırmış və o, müstəqillik dövründə Heydər
Əliyevin bədii tutumuna görə bir-birindən fərqlənən obraz-portretini yaratmağa
nail olmuşdur. Hazırda görkəmli siyasi xadimin respublikamızda fəaliyyət
göstərən əksər Heydər Əliyev mərkəzlərini bəzəyən monumental tutumlu
portretləri bilavasitə Rafael Abasov fırçasının məhsullarıdır. Bu sırada
Gədəbəy, Şəmkir, eləcə də Bakının Binəqədi, Pirallahı, Suraxanı və b.
rayonlardakı mərkəzlərin adını çəkmək olar. Rəssamın ulu öndərlə bağlı həmin
əsərlərində də bu böyük şəxsiyyətə mənsub olan zəngin keyfiyyətlərin yaddaqalan
bədii tutumda bədiiləşdirilməsi qabarıq duyulur.Eyni
müsbət sözləri rəssamın obrazlarının
dolğunluğuna və əhatəliliyinə nail olduğu iki tanınmış dövlət xadimi – İlham
Əliyev və Vladimir Putinin, eləcə də
İkinci dünya müharibəsindəki qəhrəmanlığını sonralar elm sahəsində davam
etdirən akademik Məzahir Abbasovun və aktyor Fuad Poladovun portretləri
haqqında söyləmək olar. Rəssamın kompozisiyaya onun bədii tutumunun
genişləndirilməsinə xidmət edən detallar daxil etməsi heç şübhəsiz həmin
şəxsiyyətlərin obrazlarının dolğunluğunun əldə olunmasında yardımçı olmuşdur.
Bütünlükdə demək olar
ki, "sərt üslub”un estetikasından faydalanmaqda davam edən Rafael Abasov
portret janrında yaratdığı sənət nümunələrinin
timsalında realizmin özünüifadə imkanlarının nəhayətsizliyini sərgiləyə
bilib. Bunu rəssamın həm tutumuna görə süjetli tablo kimi qəbul olunan, həm də
bu janrın klassik nümunəsini xatırladan digər portretləri də təsdiqləyir.
"Avtoportret” (1981), "Kəndli oğlan” (1984), "Heykəltəraş Tofiq Hüseynovun portreti”
(1979), "Rəssam Nadir Qasımov” (2001), "Əlövsətin portreti” (1990), "Alman
futbolçusu Bert Ştangenin portreti” (1993), "Amerikalı qadın” (1997), "Qəhrəman
ana” (2000), "Salvador Dali haqqında düşüncələr”, "Hüquqşünas Səfa Mirzəyevin
portreti” (1999), "Oğlum Rəşad” (2009)
və s. əsərləri özündə dəyişkən psixoloji yaşantıları hifz edən portretlər hesab etmək olar.
"Kəndli oğlan” əsərinə görə R.Abasovun Şri-Lankada keçirilən beynəlxalq sərgidə
diploma layiq görülməsi də onun sənətkarlığına verilən yüksək qiymətin
göstəricisidir...
Yuxarıda adlarını çəkdiyimiz portretlərdə xarakter
müxtəlifliyi həm də həmin obrazların həyata münasibətlərini xarakterizə edən
dəyərlərlə əlaqəli verildiyindən onlar
həm də tamaşaçı tərəfindən "suallar məcmusu”na bənzəyən bədii-psixoloji
qaynaq kimi qəbul olunurlar. Ümumiyyətlə, rəssamın əsərlərində insan
xarakterinə nüfuzetmə bacarığı kifayət qədər duyulandır. Bunu onun müxtəlif
fiqurlu əsərlərində müşahidə etmək mümkündür. Onun bilavasitə fərdi təəssüratı
əsasında çəkdiyi "Qazmaçılar” (1968), "Neftçi" (1978), "Nehrəm ağsaqqalları”
(2006) əsərləri bu qəbildəndir.
Dünya və Azərbaycan rəssamlığında geniş
yayılan natürmorta Rafael Abasovun biganə qalmamağının kökündə "dəstədən geridə
qalmamaq”dan daha çox, arıq beş əsrə yaxın beynəlxalq incəsənət leksikonunda
özünə daimi yer alan bu janrın estetikasına özünəməxsus çalarlar əlavə etmək
durur desək, həqiqəti söyləmiş olarıq. Onun "Lahıc qabları ilə natürmort”
(2006), "Keramik qablar” (1999), "Mis
qablar” (2000), "Yaz gülləri” (2005) və
s. əsərləri məhz rəssamın zamanlar arasında mənəvi əlaqənin yaradılmasına xidmət edən lövhələridirlər.
Etiraf edək ki,
rəssamın Azərbaycanın müxtəlif guşələrinə yaradıcılıq səfərlərindən sonra
yaranan mənzərələri duyulası dərəcədə özünəməxsus məziyyətlərə malikdir. Bu
lövhələrdə günün fəsillərin dəyişkənliyi,
dağların möhtəşəmliyi, bağların füsunkarlığı, dənizin şıltaqlığı elə
sənətkarlıqla ifadə olunub ki, onların qarşısında istər-istəməz ovqat bolluğuna
düşürsən. "Payız” (1996), "Meşə mənzərəsi” (2000), "Dəniz sahili” (2001),
"Abşeronda (2003), "Günorta” (2004), "İsmayıllı mənzərəsi” (1996) əsərləri
zəngin bədii dəyərləri özündə yaşadan tablolardır.
Onun realizm estetikasının gücü qabarıq hiss
olunan lövhələrin Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Sumqayıt,
Şirvan, Masallı, Neftçala, Lerik rəsm qalereyalarında, yerli və xarici
ölkələrdəki şəxsi kolleksiyalarda yer alması heç şübhəsiz onun çoxdan ənənəvi
sayılan mənzərə janrının bədii-estetik
tutumuna yeni və özünəməxsus məziyyətlər bəxş etməsinin göstəricisidir.
Ziyadxan Əliyev