• cümə, 19 Aprel, 02:42
  • Baku Bakı 18°C

“Realçıların Azərbaycan siyasi reallığından xəbəri yoxdur”

14.09.18 16:56 946
“Realçıların Azərbaycan siyasi reallığından xəbəri yoxdur”
REAL sədri İlqar Məmmədovun həbsdən azad olduqdan sonra fəallıq nümayiş etdirməsi, mətbuat konfransı keçirərək insanların şüurunda özünün əzabkeş qəhrəman, "mübariz”, "mələk” obrazını yaratmaq istəməsi, müxalifət meydanında özünə yer etmək həvəsi barədə ötən nömrələrimizdə yazmışdıq. Qeyd etmişdik ki, can atdığı müxalifət düşərgəsində ciddi siyasətçi kimi qəbul edilməyən bu şəxsə və tərəfdarlarına radikallar nifrətlə yanaşırlar. Xüsusən də cəbhəçilər tərəfindən REAL sədrinin bütün addımları izlənilir, onların hər bir davranışına neqativ don geyindirilir. AXCP sədri Əli Kərimli və trol ordusu da bütün bunları susqunluqla izləyir. Qeyd etmişdik ki, cəbhəçilərin bu davranışı REAL sədri İ.Məmmədovun radikal müxalifət lideri olmaq iştahasından xəbər olmaları ilə əlaqədardır. Məhz bu səbəbdən onlar İ.Məmmədovla bağlı hər hansı xoş ifadə işlətmirlər. Qarşı tərəf də bunu hiss edərək, cəbhəçilərlə münasibətlərə soyuqluq verib. Öz aralarında isə REAL AXCP-nı səmərəsiz müxalifətçilikdə, cəbhəçilər də realçıları ritorik, Azərbaycan reallığından uzaq və faydasız fəaliyyətdə günahkar bilirlər. Bütün bunları nəzərə alaraq vurğulamışdıq ki, çoxsaylı səbəblərdən Ə.Kərimli və İ.Məmmədovun bir-birinə qarşı patoloji qısqanclığı, nifrəti hər ötən gün daha da artmaqdadır. Tərəflər arasındakı mövcud gərginliyin fırtına öncəsi dərin sükutu xatırlatdığını, bu gərginliyin partlaması üçün kiçik bir qığılcımın kifayət olduğunu qeyd etmişdik.

Artıq qığılcım sayıla biləcək addımın AXCP tərəfindən atıldığını da söyləyə bilərik. Belə ki, Ə.Kərimlinin ciddi nəzarəti altında olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı AXCP sədrinin ruporuna çevrilmiş media qurumunda mitinq əleyhinə olan qüvvələri sərt tənqid edən yazı ilə çıxış edib. O, konkret ad çəkməsə də mitinqləri vaxtı keçmiş, gərəksiz mübarizə üsulu sayanları diletant, sifarişlə danışanlar adlandırıb. Eyni zamanda, ötən ayın sonu öldürülən Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenkoya bəraət qazandıranları da sərt tənqid edib. Məlumat üçün bildirək ki, Donetsk separatçılarının liderinə tərifli statusu məhz REAL sədri İ.Məmmədov həsr edib. O, sentyabrın 4-də keçirdiyi mətbuat konfransında isə Azərbaycanda keçirilən mitinqlərin hakimiyyətin əlinə oynadığını bildirmişdi. Bununla da REAL sədri üstüörtülü də olsa Ə.Kərimlini hakimiyyətə işləyən adam kimi xarakterizə etmişdi. Çünki prezident seçkiləri öncəsi, eləcə də indinin özündə mitinq keçirmək təşəbbüsü ilə daha çox çıxış edənlər cəbhəçilər olub. REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli də öz liderinin ünvanına səsləndirilən ittihamlara cavab olaraq bildirib ki, ictimaiyyətə doğru olmayan məlumatları çatdıranlar qərəzli və sifarişli hərəkət edən adamlardır. Bununla yanaşı o, Milli Şura təmsilçisinin yazdıqlarını nəzərdə tutaraq, İ.Məmmədovun populyarlığına ciddi paxıllıq hissi ilə yanaşanların olduğunu, buna görə də sifarişli şəkildə REAL sədrinə çamur atıldığını vurğulayıb. Yəni, N.Cəfərli üstüörtülü şəkildə bildirib ki, Ə.Kərimli İ.Məmmədovun paxıllığını çəkir, onu qısqanır. Bu qısqanclıqdan irəli gələrək də REAL sədrini Milli Şura vasitəsilə "vurur”.

Cəbhəçilərlə realçılar arasında yaşanan bu qarşılıqlı ittihamlarla bağlı "Kaspi”yə açıqlama verən "AĞ Partiya” sədri Tural Abbaslıbildirib ki, İ.Məmmədovun həbsdən azad olunandan sonra söylədiyi fikirlər, müxalifət daxilində bununla əlaqədar yaşananlar onun üçün sürpriz deyil. T.Abbaslı REAL sədrini həbs olunmazdan öncə tanıdığını, xarakterinə, siyasi aqressiyasına, siyasi kimliyinə bələd olduğunu dilə gətirib. Partiya sədri deyib ki, İ.Məmmədov Azərbaycan siyasi səhnəsindən o qədər də xəbərdar deyil: "Biz əmin idik ki, İlqar Məmmədov həbsdən azad olandan sonra həbsxananın ona bəxş etdiyi populyarlığın eyforiyası ilə düzgün olmayan bəyanatlar verəcək. Bu fikirlərin əsasında müxalifət daxilində gərginliyin yaşanacağını da ehtimal edirdik. Çünki onun xarakterinə, xasiyyətinə həm biz, həm də bir çoxları bələddir. Gözlənilən kimi də oldu. Sadəcə, İlqar Məmmədov həbsdə olduğu müddətdə onun barəsində danışmağı, REAL-a "hücum etməyi” siyasi etikadan kənar davranış kimi dəyərləndirirdik. Hazırda isə İlqar Məmmədov azadlıqdadır, öz sözünü, fikrini çatdıra bilir. Ona görə də müxalifət düşərgəsindəki partiyalar, siyasi oyunçular açıq oyun oynamağa, İlqar Məmmədov barəsində fikirlərini açıq şəkildə dilə gətirməyə başlayıblar. Bu mənada cəbhəçilərin fikirləri ilə razıyam. REAL-da cəmləşən insanların bir çoxu ilə şəxsən tanışam. Onlar müxtəlif peşə sahibləri olsalar da Azərbaycandakı siyasi reallıqlardan xəbərləri yoxdur. Realçılar köhnə, yaxud klassik müxalifəti bəyənməyə bilərlər, amma bu, İlqar Məmmədovun da dediyi kimi, "sil başdan yaz” deyil. Müxalifətdəki insanlar uzun illərdir bu cəbhədə mübarizə aparır, ömürlərinin böyük bir hissəsini bu mübarizəyə həsr ediblər. Bu insanları guya yeni bir iş görürmüş kimi aşağılamaq düzgün deyil. Bu kimi səbəblərdən İlqar Məmmədov və onunla fərqli mövqedə dayananların qarşıdurmasının daha da dərinləşəcəyi qənaətindəyəm. İlqar Məmmədov ətrafında yaradılan bu süni eyforik vəziyyət dağılandan sonra, yəni zaman keçdikcə REAL-ın təklənəcəyini düşünürəm. Bu gedişlə REAL-ın siyasi səhnədə qalıb-qalmayacağı sual doğurur”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər