• cümə, 19 Aprel, 19:40
  • Baku Bakı 24°C

Rauf Hacıyevin Əlcəzairdə keçirilən 50 illik yubileyində aparıcılıq edən azərbaycanlı xanım

26.09.18 10:30 1718
Rauf Hacıyevin Əlcəzairdə keçirilən 50 illik yubileyində aparıcılıq edən azərbaycanlı xanım
Bu günlərdə Azərbaycanda neft geologiyasının korifeylərindən olan akademik Həsən Əhmədov barəsində İTV kanalı üçün növbəti verilişin hazırlığı ərəfəsində yadigarı –sevimli qızı Safura Əsgərova ilə görüşdüm. Söhbətimiz uzun sürdü, diqqətimi elə maraqlı məqamlar çəkdi ki, yazmaya bilməzdim. O, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirdikdən sonra təyinatla Bakıdakı 2 nömrəli məktəbdə musiqi müəllimi işləyib. Sonra isə ömrünün Əlcəzairli günləri başlayıb. Safurə xanım uzun illər bu ölkədə musiqi müəllimi kimi fəaliyyət göstərib. Yadıma haqqında dəfələrlə yazdığım böyük bəstəkarımız Rauf Hacıyev düşdü. Məlumdur ki, Rauf Hacıyev 1971-ci ildə Əlcəzairə göndərilib. O, bu ölkə üçün milli musiqi kadrlarının hazırlanması və peşəkar musiqi təhsil sisteminin yaradılması ilə məşğul olub. Əlcəzair Milli Teatrının açılmasında fəal iştirak edib. İlk Əlcəzair baletlərini- " Üç inqilab”, "Alov”, "Hürriyyət” əsərlərini yazıb. Bundan başqa, "Əlcəzair silsiləsi”ndə skripka və orkestr üçün konsert, fortepiano və müxtəlif alətlər üçün pyeslər, orkestr üçün 15 xalq mahnısı işləyib. "Əlcəzair suitası” yaradıb. Niyə bunları xatırladıram? Məhz həmin vaxt Safurə Əsgərova da həmin ölkədə olub.
- Safurə xanım, Əlcəzairə getməyiniz nə ilə bağlı idi?
- Vaxtı ilə Əlcəzair Respublikasında neft-kimya sahəsilə əlaqədar lazımlı mütəxəssislər yetişdirmək üçün Sovet İttifaqından alimlər göndərilərdi. Azərbaycanın Neft və Kimya İnstitutundan gedən müəllimlər içərisində mənim həyat yoldaşım Firidun Əsgərov da var idi. Mən və iki oğlum onunla birlikdə 1971–ci ilin sentyabrında Əlcəzairə getdik. Orada Sovet İttifaqının əksər respublikalarından göndərilmiş çoxlu sayda mütəxəssis çalışırdı. Yaşadığımız şəhərcik Bumerdes adlanırdı. Orada 3 institut fəaliyyət göstərirdi. Hamını evlə təmin etmişdilər. Hasara alınmış bu şəhərciyi polislər qoruyurdular. Çıxış-giriş nəzarət altında idi. Aralıq dənizinin sahilində yerləşən şəhərciyin yolunu portağal və mandarin ağacları bəzəyirdi, yaşıllıq göz oxşayırdı. Düz sahildə böyük bir Mədəniyyət evi ucalırdı. Bundan başqa rus dilində məktəb, klub, poçt – mətbuat, telefon da var idi. Moldovalı bir qadın xor dirijoru xor kapellası yaratmışdı, Tez-tez xarici səfirliklərə konsert verməyə gedirdik, mən də pianoçu kimi onlarla birlikdə çalışırdım. Şopenin, Debüssinin, Elmira Nəzirovanın əsərlərini çalırdım. Ancaq vətənpərvərlik hissi məni yerimdən oynatdı və qərara gəldim ki, öz gözəl musiqimizi, 2 minlik konsert zalında, çoxlu xalqın nümayəndələri olan alimlərə və ərəblərə çatdırım. Beləliklə, bizim müəllimlərdən ibarət mahnı və rəqs ansamblı yaratdıq. Hətta ailə üzvləri – qadınlar da iştirak edirdilər. Xalq mahnılarını və rəqslərimizi hərarətlə qarşılayırdılar, ələlxüsus da ərəblər.
Belə konsertlərin birində Bakıdan yeni gəlmiş gənc müəllim Vaqif ailəsi ilə birlikdə iştirak edirdi. Səhəri gün qapımız döyüldü, mənə bir zərf verdilər. Zərfi açdım və gördüm ki, mənə həsr olunmuş şeirdi, müəllifi də Vaqif Nasir. Sən demə, o, həm də şair imiş!
Safura xanıma
həsr olunur.
Əlcəzair 30.04.1984
Uzaq Əlcəzairdə,
Neft İnstitutunun zalı,
Bayıra köklənibdir
Bax, hamının əhvalı .
İtirdiyin adam
Asanca tapar burda,
Neçə millət söyləsən
Ondan inam var burda.
Bax bu zalda Şopendən
Elə ilhamla çalır,
Azərbaycan qadını,
Deyim Safurədir,
Siz də bilin adını.
Çalır, zalda hamını
Haldan-hala salır o,
Məncə pianonu yox
Ürəkləri çalır o.
Üzeyir bəy dil açır
Onun barmaqlarında
Ruhum gəzir Bakıda,
Xəzərin sularında.
O çalır, çalır, çalır,
Yadıma Həcər düşür.
O, çalır, çalır, çalır,
Yadıma nələr düşür.
Yadıma Almaz düşür,
Yadıma Sevil düşür.
Ağ çarşaba bürünmüş
Neçə qara gün düşür.
Neçə qara il düşür.
Alqışdan az qalır ki,
Partlasın bu dolu zal.
Yanımda oturansa
Sual eyləyir dər hal:
Bilmirəm ölkənizdə
Yüz millət var, bu qadın
Hansına məsubdur, mən
Bunu anlamıram?
Bəli, cənab həmkarım,
Çalan azərbaycanlıdır!
O, Sevil amallıdır,
Həcər istiqanlıdır.
Qalmayıb o, artıq
Təkcə Şərq musiqisində.
Gördün necə bələddir
Bəşər musiqisinə?
Sən mənə ilham verdin,
Həcər qeyrətli bacım,
Sevil cürətli bacım,
Səninlə fəxr edirəm
İncə sənətli bacım!
Yadımdadır ki, Vaqif müəllimin ailəsi 2-3 gün qabaq bizə gəlmişdilər, yoldaşımla mən onlara bəzi məsləhətlər verdik, oranın yaşayış tərzini başa saldıq, çox səmimi söhbətlər etdik. Sonralar görüşəndə həmişə sual verirdilər: bu cəsarət sizdə haradandır? Mən onlara başa salmağa çalışırdım: Konservatoriyada oxuduğum zamanlar səhnəyə çıxıb imtahan verdiyim vaxt çox həyəcan keçirərdim, ancaq burada xalqımın və Azərbaycanın adı mənə güc verdi, cəsarətli oldum.
- Maraqlıdır ki, elə həmin vaxtlarda bizim görkəmli bəstəkarımız Rauf Hacıyev də orada çalışırmış. Təsadüfən görüşməmisiniz?
- Sualın ürəyimdən xəbər verdi. Elə istəyirəm ki, bu barədə danışım, Xatirələr mənə dinclik vermir. Görüşmüşük, nədir, biz ailəvi dostluq edirdik. O vaxtlar paytaxt Əlcəzairdə Konservatoriya yaratmaq üçün görkəmli bəstəkar Rauf Hacıyev də ora göndərilmişdi. Həyat yoldaşı və qızı ilə bazar günləri Bumerdesə gələrdilər, Həmin günlər hamımız üçün bayram olurdu, qeyri millətlərdən olan müəllimlər də kluba yığışardıq. Pianonun arxasına keçib, öz əsərlərindən, Azərbaycan musiqisindən çalardı. Bütün zal onu alqışlarla qarşılayardı. Biz azərbaycanlı olaraq çox fərəhlənərdik. Yad bir ölkədə Azərbaycan musiqisinin səslənməsi bizi təkcə sevindirmirdi. Həm də qürur duyurduq. Onu bu ölkədə hamı sevirdi. Mərd və mehriban insan idi. Bizə bir tapşırığı vardı: "Azərbaycandan və azərbaycanlı olduğunuzu unutmayın. Yaxşı işimiz də, uğursuzluğumuz da millətimizin adına yazılır”. Onun bu ölkənin musiqi həyatındakı xidmətləri çox böyükdür.
- Bir musiqiçi kimi ünsiyyət qura bildinizmi?
- Əlbəttə, Əlcəzairdə çalışdığım illər həyatımın qızıl çağlarıdır, desəm, inanın ki, səmimi sözümdür. Heç unutmuram, bir dəfə də bizə gələndə mənə dedi: "Safuroçka, xor üçün yazdığım oratoriyanı gətirmişəm. Verdim rus xorunun dirijoruna, hazırlasınlar. Sən də pianoda xoru müşayiət et. Olarmı?” Mən də notları alıb, gözdən keçirdim, razı oldum. O əlavə etdi: "Moskvadan 4 pianoçu gəlib, heç biri çala bilmədi. Sənə 3-4 gün vaxt verirəm”.
