Rauf Hacıyevin Əlcəzairdə keçirilən 50 illik yubileyində aparıcılıq edən azərbaycanlı xanım
Bu günlərdə Azərbaycanda neft geologiyasının
korifeylərindən olan akademik Həsən Əhmədov barəsində İTV kanalı üçün növbəti
verilişin hazırlığı ərəfəsində yadigarı –sevimli qızı Safura Əsgərova ilə
görüşdüm. Söhbətimiz uzun sürdü, diqqətimi elə maraqlı məqamlar çəkdi ki,
yazmaya bilməzdim. O, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının
fortepiano şöbəsini bitirdikdən sonra təyinatla Bakıdakı 2 nömrəli məktəbdə
musiqi müəllimi işləyib. Sonra isə ömrünün Əlcəzairli günləri başlayıb. Safurə
xanım uzun illər bu ölkədə musiqi müəllimi kimi fəaliyyət göstərib. Yadıma
haqqında dəfələrlə yazdığım böyük bəstəkarımız Rauf Hacıyev düşdü. Məlumdur ki,
Rauf Hacıyev 1971-ci ildə Əlcəzairə göndərilib. O, bu ölkə üçün milli musiqi
kadrlarının hazırlanması və peşəkar musiqi təhsil sisteminin yaradılması ilə məşğul
olub. Əlcəzair Milli Teatrının açılmasında fəal iştirak edib. İlk Əlcəzair
baletlərini- " Üç inqilab”, "Alov”, "Hürriyyət” əsərlərini yazıb. Bundan başqa,
"Əlcəzair silsiləsi”ndə skripka və orkestr üçün konsert, fortepiano və müxtəlif
alətlər üçün pyeslər, orkestr üçün 15
xalq mahnısı işləyib. "Əlcəzair suitası” yaradıb. Niyə bunları xatırladıram? Məhz
həmin vaxt Safurə Əsgərova da həmin ölkədə olub.
- Safurə xanım, Əlcəzairə
getməyiniz nə ilə bağlı idi?
- Vaxtı ilə Əlcəzair Respublikasında neft-kimya
sahəsilə əlaqədar lazımlı mütəxəssislər yetişdirmək üçün Sovet İttifaqından
alimlər göndərilərdi. Azərbaycanın Neft və Kimya İnstitutundan gedən müəllimlər
içərisində mənim həyat yoldaşım Firidun Əsgərov da var idi. Mən və iki oğlum
onunla birlikdə 1971–ci ilin sentyabrında Əlcəzairə getdik. Orada Sovet
İttifaqının əksər respublikalarından göndərilmiş çoxlu sayda mütəxəssis
çalışırdı. Yaşadığımız şəhərcik Bumerdes adlanırdı. Orada 3 institut fəaliyyət
göstərirdi. Hamını evlə təmin etmişdilər. Hasara alınmış bu şəhərciyi polislər
qoruyurdular. Çıxış-giriş nəzarət altında idi. Aralıq dənizinin sahilində yerləşən
şəhərciyin yolunu portağal və mandarin ağacları bəzəyirdi, yaşıllıq göz
oxşayırdı. Düz sahildə böyük bir Mədəniyyət evi ucalırdı. Bundan başqa rus
dilində məktəb, klub, poçt – mətbuat, telefon da var idi. Moldovalı bir qadın
xor dirijoru xor kapellası yaratmışdı, Tez-tez xarici səfirliklərə konsert verməyə
gedirdik, mən də pianoçu kimi onlarla
birlikdə çalışırdım. Şopenin, Debüssinin, Elmira Nəzirovanın əsərlərini çalırdım. Ancaq vətənpərvərlik
hissi məni yerimdən oynatdı və qərara gəldim ki, öz gözəl musiqimizi, 2 minlik
konsert zalında, çoxlu xalqın nümayəndələri olan alimlərə və ərəblərə çatdırım.
Beləliklə, bizim müəllimlərdən ibarət mahnı və rəqs ansamblı yaratdıq. Hətta
ailə üzvləri – qadınlar da iştirak edirdilər. Xalq mahnılarını və rəqslərimizi
hərarətlə qarşılayırdılar, ələlxüsus da ərəblər.
Belə konsertlərin
birində Bakıdan yeni gəlmiş gənc müəllim Vaqif ailəsi ilə birlikdə iştirak
edirdi. Səhəri gün qapımız döyüldü, mənə bir zərf verdilər. Zərfi açdım və gördüm
ki, mənə həsr olunmuş şeirdi, müəllifi də Vaqif
Nasir. Sən demə, o, həm də şair imiş!
Safura xanıma
həsr olunur.
Əlcəzair 30.04.1984
Uzaq Əlcəzairdə,
Neft İnstitutunun
zalı,
Bayıra köklənibdir
Bax, hamının əhvalı
.
İtirdiyin adam
Asanca tapar
burda,
Neçə millət söyləsən
Ondan inam var
burda.
Bax bu zalda
Şopendən
Elə ilhamla
çalır,
Azərbaycan
qadını,
Deyim Safurədir,
Siz də bilin
adını.
Çalır, zalda
hamını
Haldan-hala
salır o,
Məncə pianonu
yox
Ürəkləri çalır
o.
Üzeyir bəy dil
açır
Onun
barmaqlarında
Ruhum gəzir
Bakıda,
Xəzərin
sularında.
O çalır, çalır, çalır,
Yadıma Həcər
düşür.
O, çalır, çalır,
çalır,
Yadıma nələr
düşür.
Yadıma Almaz
düşür,
Yadıma Sevil
düşür.
Ağ çarşaba
bürünmüş
Neçə qara gün
düşür.
Neçə qara il
düşür.
Alqışdan az
qalır ki,
Partlasın bu
dolu zal.
Yanımda oturansa
Sual eyləyir dər
hal:
Bilmirəm ölkənizdə
Yüz millət var,
bu qadın
Hansına məsubdur,
mən
Bunu anlamıram?
Bəli, cənab həmkarım,
Çalan azərbaycanlıdır!
O, Sevil
amallıdır,
Həcər
istiqanlıdır.
Qalmayıb o,
artıq
Təkcə Şərq
musiqisində.
Gördün necə bələddir
Bəşər musiqisinə?
Sən mənə ilham
verdin,
Həcər qeyrətli
bacım,
Sevil cürətli
bacım,
Səninlə fəxr
edirəm
İncə sənətli
bacım!
Yadımdadır ki,
Vaqif müəllimin ailəsi 2-3 gün qabaq bizə gəlmişdilər, yoldaşımla mən onlara bəzi
məsləhətlər verdik, oranın yaşayış tərzini başa saldıq, çox səmimi söhbətlər
etdik. Sonralar görüşəndə həmişə sual verirdilər: bu cəsarət sizdə haradandır?
Mən onlara başa salmağa çalışırdım: Konservatoriyada oxuduğum zamanlar səhnəyə
çıxıb imtahan verdiyim vaxt çox həyəcan keçirərdim, ancaq burada xalqımın və Azərbaycanın
adı mənə güc verdi, cəsarətli oldum.
- Maraqlıdır ki, elə
həmin vaxtlarda bizim görkəmli bəstəkarımız Rauf Hacıyev də orada çalışırmış. Təsadüfən
görüşməmisiniz?
- Sualın ürəyimdən xəbər verdi. Elə
istəyirəm ki, bu barədə danışım, Xatirələr mənə dinclik vermir. Görüşmüşük, nədir,
biz ailəvi dostluq edirdik. O vaxtlar paytaxt Əlcəzairdə Konservatoriya yaratmaq
üçün görkəmli bəstəkar Rauf Hacıyev də ora göndərilmişdi. Həyat yoldaşı və qızı
ilə bazar günləri Bumerdesə gələrdilər, Həmin günlər hamımız üçün bayram
olurdu, qeyri millətlərdən olan müəllimlər də kluba yığışardıq. Pianonun
arxasına keçib, öz əsərlərindən, Azərbaycan musiqisindən çalardı. Bütün zal onu
alqışlarla qarşılayardı. Biz azərbaycanlı olaraq çox fərəhlənərdik. Yad bir ölkədə Azərbaycan musiqisinin səslənməsi bizi təkcə
sevindirmirdi. Həm də qürur duyurduq. Onu bu ölkədə hamı sevirdi. Mərd və
mehriban insan idi. Bizə bir tapşırığı vardı: "Azərbaycandan və azərbaycanlı
olduğunuzu unutmayın. Yaxşı işimiz də, uğursuzluğumuz da millətimizin adına
yazılır”. Onun bu ölkənin musiqi həyatındakı xidmətləri çox böyükdür.
- Bir
musiqiçi kimi ünsiyyət qura bildinizmi?
- Əlbəttə, Əlcəzairdə çalışdığım illər həyatımın
qızıl çağlarıdır, desəm, inanın ki, səmimi sözümdür. Heç unutmuram, bir dəfə də
bizə gələndə mənə dedi: "Safuroçka, xor üçün yazdığım oratoriyanı gətirmişəm. Verdim
rus xorunun dirijoruna, hazırlasınlar. Sən də pianoda xoru müşayiət et.
Olarmı?” Mən də notları alıb, gözdən keçirdim, razı oldum. O əlavə etdi: "Moskvadan
4 pianoçu gəlib, heç biri çala bilmədi. Sənə 3-4 gün vaxt verirəm”.
Hər gün kluba gəlib,
çaldım, öyrəndim. Çox çətin idi. Çünki orkestrin çalmağını 1 pianoçu ifa etməli
idi. Raur Hacıyev konsert günü bir dəstə ərəb, konservatoriyasının işçiləri və
rektoru ilə gəlmişdi Bumerdesə .Əvvəlcə xor çıxış etdi, sonra isə mən Şopenin,
Skarlattinin və Elmira Nəzirovanın əsərlərini çaldım. Sonra Azərbaycan mahnı və
rəqs ansamblı çıxış etdi, axırda bir vokalçını müşayiət etdim. Gurultulu
alqışlardan sonra Rauf müəllim sevincindən səhnəyə çıxdı, məni qucaqlayıb əlimdən
öpdü, dalıyca da rektor əlimdən öpdü. Bizim azəri qadınlarımız sevinclərindən
ağlayırdılar. Rektor və Rauf Hacıyev mənə paytaxtda, öz yanlarında iş təklif
etdilər. Dedilər ki, həftədə 3 dəfə maşın göndəririk, səni gəlib aparar,
qayıdanda da gətirər, bir saatlıq yoldur. Yoldaşım razı olmadı, iki oğlumun
körpəliyini nəzərə alıb razılıq vermədim. Ancaq ansamblımız mütəmadi olaraq
Bumerdesdə, səfirliklərdə, başqa şəhərlərdə, teatrlarda çıxış edirdi. Demək
olar ki, Rauf Hacıyev həmişə bizim musiqili tədbirlərimizdə iştirak etməyə
çalışırdı.
- Əlcəzairdə hətta
Rauf Hacıyevin anadan olmasının 50 illik yubileyi də keçirilib.
- Bəli, bu
yubiley paytaxtın ən böyük teatrında keçirildi. İndi də xiffətlə xatırlayıram,
o tədbirin aparıcısı da mən idim. Öz adımızdan ona hədiyyə də aldıq. Xalqımızın
bu dərəcədə bacarıqlı və istedadlı olduğunu görüb, həddən artıq sevinib, fərəhlənirdi.
Axı ansamblın bütün üzvləri musiqiçi deyildilər, hamısı başqa-başqa ixtisaslı
müəllimlərdən ibarət idi. Mən də bacarığımı əsirgəmədim. Rauf Hacıyev Üzeyir bəy
Hacıbəylinin tələbəsi olmuşdu. Böyük ürəyi var idi. Onu həmişə minnətdarlıqla
xatırlayıram.
- Maraqlıdır, siz o
günlərinizdən necə həsrət və məhəbbətlə söz açırsınız..
- Bilirsiniz, Flora xanım, mənim ürəyim Əlcəzairlə
bağlı xatirələrlə doludur. Bundan başqa Rus Səfirliyi nəzdində musiqi məktəbində
dərs deyirdim 1980-84-cü illərdə. Çox tələbələrim var idi: ərəb, rus,
ukraynalı, latış, azərbaycanlı, uşaqları idilər. Bayramlarda çıxış edirdilər.
Bir dəfə də Yeni ili qeyd edirdik, aparıcı Saşaya tapşırdım ki, bir iri qırmızı
torba hazırla, neçə uşaq varsa hamısına ayrı-ayrı hədiyyə al, kiçik torbalara
yığ tök böyük torbaya. Səhnədə çıxış edib qurtaranda paylayarsan onlara. Mən
"Cücələrim” mahnısını çaldım, uşaqlar oxuya-oxuya oynadılar. Bütün zal ayağa
qalxıb, əl çala-çala oxuyurdular, bizi səhnədən buraxmırdılar "Ded Moroz” da
bir-bir uşaqların hədiyyələrini paylayırdı. İşin qurtarıb gedən müəllimlərə də
"provadı” düzəlirdi – yemək -içmək. Hər gedən adam Bumerdesdən nə aparmaq istədiyini
öz arzusunu kağıza yazıb qutuya atırdı: bir gənc valideyn yazmışdı: "Bumerdesdən
biz ancaq musiqi müəlliməsi Safura xanımı aparmaq istəyirik”. Həmin uşaqlardan
3-ü də öz şəhərlərindəki istedadlı uşaqlar məktəbinə qəbul olmuşdular. Mənə məktub
yazdılar, mən də sevindim. Sizə minnətdaram ki, məni o günlərə apardınız.
...Söhbətimiz sona çatsa da, Safurə
xanımdan heç ayrılmaq istəmirdim. Qəribə bir sükut yaranmışdı. Fikri uzaqlarda
idi. Sağollaşanda gözləri dolmuşdu, qəhərli səslə dedi: "Rauf Hacıyev böyük bəstəkar
idi, oktyabrın əvvəlində Bakıda onun əsərlərindən ibarət konsert olacaq...” Mənsə
başqa bir sualın cavabını bilmək istəyirdim, görən bilirlərmi Əlcəzairdə Rauf
Hacıyevin 50 illik yubileyinin aparıcısı musiqi müəllimi Safura Əsgərova olub.
Elə yazımın əsas məqsədi də bu oldu.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist