REAL-la AXCP-nin trol davası - Fotolar
Müxalifət adına iddia edən,
özlərini demokratik qüvvələr adlandıran AXCP və REAL sosial şəbəkələrdə sözün
əsl mənasında qırğına çıxıb. Onsuz da bu iki qüvvə arasında əvvəldən "soyuq
müharibə” yaşanırdı. Son günlər isə "Facebook”dakı "Secki.az” səhifəsində
keçirilən sorğu isə bu "müharibəni” daha da alovlandırdı. Belə ki, vaxtilə
blogger Mehman Hüseynovun yaratdığı, hazırda onun qardaşı – Azərbaycandan
qaçaraq İsveçrəyə sığınan Emin Hüseynov tərəfindən idarə olunan bu səhifədə
virtual sorğu keçirilib. Həmin sorğuda AXCP sədri Əli Kərimlinin və REAL-ın
həbsdə olan lideri İlqar Məmmədovun şəkilləri paylaşılaraq, sosial şəbəkə
istifadəçilərinə müraciət edilib ki, "Sabah Azərbaycanda Prezident seçkisi
keçirilərsə, hazırkı iqtidara alternativ ola biləcək namizəddən prezident
kürsüsündə hansını daha çox görmək istəyərdiniz?”.
Sosial şəbəkə istifadəçilərinin
böyük əksəriyyəti İlqar Məmmədova səs verib. Beləliklə də REAL lideri AXCP
sədrini qabaqlayıb. Məhz bu sorğunun nəticəsi AXCP və REAL arasında uzun
müddətdir davam edən mübarizənin sərhədləri aşmasına səbəb olub. Sorğunun
nəticəsini həzm edə bilməyən cəbhəçilər sosial şəbəkədə REAL-a açıq hücuma
keçiblər.
AXCP Gənclər Təşkilatının üzvü olan, yaxud cəbhəçilərə yaxınlığı ilə
seçilən Facebook istifadəçiləri öz statuslarında və yazdıqları rəylərdə
bildiriblər ki, REAL bu səsvermədə trollardan yararlanıb. Səsvermədə iştirak
edənlərin siyahısını yayan cəbhəçilər iddia ediblər ki, guya REAL liderinə səs
verənlərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP) trollarıdır.
Bundan qeyzlənən REAL-çılar
da əks hücuma keçiblər. REAL fəallarından olan Erkin Qədirli status yazaraq,
cəbhəçilərin ünvanına ittihamlar səsləndirib. Bildirib ki, AXCP-çilərin guya
İlqar Məmmədovu müdafiə etməsi kimi özlərini göstərmələri ikrah doğurur.
E.Qədirlinin yazdığına görə, cəbhəçilər İ.Məmmədov azadlıqda olanda onu
söyüblər, azadlığa çıxandan sonra da söyəcəklər, hətta prezident olsa belə,
adını "Məmmədov rejimi” qoyacaqlar.
Bununla kifayətlənməyən
REAL-çılar bu dəfə öz "uzaqvuran top”larını işə salıblar. REAL-çı Natiq Cəfərli
öz profilində "Sadəcə məlumat və düşünmək üçün...” başlıqlı status yazaraq,
hadisələrə öz baxışını ortaya qoyub.
Natiq Cəfərli bildirib ki, YAP-ın trollarının
İ.Məmmədova səs verdiyini iddia etmək, ən azı, məntiqsizlikdir. Onun yazdığına
görə, bu iddianı səsləndirən həmin çevrələr vaxtilə hər yerdə deyib ki,
hakimiyyət İlqarı həbs edib onun reytinqini qaldırır, daha populyar edir,
beləliklə də köhnə liderlərin önə çıxmasının qarşısını alır: "Hətta
həyasızcasına deyirdilər ki, İlqar hökumətin adamıdır, hər şey danışılıb. İlqar
zindanda oturduqca, həmin adamların dili dəyişsə də, xislətləri dəyişmədi.
Sonra İlqarın adını və nüfuzunu istismar etməyə qalxdılar. Cənablar,
qeyri-səmimisiniz, sizi açıq kitab kimi oxuya bilirik deyə, "İlqar sevdanızı”
da yaxşı anlayırıq. YAP öz trollarını İlqara səs vermək üçün səfərbər edib -
bunu deyənlərin, məncə, ciddi əqli qüsuru olmalıdır. Bəziləri həzm edə
bilmirlər ki, İlqar artıq çox populyardır.İlqarın, REAL-ın adını
ləkələmək istəyənlərə, demək istəyirəm ki, gedin o yanda oynayın, öz çirkabınızı
bizə bulaşdırmayın. Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda
belə, uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli
və yanlışdır. Əks fikir səsləndirənlər sizin üçün həmən "satqın",
sosial şəbəkələrdə sizə səs verməyənlər isə həmən "trol" olur”.
Ümumilikdə cəbhəçilər
REAL-çıları və konkret İ.Məmmədovu İsmayıllı hadisələrində şou göstərməkdə,
REAL-çılar isə Ə.Kərimli və AXCP-çiləri 20 Yanvar günü şou göstərməkdə ittiham
ediblər.
Tərəflərin
dil və üslubu
Əslində siyasi qüvvələr
arasında fikir mübadiləsi, müzakirə, hətta fikir toqquşmasının olması normal
haldır. Siyasətdə bunsuz mümkün deyil. Əfsuslar olsun ki, bizim müxalifət,
xüsusən də radikal kəsim bunu heç cür anlamaq və ya qavramaq istəmir. Müxalifət
təmsilçiləri nəinki hakimiyyətdəki opponentləri fikir söyləyəndə, hətta öz
düşərgələrində yer alanlarla da müzakirə aparanda mədəni, səviyyəli, düşünülmüş
fikir mübadiləsi edə bilmirlər. Fərqli fikir söyləyən adam həmin andan etibarən
xəyanətdə, satqınlıqda ittiham olunur. Sosial şəbəkə üzərindən aparılan son
müzakirələr də onu göstərir ki, müxalifət düşərgəsində təmsil olunanlar
bir-birlərinə qarşı şərəf və ləyaqəti alçaldan təhqiramiz ifadələri işlətməkdən
çəkinmirlər. Bir sözlə, müxalifət adına iddia edən bu kəsim mübarizə və
müzakirələrini də küçə təfəkkürü səviyyəsində aparır.
Müxalifətin
trol ordusu
Cəbhəçilərlə REAL-çılar
arasında bir neçə gündür sosial şəbəkədə davam edən qarşıdurma bir reallığı da
gün işığına çıxarıb. Məlum olub ki, hər iki tərəf sosial şəbəkədəki müzakirə və
mübarizələrdə troll ordusundan geniş istifadə edib. Məsələn, cəbhəçilər
REAL-çıları ittiham edirlər ki, "Secki.az” səhifəsində səsvermədə əvvəlcə
Ə.Kərimli öndə olub, lakin sonradan trolların kütləvi hücumu nəticəsində İ.Məmmədov
AXCP sədrini qabaqlayıb. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinin ünvanına
eyni ittihamları səsləndirməyə başlayıblar.
Bu ittihamlara jurnalist Natiq
Cavadlı da qoşularaq, İ.Məmmədova səs verənlərin çoxunun troll olduğunu
vurğulayıb. Müzakirələrin, qarşılıqlı ittihamların gedişində hər iki tərəf bu
proseslərdə YAP-ın da adını hallandırıb, hakim partiyanı da öz cılız
mübarizələrinə qoşmaq istəyiblər. Amma unudublar ki, Azərbaycandan qaçan,
erməni maraqlarına xidmət etməklə ölkəmizə və mövcud iqtidara qarşı radikal
çıxışlar edən E.Hüseynov, eyni zamanda onun idarə etdiyi Facebook səhifəsi YAP
ilə hər hansı formada əlaqəli deyil. "Secki.az” səhifəsində keçirilən
səsvermədə Ə.Kərimlinin və ya İ.Məmmədovun qalib gəlməsi YAP-ın nəyinə lazımdır
ki? Bu adamlara başa salan lazımdır ki, hakim partiya və onun gənclər komitəsi
mövcud reallıqlardan çıxış edərək daha ciddi işlərlə məşğul olur.
Əli
Kərimlinin rəzilliyi
"Ana-ata müxalifət” lideri
olmaq mərəzinə tutulmuş Əli Kərimlinin əsil mahiyyəti bir neçə gündür sosial
şəbəkələrdə davam edən müzakirələrdə tam çılpaqlığı ilə növbəti dəfə ortaya
çıxıb. Liderlik xəstəliyinə tutulmuş bu şəxs utanmadan Azərbaycana rəhbərlik
etmək iddiasında olduğu halda, heç müxalifət düşərgəsində arzuladığı yerdə
olmadığını öz davranışları ilə nümayiş etdirir. Ə.Kərimli indi elə bir
durumdadır ki, hətta öz nəzarətində olan sayt və ya səhifədəki virtual
səsvermədə, sorğuda belə, müxalifətin vahid namizədi kimi qələbə qazana bilmir.
Hazırda həbsdə olan REAL lideri İ.Məmmədova uduzanda uşaq kimi cığallıq
etməkdən də çəkinmir.
Bu, bir daha göstərir ki, Ə.Kərimli həqiqətən də rəzil
durumdadır. Bu adam əvvəllər iddia edirdi ki, guya Azərbaycanda sərbəst
toplaşmaq azadlığı təmin olunmur, insanların etiraz aksiyalarında iştirakının
qarşısı alınır və sair. Hətta bir qədər irəliyə gedərək deyirdi ki, guya
minlərlə tərəfdaşı onu müdafiə etmək üçün hər an küçəyə axışa, böyük izdihamla etiraz
aksiyası keçirə bilər.
Lakin Bakı şəhərinin mərkəzində, "İnşaatçılar” metro stansiyasının
yaxınlığındakı "Məhsul” stadionunda dəfələrlə keçirilən icazəli aksiyalara
Ə.Kərimli 1000-2000 nəfəri ancaq toplaya bilib. Beləliklə də söylədikləri ilə
reallığın üst-üstə düşməməsi onu dəfələrlə biabır edib. Bu şöhrət hərisi,
liderlik xəstəliyinə tutulmuş "siyasətçi” yenidən özünü göstərmək, gündəmdə
qalmaq üçün hətta şəhidlərin əziz ruhundan sui-istifadə etməkdən də çəkinməyib.
Məlumat üçün qeyd edək ki,
20 yanvar günü daxili işlər orqanlarının əməkdaşları Şəhidlər Xiyabanına axışan
insan kütləsinin çoxluğunu nəzərə alaraq, sırf təhlükəsizlik tədbiri kimi
Parlament prospekti boyunca insanların hissə-hissə irəliləməsini təmin edirlər.
20 saylı orta məktəbin yanında asayiş keşikçiləri ziyarətə gələn insanların bir
hissəsini buraxır, 5-10 dəqiqə gözlədikdən sonra digər hissənin hərəkətini
təmin edirlər. Bununla onlar Şəhidlər Xiyabanında insan sıxlığının yaranmasının
qarşısını alır, hər kəsin şəhidlərimizi maneəsiz şəkildə ziyarət etməsinə
şərait yaradırlar.
Ötən 28 il ərzində bu məkanı ziyarət edən hər kəs bunu yaxşı
anladığı üçün səbir və təmkin nümayiş etdirir, narazılıq yaratmır, asayiş
keşikçilərinə və ziyarətçilərə qarşı hər hansı problem yaşatmırlar. Lakin xalqın
etibar və inamını itirmiş insanlar, xüsusən də radikal müxalifət liderləri, o
cümlədən AXCP sədri Əli Kərimli və bilavasitə onun təsiri altında olan Milli
Şura sədri Cəmil Həsənli öz başının dəstəsi ilə 20 Yanvar şəhidlərinin anım
günündə də şou yaratmaqdan çəkinməyiblər.
Öz siyasi məqsədlərinə
çatmaq üçün bütün vasitələrə əl atan, hətta şeytanla əməkdaşlıqdan belə
çəkinməyən Ə.Kərimli şəhidlərin anım mərasimində polisin davranışlarında siyasi
çalarlar axtarmağa, onları təxribata çəkməyə cəhd edib. Asayiş keşikçilərinin
ziyarətçiləri hissə-hissə irəli buraxmasını özünə və rəhbərlik etdiyi siyasi
təşkilatlara qarşı qısqanclıq hissi kimi qəbul edən Ə.Kərimli əvvəlcədən özü
ilə gətirdiyi kameralara üzünü tutaraq, guya hakimiyyətin 20 Yanvar şəhidlərini
anım günündə Milli Şuranın ziyarətinin qarşısını almağa çalışdığını, minlərlə
insanın şəhidləri ziyarətini çətinləşdirdiyini bildirib. Bununla da
sakitləşməyən Ə.Kərimli sanki seçkiqabağı platformasını elan edirmiş kimi geniş
nitq söyləyərək, iqtidarın ünvanına öz səviyyəsindən irəli gələn ittihamlar
səsləndirib. Ə.Kərimlini müşayiət edən kiçik bir qrup da "Azadlıq”, "İstefa”,
"Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirməklə ona dəstək olmağa
çalışıblar. Onların bu şousu dərhal AXCP Gənclər Komitəsinin sosial şəbəkədəki
səhifəsini, Ə.Kərimlinin Facebook profilini "bəzəyib”. Səhifədə yerləşdirilən
video görüntülərə, statuslara cəbhəçilər dəstək xarakterli statuslar yazmaqla
"Şounu” həqiqət kimi cəmiyyətə sırımağa, yanlış ictimai rəy formalaşdırmağa çalışıblar.
Hər zaman olduğu kimi, bu paylaşımların altına yazılan və AXCP sədrinin
iradəsindən kənar hesab olunan rəylər dərhal silinib. "Demokratlar” bununla
guya hər kəsin onlarla eyni fikirdə olduğunu nümayiş etdiriblər. Bununla 20
Yanvar şəhidlərinin ruhuna böyük hörmətsizlik edən cəbhəçilər öz əməllərinin
ciddi rezonans doğurduğunu yazmaqla, bu davranışı böyük qəhrəmanlıq hadisəsi
kimi təqdim ediblər. Proseslərdə ələkçinin qıl verəni – fəaliyyətini
dayandırmış "Azadlıq” qəzetinin baş redaktoru, TuranTV-nin rəhbəri Qənimət
Zahid də "fərqlənib”. O, "Azadlıq” qəzetinin Facebook səhifəsindən canlı
yaydığı "Sözarası” proqramında baş verənləri özünəməxsus şəkildə şərh edib.
Ancaq onların bu yalanını
REAL təmsilçisi Natiq Cəfərlinin sosial şəbəkədə yazdığı şərhlər dərhal ifşa
edib. Beləliklə də Ə.Kərimlinin uydurduğu yalanın, düzənlədiyi şounun ömrü heç
qırx gün də çəkməyib. N.Cəfərli özünün və tərəfdaşlarının da həmin gün Şəhidlər
Xiyabanını ziyarət etdiyini diqqətə çatdıraraq, asayiş keşikçiləri tərəfindən
hər hansı maneə ilə rastlaşmadıqlarını vurğulayıb. Hamı kimi onların da bir
neçə dəqiqə Parlament prospektində gözlədiyini, sonra isə hissə-hissə
irəlilədiklərini qeyd edib.
Bütün bunlar Azərbaycan
müxalifətinin, xüsusən də liderliyə can atan, demokratiya libasına bürünən
insanların əsl mahiyyətini, təfəkkür tərzini bir daha ortaya qoyur. Məlum olur
ki, xalqa, daha doğrusu ətraflarına topladıqları 5-10 nəfərə birlikdən,
bərabərlikdən, haqq-ədalətdən şirin-şirin nağıllar danışan, onlara böyük vədlər
verən "liderlər” gerçəklikdə çox cılız adamlardırlar. Bu cılızlıqdan irəli
gələrək onlar hətta ən xırda məsələlər üzərində də vahid mövqeyə gələ bilmir,
şəxsi maraqlardan çıxış edərək bir-birinin ünvanına ən kəskin ittihamlar
səsləndirməkdən də çəkinmirlər.
Rufik
İSMAYILOV