Hər gün kluba gəlib, çaldım, öyrəndim. Çox çətin idi. Çünki orkestrin çalmağını 1 pianoçu ifa etməli idi. Raur Hacıyev konsert günü bir dəstə ərəb, konservatoriyasının işçiləri və rektoru ilə gəlmişdi Bumerdesə .Əvvəlcə xor çıxış etdi, sonra isə mən Şopenin, Skarlattinin və Elmira Nəzirovanın əsərlərini çaldım. Sonra Azərbaycan mahnı və rəqs ansamblı çıxış etdi, axırda bir vokalçını müşayiət etdim. Gurultulu alqışlardan sonra Rauf müəllim sevincindən səhnəyə çıxdı, məni qucaqlayıb əlimdən öpdü, dalıyca da rektor əlimdən öpdü. Bizim azəri qadınlarımız sevinclərindən ağlayırdılar. Rektor və Rauf Hacıyev mənə paytaxtda, öz yanlarında iş təklif etdilər. Dedilər ki, həftədə 3 dəfə maşın göndəririk, səni gəlib aparar, qayıdanda da gətirər, bir saatlıq yoldur. Yoldaşım razı olmadı, iki oğlumun körpəliyini nəzərə alıb razılıq vermədim. Ancaq ansamblımız mütəmadi olaraq Bumerdesdə, səfirliklərdə, başqa şəhərlərdə, teatrlarda çıxış edirdi. Demək olar ki, Rauf Hacıyev həmişə bizim musiqili tədbirlərimizdə iştirak etməyə çalışırdı.
- Əlcəzairdə hətta Rauf Hacıyevin anadan olmasının 50 illik yubileyi də keçirilib.
- Bəli, bu yubiley paytaxtın ən böyük teatrında keçirildi. İndi də xiffətlə xatırlayıram, o tədbirin aparıcısı da mən idim. Öz adımızdan ona hədiyyə də aldıq. Xalqımızın bu dərəcədə bacarıqlı və istedadlı olduğunu görüb, həddən artıq sevinib, fərəhlənirdi. Axı ansamblın bütün üzvləri musiqiçi deyildilər, hamısı başqa-başqa ixtisaslı müəllimlərdən ibarət idi. Mən də bacarığımı əsirgəmədim. Rauf Hacıyev Üzeyir bəy Hacıbəylinin tələbəsi olmuşdu. Böyük ürəyi var idi. Onu həmişə minnətdarlıqla xatırlayıram.
- Maraqlıdır, siz o günlərinizdən necə həsrət və məhəbbətlə söz açırsınız..
- Bilirsiniz, Flora xanım, mənim ürəyim Əlcəzairlə bağlı xatirələrlə doludur. Bundan başqa Rus Səfirliyi nəzdində musiqi məktəbində dərs deyirdim 1980-84-cü illərdə. Çox tələbələrim var idi: ərəb, rus, ukraynalı, latış, azərbaycanlı, uşaqları idilər. Bayramlarda çıxış edirdilər. Bir dəfə də Yeni ili qeyd edirdik, aparıcı Saşaya tapşırdım ki, bir iri qırmızı torba hazırla, neçə uşaq varsa hamısına ayrı-ayrı hədiyyə al, kiçik torbalara yığ tök böyük torbaya. Səhnədə çıxış edib qurtaranda paylayarsan onlara. Mən "Cücələrim” mahnısını çaldım, uşaqlar oxuya-oxuya oynadılar. Bütün zal ayağa qalxıb, əl çala-çala oxuyurdular, bizi səhnədən buraxmırdılar "Ded Moroz” da bir-bir uşaqların hədiyyələrini paylayırdı. İşin qurtarıb gedən müəllimlərə də "provadı” düzəlirdi – yemək -içmək. Hər gedən adam Bumerdesdən nə aparmaq istədiyini öz arzusunu kağıza yazıb qutuya atırdı: bir gənc valideyn yazmışdı: "Bumerdesdən biz ancaq musiqi müəlliməsi Safura xanımı aparmaq istəyirik”. Həmin uşaqlardan 3-ü də öz şəhərlərindəki istedadlı uşaqlar məktəbinə qəbul olmuşdular. Mənə məktub yazdılar, mən də sevindim. Sizə minnətdaram ki, məni o günlərə apardınız.
...Söhbətimiz sona çatsa da, Safurə xanımdan heç ayrılmaq istəmirdim. Qəribə bir sükut yaranmışdı. Fikri uzaqlarda idi. Sağollaşanda gözləri dolmuşdu, qəhərli səslə dedi: "Rauf Hacıyev böyük bəstəkar idi, oktyabrın əvvəlində Bakıda onun əsərlərindən ibarət konsert olacaq...” Mənsə başqa bir sualın cavabını bilmək istəyirdim, görən bilirlərmi Əlcəzairdə Rauf Hacıyevin 50 illik yubileyinin aparıcısı musiqi müəllimi Safura Əsgərova olub. Elə yazımın əsas məqsədi də bu oldu.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər