Realizm ənənələrini yaşadanlar - FOTOLAR
Rəssam İslam Gülmalıyevin bədii
axtarışları haqqında
Müstəqillik dövrü təsviri sənətimizdə
bədii üslub axtarışları kifayət qədər geniş vüsət alsa da, onların arasında
estetikası hamı üçün nümunəvi və qibtəedici olanının azlığı aşkar hiss olunur. Etiraf
edək ki, müasirlik axtarışı kimi təqdim
olunan bu çoxsaylı bədii şərhlərdə yenilik əvəzinə, daha çox məlum "izm”lərə
nəzirə və zəif təqlidləri görmək mümkün idi. Mücərrədçiliyə meyl göstərənlərin
üstünlük təşkil etdiyinin qarşılığında, demək lazımdır ki, realistik – gerçəkçi
bədii ənənələrə lazımı qədər yiyələnməyən belə müəlliflərin "yenilik” kimi
ictimailəşdirdikləri, hər şeydən əvvəl bacarıqsızlıqlarını dolayısı ilə ört-basdır
etməyin görüntüsü olmuşdur. Heç şübhəsiz, belə bədii şərhlərin kökündə əli
fırçalı molbert - kətan qarşısında
dayanan yaradıcıların gerçəkliyi ifadə etmələrində səmimiliyin
çatışmaması dururdu. Odur ki, müstəqillik dövrü təsviri sənətimizin, sovet
dönəmi ilə müqayisədə, hələ ki, başqalarına da maraqlı görünə biləcək öz
estetikasını sərgiləyə bilmədiyini etiraf etməyə məcburuq...
Bu məcburi girişdən sonra deməliyik ki,
milli təsviri sənətimizin son bir qərinəyə təsadüf edən inkişaf mənzərəsində
klassik realizm ənənələrinə tapınan, onun "estetik xəritəsi”ni genişləndirmək
istəyində olan yaradıcılarımız da var. Onlardan biri də rəngkarlıq və qrafika
sahəsində davamlı fəaliyyət göstərən İslam Gülmalıyevdir. O, ixtisas təhsilini
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika” fakültəsində
(1984-1989) almışdır. Burada Xalq rəssamı İbrahim Zeynalov, Əməkdar rəssamlar
Soltan Atayev, Rais Rəsulzadə və Həsənağa Məmmədovdan sənətin sirləri
öyrənmişdir. Elə tələbəlik illərində yaradıcı potensialının genişliyini
dəfələrlə sərgiləməyinin nəticəsidir ki, respublikanın tanınmış
heykəltəraşlarından biri olan İ.Zeynalov
onu dahi Azərbaycan şairi M.Ə.Sabirin ağacdan yonduğu heykəlinin son
variantının icrasına cəlb etmişdi. O vaxt tələbə-rəssam bu işin öhdəsindən
layiqlə gələ bilmişdi. Başqa sözlə desək, hazırda şairin Şamaxı şəhərindəki
ev-muzeyində nümayiş etdirilən ağac-portretində İslam Gülmalıyevin də əllərinin
izi - hərarəti duyulmaqdadır...
Onun arxada qalan bir qərinəlik
yaradıcılıq yolu axtarışlarla zəngin olmuşdur. Müxtəlif miqyaslı sərgilərdə
uğurlu iştirakının nəticəsidir ki, onu Azərbaycan Rəssamlar İttifaqının
üzvlüyünə qəbul etmişlər. Yuxarıda da vurğuladığımız kimi, bilavasitə sənətdə
realizm ənənələrinə tapınan rəssam, onun estetikasını bütün janrlarda ərsəyə
gətirdiyi tablolarında genişləndirməyə çalışmışdır...
Məlumdur ki, təsviri sənətin bütün
dövrlərdəki inkişafında əksər müəlliflər tərəfindən həyatın olduğu kimi əksinə
səy göstərilmişdir. Bu cür real təqdimatda, gerçəklikdə müşahidə olunan
hadisələrin mahiyyətinə nüfuz edilmiş, onun elə də asan olmayan məna-məzmun
tutumunun bədii-fəlsəfi yükü cəlbedici görkəm almışdır. Elə İslam Gülmalıyevin
müxtəlif mövzulu əsərlərində də bunu müşahidə edirik. Belə ki, müəllifin ərsəyə
gətirdiyi hər bir rəngkarlıq tablosunda və yaxud da qrafika nümunəsində təsvir
olunanın əsas səciyyəvi keyfiyyətinin üzə çıxarılması və qabardılması onun əsas
məqsədini təşkil edir. O, elə hazırda vaxtilə təhsil aldığı ali məktəbdə də
tələbələrinə realizmin bu vacib tərəfini aşılmağa çalışmaqdadır...
Bu yerdə deyək ki, İslam Gülmalıyevin
realizmə bələnmiş əsərlərindəki estetikanın mayası, təkcə görünənlərin olduğu
kimi ifadəsindən ibarət olmayıb,
özündə həm də ona yaradıcı
müəllif münasibətini yaşadır. Bu məqamda başlıca məqsəd kompozisiyaya daxil
edilmiş digər detalları öz ətrafında birləşdirə biləcək əsas elementi
qabartmaqdan, onu dominanta çevirməkdən ibarətdir. Bu isə elə də asan başa
gələn proses deyil. Belə ki, onun
müşahidə etdiyi və yaxud da üzbəüz qalıb
təmasda olduğu obyekt geniş mənada hələ həqiqətin özü olmayıb, yaddaqalan bədii
təqdimatını gözləyən "xammal” rolunu
oynayır. Odur ki, gerçəkliyin tamaşaçını duyğulandıra biləcək bədii tutum
alması ilə həmin "xammal”ın sənət əsərinə çevrilməsi baş verir. İ.Gülmalıyevin
müxtəlif illərdə ərsəyə gətirdiyi "Xarıbülbül”, "Xocalı faciəsi”, "Əllər”,
"Sülh göyərçini”, "Qartal”, "Yaz gülləri”, "Ağ çiçəklər”, "Payız mənzərəsi” və
s. müxtəlif janrlı rəngkarlıq əsərlərində vurğuladığımız bədii - estetik
məziyyətləri müşahidə etmək mümkündür.
Adlarını çəkdiyimiz əsərlərin
diqqətçəkən xüsusiyyətlərindən biri də, onlarda əks olunan obyektə özünəməxsus
yanaşmanın mövcudluğudur. Bunun sayəsində
çox vaxt motivin və obyektin "donuq”luqdan çıxarılması, görünənlərə
romantizm çalarları əlavə edilməsi baş verdiyindən, son nəticədə,
kompozisiyanın düşündürücü məna-məzmuna bələnməsi gerçəkləşir. Bunun isə hər
bir müəllifin "mavi arzusu” olması danılmazdır. İ.Gülmalıyevin bir neçə əsərini
şərh etməklə buna əmin olmaq mümkündür.
Onun II Qarabağ savaşındakı qələbəmizdən
əvvəl çəkilmiş "Xarıbülbül” əsərində
mənəvi - psixoloji yaşantıların bədiiliyə bələnmiş təqdimatı ilə qarşılaşırıq. Cıdır
düzündəki ənənəvi çal - çağırın yoxluğu
ilə barışa bilməyən yalqız xarıbülbülün tablodakı dominant mövqeyində həsrət və
nisgil qabarıq duyulmaqdadır. Müəllif bunu gülün nikbinlik - ümid sərgiləyən rənglərində və vüqarlı
duruşunda ifadə etməyə nail olmuşdur. Reallıqla rəssam düşüncələrinin
qoşalaşdığı lövhədə, həm də arzulara köklənmiş müəllif niyyətinin romantik
yozumunu görürük...
Rəssamın "Xocalı faciəsi” əsərində isə
rəssamlarımızın dəfələrlə müraciət etdikləri mövzuya bir qədər fərqli – obrazlı
bədii münasibəti müşahidə edirik. Kifayət qədər yığcam detallardan təşkil
olunmuş kompozisiyada onların hər birinin müəyyən bədii - psixoloji yük
daşıyıcısı olmasının nəticəsidir ki, müəllifin ustalıqla əldə etdiyi,
bütövlükdə faciənin sözlə ifadə edilə bilməyən dəhşətləri duyulmaqdadır. Alova
bələnmiş gözüyaşlı insanı xilas etməyə çalışan
və həm də harayını - etirazını nümayiş etdirən bu qoşa əllərin ekspressiv təqdimatı kifayət
qədər təsirli və yaddaqalandır...
İslam Gülmalıyevin yağlı boya ilə
çəkdiyi "Qartal” tablosunda da janrların uğurlu qovşağını, motivin romantik
çalarlara bələnməsini görmək mümkündür. Mavi ənginliklərdə qanad çalmaqla,
şikarına doğru yaxınlaşan qartalın, zirvəsi qarla örtülü dağların üzərindəki
uçuşunun bədii tutum almış görkəmində rəssamın məqamı zamansızlığa qovuşdurmaq istəyi hiss
olunmaqdadır. Bunun uğurlu rəng həlli və bədii təzadla əldə olunması isə ilk
növbədə müəllifin zamanında əldə etdiyi bilik və vərdişlərin professionallıqla
tətbiqinin nəticəsi sayılmalıdır...
İslam Gülmalıyevin yaradıcılığında janr
məhdudiyyəti duyulmasa da, onun natürmort janrında daha davamlı şəkildə
fəaliyyət göstərdiyini deməliyik. Onu da əlavə edək ki, bütün zamanlarda bu
janra Azərbaycan rəssamlığında özünəməxsus münasibət olmuşdur. B.Kəngərlidən
başlayan bu ənənə sonralar rəssamlarımızın müxtəlif nəsilləri tərəfindən davam
etdirilmiş, bir-birindən maraqlı əsərlər yaradılmışdır. Elə İ.Gülmalıyevin
natürmortlarında da əşyalar ətraf mühitdən təcrid olunmuş halda görüntüyə
gətirilsələr də, kompozisiyaların ümumi ruhunda insan nəfəsi, onun əməyinin
nəticəsi qabarıq görünməkdədir. Bu mənada rəssamın "Ağ çiçəklər” "Yaz gülləri”,
"Payız nemətləri” və s. əsərlərinin adını çəkmək olar...
Onun mənzərə janrında çəkdiyi əsərlərdə
də realizm estetikasına romantizm çalarları əlavə etmək istəyinin mövcudluğu
aydın görünür. Odur ki, rəssamın gördüklərinə arzuladıqlarını əlavə etməklə
yaratdığı tablolar, həm də duyğulandırıcı qəbul olunurlar. İslam Gülmalıyevin
bəzən də bədii ümumiləşdirmələrlə estetik qaynağa çevirdiyi belə mənzərələrdə
həm motiv seçimi, həm də onların cəzbedici kolorit daşıyıcılığı ahəngdarlıq
təşkil etdiyindən, bütünlükdə kompozisiyalar cəlbedici və yaddaqalandırlar.
Əlavə edək ki, bu mənzərə janrında ərsəyə gətirilən əsərlərdə tamaşaçının ən
çox görmək istədiyi bədii-estetik məziyyətdir. Müəllifin müxtəlif illərdə
çəkdiyi "Payız mənzərəsi”, "Diri baba türbəsi”, "İçərişəhər”, "Bahar” və s.
lövhələrində bu bədii xüsusiyyətləri görmək mümkündür...
Rəssamın qrafik
irsini təşkil edən portretlərdə isə obrazların ikonoqrafik dəqiqliklə ifadəsi
ilə yanaşı, belə şəxsiyyətləri başqalarına sevdirən insani keyfiyyətlərinin önə
çəkilməsi də duyulandır. Bu mənada onun
qrafik icra mədəniyyəti ilə seçilən
"Atatürk”, "Mahatma Qandi”, "İmadəddin Nəsimi”, "Ənvər paşa” və digər
portretlərinin adını qeyd etmək mümkündür.
İslam Gülmalıyevin yuxarıda barəsində
söz açdığımız rəngkarlıq və qrafika irsini qısaca dəyərləndirməli olsaq, onda
onun müxtəlif janrlarda yaratdığı bədii nümunələrdə realizm üslubunun
estetikasını özünəməxsus çalarlarla zənginləşdirdiyini deməliyik.
Ziyadxan Əliyev,
Əməkdar
incəsənət xadimi, professor